Alimlər ekosistemlərin “geri qayıtmama nöqtələrinə” yaxınlaşdığı barədə xəbərdarlıq ediblər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Qlobal istiləşmə əvvəlkindən daha sürətlə təhlükəli həddə gətirib çıxarır və iqlim dəyişməsinin yaratdığı ekosistemlərin kollapsında ilk “geri qayıtmama nöqtəsi”nə artıq çatmışıq, deyə alimlər xəbərdarlıq ediblər. İlk belə “dönüş nöqtəsi” bütün dünyada mərcan riflərinin faktiki olaraq geri dönüşü olmayan yox olub getməsidir.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, nəşr 23 ölkədən 160 alimin hesabatına istinad edir. Burada bildirilir ki, Yer kürəsi istixana qazları emissiyası ilə bağlı “fəlakətli geri qayıtmama nöqtəsinə” çatıb. Riflərin 80 faizindən çoxu ekstremal okean temperaturundan zərər çəkib.
Alimlərin hesablamalarına görə, riflər temperatur XIX əsrin ikinci yarısının göstəricilərini 1-1,5 dərəcə üstələyəndə kritik həddə çatır. Hazırda qlobal istiləşmə 1,4 dərəcə Selsi səviyyəsindədir.
“Əgər biz mümkün qədər tez 1,2 dərəcə Selsi olan qlobal orta səth temperaturuna (perspektivdə isə ən azı 1 dərəcə Selsi) qayıtmasaq, biz planetimizdə isti su riflərini hər hansı bir əhəmiyyətli miqyasda saxlaya bilməyəcəyik”, - deyə hesabatda deyilir.
Alimlərin fikrincə, dünya Amazonun quruması, əsas okean axınlarının dağılması və buz təbəqələrinin itirilməsi də daxil olmaqla, digər uçurum nöqtələrinə də çatmaq ərəfəsindədir.
Bununla belə, bəzi ekspertlər hesabatdakı mərcan riflərinin məhv edilməsi ilə bağlı iddiaları şübhə altına alıblar.
Avstraliyanın Kvinslend Universitetinin mərcan rifləri üzrə aparıcı mütəxəssisi professor Piter Mambi bildirib ki, riflər uyğunlaşma qabiliyyətinə malikdir və əvvəllər ehtimal edildiyi temperaturlardan daha yüksək temperaturlarda həyat qabiliyyətinə malik qala bilir.


