Icma.az
close
up
RU
Assosiasiya sədri: Qızılın nə qədər bahalaşacağını demək mümkün deyil MÜSAHİBƏ

Assosiasiya sədri: Qızılın nə qədər bahalaşacağını demək mümkün deyil MÜSAHİBƏ

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal əmtəə bazarlarında qızıl kəskin bahalaşır. Təkcə cari ilin əvvəli ilə müqayisədə qızılın qiyməti 500 ABŞ dollarından çox artıb. 31 dekabr 2024-cü il tarixinə qızılın bir troya unsiyası üzrə qiyməti 2 641 ABŞ dolları idisə, bu gün 3 147,5 ABŞ dolları təşkil edir.

APA-Economics” qızılın bahalaşmasının səbəbləri, onun Azərbaycanda zərgərlik məhsullarının satışına, istehsalına təsirləri barədə Azərbaycan Zərgərlər Assosiasiyasının idarə heyətinin sədri Toğrul Abbasquliyevlə müsahibəni təqdim edir.

- Toğrul müəllim, qızılın birja qiymətinin artımı Azərbaycanda bu metaldan hazırlanan zərgərlik məhsullarının satışına necə təsir edib?

- Son beş ildə Azərbaycanda qızılın qiymətində hərəkətlilik yüksələn xətlə davam edir. Bu isə qızılın birja qiymətinin artması ilə əlaqədardır. Hazırda bir qram “999” əyarlı qızılın birja qiyməti 101 ABŞ dollarıdır. Zərgərlik məmulatının hazırlanmasında qiymətə üç amil təsir edir. Bunlardan biri qızılın qiyməti, ikincisi qiymətli daşların qiyməti, üçüncüsü işçilik xərcidir. İşçilik xərci illərdir ki, dəyişmir. Bu, həm Azərbaycana, həm də Dubay, İstanbul, Moskva kimi qlobal bazarlara aiddir. Bahalaşmada əsas rol oynayan məqam qızılın birja qiymətinin artmasıdır. Qiymətli daşları alarkən onun bahalı və ya ucuz olanını seçməyə alıcı özü qərar verir. Qızılın qiyməti isə London birjası ilə tənzimləndiyi üçün ona heç nə təsir edə bilmir. Həmin qiymət məhsulun maya dəyərində də öz əksini tapır. Hər yerdə olduğu kimi Azərbaycanda da qızılın qiyməti artır. Pandemiyadan əvvəl bir qram xalis qızılın qiyməti 38-40-42 ABŞ dolları səviyyəsində idi. Bu gün 101 ABŞ dollarıdır.

- Bəs “585”, “750” əyarlı qızılın bir qramı neçəyədir?

- Qızılın qiyməti xüsusi forma ilə hesablanır. Hazırda xalis qızılın birja qiymətinin, yəni 101 ABŞ dollarının 58,5%-ni hesablayanda “585” əyarlı qızılın birja qiymətini alırıq. Bu isə təqribən 59-60 ABŞ dollarıdır. İşçilik qiymətləri isə fərqli olur. 3-20 ABŞ dolları həcmində işçilik qiymətləri var. Yəni ən sadə işlərdə işçilik qiyməti 3-5 ABŞ dolları olur. Bunlar sadə seplər, sadə üzüklər, sadə sırğalar, yəni fərqli dizaynı olmayan məmulatlardır. Məmulatda fərqli dizayn və ya ağır usta zəhməti varsa, bu, insan gözü ilə görülür. Bu zaman işçilik qiyməti 15-20 ABŞ dolları olur. “585” əyarlı qızılın birja qiymətinin, yəni 60 ABŞ dollarının üzərinə orta hesabla 10 ABŞ dolları işçilik xərcini gələndə 70 ABŞ dolları edir. Bu isə 119 manata bərabərdir. Həmin məbləğin də üzərinə 18% ƏDV gəlsək, 140 manat edir. Yəni, “585” əyarlı qızılın qiyməti bu civarda olur. Burada qiymətli və yarı qiymətli metalları, qiymətli daşları nəzərə almırıq. Onların qiyməti məhsulun qiymətinin üzərinə əlavə olunur. “750” əyarlı qızılın qiyməti isə 75-76 ABŞ dollarıdır. Bu qiyməti almaq üçün xalis qızılın qiymətinin, yəni 101 ABŞ dollarının 75%-ni hesablayırıq. Bu isə, manatla təqribən 128 manat edir. Həmin məbləğin üzərinə 15 ABŞ dolları işçilik qiymətini gələndə təqribən manatla 150-155 manat arası qiymət alınır. Bunun da üzərinə 18% ƏDV məbləğini gələndə 180-182 manat edir.

- Azərbaycan bazarında yerli istehsalçıların payı nə qədərdir?

- Bizim bazarın real istehsal həcmi bir milyard manata yaxındır. COVİD pandemiyasına qədər bazarda yerli istehsalçıların payı çox aşağı idi. Yəni 30-40% təşkil edirdi. Pandemiyadan sonra vəziyyət dəyişdi. Bu gün Azərbaycanda yerli istehsalçıların bazar payı minimum 50-55% təşkil edir. Bu göstərici bəzən 60-65%-ə qədər qalxır.

Bazarın vəziyyəti çətinləşdikcə yerli istehsalçıların da işləri çətinləşir. Bir tərəfdən qızıl bahalaşıb deyə onların işləri çox da rahat getmir. Başqa tərəfdən isə qızılın birja qiyməti artdığı üçün ona yatırımlar da çoxalır. Yəni insanlar qızıla daha stabil investisiya aləti kimi yanaşır.

- Belə çıxır bazarda alıcılıq qabiliyyəti artıb?

- Ümumi götürsək, zərgərlik məhsullarının alıcılıq qabiliyyəti çox zəifdir. Çünki qiymət çox artıb. Bu, nəinki Azərbaycanda, bizim sıx əlaqələrimiz olan Türkiyə, BƏƏ, Rusiya kimi ölkələrdə də belədir. Bahalaşmanın səbəbi dünyadakı böhranlar, Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin konfliktinin olmasıdır. Qızıl etibarlı yatırım aləti olduğu üçün qlobal münaqişələr onun qiymətini artırır. Bu da zərgərlik məmulatlarının bahalaşmasına gətirir.

- Azərbaycan bazarında hansı əyarlı qızıl daha çox alınır?

- Əvvəllər “750” əyarlı qızıl daha çox alınırdı. Daşlardan isə brillianta üstünlük verilirdi. Getdikcə bu tendensiya dəyişdi. Bu gün “585” əyarlı qızıl məmulatları daha çox alınır. Qiymətli daşlardan brilliantın da bazarı var. Amma qiymətsiz yaxud yarı qiymətli daşlar dəfələrlə brilliantdan ucuz olduğu üçün bazarları daha böyükdür. Gümüş bazarı da çox böyüyüb. Əvvəllər “585” əyarlı qızıl alanlar indi gümüş alır, “750” əyarlı qızıl alanlar “585” əyarlı qızıla, brilliant alanlar yarı qiymətli daşa üz tutur.

- Sizcə, qızılın bahalaşması nə vaxta və hansı həddə qədər davam edəcək?

- Qızılın qiymətinin 100 ABŞ dollarına qədər artacağı proqnozlaşdırılırdı və bunun şahidi olduq. Bundan sonra qiymət dinamikasında müxtəlif tendensiyaları gözləmək olar. Qiymət 110, 120, 150 ABŞ dolları da ola bilər yaxud beynəlxalq konfliktlər, müharibələr bitəndə enə də bilər. Bunu heç kim dəqiq deyə bilməz. Burda siyasi, iqtisadi amillər var.

- Azərbaycandan zərgərlik məmulatlarının ixracı ilə bağlı vəziyyət necədir?

- Azərbaycandan əsasən xam qızıl ixrac olunur. Zərgəlik məmulatlarının ixracı isə zəifdir. Potensial böyük olsa da, faktiki ixrac göstəriciləri aşağıdır. Bu istiqamətdə müxtəlif dövlət qurumlarına təkliflərimiz olub. Hesab edirik ki, müəyyən güzəştlər olsa, prosedurlar dəyişdirilsə, ölkədən illik 200-300 milyon ABŞ dolları civarında zərgərlik məmulatları ixrac edilə bilər. Təkliflərimiz nəzərə alınsa, bunu 1-2 il ərzində reallaşdırmaq olar. Amma bu, bir o qədər də asan iş deyil.

