525ci qəzet Çin, Orta Asiya və Avropanı birləşdirən qovşaq Urumçidən reportaj
Pərvanə SULTANOVA
[email protected]
İki min ildən artıq tarixi olan Kaşqar haqqında danışarkən bir məqamı mütləq vurğulamaq lazımdır - şəhər seysmik zonada yerləşir. İndiyədək baş vermiş bir neçə zəlzələ nəticəsində Kaşqar ciddi dağıntılara məruz qalıb. 2007-ci ildə Kaşqarın zəlzələdən ən çox ziyan çəkmiş hissəsi yenidən qurulub, 50 minə yaxın yeni ev tikilib, bura 250 mindən çox insan köçüb. Şəhərin qədim hissəsinin arxitekturası saxlanılıb, tarixi dəyərə malik binalar bərpa edilərək möhkəmləndirilib.
Kaşqarda yerli sakinin - uyğur ailəsinin qonağı olduq. Ailə bizi çox mehriban qarşıladı, çay süfrəsi ətrafında Əbdürəhman dayının maraqlı söhbətlərini dinlədik. 72 yaşlı Əbdürəhman dayının üç övladı var, hər biri alitəhsillidir. Övladlarından biri dövlət işində çalışır, digəri müəllim işləyir, üçüncüsü isə bizneslə məşğuldur. Özü fermerdir, böyük əkin sahəsi, mal-qarası var. Deyir ki, yaşayışları, dolanışıqları çox yaxşıdır. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsi ilə məşğul olmaq üçün həm bütün şərait yaradılıb, həm də lazımi dəstək göstərilir, güzəştlər edilir. Məni həm də həyətin gözəlliyi, səliqə-sahmanı, qapı-pəncərənin, divarların sevdiyim mavi rəngdə olması, bağ-bağat heyran etdi. Elə bağda gəzəndə uzağdan bir xanım görüb yaxınlaşdım, qonşu Ayvagül idi. Aralarında demək olar ki, hasar yoxdur, görüşüb söhbət edirik, bir-birimizi az da olsa anlayırıq. Qonaq gəldiyimizi biləndə, "bizə də gəlin, qapımız həmişə açıqdır" deyir. Başa düşürəm ki, təkcə qonağı olduğumuz Əbdürəhman dayı deyil, burda sakinlərin hamısı qonaqpərvər və mehribandırlar. Düzü, heç getmək də istəmirsən. Ev sahibi də qalmağı təklif edir, amma səfər proqramına görə bizi başqa bir ziyarət gözləyirdi. Ailə bizi çox mehribanlıqla yola salır, nə vaxt yolumuz düşsə, mütləq yenidən qonaqları olmağımızı deyirlər, çörək pay qoyurlar. Buradan çox gözəl, həm də gördüyümüz isti münasibətdən duyğulu təəssüratlarla ayrılırıq.
Ötən reportajımda vurğuladığım kimi, SUMR çox mühüm strateji əhəmiyyətə malik olmaqla yanaşı, ticari-iqtisadi cəhətdən də böyük önəmə malikdir. Qədim İpək Yolunun kəsişməsində yerləşməsi regionun əhəmiyyətini daha da artırır. SUMR-da dörd Azad İqtisadi Zona fəaliyyət göstərir. Bunlar Kaşqar, Alaşankou, Xorqos və Urumçidə yerləşirlər. Təkcə ötən il həmin zonalarda xarici ticarətin həcmi təxminən 10 milyard yuandan çox, yəni demək olar ki, 2,5 milyard manat təşkil edib. Burda əlbəttə ki, dövlətin dəstəyi də mühüm rol oynayır. SUMR-ın xarici əlaqələr idarəsinin rəis müavini Syao Evenin sözlərinə görə, Sincan-Uyğur Muxtar Rayonuna illik investisiyalar ildə təxminən 55 milyard yuan təşkil edir ki, bu da təqribən 13 milyard manatdır.
Qeyd etdiyim kimi, azad iqtisadi zonalardan biri 2015-ci ildən etibarən Kaşqarda fəaliyyət göstərir. Bura özündə həm istehsalat obyektlərini, həm logistika qovşağını - dəmir yolu və hava limanını birləşdirir. Zonanın ümumi sahəsi 356 kvadratkilometrdir. Burada ümumilikdə 700-ə yaxın şirkət çalışır. İxrac edilən malların 70 faizdən çoxu birbaşa Kaşqarda istehsal olunan mallardır. Onların arasında məişət texnikası, avtomobil hissələri, tekstil, zərgərlik məmulatları, quru meyvələr və s. vardır. Ümumiyyətlə, quru meyvə istehsalı Çində çox inkişaf edib. Bu həm də sağlamlıq üçün çox faydalıdır. Çində sağlam qidalanmaya çox böyük diqqət yetirilir, demək olar ki, şəkərdən, duzdan istifadə edilmir. Ümumiyyətlə, qidadan söz düşmüşkən, Çində yeməklər barədə çox suallar ünvanlandı. Əslində yemək üçün seçim çoxdur. Dəniz məhsulları, dəniz bitkiləri üstünlük təşkil edir ki, bu da sağlam qidalama üçün çox faydalıdır. Sincan Uyğur Muxtar Rayonuna səfər edən hər kəs mütləq yerli plov və çörəyi, eyni zamanda kiçik şişlərdə qoyun ətindən kababı dadmalıdır. Hər üçü möhtəşəmdir. Plov özbək aşına bənzəsə də, həm də fərqlidir, az yağdan istifadə olunmaqla hazırlanır. Bu regionda yeməklərin hazırlanmasında əsasən qoyun və mal ətindən istifadə edilir.
Urumçi
Kaşqara səfəri başa vurub Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərinə yola düşürük. Bu şəhərdə iki günümüz var. Urumçi Tyan-Şan dağlarının mərkəzi hissəsinin şimalında, Cunqar çökəkliyinin cənub hissəsində yerləşir. SUMR-ın cənub və şimal hissələrini, eləcə də Çin və Orta Asiya, Avropanı birləşdirən "qovşaq"dır.
Urumçi həm də ona görə unikaldır ki, o, dəniz sahilindən ən uzaqda yerləşən ən böyük şəhər hesab olunur.
Urumçi şəhəri monqol dilindən tərcümədə "gözəl otlaq" mənasını verir.
Urumçidə 5 milyona yaxın insan yaşayır, şəhər iqtisadi-ticari mərkəzdir. Amma son illər həm də turizm istiqaməti kimi populyarlaşıb. Elə Çin hökuməti də həm regionun, həm də onun bir parçası olan Urumçinin turizmə açılması üçün işlər görür. Artıq demək olar ki, nəticələr də var. Bu regionun digər şəhərlərində, eyni zamanda Urumçidə olarkən çoxsayda turistlər gördük. Onlar həm xaricilər, həm də yerli turistlər idilər. Ümumiyyətlə, çinlilər səfər etməyi xoşlayırlar.
Regionda əsas görüləcək yerlərdən biri Tyan-Şan və ya Tanrı dağları və onun əhatəsində yerləşən Tyançi gölünün olduğu - Tyan-Şan Milli parkıdır. Bu ərazi UNESCO-nun mədəni irs siyahısına daxil edilməklə, dünya təbii irsinin bir hissəsidir. Paytaxt Urumçidən 110 kilometr məsafədə yerləşir. Bu, təxminən 200 min il əvvəl Buz dövründə meydana çıxan və o vaxtdan bəri həm yerli əhalinin, həm də turistlərin diqqətini cəlb edən su hövzəsidir. Tyançi gölü Səma gölü mənasını verir. Bura dəniz səviyyəsindən 3 min metrə yaxın yüksəklikdə yerləşir və 5 min kv.km əraziyə malikdir. Göl aypara formasına malikdir, uzunluğu 3400 m, maksimum dərinliyi 105 m-dir. Gölün suyu Tyan-Şanın hündür dağ buzlaqlarından gəlir və bu ona kristal təmizlik verir və hətta onu içməyə yararlı edir. Göl haqqında çoxlu mifologiyalar da var. Yerli sakinlər gölün Taoist ölümsüzlük ilahəsi Si Vanqmunun istirahət yeri olması əfsanəsinə inanırdılar. Qədim əfsanələrdə də deyilir ki, Jade gölünün sahilində böyük ilahənin əli ilə əkilmiş ölümsüzlük ağacı bitir.
Tiançi gölü həm yerli əhalinin, həm də turistlərin, xüsusən də ən isti yay günlərində məşhur istirahət yeridir. O, gözəl təbiət mənzərələri ilə əhatə olunub: dağ yamacları meşələr, əlçatmaz zirvələri isə buzlaqlarla örtülüb. Həmçinin gölün sahilində bir neçə yurd, yerli sakinlərin ənənəvi yaşayış yerləri vra. Tiançi gölü Çinin Sincan-Uyğur Muxtar Rayonunu bəzəyən əsl təbii almazdır. Onun gözəlliyi və tarixi dünyanın hər yerindən turistləri və səyyahları valeh edir və Çinin ən əsrarəngiz turizm yerlərindən biri olaraq qalır.
Amma gölü görmək, orda gəzintiyə çıxmaq da hər kəsə nəsib olmur. Çünki bu, daha çox hava şəraitindən asılıdır. Göldə gəzinti proqrama daxil edilsə də, hava şəraiti buna imkan vermədi. Qatı duman göldə nəinki gəzməyə, onu görmək imkanımızı belə məhdudlaşdırdı. Amma istənilən halda bu ərazini gəzmək, təbiətin gözəlliyini görmək xoş təəssüratlar yaratdı. Onu da vurğulayaq ki, əraziyə kanatla qalxdıq.
