Icma.az
close
up
RU
525ci qəzet Həyata yanlış baxış: modern deyingənlik

525ci qəzet Həyata yanlış baxış: modern deyingənlik

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Günel MUSA

Uşaqlıqdan fiqurlar, heykəlciklər toplamaq kimi bir hobbim var. Yaxın çevrəmdə hər kəs mənim bu marağımdan xəbərdardır. Uzun illər əvvəl Ukraynada Tibb Universitetində oxuyan bir dostum vətənə gələndə mənə Ogüst Rodenin "Düşünən adam" heykəlinin kiçik bir modelini hədiyyə gətirmişdi. Yəqin həmin heykəli hər kəs görüb: əli çənəsində lüt kişi təsviridir...

O qayğılı heykəlcik bizə gələndən canımızı qayğı bürüdü, günümüz qara oldu. Anam hay-küy saldı ki, "mənim evimdə peyğəmbər övladlarının şəkili var, Quran var, rədd elə bu biabırçı şeyi evdən!"

Sonra anamı birtəhər razı sala, heykəlciyi dəhlizdə tapdığım, "hamımız üçün uyğun" bir yerə qoya bildim. Bu dəfə də evə hər qonaq gələndə anam heykəlciyi götürüb gizlədirdi ki, "ayıb yerləri açıqdı, içəri girənləri bu qarşılamasın". Həmin heykəlcik yenə məndədir, amma hələ də onu könül rahatlığı ilə evimin gözəl bir guşəsində yerləşdirə bilmirəm. Səbəb də "ictimai qınaqdır". Bir dəfə evə gələn qonaqlardan birinin heykələ diqqətlə baxıb qaşlarını çatdığını gördüm. Elə o gündən bəri heykəl paltar dolabının başındakı ən ucqar nöqtədə eləcə düşünə-düşünə qalıb.

Tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin "Təbiətdə tarazlıq" ekspozisiyası da elə mənə hədiyyə olunan "Düşünən adam" heykəlinin aqibətini yaşadı ölkəmizdə. Bu tərz sənət əsərlərinə ağız büzən, hətta nifrin yağdıran insanların da olduğu bir ölkədə yaşadığımızı nəzərə alsaq, Lorenso Kuinnin heykəlinin bizə "bir ölçü böyük gəldiyini" etiraf etmək lazımdır. Bir sənət əsərini, heykəli erotik element olaraq qəbul edib, yolunu azan adamlara isə, düşünürəm ki, yalnız "Bərəkət Tanrısı" heykəli hədiyyə etmək lazımdır.

Əsl faciə isə çevrəmizdə ayıbladığımız həmin heykəl qədər təmiz insanların olmamasındadır. Bağlı qapılar arxasında hər cür əxlaqsızlığa yol verən, gün işığına çıxdıqları zaman isə "əxlaq abidəsi" kəsilən, guya qeyrət-namus təəssübü çəkən insanlar üçün əslində o "ədəbsiz heykəl" bir maskadır. Bu heykəli ədəbsiz hesab edənlərin bəziləri 13-14 yaşındakı qızlarını 30-40 yaşında kişilərə ərə verə, nəvəsi yaşında qızları kabinetlərində istismar edə, qadınları ancaq dünyaya uşaq gətirən bir tarla kimi görə, qadın və uşaq qətllərinə səssiz qala bilirlər. Yəni sanki bütün bunların baş verdiyi bir dünyada yeganə "anormal olan" elə Lorensonun sözügedən heykəli imiş. Heykəlin ətrafında yaranan bayağı səs-küyün fonunda məni ən çox maraqlandıran sual bu idi: Görəsən, həqiqətən də o heykələ baxıb ehtiraslanan, "ixtiyarı əldən gedən" adamlar oldumu?

Sözügedən heykəl, böyük ehtimal, yalnız bizim kimi cəmiyyətlərdə bu qədər mübahisə və narazılığa yol aça bilərdi. Heykəlin sərgiləndiyi yerdən götürülməsini "ictimai qınağın təntənəsi" kimi qələmə verən insanlar bir daha sübut etmiş oldu ki, onların düşüncəsi, inanc tərzi ilə sənət məfhumunu yan-yana gətirmək olduqca çətin, riskli addımdır. Əfsuslar olsun ki, hələ də ölkəmizdə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar arasında sənətə, əsərə bu cür "baş-ayaq münasibət"in ürəkbulandıran əlamətləri var.

