Icma.az
close
up
RU
525ci qəzet İsveçdə ədəbiyyat mükafatları Vahid Qazi yazır

525ci qəzet İsveçdə ədəbiyyat mükafatları Vahid Qazi yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vahid QAZİ

Sizcə, Azərbaycanla eyni qədər - 10 milyon nəfər əhalisi olan İsveçdə hər il neçə ədəbiyyat müsabiqəsi keçirilir? Fikrinizdə bir rəqəm tutun...

Kitabın, ədəbiyyatın İsveç toplumunun həyatında oynadığı rola aid çox yazmışam. Məsələn, ölkənin ikinci böyük şəhəri - Yöteborqda hər il keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından bəhs edən "Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti" yazısı. 1985-ci ildən keçirilən sərgi Şimali Avropanın ən kütləvi mədəniyyət tədbiri sayılır, ziyarətçi sayı bəzi illərdə 100 mini ötür. Ölkənin hər yerindən on minlərlə insan el şənliyinə gəlirmiş kimi axışıb sərgiyə gəlir, pul verib bilet alır, 800-dək eksponata baxmaq, 300-dək seminarda iştirak etmək fürsətini dəyərləndirir, illik kitab tədarükünü görür.

Bu yazıya məni sövq edən müxtəlif ədəbiyyat müsabiqəsi haqda reklamların, elanların rastıma çıxması oldu. Maraq məni götürdü, axtarış verib yüngülcə araşdırdım və heyran qaldım.

Bir neçəsini sizinlə də tanış eləyim.

...Avqust Ədəbiyyat Mükafatını İsveç Naşirlər Birliyi 1989-cu ildə yazıçı Avqust Strindberqin şərəfinə təsis edib. Bədii, elmi-populyar və uşaq ədəbiyyatı kateqoriyaları üzrə hər il verilir. Mükafat fondu hər nominasiya üzrə 100 min İsveç kronudur, təxminən 10 min avro.

Müsabiqədə ölkənin bütün nəşriyyatları iştirak edə bilər. İsveç Naşirlər Birliyinin müəyyən etdiyi 5 nəfərlik jüri heyəti müsabiqəyə təqdim olunan kitablardan hər nominasiya üzrə altısını seçib seçim komissiyasına ötürür. Naşirlərdən, kitabxanaçılardan və ədəbi tənqidçilərdən ibarət seçim komissiyası gizli səsvermə yolu ilə qalibləri müəyyənləşdirir. Avqust Strindberqin 3 kiloluq tunc büstü və 100 min kron hər ilin noyabr atında Stokholmda təşkil olunan qala-konsert zamanı qaliblərə təqdim edilir.

...Astrid Linqren Xatirə Mükafatını (ALMA) 2002-ci ildə İsveç hökuməti dünyaca məşhur uşaq yazıçısı Astrid Linqrenin (bizim nəsil onu uşaqlıqdan tanıyır - "Balaca və damda yaşayan Karlson" əsəriylə) şərəfinə təsis edib. ALMA dünyanın ən böyük uşaq ədəbiyyatı mükafatı sayılır. Mükafat fondu 5 milyon krondur və hər il dünyanın dörd bir tərəfindən qatılan namizədlər arasından seçilmişlərə verilir.

Qalibləri 12 nəfərdən ibarət jüri heyəti müəyyən edir. Heyəti 4 il müddətinə İsveç Mədəniyyət Şurası nüfuzlu yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar, tənqidçilər arasından seçir. Jüri heyətinə yazıçının nəvəsi Yohan Palmberq də daxildir.

Yaradıcılığında Astrid Linqren ruhunu yaşadan yazıçılar, illüstratorlar, qiraətçilər, uşaq ədəbiyyatı təbliğatçıları və başqaları müsabiqədə iştirak edə bilər.

...Bern Mükafatını 1966-cı ildən İsveç PEN klubu yaradıcılığında Stokholm şəhərinin mədəni həyatını təcəssüm etdirən yazıçı, jurnalist, yaxud fotoqraflara təqdim edir. Mükafatı 1963-cü ildə şair, yazıçı, tərcüməçi Yohannes Edfelt qardaşı Arne ilə birlikdə "Berns Salong"un 100 illik yubileyi münasibətiylə təsis ediblər. "Berns Salong" Stokholmun mərkəzində yerləşən Berzeli parkı ətrafında özündə hotel, restoran, gecə klubu, əyləncə mərkəzini birləşdirən şirkətdir.

Laureatları İsveç PEN klubunun idarə heyəti seçir. Mükafat fondu 20 min krondur.