SUAR-da Manas çayının adını daşıyan məşhur Manas rayonu ilə tanışlıq imkanımız da oldu. Rayonda əsasən əkinçilik və heyvandarlıq inkişaf edib. Burada "Xinjiang CITIC Wine Co." şirkətinə baş çəkdik. Şirkət şərab istehsalı ilə məşhurdur. Bizə məlumat verildi ki, tamamilə alkoqolsuz şərablar da hazırlanır. Eyni zamanda, "Ağıllı kənd təsərrüfatı" layihəsi ilə tanış olduq.
Burdakı Aqro park bütün Çində məşhurdur. 2022-ci ildən kənd təsərrüfatının rəqəmsallalaşdırılmasına başlanılıb ki, bu da yaxşı nəticələr verir. Bunun üçün təkcə intelektual texnika və vasitələrdən istifadə edilmir, həm də şirkət özü istehsalla məşğuldur. Elmi institutlar yaradılıb, tərəvəzlər yetişdirilir ki, bu da kənddə istehsalın artmasına səbəb olub. Məhsullar SUMR-ın müxtəlif şəhərlərinə və digər regionlara göndərilir.
Çin həm də dünyada ənənəvi tiblə tanınır. Bu mənada Urumçidə fəaliyyət göstərən Sincan Ənənəvi Çin Tibb Xəstəxanası da böyük maraqla qarşılanır. Əsasən müxtəlif otlardan, masajdan istifadə edilməklə xəstələr müalicə olunur və burada ambulator müalicə həyata keçirilir. Xəstəxana Orta Asiya ölkələri ilə əməkdaşlıq edir, Özbəkistanda anoloji xəstəxana tikilir. Müəssisənin rəhbərliyi Azərbaycanla da əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdi.
Sincan Qədim Ekoloji Parkında
Urumçiyə unudulmaz səfərlərdən biri də Sincan Qədim Ekoloji Parkı oldu. Bu parkda Çinin etnik xalqlarının mədəniyyəti nümayiş olunur. Ekoparkın həyətində çox qədim ağaclar var. Həmçinin, muzeydə maraqlı eksponatlar sərgilənir. Ekoparkın həyətində qədim daş heykəllər də nümayiş etdirilir. Buranı daha maraqlı edən həm də ekoparkın ərazisindəki nadir at cinsləridir. Bələdçimiz onların hər biri haqqında məlumat verdi. Demək olar ki, hər gün atlarla nümayişlərin olduğunu söylədi. Bizim üçün də belə bir nümayiş hazırlanmışdı, amma hava şəraitinə görə bu, təxirə salındı.
Nəhayət, səfərimizin sonunda nahar süfrəsi ətrafında SUMR-ın xarici əlaqələr idarəsinin rəis müavini Syao Evenlə maraqlı görüş oldu.
Çinli rəsmi Azərbaycanla ölkəsi arasında tarixi dostluq münasibətlərinə diqqət çəkdi, bizim səfərimizin də bu dostluğa töhfə verəcəyinə əminliyini vurğuladı. Onun sözlərinə görə, gələn turistlərin sayı artmaqdadır, ötən il 14 milyon turist səfər edib ki, onlardan da 2 milyondan çoxunu xaricilər təşkil edib. Regionun gözəl mənzərələri, zəngin mədəniyyəti, etnik xalqlar onu turistlər üçün daha da cəlbedici edir. Çinin iqtisadiyyatı yüksək inkişaf edən 12 vilayəti Sincanı dəstəkləyir. Bu region alternativ enerji baxımından Çində lider vilayətlərdən biridir. 11 ölkənin 22 şəhərinə birbaşa reyslər var.
Syao Evenin sözlərinə görə, Qərb mətbuatı, siyasətçilər SUMR-la bağlı düzgün olmayan məlumatlar yayırlar. Məqsəd də odur ki, digər qonaqlar gəlib Sincanın inkişafın görməsinlər: "Necə deyərlər, 100 dəfə eşitməkdənsə, 1 dəfə görmək yaxşıdır. Burda Qərb mətbuatının yazdığından tamamilə fərqli vəziyyət var. Əminəm ki, həqiqi SUMR-un necə inkişaf etdiyini yazıb dünyaya göstərə biləcəksiniz".
Həqiqətən də, SUMR-da hər mənada fərqli vəziyyət gördük. Nəhəng Çinin nisbətən kiçik, amma öndə olan, çox inkişaf edən modeli.
Sonda bir regionu görmək, onu kəşf etmək imkanı yaratdığı üçün Çinin Azərbaycandakı səfirliyinə təşəkkür edirəm.
Bakı-Urumçi-Bakı