Icma.az
close
up
RU
525ci qəzet Yaddaşlarda eloba sevgisi ilə qalmaq Bayram Məmmədov yazır

525ci qəzet Yaddaşlarda eloba sevgisi ilə qalmaq Bayram Məmmədov yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaşanılmış illər tarixdi. Bu baxımdan ömür də tarixdi. İlləri ömürləşdirmək təkcə ilin üstə il gəlməsiylə müəyyənləşmir, illəri elə yaşamalısan ki, səndən sonra sözün qalsın, ocaqlarda közün qalsın, el-obada izin qalsın, xoş xatirələrin qalsın, hər anılanda kövrək təəssüfü (xatirələrinə işıq düşənin son nəfəsinə görə) qürur (el üçün yaşadı, halal yaşadı, elin adına ad gətirənlərin sırasında oldu, ...) üstələsin. Belə insanlardan söz düşəndə onu "işıqlı insan idi" ehtiramıyla xatırlayırlar. O işığı görənlərə də, qiymətləndirənlərə də işıqlı insan deməmək günahdı...

Hüsü Hüsüyev də düşüncələriylə, insanlara, insanlığa münasibətiylə, el-obaya, deməli, Vətənə sevgisiylə işıqlı insan idi. Yoxluğundan 18 il keçir, bu 18 ildə neçə dəfə xatırlanıb, neçə dəfə təəssüf yaşanılıb, neçə dəfə "Zəngilanı, zəngilanlıları sevənlərdən biri də o idi..." - deyilib, bilinməz...

Hüsü Hüsüyev 1918-ci ildə Zəngilan rayonunun Məlikli kəndində anadan olub. Atasızlıq sıxıntıları yaşaya-yaşaya böyüyüb; atasız böyüyən uşağın gecələri uzun olur, güzəran çətin olanda daha uzun olur gecələr. Hüsünün uşaqlığı dolaşıq illərə düşmüşdü. Kolxozlar dövrüydü. Bir qoltuq başağa görə adamı damlayırdılar. İstər böyük olsun, istər uşaq. Acından ölənlər də qorxusundan kolxoz malına əl uzada bilmirdi...

Hüsü Həsən oğlu uzun gecələrinin səhərlərinə can ata-ata günləri ay, ayları il eləyirdi. İllərin insaflısını gözləyə-gözləyə böyüyürdü. Ağbirçəklər onu görəndə bir az qəhərlə, bir az ümidlə deyirdi ki, "Yetim böyüyür, Əzrayılın paxıllığı özünə qalır".

Zəngilan kənd məktəbini bitirdikdən sonra Bakıda pedaqoji texnikumda oxudu. Müəllimlik diplomu almışdı, müəllim işləyəcəkdi, hələ şagirdlik ovqatındaykən şagirdlərin biliklənməsinin cəfakeslərindən biri kimi tanınacaqdı. Gəncliyində uşaqlığın işığını yenidən yaşayanların sı-rasında o da olacaqdı. Duyumunu, duyğularını, dünənlərin acılarını unutduracaq xoş anları şagirdləri ilə nəfəs-nəfəsə yaşayacaqdı. Ona Hüsü müəllim deyəcəkdilər. Sabahların maarif yükünü çəkənlərin sırasında Hüsü müəllim də olacaqdı. Hüsü müəllim sabahlara sökülən dan yerinin işığında arzu görən, niyyət görən şagirdlərinin gözləriylə baxırdı.

18 yaşı vardı. Zəngilanın Cahangirbəyli kənd məktəbinə müəllim təyin edildi. Bir il işlədi. Bu bir ildə müəllimliyin fəzilətlərini daha əhatəli dərk etdi, əmin oldu ki, dünya öyrədənlərin ciyəriylə nəfəs alır. 1937-ci ilin iyulundan 1939-cu ilin sentyabrınadək Üdgün və İçəri Müşlan kənd ibtidai məktəblərində direktor işlədi...

1939-cu il oktyabrın 30-da Hüsü Hüsüyevi də hərbi xidmətə çağırdılar. O illərdə dünyanın nizamı titrəyirdi. Bu titrəyişin SSRİ-yə sədəmə toxunduracağı güman edilmirdi. Polşada döyüşlər gedirdi, SSRİ bu döyüşləri izləməkdəydi...

