ABŞ İran İsrail üçbucağında baş verənlər dünyanı sonu bitməyən münaqişələrə doğru aparır, Azərbaycan isə bir sülh obasıdır RƏY
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Hazırda dünya siyasətində dərin strateji və dramatik hadisələr baş verməkdə, müharibələrin yeni növü ortaya çıxmaqdadır. Bəzən hibrid müharibələr elə vəziyyət yaradır ki, belə müharibələrdə nə qalib, nə də məğlub olur. Amma eyni zamanda ölkənin inkişafına, onun rifahına, vətəndaşların təhlükəsizliyinə böyük təhdidlər yaradır. Müharibələr nəticəsində iqtisadi çöküşlər başlayır. Regionumuzda baş verən hadisələr bir daha bunu təsdiq edir. Şimalımızda gedən Rusiya-Ukrayna müharibəsi üç günə proqnozlaşdırılsa da, artıq üç il yarıma yaxın müddətdir ki, davam edir. Bu isə hər iki ölkənin hərbi, iqtisadi, insani potensialını tükədir. Qonşumuz İranın İsraillə müharibəsi də eyni ssenari ilə davam edir. Doğrudur, on iki gün sonra müharibənin isti fazasında fasilə yaransa da, bu atəşkəsin sülhə çevriləcəyi ilə bağlı ümidlər çox azdır. ABŞ-İran-İsrail üçbucağında baş verənlər bir daha dünyanı hazırkı tarixi mərhələdə sonu bitməyən münaqişələrə doğru aparır. Bu qısa tarixi müqayisədən sonra Azərbaycana diqqət etsək, görəcəyik ki, ölkəmiz hər şeydən öncə regionda bir sülh obasıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Əlbəttə, sülhü əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da o qədər çətindir. Azərbaycan buna öz qətiyyətli siyasi lideri və qalib ordusu ilə nail olub, regionda sülhü bərqərar edib. Ən əsası, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra keçən dövr ərzində sülhü pozmağa çalışan çoxsaylı güc mərkəzlərini də susdura bilib, onların regionda sülhü pozmasına imkan verməyib. Bu qədər dərin müharibə aparmasına, 200 ildən çox pozulmuş hüquqlarımızı, tapdalanmış torpaqlarımızı işğaldan azad etməsinə baxmayaraq, Azərbaycan vətəndaşları sırf sosial-iqtisadi kontekstdə sanki bunu hiss etməyiblər. Ölkəmizdə nə qıtlıq baş verib, nə də iqtisadi münasibətlərdə geriləmə olub. Tam əksinə, iqtisadi münasibətlərimiz də inkişaf edib. Bu, hər şeydən öncə Azərbaycanın bugünkü müstəqil, suveren dövlətinin, siyasətinin hərbi strateji, həm də siyasi-diplomatik memarı olan cənab Prezident İlham Əliyevin və onun yaratdığı güclü Silahlı Qüvvələrlə bağlıdır. Biz bu gün Azərbaycan vətəndaşı olaraq bununla hər birimiz fəxr edirik. Mövcud tarixi reallığı dərindən dərk edib, bu reallıq üzərində gələcəyimizi qurmaqla bağlı Azərbaycan Prezidentinin etdiyi çağırış da hər bir vətəndaş üçün aktual olmalıdır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində həm özünün siyasi diplomatiyası, həm də hərbi gücü ilə böyük nüfuz sahibidir. Bu isə Azərbaycan xalqının dinc, firavan gələcəyini təmin edir”, - deputat qeyd edib.
Aytəkin Qardaşova