Təbiəti Ana adlandıran xalqlardan biri də bizik. Lorenso Kuinnin təsvir etdiyi qadın da heç kimin anasının, bacısının və yaxud da hər hansısa real bir qadının təsviri yox, Ana Təbiətin təsviridir. "Ədəbsiz" sayılan heykəl əslində Təbiət Ananın obrazıdır. Sənətkar dünyanın bir çox ölkəsində sərgilənən bu heykəli vasitəsilə bir səhər təbiətin əzabı və dağıdıcı gücünün təsirindən səksənib oyanmağın heç də uzaqda olmadığını vurğulamağa çalışıb. Bizdə isə bəziləri, dünyanın ən nüfuzlu büynəlxalq tədbirlərindən birinə - COP29-a ev sahibliyi edən Azərbaycanın vətəndaşı olsalar belə, dünyanı gözləyən təhlükənin, ekoloji böhranın sənət vasitəsilə çatdırılmasını "milli mentalitetimizə qəsd" kimi dəyərləndirdilər. Bu da bizi ümumən cəmiyyətin, kütlənin mədəniyyət, incəsənət anlayışının qüsurlu olduğu həqiqəti ilə bir daha üzləşdirdi. Halbuki sənətdə çılpaqlıq bəşər tarixi qədər qədimdir və tarixə damğasını vuran sənət əsərləri arasında saysız-hesabsız "Nü" əsərlər (fransızca "çılpaq rəsm" anlamında) var. Təbiət və heyvanlar sənətin mövzusu olduğu kimi, çılpaq insan bədəni də sənətin mövzusuna çevrilib. Çılpaq bədən isə yaradıcılıqda fiziki element deyil, estetik-vizual elementdir və bütün sənət əsərləri kimi, bir güzgü rolunu oynayaraq bizi düşünməyə sövq edir.

Lakin il olub 2024, biz hələ də bir qismi çılpaq heykəldən, rəsm əsərindən vəlvələyə düşən cəmiyyət olaraq yola davam edirik. Təməlində ilahi istedad olan nəsnələri şeytan kimi daşa basırıq. Bunun da təməl səbəblərindən biri sənətin, sevginin və məlumatsızlığın insan həyatının davamında ən əhəmiyyətli dəyər olaraq qəbul edilməməsidir. İlk baxışdan insanın həyatını davam etdirməsində əsas faktorlar kimi su, hava, yemək, yuxu və cinsi həyat önə çəkilir.  Həqiqətən də insan vücudu havasız, sususuz, yuxusuz, qidasız uzun müddət canlı qalmayıb ölür. Cinsi həyat olmadan da insan nəsli davam etməz. Amma lap dərindən düşünsək, insan sənətsiz, hüquqsuz, məlumatsız və sevgisiz də yaşaya bilmir, ölür. Ancaq bu ölüm bədənin ölümü kimi tez bir zamanda hər kəsin diqqətini çəkmir. Təsiri həmin an hiss edilmir. Amma bu, bədənin ölümündən daha dərindən hiss edilən və çox zaman fəsadları ağır olan bir ölümdür. Uzun sözün qısası insan sevginin, sənətin, estetikanın mövcud olmadığı zaman həyatına fiziki olaraq davam etsə də, ruhən ölmüş sayılır və görünür, bədənə aid həzz ehtiyaclarının yeganə həyat tərzi kimi ideallaşdırıldığı, sənətin, estetikanın, bir sözlə, insanlığa hörmətin kənara itələndiyi bir dünyada qarşılaşacağımız mənzərə daha dəhşətli olacaq.

lll

Ölkəmiz hər dəfə dünya səviyyəli tədbirlərə ev sahibliyi edəndə, yaxud da dünyanın nüfuzlu tədbirlərində, festivallarında yer alanda şahid olduğum mənzərə məni məyusluğa sürükləyir. Sayları heç də az olmayan, bir ordunu andıran məmnuniyyətsiz insanlar həmin məqamlarda sanki gücləndirilmiş iş rejiminə keçirlər. Neqativlər hər zaman, hər yerdə var. "Bunu inkar edək, üstünü örtək" demirəm. Mən özüm də zaman-zaman belə məqamlara diqqət çəkirəm. Amma Azərbaycanın nüfuzu üçün görülən işlərdə yalnız neqativlər axtarmaq, hər şeyi dramatikləşdirmək, görülən yaxşı işləri "lazımsız" kimi qələmə vermək ikrah doğuran bir "ənənə"yə çevrilib artıq. Bu "ənənəyə sadiq" insanlar nə istədiklərini bilmirlər. Toplumda məmnunluq hissi az qala yox olmaq həddindədir. Psixologiyada bu vəziyyət "anhedoniya" adlanır və günümüzdə bir çox insan bu amansız sindromdan əziyyət çəkir. Heç bir şeydən zövq ala bilməyən bu kütləni, ağzınla quş da tutsan, məmnun etmək olmur. Onlar sanki narazılığa, deyinməyə proqramlanıblar. Tam sığortalanmaq mümkün olmayan neqativləri çıxsaq, bəlkə də, tariximizin ən sakit, stabil, rahat, xoş bir dövrünü yaşayırıq indi. Amma yenə də bəzilərimizin ruhu bu rahatlıqdan, xoş hisslərdən qaçmaq üçün yollar axtarışındadır. Məşhur ingilis ədibi Samuel Conson bir şeirində "Həyatım - özümdən uzun bir qaçış" deyirdi. Bu gün bizdə də özündən, yaxşı hisslərdən qaça bildiyi qədər uzaqlaşmaq istəyənlər az deyil. Bu yolda bəhanələri də bitib-tükənmir. Xüsusilə xarici ölkələrdə gününü gün edən kəslər ölkədə baş verən müsbət yeniliklərə qarşı amansız bir linc kampaniyası başladırlar belə məqamlarda. Əllərindəki ən kəskin silah da şəhid ailələri, qazilər və kasıb təbəqə ilə bağlıdır. Ölkədə yarış keçirilir - narazılıq, keçirilmir - narazılıq. Məşhur adamlar dəvət edilir - lağa qoyurlar, dəvət edilmir - "bizi tanıyan yoxdur" deyirlər. Dünyanın ən məşhur sənətkarlarının sərgiləri təşkil edilir - "nəyə lazım idi", təşkil edilmir "bəs o əjdahadan niyə bizdə yoxdur" deyərək qan qaraldırlar. Bunlar üzündən elliklə sonsuz, çıxışı olmayan bir labirintdə var-gəl etməkdəyik.

Məsələn, bir neçə gündür, deyinmək üçün başqa bir məqam da düşüb əlimizə. Məşhur futbolçu Ronaldinyonun Bakıya gəlməsi sosial mediada "ənənəvi qaydada", yəni ya hay-həşirlə, ya da vay-şivənlə müzakirə olunur. Halbuki bu gəlişin təşkilatçılarının məqsədi aydındır: Bakıda keçirilən nüfuzlu tədbirə daha çox diqqət çəkmək, dünyanın nəzərini bu yolla da Azərbaycana yönəltmək. Amma bir çoxumuz anlamaq istəmirik ki, Ronaldinyo Bakıya gəlib-gəlməməsinin həyatımızdakı gerçək və yaxud uydurma neqativlərə, gəlir-çıxarımıza dəxli yoxdur.

Əlbəttə, həyatdan müəyyən dərəcədə narazı olmağa hər zaman haqqımız var, təbii ki. Hər şeydən razı cəmiyyətdə tarazlıq pozulmuş olar. Oskar Uayld "narazılıq insanın tərəqqisində ilk addımdır" deyib. Narazılıq inkişaf üçün hərəkətverici qüvvələrdən biridir və müəyyən mənada etirazların olması bizi dəyişməyə, təkmilləşməyə sövq edir. Amma xroniki narazılıq xoşbəxt olmağa, məmnunluq hissinin formalaşmasına mane olursa, vay halımıza!

Görünür, bu vəziyyətə gəlməyimizin təməlində sosial bərabərsizlik və kəskin təbəqələşmə faktorları da mühüm yer tutur. Bu gün saytlar, xəbərlər bizi sosial şəbəkələrdə bir anda varlanan, virtual platformaları vasitəsilə yüksək gəlirlər əldə edən insanların, müğənnilərin, məmurların, futbolçuların, aparıcıların bahalı həyat tərzini mövzu edən xəbərlərlə bombalayır. Ancaq bu xəbərlərlə yanaşı, iqtisadi böhranların fəsadları, işsizlik, ədalətsizlik barədə başlıqlar da görürük. Bu sonsuz imkanlar və reallıq arasındakı böyük ziddiyyət cəmiyyətin narazılıq hissini daha da alovlandırmış olur. Halbuki bütün bunların eyni anda mümkün olduğu dünyada, çox qəribə bir dövrdə yaşadığımızı nəhayət anlayıb qəbul etməliyik. Bəlkə də, hər şeyin çox-çox pis də ola biləcəyini qəbul etsək, xoşbəxtliyi dada, sahib olduqlarımız üçün minnətdarlıq duya, həyatın yaxşı tərəflərini daha çox qiymətləndirə bilərik.

Əksər insanlar isə özlərini, həyat tərzlərini ən yaxşılarla müqayisə etməyə fokuslandıqları üçün əlində olanlardan məmnun qala bilmirlər. Bu məmnunsuzluğun yaratdığı aqressiya, təəssüf ki, bəzən də ətrafa ziyan vurmaq, eləcə də dövlətin nüfuzuna xələl gətirmək üçün hərəkətə keçir.

Yoxsulluq və zənginlik, kəskin təbəqələşməyə qalsa, ilk növbədə bunu bilməyə dəyər ki, bəşəriyyət olaraq, mövcud rifah səviyyəmizi növümüzün tarixində xoşbəxt bir istisna hesab etmək mümkündür. Ötən minilliklərə, yüzilliklərə nəzər salsaq, görərik ki, bəşəriyyət tarixində aclıq həmişə ən böyük problemə çevrilib. Dünyamız yaşamaq üçün tarix boyu indikindən rahat, əlverişli yer olmayıb. Amma insanın yerli-yersiz deyinmədən, bircə saat narazılıq etmədən yaşaması da heç vaxt bu qədər mümkünsüz sayılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri