Icma.az
close
up
RU

525ci qəzet Nüsrət Kəsəmənlinin Qarabağ dünyası

525.az saytına istinadən Icma.az xəbər verir.

Tamella HƏMİDQIZI

"Biri vardı, biri yox" ön sözüylə nağıl danışmağa başlayan adamlar çoxdu, kaş həmişə olsun. Ancaq "Biri vardı, biri yox" adlı şeiri ilk dəfə yazan bir şair var. Və onun həyatını Tanrı böyük qüdrəti ilə yaradıb. Hər hadisə gözlənilməz, təzadlı, süjeti maraqlı, sözün sanbalı, səadəti, torpağın, elin sınağı ilə dolu, kulminasiya və finalı ağır yüklü zəngin əsər - İlahinin düzüb-qoşduğu qüsursuz harmoniyalı "Şair nağılı".

Anadan, atadan erkən ayrılıq, ehtiyac, evsizlik, rahatsızlıq və sonucda bir çarə - istedad. Bəxt üzünə gülməyəndə dünyadan küsmək, uğursuzluğa tabe olmaq yox, özünüaxtarışa çıxmaq lazımdı.

Şair olacaq kişinin dadına çatan poetik, lirik duyğuların sönməz işığı, zəhmətlə, ilhamla yazılan misralar kitablara köçür, poeziyanın qədrini bilənlərlə görüşməyə tələsir.

Sənətkara təbii hisslərlə yanaşı, həyat təcrübəsi, dərketmə qabiliyyəti, ədəbiyyata ciddi münasibət böyük yardımçı olur. O, zamanı və məkanı dəyərləndirə biləndə ədəbi ömrünü uzadır.

Şimşəkdən qanad al, yolun uzaqdı,

Hələ neyləmisən, ömür yarıdı.

Səni gedəcəyin son mənzilə də,

Şeirin qanadında aparmalıdı.

Zaman-məkan məsələsi bu yazımın əsas notudur.

Lirikasının şöhrəti onu arxayınlaşdırmadı, artıq duyğuları dağ boyda olanda daha geniş üfüqlər göründü.

Nüsrət Kəsəmənli böyük həcmli əsərlər yazmağa qərarlıydı. "Yaddan çıxmaz Qarabağ" epik-dramatik poeması belə yarandı. Əsər 1983-cü ildə (yanvar-iyul) qələmə alınıb. O zaman Qarabağımızın ən sakit, gözəl çağları idi. Topxana meşəsində münaqişə baş verməmişdi. Heç müharibə təhlükəsi də gözlənilmirdi. Bəs niyə şair Qarabağ üçün narahat olmuşdu?!. Ürəyinə nə danmışdı, nədən yadına xarıbülbülün həsrətli keçmişi düşmüşdü? Bu vəhy torpaq enerjisimi, azadlıq yanğısıydımı?!. Siyasətdən uzaq şairin intuisiyası zamanı uzaqgörənliklə yaxınlaşdırmışdı:

Vətən bir budaqdır, yaşıl bir budaq,

Ümiddən asılan yarpağıq biz də.

Ayağımız altda çırpınır torpaq,

Yeriyən, düşünən torpağıq biz də.

Bilirik ki, Şuşanı İran işğalından qorumaq naminə Qarabağ xanının Tehrana, Fətəli şaha kəniz göndərdiyi Ağabəyim ağa N.Kəsəmənlinin yaratdığı ən mükəmməl qadın obrazıdır. Bu real qəhrəmanı şair olduğu kimi (istədiyi kimi yox) canlandırır. Şuşada "xarıbülbül" rəmzinin "anası" olan Ağabəyim ağanı (Xurşidbanu Natəvanının bibisi) tarix yaxşı tanıyır. Onun xeyirxah əməlləri, elmi, mədəniyyəti haqqında çox yazılıb. Nüsrət Kəsəmənli Qarabağı dünyaya tanıtmaq, bizim floramızda, Şuşada bitən bir gülün vasitəsilə kübar Ağabəyim ağanın qürbətdəki həsrətini ədəbiyyatda yaşatmaq üçün fundamental bir nümunə yaratmışdır:

Bir dürr idim, düşdüm itdim,

Ağlayıb nəğmələr ötdüm.

Bu torpaqda nə mən bitdim,

Nə vəfalı xarıbülbül.

Şair o zaman heç bilmirdi ki, vaxt gələcək, xarıbülbül zəfər talismanımız olacaq. Sənətkar intuisiyası hadisələri qabaqlayır, hamıdan əvvəl duyur, hiss edir.

"Xarıbülbül" nişanını sinəsində gəzdirənlər bilsinlər ki, 1983-cü ildə onu ürəyində daşıyan, qoruyan bir şair yaşayırdı - bu nadir çiçəyin gələcəyini görən, onu əsirlikdən qurtarmaq üçün 37 il əvvəl

Ay "Qarabağ şikəstəsi", sən ucal,

Harayıma yetənim ol, yetənim!

oxuyan, bu torpağı əzizləyib şəhidsayağı "öləndə gözümün üstünə qoyun" vəsiyyətini əsərində yazan bir şair.

N.Kəsəmənlinin Vətən sevdasına mən o zaman Azadlıq meydanındakı alovlu nitqlərində inanmışam. Milli azadlıq hərəkatında ona güvənən gənclərin vətənpərvərliyini görmüşəm. Şair yeri gələndə inqilabçı olduğunu da sübut etmişdi.

Onun qadınlara münasibəti də çox kövrəkdi. Bu zərif cinsə şəfqətlə yanaşması var, onlar nə qədər ağıllı və mərhəmətlidirlərsə, o qədər də köməksizdirlər.

Həyatda bacısı və qızı olmasa da, şair qadın qəhrəmanlarına həssasdır, elə bil onlara sahib çıxmaq lazım olduğunu oxucu ilə bölüşür:

Səsim karvan dayandırar,

Min xatirə oyandırar.

Ah çəksəm, səni yandırar,

Bir az gendən oxu, bülbül.

Bir "Etiraf" şeiri də var şairin. Nadir mövzudu, az kişilərə xas xüsusiyyətdi. Etiraf - riyakarlığın, yalanın düşmənidi, ədalət və dəyərin ölçüsüdü. N.Kəsəmənli poetik düşüncələri ilə xəyanəti etirafdan asan bilən "güclü kişilər"in kürəyini yerə vurur.

Şair "Yaddan çıxmaz Qarabağ" ilə eyni ildə "Boş beşiyin laylası" poemasını da yaradıb. Nüsrət Kəsəmənli incə duyğulu romantik şairdi. Bu xüsusiyyət onun qadın obrazlarının koloritini artırır. Öz şeirlərini bədii qiraət ustaları kimi o qədər duyğulu və gözəl oxucularına çatdırırdı ki. Boş beşiyə layla deyən də, Ağabəyim ağanın dilindən hüznlü bayatı söyləyən də onun özüdür.

"Boş beşiyin laylası"nda da qadına yazığı gəlir, ürək ağrısı ilə müharibədə itmiş uşağını tapa bilməyən ana ilə birlikdə doluxsunur:

Tapdığı hər tikədən payını saxlayardı,

Gecə durub min kərə beşiyi yoxlayardı.

Balamın ətri deyib yorğanı qoxlayardı,

Beşik boş idi yenə.

Poema şairin yazdığı ana laylaları ilə zəngindir. Ümumiyyətlə, oxşamalar və laylalara onun əsərlərində tez-tez rast gəlinir. "Dəli Domrul"da da həm qadınların və həm də kişilərin dilindən laylalar eşidirik.

Şair anaların timsalında dünyaya sulh ismarışı göndərir. İndi də planetimizin bir çox sakinləri savaşlarda vaxtsız həlak olur, uşaqların gözləri qarşısında qanlı faciələr törədilir.

Laylalar uçulu evlərin divarlarına dəyirdi,

Laylalar dizlərinə döyürdü,

Dünənə, bu günə nifrətlə gülümsəyirdi...

Dağılmışdı zaman arasındakı  o körpülər,

Bir anda yüz il qocalmışdı körpələr.

Xocalı müsibətimizi ədəbiyyata yazmaq, onu sözlərlə ifadə etmək çox ağır olsa da, borcumuzdur.

Müharibə keçmişin xatirələrinə çəkilən qara pərdə olsa da, şair oxucularını o günləri unutmağa qoymur:

"Cıdır düzündə dedik:

Qayalara yazaq adımızı.

Qırmızı bir rənglə qoyduq avtoqrafımızı.

Yazdıq, təbəssümlə baxdıq bir-birimizə.

Nə duymuşdusa, xəcalətdən adımız qızardı.

Bizim yerimizə -

 illər ötdü..."

Bəli, illər keçdi. "Hələ bu dünyayla işim var mənim" deyən şair o qayalara dırmaşıb Şuşanı fəth edən igidlərin Cıdır düzünə yetişdiyini görmədi. Görəcəkdi, onlar haqqında şeirlər, poemalar yazacaqdı, Vaqifin, Natəvanın, Üzeyir bəyin ziyarətinə gedəcəkdi, Şuşada, xarıbülbülün yanında oxucuları ilə şəkil çəkdirəcəkdi. Bizə "20 il sonra" şeirində qoca şairi şirin-şirin anlatmışdı. Sevimli şairimiz Zəfər günü "Bu həmin payız deyil", "Qəhrəman şəhər", "Görürdüm bu günü" deyəcəkdi."Mənim bu ağaca yazığım gəlir", "Gecikdi bu yağış", "Yarpaq tökümü", "Səbr ver, Allahım", "Çox şey itirmişəm", "Əlvida demirəm, görüşərik", "Xəyalım göylərdən yerə enib", "Gələcəyəm", "Görüşərik", "Başlamaq olarmı ömrü yenidən" yazmışdı. 1995-ci ildə quşlarla Bakıdan İsa bulağına "Ağlama, bacım" xitabı ilə məktub göndərmişdi:

Gördün, başımıza gələn oyunu?

Bir gün alacaqdır hər kəs payını.

Hələlik zəhərə döndər suyunu,

Ağlama, ağlama, İsa bulağı.

İndi nəğmə olmasını, bəstələnməyi gözləyən bu şırıltılı, görüntülü namələr ümidlə nota çevrilməyini gözləyir.

Sən könül nəğməmsən, Şuşam, baş tacım,

Səndə yuyulacaq hər ağrım, acım.

Suyunu buz kimi sərin tut, bacım,

Ağlama, ağlama, İsa bulağı.

Nüsrət Kəsəmənli uzunömürlü olmasa da, uzaqgörənliklə yaratdığı əsərlər yüz illər ədəbiyyatda anılacaq, yaddaşlara həkk olunacaq.

Şair öz işini yaxşı bilirdi, həyatının quru nəfəslə bitməyəcəyini, sənəti ilə yaşayacağını hiss etmişdi:

Desələr dəfn etdik dünən biz onu,

O da hamı kimi yaşadı, öldü.

Bilməzdik bu qədər yaxınmış yolu

Qayıdıb dünyaya təzədən gəldi -

Sən inan, əzizim, sən inan buna.

Tanrının yazdığı "Şair nağılı"nda Araz çayının adı keçir. İlk, çox gənc misralarında atadan, anadan ayrı yaşamağını "bir evdə ana yad, bir evdə ata, Araz körpüsüyəm, keçmək olmayır" söyləmişdi. Sonra oğluna Araz adını vermişdi:

Mən Araz qoydum ki, adını sənin,

Evimdə Arazı çağırım hər gün.

Arazın çayının o tayında yaşayan dili bir, sevgisi, nisgili bir xalqımızın dərdini gah sovet senzurasından gizlətmək üçün yazıb saxlamış, gah da açıq-aşkar tüğyan etmişdi. İçində həmişə Təbriz dərdi gəzdirirdi.

Yenə taleyin qisməti ilə üzü Təbrizə idi. Bu dəfə canının ağrısına əlac tapmaq üçün o taya yollandı. Təəssüf ki, həkimlər alın yazısını dəyişdirə bilmədilər. Şair sevimli şəhərində haqq dünyasına köçdü. Ağısını çoxdan - 1977-ci ildə yazmışdı: "Ağlama, Təbrizim, ağlama".

Təbriz onun bu dünyada son səyahətinə şahid oldu.

Ruhu sərhəd tanımadan Araz çayınının üstündən Vətənə uçdu. Bu, Tanrının gözəl əsərinin finalı olsa da, şairin yazdıqları yadigar qaldı, şeirləri, nəğmələri sevilə-sevilə həmişə oxundu, unudulmadı: "Görəcəyəm, Araz axır gül ilə".

Həmişə anamı düşünəndə özüm özümə oxuduğum "İsti yağışlar yağır" şeiri ilə həm də şairin ruhunu şad edirəm:

Külək əsir, budaqlar

Əriyir yarpaq-yarpaq.

Dağlara duman çökür,

Sürünür ağır-ağır.

Nə bu göylər toxdayır,

Nə doyur qara torpaq.

Görürsənmi, hələ də

İsti yağışlar yağır.

N.Kəsəmənli keçən əsrin sevgi şairi kimi məşhurlaşsa da, onun yaradıcılığının xalqımızın, Vətənimizin müqəddaratındakı xidmətlərini təkrar xatırladım, yenidən araşdırdım. Rahat və narahat səslərini dinləyib oxuculara eşitdirmək istədim.

Kitabxanada çox oxunmaqdan köhnəlmiş "Kimə inanasan" (1995) kitabını vərəqləyəndə şairin özünəxas, səliqəli xətlə yazılmış orijinal misralarına, qələm izlərinə antik nüsxə kimi baxdım:

"Və beləcə bir görüşün də sonuna gəldik. Bu sətir - cığırları bura qədər birlikdə keçdik. İndi mən ayrılıram və bu kitabı sizə əmanət edirəm.

Təkrar oxuyacağınız şeirlər üçün əvvəlcədən minnətdarlığımı bildirirəm. Sağ olun.

Nüsrət Kəsəmənli".

Noyabr 2024

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri