Akademikin polifonik yaradıcılığında azərbaycanşünaslıq və türkşünaslıq Cahangir Məmmədli yazır
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycan filoloji elmi arenasında özünü hərtərəfli və mükəmməl alim kimi çoxdan təsdiqləmiş akademik Nizami Cəfərov yeni bir kitabını oxuculara təqdim etmişdir. "Azərbaycanşünaslıqdan türkşünaslığa" adlı bu kitab akademikin elmi ictimaiyyətə bir yaradıcılıq hesabatı kimi də qəbul oluna bilər. Çünki bu kitabda bütöv bir Nizami Cəfərov var. Təkcə ona görə yox ki, "Azərbaycanşünaslıqdan türkşünaslığa" adlanan bu kitab 990 səhifədən ibarətdir. Yəni poliqrafçıların dili ilə desək, 62 çap vərəqindən də artıqdır, həm də ona görə ki, bu kitab müəllifin - mükəmməl bir akademikin elmi dünya görüşüdür. Hər iki istiqamətdən böyük görünən və böyük qəbul edilən bu kitabı azərbaycanşünaslıq və türkşünaslıq anlayışlarının bütün istiqamətlərini - tarixi araşdırmalardan tutmuş ən müasir dövrümüzə qədər ehtiva edən elmi epopeya və ensiklopediya kimi qiymətləndirmək olar. Epopeya və ensiklopediya janr formatlarını bu kitaba status kimi vermək istəyimin mübahisə doğuracağını da güman edirəm. Ancaq bu anda oxucudan bir istəyim olacaq: oxucu bu kitabla tanış olmağa başladığı anda fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin nəşrə yazdığı "ön söz və ya türkşünaslıqla azərbaycanşünaslığın dialektikası" başlıqlı fundamental yazısını diqqətlə oxusun. Filosofun kitaba yol xəritəsi kimi qəbul etdiyim 15 səhifəlik yazısı Nizami Cəfərovu təkcə bu kitabın müəllifi kimi yox, bütövlükdə məhsuldar elmi yaradıcılığını elmi-publisistik bir essedə bizə təqdim etmişdir.
Azərbaycan elmi-ictimai fikir təbəqəsi Nizami Cəfərovu həm bir şəxsiyyət kimi, həm də bir elm xadimi - bir akademik kimi yaxşı tanıyır. Nizami Cəfərov filoloji təhsilin dilçilik ixtisası ilə birbaşa bağlıdır. Amma onun bütün yaradıcılığı, əsasən, elmin 3 istiqamətinə yönəlib: dilçilik, ədəbiyyatşünaslıq və bir də... fəlsəfə. "Bir də fəlsəfə" ona görə ki, N.Cəfərovun bütün əsərləri - monoqrafik formatdan tutmuş elmi - publisistik məqalələrinə qədər - bütün əsərləri fəlsəfə ilə yoğrulmuşdur. Və elə buna görədir ki, onun elmi-fəlsəfi düşüncələrini özündə birləşdirən "Azərbaycanşünaslıqdan türkşünaslığa" kimi epopeya ensiklopediyasına xatırlatdığım ön sözü məhz filosof alim qələmə almışdır. Filosofun ön sözdəki bütün fikirləri Nizami Cəfərov yaradıcılığının həm də fəlsəfi aspektlərini açır: "Azərbaycanın, eləcə də bütün türk dünyasının bilgini Nizami Cəfərov yüksək səviyyəli elmi araşdırmalar aparılmasının bacarıqlı təşkilatçısı olmaqla yanaşı, humanitar elmlərin ortaq metodoloji kompleksini yarada bilən və daha çox bu müstəvidə tədqiqatlar aparan ensiklopedik qabiliyyətə malik bir alim kimi həm Azərbaycan, həm Türkiyə, həm də digər türkdilli ölkələrdə nüfuza, mötəbər sayqıya malikdir". Bu dəqiq fikirləri əlimdəki "Azərbaycanşünaslıqdan türkşünaslığa" kitabı bütün istiqamətləri ilə təsdiq edir. Bəs bu istiqamətlər hansılardır? Bu suala cavab vermək üçün kitabın ayrı-ayrı bölmələrinə diqqət etmək kifayətdir: 1. Etnos, 2. Dil, 3. Epos, 4. Din, 5. Ədəbiyyat. Bu bölmələrin hər birinin formalaşma və keşməkeşli tarixi, dünəni və bu günü ətrafında ciddi, çoxplanlı, çoxistiqamətli araşdırmanın şahidi oluram. Bu araşdırmaların hamısında ifadəsini tapan problemlər humanitar-fəlsəfi aspektdə təqdim olunur. Təkcə "Etnos" bölməsində bu anlayışın mahiyyəti 29 kontent-analizdə açılır. Bu yerdə müəllifin problemlə bağlı tarixi bilgiləri və bu bilgilərin Lev Qumilyov kimi mənbələri oxucuya yaddaşlarda qalacaq məlumatlar verir. Etnos anlayışının ensiklopedik izahı, bu elmi sahənin müasir problemləri, türk dünyasının tarixi inkişafı, Azərbaycan xalqının tarixi və s. kimi göstəricilərin müasirliklə bağlılığında Azərbaycan Prezidentinin türk ailəsi ətrafında fikirləri və nəhayət bugünkü inkişaf səviyyəsinə gəlib çatmış Azərbaycanın rəsmi Mədəniyyət Mərkəzi elan olunmuş Şuşanın "Milli intibah şəhəri" kimi bir faktın elmi-nəzəri əsaslarının publisistik ifadəsi kimi məsələlər etnosun qədimdən bu günə uzanan qürurla dolu tarixinin aparıcı istiqamətləridir.
Kitabın 24 mövzudan ibarət "Dil" adlanan ikinci bölməsində milli dilimizin etnogenezisi ətrafında milli-elmi dəyərlər sistemi tarixinə yazılacaq maraqlı mövzular öz əksini tapıb. Bu yerdə N.Cəfərovun 2023-cü ildə "Heydər Əliyev İli"nə həsr etdiyi "Heydər Əliyev: Dil. Ədəbiyyat. İncəsənət" adlı fundamental monoqrafiyasını xatırlatmalı olacağam. Akademik bu kitabında hələ 1976-cı ildə yaradılan "Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası"na milli dillərə qısqanclıqla yanaşan sovet ideologiyasının etirazına baxmayaraq, Azərbaycan dilini dövlət dili kimi salınmasına nail olmuş Heydər Əliyevin aşağıdakı tezisini əsas götürmüşdü: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də, xalqımızın ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur". Ulu öndərin qiymətləndirdiyi "bu müqəddəs vətəndaşlıq borcu"nu akademik Nizami Cəfərov "Azərbaycanşünaslıqdan türkşünaslığa" kitabında da ləyaqətlə yerinə yetirmişdir. Kitabın "Dil" bölməsində qoyulan və elmi həllini tapmış problem - mövzuların bəzilərinə diqqət edək: Bu problem - mövzular milli dilimizin tarixən inkişaf prosesi, bu prosesin Mahmud Kaşğari, Yunus Əmrə kimi türkçülərin yaradıcılığındakı inkişafı, Azərbaycan dilinə dövlət səviyyəsində diqqəti araşdıran yazılar, Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin başlanğıcında və gedişində xalqa müraciətlərinin ana dilimizin bu müharibədə mənəvi iştirakı, müasir dilçilərimizin yaradıcılığı ilə bağlı elmi-publisistik esselər və s. Bütün bu mövzular həm elmi üslubda, həm də müəllifin vətəndaşlıq, milli qürur hisslərini ifadə edən esselərdə öz əksini tapmaqdadır.

Kitabın üçüncü bölməsində yer alan "Epos" ətrafında məqalə və esselər problemə elmi-nəzəri baxışın birbaşa emosional bədii publisistikaya yaxınlığı da maraq doğurur. Burada təqdim olunan "Qədim türk eposu"nun elə ilk sətri əsəri xüsusi diqqətlə oxumağa çağırır: "Qədim türk eposu bir neçə min illik mifoloji - epik düşüncə axtarışlarının nəticəsi olaraq eramızdan əvvəl I minilliyin ortalarında formalaşmışdır". Bu qədimlikdən doğan milli qürur hissin mətnin bütün məqamlarında özünü göstərməkdədir. Bəlkə də uzun görünəcək bir sitatdan imtina etməyim çətin oldu:
"Qədim türk eposu ilə təxminən eyni dövrdə təşəkkül tapan, türkçülük təfəkkürünün ideya-məzmun əsasını təşkil edən tanrıçılıq elə bir mükəmməl ideoloji-mənəvi sistemdir ki, qədim türk mədəniyyətini (o cümlədən ədəbiyyatını) həmin sistemdən kənarda izah etmək mümkün deyil. Çünki qədim türk idrakının ən böyük əsəri həmin idrakın gəlib çıxdığı "Tanrı" ideya obrazıdır ki, türk varlığı onu bütün potensial imkanı ilə yaratmış, ən azı min illik (e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər) ictimai-mənəvi həyat təcrübəsinin etnik (universal) idrak metodologiyasına çevrilmişdir".
Türk epos dünyasını müxtəlif türkşünasların elmi mənbələrinə istinadən təqdim edən müəllif bu şifahi formatların kitaba transformasiyasını ayrıca bir məqalədə araşdırmış, "Koroğlu" eposunun poetikası üzərində mükəmməl dayanaraq bu dastanın formalaşma və inkişaf tarixini qələmə almışdır. Dastanın müxtəlif türk xalqları arasında yayılmasını, bəzən özəlləşdirilməsini xüsusi vurğulayan müəllif bununla belə dastanın tarixən Azərbaycan xalqına məxsus olduğunun elmi əsaslarını ortaya qoymuşdur.
Kitabın dördüncü bölməsini əks etdirən "Din" başlıqlı məqalələr silsiləsində də akademik Azərbaycanda ilk inanclardan tutmuş Tanrıçılıqdan islama keçidin əsaslarını araşdırmışdır.
Əlbəttə, "Azərbaycanşünaslıqdan türkşünaslığa" kitabının əsas mahiyyətini özündə əks etdirən və "Ədəbiyyat" adlanan beşinci bölməsi ətrafında ayrıca dayanmaq lazım gələcək. Yəqin ki, buna əsas səbəb bu bölmənin fundamentallığı ilə bağlıdır.
"Ədəbiyyat" bölməsi özündə 30 elmi-publisistik məqalə və esseni birləşdirir. Həm də bu sırada məntiqi bir kompozisiya var. Müəllif bölməni "Ümumtürk ədəbiyyatı tarixi: problemlər, mülahizələr" sərlövhəli məqalə ilə başlayır. Məqalənin elə ilk abzasından müəllif ciddi bir problem ətrafında geniş elmi yanaşma vəd edir:
"Müasir türk ədəbiyyatı ümumtürk ədəbiyyatı tarixinin bilavasitə varisidir - həmin varisliyin dialektikası geniş tədqiqat tələb edir, halbuki qədim və eləcə də, orta əsrlər ümumtürk mənbələrinin, demək olar ki, araşdırılması, yaxud çox az araşdırılması tədqiqatı qeyd olunan genişlikdə aparmağa imkan vermir. Eyni zamanda müasir türk ədəbiyyatının genetik-funksional vəhdətinin metodoloji olaraq inkar edilməsi hər bir müstəqil türk ədəbiyyatı üçün "müstəqil genezis" uydurmağa gətirib çıxarmışdır. Və ona görə də ümumtürk ədəbiyyatı tarixinin bütöv bir hadisə kimi təsəvvürdə canlandırılması bir sıra problemlər doğurur".
Bu problemlər həm qeyd olunan bu məqalədə, həm də ondan sonrakı "Qədim türk poeziyası", "Türk xalqları ədəbiyyatı tarixinin ortaq dövrü", "Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji sistemi: təsəvvürlər, mülahizələr", "Türk Müsəlman İntibahı", "Azərbaycan xalqının ədəbi mədəniyyəti: genezisdən tipologiyaya" və s. kimi yazılarda öz həllini tapmışdır.
"Ədəbiyyat" bölməsində əsas hədəflərdən biri klassikaya diqqətdir. Bu yazılarda milli və bütövlükdə türk tarixinə dair ədəbi qüvvələr, onların bədii yaradıcılığının təhlili mühüm yer tutur. Bu sırada bədii sözün Fərabi fəlsəfəsindən tutmuş Nizami Gəncəvi, Füzuli, Aşıq Ələsgər, Alma Yıldırım, Səməd Vurğun kimi klassiklər və onların yaradıcılığı təhlil edilir.
Ümumiyyətlə N.Cəfərov bir elm adamı kimi nədən bəhs edir etsin, bu obyekt mütləq tarix və müasirlik kontekstində araşdırılır. Müəllif klassik ədəbi məktəblərimizin davamçılarını - yeri gələndə "canlı klassiklər" kimi bir epitetlə qiymətləndirdiyimiz bədii söz ustalarımızın yaradıcılığını da təhlil etməklə klassika və müasirliyi aydın faktlarla üzə çıxarır. Bu mənada İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Nəriman Həsənzadə kimi müasir klassiklərin tarixə sevgisini dilə gətirir və beləliklə, ədəbi məktəb faktının davamçılarını oxucuya təqdim edir. Müəllif ədəbi məktəblər silsiləsinin ən müasir davamçıları Anar və onun türk dünyasına qayğılı münasibətini, milli ədəbiyyatımızın və milli mətbuatımızın yorulmaz tədqiqatçısı akademik İsa Həbibbəylinin, ədəbi-tənqidi yaradıcılığı ilə klassikamızı bu günümüz üçün aktuallaşdıran Yaşar Qarayev, akademik Nərgiz Paşayeva, tarixi romanın müasir ustadı Yunus Oğuz və b. nümayəndələrini çox yüksək dəyərləndirir və dəyərləri konkret faktlarla sübut edir.
Tənqid və ədəbiyyatşünaslığın bədii sənət tariximizə və bu günün gerçək faktlarına elmi yanaşma prosesi ilə bağlı müəllifin "Füzuli sənətkarlığının Mir Cəlal postulatları" irihəcmli məqaləsi bədii sözə, ədəbi-bədii fakta Füzuli timsalında bütöv bir monoqrafiya həsr etmiş Mir Cəlalın elmi postulatları dünən onun tələblərinə, bu gün müasirlərimizə əvəzolunmaz bir dərsdir. Bu dərsin Mir Cəlal müəllimin öz müasirlərinə necə təsir göstərdiyini müəllifin bir neçə cümləsi ilə dilə gətirmək istərdim:
"Əlbəttə, Mir Cəlalın əsəri Firudin bəy Köçərli, İsmayıl Hikmət, Salman Mümtaz, Bəkir Çobanzadə xətti ilə formalaşan, məlum dövrlərdə ideoloji təzyiqlərlə üzləşən Azərbaycan füzulişünaslığının böyük uğuru idi ki, bundan sonra Həmid Araslının "Böyük Azərbaycan şairi Füzuli" (1958), Məmməd Cəfərin "Füzuli düşünür" (1959), Mirzağa Quluzadənin "Füzulinin lirikası" (1965), Fuad Qasımzadənin "Qəm karvanı, yaxud zülmətdə nur" (1968) və s. monoqrafiyaları meydana çıxdı. Heç də təsadüfi deyil ki, akademik Vasim Məmmədəliyevlə professor Tərlan Quliyev "Füzuli sənətkarlığı" kitabına yazdıqları ön sözü "Füzulişünaslıq məktəbini yaradan əsər" adlandırmışlar. Mir Cəlalın uğuru Füzulinin yalnız təhlilə o qədər də asan gəlməyən poetikasını məharətlə şərh etməyində deyildi, eyni zamanda böyük şairə sovet ideologiyasının sosializm realizmi ədəbiyyatşünaslığının qoyduğu rəsmi və ya qeyri-rəsmi qadağalara rəğmən, son dərəcə cəsarətli mülahizələr söyləməkdən çəkinməməyində idi".
Bizə elə gəlir ki, təkcə elə bu sitatda informasiya bolluğuna diqqət etmək kifayətdir ki, N.Cəfərovun elmi üslubunun keyfiyyəti aydın olsun.
Biz "Azərbaycanşünaslıqdan türkşünaslığa" adlı bir kitaba dair qeydlərimizi Rahid Uluselin yuxarıda xatırlatdığımız kitaba yazdığı ön sözünün son cümlələri ilə bitirmək istərdik: "Bu gün öz milli mədəniyyət və dövlətçilik tarixinə dərindən bələd olmaq istəyən hər bir azərbaycanlı Nizami Cəfərovun elmi-nəzəri, tarixi kulturoloji epopeyasından yetərincə zəngin bilik əldə edə bilər! O vətənpərvər azərbaycanlı üçün həqiqətən, bu tədqiqatların misli-bərabəri yoxdur. Bunlar onu qanadlandıracaq, tarixi biliyini möhkəmləndirib, yanıltmalardan təmizləyib, onu daha təməlli, daha güvəncli edəcək".