- Zərgərlik məhsullarımızın əsas ixrac bazarları hansılardır?

- Azərbaycanın zərgərlik məmulatlarına xaricdə böyük tələbat var. Əsasən MDB ölkələrində bizim məhsullara tələb çoxdur. Ən böyük bazarlarımız Özbəkistan, Tacikistan, Qazaxıstan və Türkmənistandır. Bundan əlavə Türkiyədə, BƏƏ-də, Rusiyada da müəyyən həcmdə bazarımız var. Bəzi yerli istehsalçıların həm Azərbaycanda, həm də ikinci ölkələrdə istehsalları mövcuddur. Onlar dünyanın bütün ölkələrinə ixrac edirlər. Rusiya-Ukrayna müharibəsi ixracımıza mənfi təsir edib. Ukrayna bazarı böyük bazar idi. O bazarda alqı-satqı çox zəifləyib. Ümumiyyətlə, Avropa bazarı çox böyük bazar idi və indi bu bazarda göstəricilər xeyli aşağı düşüb. Bəzi yerli istehsalçılar həm Azərbaycan, həm də BƏƏ-də məhsul istehsal edir. İxracı isə Azərbaycandan deyil, Dubaydan edir və dünyanın hər yerinə məhsul göndərir. Amma göndərdiyi məhsulların bütün işçilik və dizayn prosedurları Azərbaycana məxsus olur.

- Bəzən zərgərlik məmulatı alarkən istehlakçıların aldadılması hallarına rast gəlinir. Bu hallardan sığortalanmaq üçün tövsiyələriniz nələrdir?

- Qızıl alarkən diqqətli olmalıdırlar. Çox ucuz məmulatları almağı tövsiyə etmirik. Məhsul çox ucuzdursa, ola bilər ki, onun üzərində əyarı yaxud metalın növü düzgün qeyd edilməyib. Bizə ara-sıra belə müraciətlər daxil olur. Əsas tövsiyyəmiz odur ki, zərgərlik məmulatı alarkən mütləq satıcıdan kassa qəbzi və malın xüsusiyyətlərini, metalın növü, qiymətli daş varsa, onun haqqında məlumatları əks etdirən sənəd və ya sertifikat tələb etsinlər. Alıcılar məhsulun ucuz olması üçün sahibkardan çek tələb etmirlər. Çünki çek tələb etsələr, məhsulun məbləğinin üzərinə 18% ƏDV də hesablanmalıdır. Sahibkar da bu vergini ödəməkdən yayınır deyə çek vermir. Dəfələrlə çağırış etmişik ki, sahibkarlarımız həmin vergini ödəməkdən yayınmasınlar. Çünki 2021-ci ildən qanunvericiliyə dəyişiklik edilib və zərgərlik sahəsinə böyük güzəştlər olunub. İdxal zamanı 15% gömrük rüsumu, aksiz vergiləri ödənilmir. Yalnız 18% ƏDV qalır. Satıcılar bunu ödəmək istəmədikləri üçün qiymət 120 manat olur. Alıcı da fikirləşir ki, bir qram məmulatı 140 manata yox, 120 manata alım. Amma burda risk olur. Sabah metalın növündə və ya əyarında problem aşkar edilə bilər.

Bu yaxınlarda ölkə başçısının sərəncamına əsasən, qiymətli daşlar bazarına nəzarət Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə həvalə edilib. Amma hazırda faktiki olaraq belə bir nəzarət edici qurumun olmadığı üçün qeyd etdiyim nüanslara riayət etməyi tövsiyə edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see143

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see133

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see131

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see129

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see127

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see123

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see122

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see122

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see121

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see121

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see119

Almaxanım ana oldu

04 İyul 2025 15:22see118

31 il ötdü...

03 İyul 2025 07:57see117

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see116

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see116

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see115

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see114

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see114

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri