7 söz ustasının ortaq ad günü
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən əsrin müxtəlif illərinin 10 oktyabrında dünyaya göz açmış 7 filoloq və şairimiz haqqında söhbət açmaq istəyirik. Əlbəttə, onların gündaş olmaları da, ədəbi aləmdə çalışıb tanınmaları təsadüf olsa da, diqqətçəkən bir tarixi-nadirlikdir.
Təqvimin xatırlatmasına görə “bir araya” gətirdiyimiz tanınmışlar – professorlar Hümmət Əlizadə, Abbas Zamanov, Əjdər Ağayev, Məhərrəm Məmmədov, eləcə də şairlər Şəkər Aslan, Həmid Abbas və Həsən Meracdır.
Oktyabrın 10-u doğum günü olan ədiblərin yaşca ən böyüyü Hümmət Əlizadədir. 1907-ci ildə Qafqaz canişinliyinin Köçəsgər kəndində anadan olub. Görkəmli folklorşünaslardan sayılır. Xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanması və nəşri istiqamətində məhsuldar fəaliyyət göstərib. Cəmi 34 illik qısa ömrünün əksər hissəsini müxtəlif bölgələrdə el ədəbiyyatı nümunələrini toplamağa həsr edib. Hümmət Əlizadənin zəngin elmi irsi - 2 hissədən ibarət “Azərbaycan el ədəbiyyatı” məcmuəsi, “Azərbaycan aşıqları” antologiyası, “Aşıqlar” ikicildliyi, ayrıca “Aşıq Ələsgər”, “Aşıq Əsəd”, “Qoşmalar” kitabları, “Koroğlu” eposunun ilk genişhəcmli nəşri, bayatılar toplusu onun Azərbaycan ədəbiyyatına dəyərli elmi töhfələri sayılır.
Akademiyanın müxbir üzvü olmuş Abbas Zamanov yaş sırasında 2-cidir və həm də bu gün onun 115 illik yubileyidir. 1911-ci ildə İrəvan quberniyasının Dərələyəz qəzasında anadan olub. Naxçıvanda və Bakıda uşaq evlərində böyüyüb, elmə, maarifə ömürlük könül verib. Görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) və Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü, Bakı Dövlət Universitetinin professoru və Konya Səlcuq Universitetinin fəxri doktoru idi. Abbas Zamanov Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü. O, müxtəlif illərdə klassiklərdən Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq və başqalarının yaradıcılığını araşdıraraq, sanballı elmi əsərlər ərsəyə gətirib. Şöhrətli alimin adı Azərbaycan elminə və mədəniyyətinə fədakar xidmətin, ziyalılıq və vətənpərvərliyin simvoluna çevrilib.
Görkəmli pedaqoq, yazıçı, publisist, tənqidçi Əjdər Ağayev isə Salyan rayonunun Azərbaycan ziyalılığına bəxş etdiyi nurlu şəxsiyyətlərdəndir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Pedaqoji elmlər doktoru, “Azərbaycan məktəbi” jurnalının və onun əlavə məcmuələrinin baş redaktoru olub. Eyni zamanda, Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda şöbə müdiri, Təhsil Nazirliyində pedaqogika və psixologiya elmləri üzrə elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında ekspert komissiyası sədrinin müavini kimi məhsuldar fəaliyyət göstərib. 30 kitabı nəşr edilmiş Əjdər Ağayev həm elmi, həm də bədii yaradıcılığı ilə tanınıb. Şair-jurnalist Şəkər Aslan uzun müddət Lənkəranda rayon qəzetinə rəhbərlik edib. Bu gün də çıxan “Söz” ədəbi-bədii jurnalının təsisçisi olub. Şeir kitablarında vətən məhəbbəti, doğma təbiətin gözəllikləri, insanın mənəvi dünyası, səmimi sevgi motivləri geniş əksini tapıb. Şairin əsərləri bir sıra xarici dilə tərcümə edilib. Şəkər Aslan “Samovara od salmışam” bədii-publisistik kitabının, teatrlarda tamaşaya qoyulmuş “Sən kimsən, Ata?”, “Birtərəfli hərəkət” pyeslərinin də müəllifidir. Onun sözlərinə çoxsaylı mahnılar bəstələnib.
Daha bir şair - Həmid Abbas da okt- yabrın 10-da doğulan tanınmışlardandır. “Ömrün elə çağıdır ki”, “Ürəyə toxunma”, “Dinlədi nəğməmi sirdaşım mənim”, “Şuşa həsrəti, türk həqiqəti”, “Gözüm səni axtarır” və s. kitabları ədəbi cameədə maraqla qarşılanıb. Həmid Abbas uzun illər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində işləyib, “Əməkdar incəsənət xadimi” adına layiq görülüb. Şirvan şəhərində birgə iştirak etdiyimiz mədəniyyət tədbirindəki ünsiyyətimiz zamanı onun necə səmimi, ziyalı, vətənpərvər bir şəxsiyyət olduğuna şahidik.
“Ruhum göylər ilə, yer arasında didərgin-didərgin dolaşır elə”, - deyən şair-publisist Həsən Merac da gözəl şeirlərin müəllifi olub. O, Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında və “Azkinovideo” Birliyində çalışıb. “Tanıtım” qəzetinə, həmçinin digər nəşrlərə baş redaktorluq edib. “Şairlər qərib olur bu yer üzündə” adlı şeir kitabının müəllifidir, bir müddət “Sabir” Yazarlar Ocağında fəaliyyət göstərib. “Qobustan”, “Ulduz”, “Azərbaycan” dərgiləri ilə əməkdaşlıq edib. Həsən Meracın Rusiya, Ukrayna və keçmiş Çexoslovakiyada da poetik topluları işıq üzü görüb.
Nəhayət, filoloq-alim, professor Məhərrəm Məmmədov 1958-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib və uzun illərdir ki, orada dərs deyir, filologiya elmləri doktoru, tanınmış türkoloq, kafedra müdiridir. Məhərrəm müəllimin dialektlərin, şivələrin morfoloji xüsusiyyətləri barədə sanballı araşdırmaları var. Gündaşları olan ədəbiyyat xadimlərinin estafetini layiqincə davam etdirir.
Əli NƏCƏFXANLI,
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















