Amerika təbliğatı və 6 cı Filonun dənizə tökülməsi KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İkinci Dünya müharibəsi başa çatmışdı. ABŞ rəhbərliyi Türkiyəni öz təsir dairəsinə salmaq, onu siyasi baxımdan Vaşinqtondan asılı vəziyyətə gətirmək üçün fürsət axtarırdı. Hətta bu məqsədlə Türkiyədə özünə yaxın siyasi qüvvələri də hazırlamışdı.
Elə həmin vaxt Türkiyənin Vaşinqtondakı səfiri Münir Ertegün infarkt keçirərək vəfat etdi.
Təbliğat baxımından mahir olan Ağ Ev bu diplomatik fürsəti əldən vermədi. Münir Ertegünün nəşini ABŞ-nin ən böyük döyüş gəmilərindən biri olan Missouri zirehli gəmisinə yerləşdirərək Türkiyəyə göndərmək qərarına gəldi. Bu, guya Amerikanın Türkiyəyə dostluq mesajı idi.
Missouri ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük döyüş gəmilərindən biri idi. Uzunluğu 270 metr, heyətinin sayı isə 1600 nəfər idi. Sakit okeanda döyüş əməliyyatlarında iştirak etmişdi. Yaponiya imperiyasının İkinci Dünya müharibəsində qeyd-şərtsiz təslim olması haqqında sənəd də məhz Missouri gəmisinin göyərtəsində keçirilən mərasimdə imzalanmışdı.
Belə əhəmiyyətli bir döyüş gəmisinin sanki dəfn karvanı kimi Türkiyəyə göndərilməsi ABŞ-nin bu ölkəyə verdiyi siyasi əhəmiyyəti nümayiş etdirirdi.
Hətta Vaşinqton bir gəmi ilə kifayətlənməmiş, Missouri ilə yanaşı, onu müşayiət etmək üçün “Providence” kreyserini və “Power” gəmisini də göndərmişdi.
Yəni bir tabutu daşımaq üçün bütöv bir donanma yola salınmışdı!
Bu, sözün əsl mənasında, güc nümayişi idi.
Missouri gəmisinin Türkiyəyə doğru hərəkəti yerli mətbuat tərəfindən addım-addım izlənilir, əhaliyə böyük sevinclə çatdırılırdı. Qəzetlərdə “Missouri Cəbəllütariqdən keçdi”, “Missouri İtaliya sahillərindədir”, “Missouri Egey sularına daxil oldu” kimi başlıqlar dərc edilirdi. Gəminin fotoşəkilləri yayımlanır, heyətlə müsahibələr dərc olunurdu.
Amma bir sual yaranır: Həmin dövrün texniki imkanları ilə Türkiyə mətbuatının Aralıq dənizinin ortasında fotoşəkil çəkmək, gəmidəki heyətlə müsahibə aparmaq imkanı vardımı?
Əlbəttə ki, yox!
Bütün görüntüləri amerikalılar çəkir, yerli mətbuata təqdim edir, qəzetlər isə onları olduğu kimi dərc edirdi.
Bugünkü kimi, o dövrdə də mətbuatın bir hissəsi öz sahibinin səsinə çevrilmişdi.
Nəhayət, Missouri İstanbul boğazına daxil olaraq lövbər saldı.
Gəminin gəlişini xüsusi olaraq cümə gününə təsadüf etdirmişdilər. Guya bu da xeyirə əlamət idi!
Bir vaxtlar yad dövlətlərin döyüş gəmilərinin İstanbul boğazına daxil olmasına qarşı çıxaraq Qurtuluş savaşına başlamış bir xalq bu dəfə həmin gəmiləri xilaskar kimi qarşılayırdı.
Beylerbəyindən Üsküdara, Beşiktaşdan Sarayburnuna qədər bütün sahillər insanlarla dolmuşdu. Əhali küçələrə axışmış, davul-zurna çalır, Amerika gəmisinin heyətinə əl yelləyirdi.
Missouri artıq sadəcə bir döyüş gəmisi deyildi. O, Türkiyədə kütləvi psixoloji coşqunun, az qala, ictimai isteriyanın simvoluna çevrilmişdi.
Yerli mətbuat tarixində bəlkə də ilk dəfə ingilis dilində nəhəng manşetlə çıxış etdi: “WELCOME MISSOURI!”
Qız Qalasına “Welcome Missouri” yazılmış plakat asıldı.
Herekedə üzərində İstanbul xəritəsi təsvir olunan xüsusi xalça toxundu və gəminin komandiri, admiral Henri Hyuittə hədiyyə edildi.