Hüsü Hüsüyev Şimali Qafqaz 5-ci Hərbi Dairəsinin 438-ci atıcı alayının 171-ci atıcı divizionun əsgəri oldu. Əksər əsgərlərdən diribaşlığıyla, dünyagörüşüylə, hadisələrə münasibətiylə fərqlənirdi. Buna görə komandirlərinin açıq rəğbətini qazanmışdı. 1941-ci il iyunun 22-də dünyanı silkələyən, dünyanı məhvə sürükləyən müharibə başladı. Dünya müharibəsinin səksəkəsi duyulmaqdaydı.

İkinci Dünya müharibəsi başlayanda Hüsü Hüsüyevi Stalinqrad (indiki Volqoqrad) şəhərində Qırmızı Ordu Şərq Siyasi məktəbində qısamüddətli zabit hazırlığı kursuna göndərdilər. Əsgər Hüsü Hüsüyev leytenant Hüsü Hüsüyev olacaqdı. Bu seçimdə müəyyən xarakter keyfiyyətlərinə əsaslanılmışdı, şübhəsiz. Sovet hökuməti lazımi səviyyədə biliyi olmayan, siyasi baxımdan səbatlığına inanmadığı əsgəri belə bir vaxtda belə bir kursa göndərməzdi. Qətiyyən göndərməzdi. Kursu bitirdikdən  sonra Hüsü Hüsüyev leytenant hərbi rütbəsi ilə Cənub Qərb cəbhəsində minaatan batalyonunun (taborunun) siyasi işçisi və komissarı kimi xidmətə başladı, bilavasitə döyüşənlərin sırasında oldu. O da cəsarətlə döyüşürdü, əsgərlərə "Biz də əsgərik, döyüş hamımızın döyüşüdü, döyüş Vətənin döyüşüdü!" deyirdi. Leytenant Hüsü Hüsüyev döyüşçülərin döyüş əzmini, qələbə ruhunu belə yüksəldirdi, komandirlərin döyüş əmrini bu ovqatla yerinə yetirirdi. Faşistlərin sursat daşıyan maşın karvanı leytenant Hüsü Hüsüyevin rəhbərliyi ilə sıradan çıxarılmışdı. Vaxtında sursat ala bilməyən düşmən geri çəkilməyə məcbur olmuşdu. Onda komandir leytenant Hüsü Hüsüyevə demişdi ki, siz yaxşı döyüşçülərsiniz...

Leytenant Hüsü Hüsüyev döyüşlərin birində ağır yaralandı. Səhra hospitalında ilkin müalicə olundu. Müalicəsi arxa cəbhədə davam etdirilməli idi. Hərbi həkim komissiyasının qərarı ilə 1942-ci il dekabrın 17-də döyüşən ordu sıralarından tərxis edildi. Döyüşlərdə göstərdiyi igidliyə görə "Birinci dərəcəli Vətən müharibəsi" ordeninə, "Döyüş xidmətlərinə görə", "Al-maniya üzərində qələbəyə görə", "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilib. Bu təltiflər leytenant Hüsü Hüsüyevin azərbaycançılıq xarakterinə verilən mükafatlar olub. İllər sonra Zəngilanda o döyüşlərdən, o mükafatlardan söhbət düşəndə Hüsü Həsən oğlu İkinci Dünya müharibəsini qəhərlə (döyüşçü yoldaslarının həlak olmasını unuda bilmirdi), qəhəri üstələyən qürurla (Böyük Qələbəni, bu qələbənin qazanılmasında azərbaycanlıların iştirakını) xatırlayırdı. Və  unutmadığı bir mahnının bir misrasını da deyirdi: O illər dönməsin bir də geriyə. O illər ermənilik qiyafəsində geri dönəndə - 1988-ci ildə ürəyi sızıldamışdı. Zəngilan da daxil olmaqla torpaqlarımız işğaldan azad edilənə kimi bu sızıltı onun könül dünyasından üzülmədi...