...İsveç radiosu bir neçə ədəbiyyat mükafatı təsis edib. Hekayə, roman, şeir, uşaq ədəbiyyatı mükafatlarının hər birinin məbləği 30 min krondur. Müsabiqəyə təqdim olunan hekayələri nüfuzlu ədəbiyyat adamları seçir. Seçilmiş hekayələr radioda səsləndirilir. Dinləyicilərin ən çox səs verdiyi müəllif qalib elan olunur.

Roman mükafatı 1993-cü ildə təsis edilib və hər il nəşr olunan romanlar arasından seçilir. Seçimi ədəbiyyatla maraqlanan dinləyici qrupları edir.

Şeir müsabiqəsi isə ən qədimidir, onu radionun mədəniyyət bölməsi 1958-ci ildən keçirir.

Radio uşaqları da unutmur. Mənə ən maraqlı gələn elə bu müsabiqə oldu. 2010-cu ildə təsis edilən müsabiqə "Uşaq radio-kitab mükafatı" adlanır. Qalibləri 9-16 yaş arası dinləyicilər qrupu seçir.

...Kral Elmlər Akademiyasının 1862-ci ildə yaratdığı "Letterstedts" Tərcümə Mükafat Fondu başqa tərcümə mükafatlarından konkretliyi ilə fərqlənir, əsasən klassiklərin əsərləri, eyni zamanda elmi-fəlsəfi ədəbiyyatın tərcüməsi üçün nəzərdə tutulub. 150 illik qaliblər siyahısına baxanda dünya yazılı ədəbiyyatının şedevrləri ilə yanaşı Qalileyin "Dünyanın iki sistemi haqda dialoq"unu da görürsən, "Quran"ı da.

Bu mükafat XIX əsrin birinci yarısında yaşamış İsveç iş adamı Jakob Letterstedtsin adı ilə bağlıdır. 1860-cı ildə İsveç Kral Akademiyasına üzv seçilən Letterstedts bir neçə mükafatın, həmçinin sözügedən mükafatın təsis edilməsinə ianələr verib. Mükafat fondu 100 min İsveç kronudur.

"Elza Tulin" Tərcümə Mükafatını İsveç Yazıçılar Birliyi 1960-cı ildə təsis edib. Elə ilk mükafat da tərcüməçi Elza Tulinin özünə verilib. Mükafat döş nişanından və 20 min krondan ibarətdir.

"De Nios" Tərcümə Mükafatını "De Nios" İcması (Samfundet De Nio) 1970-ci ildə təsis edib. 9 nəfərlik (nio İsveç dilində doqquz deməkdir) idarə heyəti olan icma 1913-cü ildə isveçli yazıçı, feminist, filantrop Şarlotta fon Kremerin yazdığı vəsiyyət əsasında yaradılıb. Müxtəlif illərdə 15 adda ədəbiyyat mükafatı təsis edən icmanı vəsiyyətə əsasən 9 daimi ədəbiyyat adamı idarə edir. Bu mükafatların məbləği əsasən 100, 150, 200 min krondur. Ən böyük fond "De Nios Stora Pris" mükafatınındır: 400 min kron.

"Təbiət və Mədəniyyət Fondu" Tərcümə Mükafatını İsveç Akademiyası isveçcəyə və isveçcədən ən layiqli tərcümələr üçün 1985-ci ildə təsis edib. Mükafat hər biri 60 min İsveç kronu olmaqla iki nəfərə verilir.

60 min kron mükafat fondu olan İsveç Akademiyasının Şifahi Tərcümə Mükafatı 1965-ci ildə təsis olunub. Mükafat "İsveç poeziyasının xarici dildə ən yaxşı təfsiri" üçün verilir.

Akademiyanın hər biri 100 min kron dəyərində ayrıca esse, ədəbi tənqid mükafatları da var.

lll

Nümunələrin sayını çox uzatmaq olar. Başqa mükafatları demirəm, təkcə ədəbiyyat mükafatlarının sayı onlarcadır. Bələdiyyələr, universitetlər, ictimai birliklər, nəşriyyatlar, qəzet və jurnallar, şəxsi fondların, ağla gələn və gəlməyən onlarla ictimai institutun təsis etdiyi mükafat fonduna rast gələrsən.

Araşdıranda 20-dək müsabiqə saydım, sonra sayını itirdim. Bilmirəm siz fikrinizdə hansı rəqəmi tutmuşdunuz...

Hər il bütün dünyanın gözü dikilən Nobel mükafatına gəlincə, 1901-ci ildən verilən 1 milyon avroluq mükafatı qalibə hər il dekabrın 10-u Stokholmda keçirilən təntənəli mərasimdə İsveç kralı təqdim edir.

Ümid edirəm bizdə də çoxsaylı ədəbiyyat mükafatları təsis olunar və Nobel mükafatını bir gün bizim də bir yazıçımız alar...

3 dekabr 2024

Helsinqborq, İsveç

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri