Icma.az
close
up
RU
Avropa İttifaqı Gürcüstandan əl çəkmir

Avropa İttifaqı Gürcüstandan əl çəkmir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlər özünün ən mürəkkəb mərhələlərindən birini yaşayır. Uzun illər davam edən strateji tərəfdaşlıq və inteqrasiya prosesi diplomatik pasportlar üçün vizasız rejimin dayandırılması qərarı fonunda ciddi sınaq qarşısındadır. Martın 1-dən qüvvəyə minəcək qərar Aİ-yə üzv ölkələrin böyük əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Yalnız Macarıstan və Slovakiya bu təşəbbüsün əleyhinə çıxıblar. 
Bu gərginlik fonunda Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstanla bağlı hesabatın müzakirəyə çıxarılması vəziyyəti daha da mürəkkəbləşdirib. Sənəd faktiki olaraq Gürcüstan hakimiyyətinin atdığı addımlara qarşı ittihamnamə xarakteri daşıyır. Hesabatda diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin ləğvini bir nailiyyət və Aİ-nin prinsipial mövqeyinin nümayişi kimi qiymətləndirilib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze sənədin obyektivliyini kəskin şübhə altına alaraq bildirib ki, bu cür hesabatlar milli maraqlara təzyiq göstərmək məqsədi daşıyır və heç bir xarici təzyiq ölkənin daxili sabitliyini və milli kimliyi qorumaq əzmini qıra bilməyəcək.
Qərblə Gürcüstan iqtidarı arasında yaranmış dərin fikir ayrılıqlarının kökündə bir neçə fundamental məsələ dayanır. Bunlardan birincisi, “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Rəsmi Tbilisi bu qanunu ölkənin daxili siyasi mühitini xarici maliyyə axınlarının şəffaflaşdırılması vasitəsilə qorumaq üçün zəruri hesab edir. Lakin Brüssel və Vaşinqton bunu vətəndaş cəmiyyətinin sıxışdırılması kimi qələmə verir. İkinci mühüm məqam isə “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketidir. Gürcüstan tərəfi bu sənədin cəmiyyətin ənənəvi əxlaq sütunlarını qoruduğunu vurğulayır. Aİ isə hesab edir ki, sözügedən qanunlar vətəndaş cəmiyyətinin fəaliyyət mühitini məhdudlaşdırır və insan hüquqları ilə bağlı öhdəliklərlə ziddiyyət təşkil edir. 
Avroparlament, həmçinin Tbilisi­nin Rusiya, Belarus və İrana qarşı sanksiyaların böyük əksəriyyətinə qoşulmadığına görə vizasız rejimin dayandırılması kimi sərt tədbirlərə əl atır. Şübhəsiz ki, Gürcüstan üçün qərarın birbaşa təsiri diplomatik fəaliyyətin operativliyinə yönəlib. Qərar Aİ institutları ilə gündəlik iş tempinə təsir göstərə və Gürcüstanın Avropa paytaxtlarında fəallığını məhdudlaşdıra bilər. Daha önəmlisi Aİ-nin bu addımı ölkənin beynəlxalq imicinə təsir edir. 
Bununla belə, hazırkı şəraitdə Gürcüstan hakimiyyəti üçün prioritet viza imtiyazları və ya diplomatik rahatlıq deyil, ölkədə sülhün, milli təhlükəsizliyin və daxili sabitliyin qorunmasıdır. Baş nazir İrakli Kobaxidze də vurğulayıb ki, vizasız rejimin məhdudlaşdırılması Gürcüstan üçün təhlükə deyil. Onun fikrincə, bir dövlətin suverenliyi hər hansı texniki prosedurlardan, viza sərbəstliyindən qat-qat üstündür. Hakimiyyət nümayəndələri, o cümlədən “Gürcü arzusu” partiyasının deputatları qeyd edirlər ki, diplomatların viza növbəsinə dayanması dövlət idarəçiliyinə və beynəlxalq əlaqələrə heç bir real maneə törətməyəcək. Çünki rəsmi şəxslər artıq bir müddətdir ki, Avropa paytaxtlarına səfərlərini adi viza qaydaları ilə həyata keçirirlər. Bu baxımdan, Aİ-nin qərarı daha çox simvolik xarakter daşıyır və Gürcüstanın dövlət maşınını dayandırmaq gücündə deyil.
Aİ-nin bu addımı ilk baxışda yalnız siyasi elitanı hədəf alsa da, məsələnin sosial-iqtisadi tərəfləri də diqqətdən qaçmamalıdır. Hazırda tətbiq olunan məhdudiyyətlər yalnız diplomatik pasport sahiblərinə şamil edilir, sıravi vətəndaşlar isə hələ də vizasız səyahət imkanından yararlanırlar. Lakin Brüsselin mesajı ondan ibarətdir ki, əgər Gürcüstan rəhbərliyi öz siyasi kursunda dəyişiklik etməsə, gələcəkdə bütün vətəndaşları əhatə edən daha geniş məhdudiyyətlər gündəmə gələcək. Bu isə iqtisadi baxımdan riskli ssenaridir. Aİ Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ölkənin infrastruktur layihələrinə, institusional islahatlarına ciddi maliyyə dəstəyi verir. Münasibətlərin tamamilə qırılması Gürcüstanın uzunmüddətli iqtisadi inkişaf templərinə təsir göstərə bilər. Buna baxmayaraq, rəsmi Tbilisi hesab edir ki, milli maraqlar naminə bu cür riskləri idarə etmək və alternativ iqtisadi tərəfdaşlıqları inkişaf etdirmək mümkündür.
Aydındır ki, diplomatik pasportlara vizasız rejimin dayandırılması Gürcüstanın xarici siyasətində müəyyən inzibati yük yaradacaq. Xarici siyasət çox zaman çeviklik və sürətli reaksiya tələb edir. Viza prosedurları bu çevikliyi müəyyən qədər azalda bilsə də, Gürcüstan diplomatları beynəlxalq platformalarda ölkənin maraqlarını müdafiə etməyə davam edəcəklər. Rəsmi Tbilisi bəyan edib ki, ölkə Aİ qarşısında vizasız rejimlə bağlı bütün texniki və hüquqi öhdəliklərini tam yerinə yetirib. Buna görə də viza rejiminin dayandırılması üçün heç bir obyektiv hüquqi əsas yoxdur. Bu addım yalnız Gürcüstanın öz müstəqil yolunu seçməsinə qarşı bir cəza tədbiri kimi görünür. Daha önəmlisi odur ki, bu cür qərarlar beynəlxalq imic məsələsində siyasi geriləmə təəssüratı yaratsa da, hakimiyyət bunu daxili auditoriya qarşısında milli qürur və müstəqillik dərsi kimi təqdim edir.
İki gün sonra qüvvəyə minəcək bu qərar Gürcüstan üçün həm beynəlxalq nüfuz, həm də strateji istiqamət baxımından ciddi sınaqdır. Rəsmi Tbilisi Avropa ilə körpüləri tamamilə yandırmaq niyyətində deyil, lakin bu tərəfdaşlığın yalnız qarşılıqlı hörmət və daxili işlərinə müdaxilə edilməməsi şərti ilə davam edə biləcəyini vurğulayır. Gürcüstan cəmiyyətinin Avropa inteqrasiyası ilə bağlı gözləntiləri yüksək olsa da, hökumət bu inteqrasiyanın milli maraqların və ənənəvi dəyərlərin qurban verilməsi hesabına baş verməyəcəyini qətiyyətlə bildirir.
O ki qaldı vizasız rejimin ləğvinin vətəndaşlara tətbiqinə – hakimiyyət bunda da təhlükə görmür. Bu barədə gürcüstanlı siyasi icmalçı Vüqar İsayev bildirdi ki, əgər ölkə daxilində dayanıqlı iqtisadi artım, yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsi davamlı xarakter alarsa, vətəndaşların xaricdə, xüsusilə də qeyri-leqal əsaslarla işləməyə marağı təbii şəkildə azalacaq: “On illərdə ölkənin iqtisadi göstəricilərində müşahidə olunan artım tendensiyası vəziyyəti tədricən dəyişir. Gürcüstanın iqtisadi inkişaf tempi bir sıra hallarda Avropa ölkələrinin orta göstəricilərini üstələyib, əməkhaqları artırılıb və işsizlik səviyyəsinin azaldılması istiqamətində ciddi addımlar atılıb. Bu isə xaricə əmək miqrasiyasına marağı müəyyən qədər zəiflədəcək”.
Ekspertin fikrincə, əgər ölkə daxilində dayanıqlı iqtisadi artım, yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsi davamlı xarakter alarsa, vətəndaşların xaricdə, xüsusilə də qeyri-leqal əsaslarla işləməyə marağı təbii şəkildə azalacaq. Bu isə vizasız rejimlə bağlı risklərin də minimuma enməsinə gətirib çıxaracaq. 
Ümumiyyətlə, Gürcüstan və Aİ arasındakı vizasız rejimin dayandırılması qərarı Tbilisini öz strateji prioritetlərini yenidən nəzərdən keçirməyə məcbur etmir, əksinə, ölkə rəhbərliyinin suverenlik doktrinasını daha da möhkəmləndirir. Qarşıdakı dövr Brüssellə Tbilisinin bir-birinə hansı şərtlərlə yaxınlaşacağını və ya bu siyasi təcridin nə qədər davam edəcəyini göstərəcək. Gürcüstan üçün bu mərhələ, xarici şantaj və təzyiqlər qarşısında milli iradənin sınandığı bir dövrdür. Ölkənin gələcəyi isə bu iradənin nə dərəcədə sarsılmaz qalacağından və xarici tərəfdaşlarla bərabərhüquqlu dialoqun hansı səviyyədə bərpa ediləcəyindən asılı olacaq. Çünki strateji maraqlar hər zaman ani siyasi konyunkturadan daha mühüm və qalıcıdır.

P.ƏFƏNDİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see394

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see390

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see371

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see257

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see249

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see234

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see223

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see209

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see209

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see203

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see192

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see188

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see187

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see187

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see178

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see176

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see171

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri