Abdullah Öcalan, məmləkətə xoş gəldin! MİT xəfiyyələri Aponu necə TUTMUŞDULAR... VİDEO
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hörmətli jurnalistlər, sizə və əziz vətəndaşlarımıza bir xəbərim var”. Türkiyənin baş naziri Bülent Ecevit 16 fevral 1999-cu il tarixində təşkil edilən mətbuat konfransına bu sözlərlə başlamış, sonra əlavə etmişdi:
“Bu gün səhər saat 03:00-a olan məlumata görə, PKK terror təşkilatının başçısı Abdullah Öcalan Türkiyədədir. Öcalan dövlətin çox məxfi əməliyyatı ilə Keniyadan gətirilib”.
Və qısa müddət sonra Öcalanın təyyarədəki ilk görüntüləri mətbuatla açıqlanmışdı.
Həmin görüntüdə maskalı türk xəfiyyələri təyyarə ilə Keyniyadan Türkiyəyə gətirilən PKK başçısının gözünüdəki bantı açıb “Abdullah Öcalan, məmləkətə xoş gəldin!” demişdilər.
Aradan təxminən dörddə bir əsr keçsə də, Öcalan hər zaman Türkiyə ictimai gündəmində vacib bir fiqur kimi qalmaqda davam edib.
Zaman-zaman rəsmi şəxslər Öcalanın saxlandığı İmralı adasına gedərək onunla şəxsən görüşüblər.
Çünki Abdullah Öcalan “çözüm sürəci”nin kritiki "aktyor"u idi. Türkiyədə "çözüm sürəci" adlı bir proses vardı. Bu, bir tərəfdən Türkiyədəki kürd əsilli vətəndaşların tələblərini nəzərə almağa çalışan, digər tərəfdən də PKK-nın silahı yerə qoyması və terror təhlükəsinin ortadan qaldırılmasını nəzərdə tutan proses idi.
Nəhayət 2024-cü ilin 22 oktyabrında Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının “Öcalan Məclisə gəlib PKK-nın bitdiyini bəyan etməlidir” açıqlaması ilə Türkiyədə yeni dövr başladı.
Bu günlərdə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM partiyası) nümayəndə heyəti Öcalanın saxlandığı Mərmərə dənizindəki İmralı adasına gedərək, onunla danışıqlar apardı.
Fevralın 27-də keçirilən son görüşdən sonra heyət İstanbulda verdiyi açıqlama ilə Öcalanın məlum çağırışını ictimaiyyətlə bölüşdü.
Bu, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına "silahları buraxın!" çağışıdır. O, silahlrı yerə qoymağa, qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) qurultayını keçirməyə və təşkilatı ləğv etməyə çağırıb.
Bəs, onilliklərdir Türkiyənin gündəmində yer alan, Türkiyə ictimaiyyəti tərəfindən “terrorçubaşı” hesab edilən, Türkiyə və Yaxın Şərqdəki kürdlərin bir hissəsi tərəfindən “öndər” adlandırılan Abdulla Öcalan kimdir?
Modern.az-ın məlumatına görə, Öcalanın həyatı bir neçə dövrə bölünür: 1960-cı illərdə Ankaraya gedib siyasi axtarışda olduğu dövr; 1970-ci illərdə PKK-nı qurduğu dövr; 1980-90-cı illərdə şiddətli qarşıdurmaların yaşandığı dövr; PKK-nın dəstəkçiləri tərəfindən “başqan” və “öndər” adlandırıldığı dövr; 1999-cu ildən bəri İmralı adasında həbsdə saxlandığı dövr.
Abdullah Öcalan 1949-cu ildə Türkiyənin Şanlıurfa vilayətində Halfeti mahalının Ömərli kəndində anadan olub.
Ankarada Anadolu Sicil və Kadastr Peşə Liseyində təhsil alıb.
Bir müddət Diyarbəkirdə kadastr məmuru işləyib.
Öz ifadələrinə görə, o, gəncliyində siyasi axtarışlar edərkən müxtəlif cərəyanlarla maraqlanıb.
Amma sonda siyasi fikir olaraq sosializmə qərar verib.
Öcalan Diyarbəkirdən sonra qısa müddətə İstanbula gedib və kürd gənclərin qurduğu İnqilabçı Şərq Mədəniyyət Mərkəzinin fəaliyyətlərində iştirak edib.
1971-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinə daxil olub.
Universitetdə oxuduğu illərdə Mahir Çayan kimi dövrün inqilabçı gənc liderlərindən təsirlənib.
1972-ci ildə qısa müddətə həbs olunmasının səbəbi Mahir Çayanın da aralarında olduğu bir qrupun Tokatdakı Kızıldere hadisəsində baş verən qarşıdurmada öldürülməsi ilə bağlı universitetdə etiraz aksiyası keçirməsi və buna qarşı hazırlanan bəyanatı yayması olub.
Həbsxanadan çıxandan sonra, 1972-ci ildə solçu Ankara Demokratik Yüksək Təhsil Dərnəyinə üzv olub.
Bir il sonra Ankarada PKK-nın yaranmasına səbəb olan ilk qeyri-rəsmi toplantı keçirilib.
Marksist-leninist ideologiyadan ruhlanan və “Kürdüstan müstəmləkədir” tezisini müdafiə edən bu qrup “xalq müharibəsi” üsulu ilə “müstəqil Kürd dövləti”nin qurulmasını müdafiə edirdi.
Toplantı iştirakçıları kiçik bir tələbə qrupu olsa da, zaman keçdikcə sıraları genişlənməyə başladı.
1977-ci ildən bu qrupu üzvləri Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindəki şəhərlərə yayılmağa başladılar.
Nəhayət 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində PKK-ın qurulduğu bəyan edilib. Onun lideri olaraq Abdullah Öcalan seçilib.
Təşkilatın ilk dövrlərində sui-qəsd hərəkətləri mühüm rol oynayırdı.
PKK-nın ilk səs-küylü silahlı hərəkəti 1979-cu ildə Bucak əşirətinin keçmiş liderlərindən biri və o zamankı Ədalət Partiyasının millət vəkili Mehmet Celal Bucaka hücumu olub.
Bir müddət ərzində PKK bölgədə fəaliyyət göstərən rəqib kürd təşkilatları və Türkiyənin solçu örgütlərilə də qarşıdurmalar yaşayıb.
Dəstə o illərdə yerli əhali arasında “Apoçular” adı ilə tanınmağa başlayıb.
“Apo” Abdullah Öcalana verilən ləqəb idi.
Təşkilatın yaradılması prosesində fərqlənən müxtəlif şəxslər olub.
Onlardan bəziləri ilk illərdə dünyasını dəyişib.
Həmin şəxslər arasında Öcalanın müxtəlif müsahibələrində ona çox yaxın olduğunu söylədiyi iki ad var: Haki Karer və Kamal Pirr.
Bu prosesdə önə çıxan adlardan biri də Kesire Öcalan olub.
Ali təhsil almaq üçün Elazığdan Ankaraya gedən Kesire Yıldırım Abdullah Öcalanın rəhbərlik etdiyi qrupa qoşularaq onunla ailə qurub.
Münasibətləri sonrakı illərdə bitsə də, Öcalanın bir çox yazılarında onun adını çəkməsi diqqətdən qaçmır.
Sonrakı illərdə PKK-dan ayrılan Kesire Öcalan bir daha ictimaiyyət qarşısına çıxmayıb.
1979-cu ildə Abdullah Öcalan qeyri-qanuni yollarla Suriyaya qaçdı.
Daha sonra Fələstin təşkilatlarının köməyi ilə Livanın Bekaa vadisində PKK-çıların təlim keçməsi üçün hərbi düşərgə yaradıldı.
1984-cü ildən PKK Türkiyədə dinc insanlara, təhlükəsizlik qüvvələrinə, hərbçilərə, tanınmış şəxslərə qarşı intensiv hücumlara – terror basqınlarına başladı və onu bügünlərədək davam etdirdi.
Rəsmi məlumatlara görə, bu günə qədər PKK terroru 40 mindən çox insanın həyatını itirməsi ilə nəticələnib.
PKK dəfələrlə böyük ajiotaj yaradan terror aktları törədib.
Məsələn, 1993-cü ildə Elazığ-Bingöl yolunda qaçırılan 33 silahsız əsgəri öldürüb.
Həmin il Ərzincanın Başbağlar kəndinə edilən silahlı hücum 33 nəfər həyatını itirməsilə nəticələnib. Bu iki hücum Türkiyənin qərbində o dövrdə hiddətə səbəb olan hadisələr olmuşdu.
1990-cı illərdə Türkiyə mediası Öcalan üçün tez-tez "körpə qatili" ifadəsini işlədirdi. Əsgər və polislərin silsilə qətlləri Türkiyədə PKK və Öcalana qarşı qəzəbi əks etdirən nümayişlərə çevrildi.
Türkiyə və Yaxın Şərqdəki bəzi kürdlərin gözündə Öcalan “lider” kimi görünürdü. Bölgədə keçirilən Novruz şənliklərində, ölən bəzi PKK-çıların dəfn mərasimlərində və bəzi siyasi nümayişlərdə Öcalanı dəstəkləyən şüarlar səsləndirilirdi.
1998-ci ildə Türkiyə uzun illər Suriyada yaşayan Öcalanı ölkəyə deportasiya etmək üçün Dəməşq hökumətinə təzyiqlərini artırdı.
Vəziyyətin ciddiliyini anlayan Suriya prezidenti Hafiz Əsəd təhlükəsizlik xidmətinin rəhbərinə Öcalanla bağlı tapşırıq verdi. Nəticədə Abdullah Öcalan 9 oktyabr 1998-ci ildə Suriyadan deportasiya edildi.
O, əvvəlcə Yunanıstana getdi. Yunanıstandan sığınacaq istəyən Öcalanla 6 saat davam edən danışıqlardan sonra ona rədd cavabı verildi. Öcalanla görüşən yunan rəsmisi açıq şəkildə bildirdi ki, "səni qəbul etsək, bu, Yunanıstanın Türkiyəyə savaş açması anlamına gələr. Aramızda olan problemləri nəzərə alaraq, biz bunu qəti şəkildə edə bilmərik. Ancaq sənə təyyarə verib istədiyin yerə getməyə icazə verərik”.
Bundan sonra Öcalan Rusiya Liveral-Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovskiyə zəng edir və Rusiyaya gəlmək istədiyini ona bildirir. Ruslardan müsbət cavab alan Öcalan təyyarəylə Moskvaya uçur.
Öcalanın hər addımını izləyən Türkiyə dərhal Rusiya prezidenti Boris Yeltsinə və baş nazir Yevgeni Primakovla əlaqə yaradır. Nəticədə Rusiya da mövqeyini dəyişməli olur, 33 gün Rusiya ərazisində gizlənən Öcalan təyyarə ilə İtaliyanın paytaxtı Romaya yola salınır. Bunun ardınca Türkiyə ilə İtaliya arasında gərginlik yaşanır.
Öcalan yenidən təyyarəyə minib Rusiyaya üz tutur. Bu dəfə ruslar Öcalanı bir müddətlik Tacikistandakı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir hərbi bazada qonaq edirlər. Ancaq qısa aradan sonra özəl bir təyyarəylə yenidən Yunanıstana yola salırlar. Afinada yenidən gərginlik yaşanır. “Apo”nu Türkiyəyə vermək istəməyən Yunanıstan hakimiyyəti çıxış yolu kimi Cənubi Afrika Respublikası (CAR) rəsmiləriylə əlaqə qurur və onlardan Öcalana sığınacaq verəcəklərinə dair təminat alır.
Bundan sonra yunanlar Öcalana “Lazarooz Maoroz” adı ilə yeni pasport verirlər, yanına iki PKK-çı qoşub təyyarəylə CAR-a yola salırlar. Təyyarə yarı yolda olanda CAR-ın o zamankı prezidenti Nelson Mandella yunan rəsmilərinə bildirir ki, fikrini dəyişib və Öcalanı qəbul etməyəcəklər.
Beləliklə, “terrorçubaşı”nın müxtəlif ölkələrdən sığınacaq almaq cəhdləri uğursuzluqla nəticələnir. Həmin dövrdə rəsmi Ankara Öcalanın sığınacaq ərizəsini heç bir ölkənin qəbul etməməsi üçün intensiv diplomatik iş aparırdı.
CAR-ın imtinasından sonra Öcalanı xəlvəti olaraq Yunanıstandan Afrikaya aparan təyyarə Keniyanın paytaxtı Nayrobidə yerə enir və “Apo” əvvəlcə oradakı Yunanıstan səfirliyinə gedir, sonra onu başqa yerə köçürürlər.
Ardınca ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi PKK liderinin yerini Türkiyə Milli İstahbarat Təşkilatına bildirir. Rəsmi Ankara məxfi əməliyyat hazırlayır. Və Türkiyədən havaya qalxan təyyarəyə ekipaj üzvlərindən savayı 6 türk xüsusi təyinatlısı ilə Keniyaya uçur.
Nəhayət PKK terrorçularının rəhbəri Abdullah Öcalan 1999-cu il fevralın 15-də Keniyanın Nayrobi şəhərində həyata keçirilən məxfi əməliyyat nəticəsində yaxalanın Türkiyəyə gətirilir.
PKK tərəfdarları Öcalan İmralı həbsxanasına salınana qədər 4 ay ərzində özlərini yandırmaq, konsulluqları zəbt etmək, aclıq aksiyası keçirmək kimi hərəkətlər etdilər.
Özünü yandırma aksiyalarında çoxlu insan həyatını itirdi.
Abdullah Öcalanın məhkəməsi 31 may 1999-cu ildə İmralı adasında başladı.
O, məhkəməyə gülləkeçirməz şüşə qəfəsin içindən qatılırdı.
İlk iclas zamanı məhkəmə zalında baş verən qarşıdurmada PKK-nın şəhid etdiyi əsgər və polislərin ailələri özlərini tuta bilməmişdilər.
Öcalan onlardan üzr istəmiş və “fürsət verilərsə, kürd probleminin həlli üçün çalışmağa hazıram” demişdi.
Doqquz məhkəmə iclasından sonra Öcalanın “silahlı terror təşkilatı qurmaq və ona rəhbərlik etmək” ittihamı ilə edam edilməsinə qərar verildi.
Ali Apellyasiya Məhkəməsinin 9-cu Kollegiyası da qərarı təsdiqlədi.
Lakin onun edam edilməsi baş tutmadı.
2002-ci ildə Avropa İttifaqının (Aİ) uyğunlaşdırma qanunları çərçivəsində Türkiyədə edam cəzasının ləğvinə görə Öclaanın edam cəzası ömürlük həbslə əvəzləndi.
Abdullah Öcalanın həbsindən sonra PKK daxilində böhranlar yaşandı, lakin təşkilat gözlənilənlərin əksinə olaraq dağılmadı.
2013-2015-ci illər arasında ortaya çıxan “çözüm sürəci” prosesində bəzi dövlət rəsmiləri İmralı adasına gedərək Öcalanla görüşüblər. “Çözüm sürəci” bir tərəfdən Türkiyədəki kürd əsilli vətəndaşların tələblərini nəzərə almağa çalışan, digər tərəfdən də PKK-nın silahı yerə qoyması və terror təhlükəsinin ortadan qaldırılmasını nəzərdə tutan proses idi.
20 dekabr 2013-cü ildə Öcalanın İmralıdan ilk fotosu yayımlandı.
2015-ci ildə “çözüm sürəci” prosesinin iflasa uğramasından sonra “İmralı səfərləri” sona çatdı və Öcalanın adı gündəmdən çıxarıldı.
Lakin ondan sonra da Öcalan Suriyanın şimalında baş verən proseslərlə yenidən beynəlxalq diqqəti cəlb edən bir fiqur oldu.
Çünki ona dəstək verən Xalq Müdafiə Birlikləri (YPG) təşkilatı Suriyanın şimalının əhəmiyyətli bir hissəsində nəzarəti ələ keçirdi.
Nəhayət 2024-cü ilin 22 oktyabrında Öcalanla danışıqlar məsləsi yenidən gündəmə gətirildi.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı təklif etdi ki, Öcalanın Türkiyə Böyük Millət Məclisinə gəlsin və PKK-nın ləğv olunduğunu bəyan etsin.
DEM Partiyasının nümayəndə heyətləri İmralı adası ilə yenidən danışıqlara başladı.
Öcalanla son görüş bu il fevralın 27-də keçirildi.
Bu görüşdən sonra heyət İstanbulda verdiyi açıqlamada Öcalanın kritik çağırışını ictimaiyyətlə paylaşdı.
Öcalan tərəfdarlarına silahı yerı qoymağa, PKK-nın qurultayını keçirməyə və özünü ləğv etməyə çağırış edib.
1978-ci ildə qurduğu PKK ilə onilliklərdir Türkiyənin gündəmində olan Öcalanın çağırışı gerçəkləşəcəkmi?
Bu sualın cavabı önümüzdəki müdətdə özünü göstərəcək.
Ə.Qafarlı