Ordu sıralarından tərxis edilən Hüsü Hüsüyev Zəngilana qayıdıb. 1942-ci ilin dekabrında Zəngilan rayon patiya komitəsinin (RPK-nin) kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Zəmanəti təkcə müharibə veteranı olması deyildi, onu tanıyırdılar, iş qabiliyyətinə, məsuliyyətliyinə, ünsiyyətcilliyinə bələd idilər. Hüsü Hüsüyev kadrlar şöbəsinin müdiri kimi təkcə vəzifə borcunun tələbləriylə isləmirdi, həm də vətəndaşlıq borcunun tələbləri ilə işləyirdi. Müharibə başa çatmamışdı. Döyüslərdə yaralanıb rayona qayıdan əsgər və zabitlərin müalicəsinin təşkili, döyüşən ordudan tərxis edilənlərin işlə təmin edilməsi, döyüşlərdə olanların ailəsinə qayğı göstərilməsi, ...kimi fəaliyyət həm zəhmət tələb edirdi, həm idarə və müəssisə rəhbərləri ilə ünsiyyət qabiliyyəti, həm də geniş dünyagörüşü. Hüsü Həsən oğlu bu keyfiyyətlərə malik olan partiya işçisi idi. Zəngilanda iki il yarım bu vəzifədə islədi. İşi bəyənilirdi. Müharibə başa çatma ərəfəsində - 1945-ci ilin aprelində onu Astraxanbazar (indiki Cəlilabad) RPK-nin kadrlar şöbəsinin müdiri vəzifəsinə göndərdilər. Hüsü Həsən oğlu burda müharibədən sonrakı illərin istər iqtisadi, istər mənəvi, istərsə də psixoloji gərginliyində islədi. İnsani borcu vəzifə borcunu tamamlamaqla işlədi. "Həyatda ən böyük mükafat insanın öz işindən razı qaldığı anların könül xoşluğudu. Mən o mükafatı Zəngilanda da aldım, Cəlilabadda da...", - Hüsü Həsən oğlu könüldaşlarına belə deyərdi. Bu kəlmələri ondan mən də eşitmişdim...

Hüsü Hüsüyev Cəlilabadda iki ildən çox işlədi. Onu Zəngilan RPK-nin sərəncamına "bacarıqlıdı, sədaqətlidi, siyasi baxımdan səbatlıdı..." təqdimatı (zəmanəti) ilə göndərdilər.

1947-ci ilin iyununda Zəngilan rayon Maşın Traktor Stansiyasının siyasi işlər üzrə direktor müavini vəzifəsinə təyin etdilər. Baza təhsili müəllimlik, müharibədə zabitlik olan Hüsü Həsən oğlunun bu vəzifəyə təyinatı etibar idi, etimad idi. Həm də müharibədən sonrakı ağır illərdə. 1949-cu ilin mart ayına kimi bu vəzifədə işlədi.

O illərdə Azərbaycanda pambıqçılıqda böyük iqtisadi uğurlar qazanılmışdı. Moskva bunu dövrün siyasi müstəvisində yüksək dəyərləndirmişdi. 1948-ci ildə Zəngilanda 13 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Onlarla əməkçi və təsərrüfat rəhbəri ən yüksək ordenlərlə təltif  olunmuşdu. Onların sırasında "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülən Hüsü Hüsüyev də vardı. Həmin dövrün bu yüksək ordeni həm də siyasi mahiyyətə malik idi - dövlətə, dövlətçiliyə, dövlətin siyasi kursuna sədaqətli olmayan siyasi rəhbər və təsərrüfat başçısı belə bir yüksək ordenə layiq görülməzdi...

Hüsü Hüsüyev 1949-cu ildə Zəngilan RPK-nin kənd təsərüfatı şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Təsərrüfatların elmi əsaslarla yenidən qurulması, o dövr üçün olduqca aktual olan əmək məhsuldarlığının yüksəldilməsinin təmin olunması, ittifaq miqyasında bəyənilmiş becərmə üsullarının, metodlarının öyrənilməsi və tətbiq olunması, bacarıqlı mütəxəssislərin rəhbər vəzifələrə təyin olunmasına əsaslandırılmış zəmanət hazırlanması, ... kimi məsələlərdə o da fəal iştirak edirdi, bu məsələlərin gerçək həlli üçün təşəbbüsünü (və vicdani münasibətini!) əsirgəmirdi. Hüsü Hüsüyev 1953-cü ilin sentyabr ayına kimi bu vəzifədə işlədi (sözün həqiqi mənasında işlədi!)...