Amerikalı dənizçilər dollarlarını Türkiyə lirəsinə dəyişə bilsinlər deyə Dolmabaxçada xüsusi valyuta məntəqəsi açıldı. Taksim meydanında Missouri gəmisinin nəhəng fotoşəkili yerləşdirildi.
Tütün şirkəti Missouri markası ilə siqaret istehsal etdi. Poçt idarəsi gəminin xatirəsinə marka buraxdı. Vitali Hakko adına məxsus “Şən Şapka” mağazası “Hoşgeldin Missouri” yazılmış yaylıqlar hazırladı. Amerika bayraqları ilə bəzədilmiş uçurtmalar göyə buraxıldı.
İstanbul bələdiyyəsi Beşiktaşdan Karaköyə qədər binaların fasadlarını təmizlətdi, küçələri boyatdırdı, yolları yenilədi. Yalnız amerikalılara xidmət göstərmək üçün Dolmabaxça ilə Taksim arasında 12 bələdiyyə avtobusu ayrıldı. Bu avtobuslardan pulsuz istifadə etmək mümkün idi.
Kinoteatr və teatr salonlarında amerikalılar üçün 80 yer saxlanılır, onlardan bilet pulu alınmırdı.
Ankarada “Missouri” adı ilə restoran açıldı. Paytaxtın ən yaxşı restoranlarından biri isə adını “Vaşinqton” olaraq dəyişdirdi.
Bir gecənin içində “rus salatı” da “Amerikan salatı”na çevrildi!
Niko və Aleko adlı iki yunan əsilli Türkiyə vətəndaşı İstiqlal prospektində “Atlantik” və “Sakit okean” adları ilə iki kiçik yeməkxana işlədirdi. Tost, tavada yumurta, sosis və digər qəlyanaltılar satırdılar.
Fürsəti əldən verməyən Niko adlı sahibkar iri və gözoxşayan bir lövhə hazırlatdı. Üzərinə “Amerikan salatı – 35 quruş” yazaraq yeməkxanasının vitrinindən asdı.
Nəticə heyrətamiz oldu: müştərilər növbəyə düzülməyə başladı!
Bundan sonra ölkədəki bütün bufelər, pivəxanalar və restoranlar bu dəbə qoşuldu. Qırx illik “rus salatı” bir anda “Amerikan salatı”na çevrildi.
Karaköydəki fahişəxana da xüsusi diqqətdən kənarda qalmadı. Bina başdan-başa ağardıldı, divarlarına “Dənizçilər, xoş gəlmisiniz!” yazıldı.
Amerikalı matrosların cinsi yolla keçən xəstəliklərə yoluxmaması üçün həkimlər cəlb edildi, fahişəxanada çalışan qadınlar tibbi müayinədən keçirildi.
Türkiyənin türk-islam ənənələrində isə görünməmiş bir hadisə baş verdi.
Dolmabaxça sarayının yaxınlığında yerləşən Bezmialem Validə Sultan məscidinin minarələri arasına “WELCOME” yazılmış məhya asıldı.
Müəllifin yanaşmasına görə, məscid minarələri arasına asılan bu ingilisdilli yazı Türkiyənin Demokrat Partiyasının hakimiyyəti dövründə hansı siyasi istiqamətə yönələcəyinin rəmzi idi. Bu, Amerikanın dini duyğulardan siyasi məqsədlərlə necə istifadə edə biləcəyinə dair bir işarə kimi qiymətləndirilirdi.
Aradan 23 il keçdi.
NATO üzvlüyü, Koreya müharibəsində iştirak, Türkiyə ərazisində Amerika hərbi bazalarının yaradılması və Demokrat Partiyasının hakimiyyəti dövründə baş verən bir sıra hadisələr cəmiyyətin müəyyən hissəsinin siyasi baxışlarını dəyişdirmişdi.
1968-ci il…
Bu dəfə Türkiyəyə ABŞ-nin 6-cı Donanması gəldi.
Amerikalılar Missouri gəmisinin qarşılandığı kimi qarşılanacaqlarını düşünürdülər. Lakin yanılırdılar.
Onları bu dəfə inqilabçı və antiimperialist gənclər gözləyirdi!
İstanbulda şəhəri gəzmək üçün sahilə çıxan amerikalı dənizçilər tam müstəqil Türkiyə şüarı səsləndirən universitet tələbələrinin etirazı ilə üzləşdilər. Bəzi amerikalı matroslar Dolmabaxça sahilində tələbələr tərəfindən dənizə atıldı.
Amma bununla da bitmədi.
Universitetin qız tələbələri ayrıca yürüş təşkil etdilər. Aksiyada “Türkiyə 6-cı Donanmanın fahişəxanası deyil!”, “Türk qadını öz şərəfini qoruyacaq!”, “Yankee, evinə qayıt!” şüarları səsləndirildi.
Bütün bu etirazlara baxmayaraq, 6-cı Donanma Kabataş sahillərində lövbər salmaqda davam edirdi.
Universitet tələbələri imperializmə qarşı yürüş keçirmək üçün İstanbul valiliyindən rəsmi icazə aldılar. Yürüş Beyazıtdan başlayacaq, Dolmabaxçadan keçərək Taksimə qədər davam edəcəkdi.
Və qəfildən…
Sanki kimsə görünməz bir düyməni basdı.
Dini dairələrə yaxın mətbuat hərəkətə keçdi.
“İslam Türkiyəsi, kommunistlərə ölüm!” kimi başlıqlar dərc olunmağa başladı. Özünü köşə yazarı kimi təqdim edən təxribatçılar məqalələrində “Vətənə xəyanət edən bu xainləri torpağa gömməyin vaxtıdır” kimi çağırışlar edirdilər.
Hətta “Ey müsəlmanlar! Qızıl kafirlərlə ümumi müharibə qaçılmazdır. Sağ qalan qazi, canını verən isə şəhid olacaq!” deyə çağırış edənlər də tapılırdı.
Məscidlərin qarşısında səsgücləndiricilər vasitəsilə elanlar verilir, cümə namazından çıxan insanlar qızışdırılırdı. “Cihada hazır olun, din əldən gedir!” çağırışları səsləndirilirdi.
Məsələ aydın idi: Amerika maraqlarına qarşı çıxanda birdən-birə “din təhlükə altına düşürdü”!
Guya “bayrağa hörmət” adı altında mitinq təşkil edildi.
Təxribatçı qruplar Dolmabaxçadakı Bezmialem Validə Sultan məscidində toplandılar. Hətta amerikalıları belə heyrətə gətirəcək şəkildə, 6-cı Donanmanın gəmilərinə tərəf yönələrək namaz qıldılar.
Daha sonra təkbir səsləri altında Taksimə doğru yürüş etdilər.
Beləliklə, Türkiyə tarixində “Qanlı bazar” adı ilə qalan faciə baş verdi.
Polis və hərbçilərin gözləri qarşısında kütlə universitet tələbələrinə daş, dəyənək və bıçaqlarla hücum etdi. Nəticədə iki universitet tələbəsi öldürüldü, 200-dən çox insan yaralandı.
(6-cı Donanmanın flaqmanı “Shangri-La” aviadaşıyan gəmisi idi. İllər sonra amerikalı dənizçilərin Dolmabaxçada dənizə atıldığı ərazinin yaxınlığında eyni adlı “Shangri-La” oteli tikildi. Maraqlıdır ki, bu otel AKP hakimiyyəti dövründə inşa edildi və Türkiyə Prezidenti tərəfindən açıldı. Necə də qəribə təsadüfdür, elə deyilmi?)
İndi isə soruşacaqsınız: bütün bunları anladıq, bəs “fahişəxana” məsələsinin arxasında hansı həqiqət dayanır?
6-cı Donanma İstanbula gəlməzdən əvvəl Türkiyədə ilk olaraq İzmir limanına yan almışdı.
Amerikalı dənizçilər sahilə ayaq basan kimi şəhərin Tepecik adlanan, fahişəxanaların yerləşdiyi məhəlləsinə üz tutmuşdular.
Lakin onları heç də xoş qarşılamadılar.
Çünki Tepecik fahişəxanasında çalışan qadınlar əllərində başmaq və süpürgə küçəyə çıxaraq amerikalıların qarşısını kəsmişdilər. “Rədd olun buradan!” deyə qışqırır, “Bunlar içəri girsələr, evləri yandıracağıq!” söyləyirdilər.
Qadınlar amerikalıları daş-qalaq edərək ərazidən qovmuşdular.
Bu, o dövr üçün görünməmiş hadisə idi.
Müəllifin təqdim etdiyi bu hekayəyə görə, Türkiyədə 6-cı Donanmaya qarşı etirazların ilk qığılcımını məhz həmin qadınlar alovlandırmışdılar.
Beləliklə, 1968–1969-cu illərdə Türkiyədə geniş vüsət alan antiimperialist etirazların önündə gözlənilməz bir qrup – Tepecik fahişəxanasının qadınları dayanmışdı.
Tarixin ironiyası da elə budur: bir vaxtlar Amerika döyüş gəmisini xilaskar kimi qarşılayan cəmiyyət, illər sonra Amerikanın hərbi donanmasına qarşı küçələrə çıxmışdı.
Müəllif: Özgür Karcioğlu,
Hazırladı: Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 02 Noyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