Həm mütəxəssis olduğu üçün, həm də siyasi fəallığına görə Azərbaycan KP MK yanında Respublika ikiillik Partiya Məktəbində qiyabi təhsil aldı. Hüsü Hüsüyev siyasi ali təhsilə malik olan kadr idi. 1953-cü ilin sentyabrından 1956-cı ilin martınadək SSRİ Satınalma Nazirliyinin Zəngilan rayonu üzrə nümayəndəsi və 1956-cı ilin  oktyabrınadək isə rayon partiya komitəsinin təlimatçısı oldu...

1956-cı ilin oktyabrında Lenin adına kolxozun sədri seçilib. Kolxoz quruluşu ləğv olunub sovxozlara çevriləndə - 1969-cu ilin dekabrında Lenin adına sovxozun direktoru təyin edilib, bu vəzifədə 1974-cü ilin fevralınadək işləyib. Hüsü Hüsüyev üst-üstə 18 ilə yaxın Lenin adına kolxoza və sovxoza rəhbərlik edib, bu illərdə bütün sahələr üzrə plan və öhdəlikləri yerinə yetirən təsərrüfatın onlarla əməkçisi ən yüksək orden və medallara, təsərrüfatın rəhbəri kimi Hüsü Hüsüyev "Qırmızı Əmək Bayrağı" ordeninə, "Rəşadətli əməyə görə" V.İ.Leninin anadan olmasının 100 illiyi yubiley medalına və digər mükafatlara layıq görülüb.

Təsərrüfatda yüksək nailiyyətlərin qazanılmasında fərqlənən kolxozçuların qayğısına qalmağı özünün mənəvi borcu hesab edən Hüsü Hüsüyev kolxozu əhatə edən Zəngilan, Məlikli, İçəri Müslan, Qıraq Müşlan və Üdgün kəndlərinin abadlaşdırılmasına xüsusi diqqət yetirirdi. Zəngilan kəndini Qıraq Müşlanla birləşdirən asma körpünün Oxçu çayının  üzərindən salınması, kolxozu birləsdirən kəndlərdə telefon stansiyasının tikilməsi, Məlikli kəndinə içməli su çəkilməsi, Zəngilan kəndində hamamın fəaliyyətinin təmin edilməsi onun vəzifə borcunun davamı və tərkib hissəsi olub...

Hüsü Hüsüyev təhsilini mükəmməlləşdirmək istəyirdi. "Elmsiz uğur, nailiyyət olmur. Elmlə əldə edilən nailiyyətlər davamlı olur, daha böyük uğurların başlanğıcına zəmin yaradır. Bunlar məni də ali təhsil almağa sövq edir. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində oxumağa qərar vermişəm...", - iş yoldaşları onun qərarını bəyənmişdi. İstəyini gerçəkləşdirdi, biologiya fakültəsinin qiyabi şöbəsinə daxil oldu, oranı 1965-ci ildə bitirdi. Bacarıqlı təşkilatçı kimi, alitəhsilli bioloq kimi müxtəlif meyvə ağacları əkilməklə Məlikli kəndindəki Paşa bağını genişləndirdi. Bağ iki dəfə böyüdü, iki dəfə gözəlləşdi, könül xoşluğu iki dəfə artdı...

1974-cü ilin martından Zəngilan rayon kənd təsərrüfatı məhsullarının tədarükü və keyfiyyəti üzrə Baş dövlət inspektoru, Kommunal təsərrüfatı idarəsinin müdiri və Ət tədarükü məntəqəsinin müdiri vəzifələrində işlədi. 1989-cu ilin yanvarında təqaüdə çıxdı. 71 yaşında!

Zəngilanın müdafiəsində Hüsü Hüsüyev də dəyərli məsləhətlərini əsirgəmirdi. Onun döyüşənlərlə görüşləri, söhbətləri hərbçilərin də, əhalinin də inamını yüksəldirdi: Zəngilana düşmən ayağı dəyməyəcək!

1996-ci il avqustun 15-də dünyasını dəyişən Hüsü Hüsüyev həmişə insanların qayğısına qalıb, onların problemlərinin həll edilməsinə təmannasız köməklik göstərib. Hüsü Həsən oğlu dürüstlüyü ilə, sadəliyi ilə, yüksək intizamı və məsuliyyəti ilə, el sevgisi ilə yaddaşlarda qalıb...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see133

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see122

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see116

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see116

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see114

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see113

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri