Aytən Eynalova: “Birgə və Sağlam” İctimai Birliyinin fəaliyyət istiqaməti ölkəmizdə dünyasəviyyəli Autizm Mərkəzi yaratmaqdır MÜSAHİBƏ
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 5 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC
AZƏRTAC inklüziv cəmiyyət mövzusunu davam etdirir. Müxbirimiz bu dəfə “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova ilə söhbət edib. Birliyin fəaliyyət sahələri ilə tanış olduqdan sonra başa düşürsən ki, inklüzivlik, ilk növbədə, hər kəs üçün əlçatan bir mühitdir, burada fərdi yanaşma var, o, insana öz potensialını göstərməyə, özünü təhlükəsiz hiss etməyə və güclü tərəflərini inkişaf etdirməyə imkan verir. İnklüziv məkan yaratmaq heç də asan iş deyil. Çünki onun uğurla həyata keçirilməsi prosesin bütün tərəflərinin insanların müxtəlif xüsusiyyətlərini və ehtiyaclarını qəbul etməyə hazır olmasından birbaşa asılıdır.
-Hər bir fəaliyyətin başlanğıc nöqtəsi var. Şəxsən sizin ilham mənbəyiniz nə olub?
-Düşünürəm ki, hər bir insanın həyatına istiqamət verən bir hekayəsi olur. Hekayəmin qəhrəmanı iyirmi bir il əvvəl autizm spektr pozuntusu diaqnozu qoyulmuş oğlum Həmzədir. Hər bir ana kimi, mən də bunu eşitməzdən əvvəl onun həyatına necə müsbət təsir göstərə biləcəyimi xəyal edirdim. Düşünürdüm və oğluma nümunə, həm də dəstək olmaq üçün özümü ən yaxşı şəkildə inkişaf etdirməyə çalışırdım ... Gizlətməyəcəyəm, bu, həkimlərin mənə söylədiyi dəhşətli sözlərə qədər idi. Həmin gün anladım ki, qarşımda iki yol var. Birincisi, ən böyük dayağımın olacağı yerdə döyüşməli, oğluma dəstək olmalı idim. İkincisi, hər gün kədərlənib ağlamalı, hamı ilə ünsiyyəti kəsməli, bu dünyadan gizlənməli idim. Həm də sonuncu yolu seçsəydim, bunun ən böyük zərəri oğluma dəyəcəkdi. Təbii ki, qəti şəkildə mənə mənalı gələn və ən düzgün hesab etdiyim birinci yolu seçdim. O andan etibarən heç vaxt dayanmadım, autizmi və onunla əlaqəli hər şeyi özüm araşdırmağa başladım. Beləliklə, bilik əldə edərək oğlumun ilk müəllimi kimi fəaliyyət göstərdim. Bütün çətinliklərə və həmin yolda çoxlu problemlərə baxmayaraq, bu sahədə təhsilimi davam etdirdim. Bir müddətdən və cəmiyyətimizdə mənim kimi hekayələrin çox olduğu qənaətinə gəldikdən sonra 2013-cü ildə daha çox insana fayda gətirmək, bununla yanaşı, Azərbaycanda inklüziv cəmiyyətin formalaşmasına öz töhfəmi vermək üçün “Birgə və Sağlam” İctimai Birliyini təsis etdim.

-On ildən bir qədər artıq fəal iş prosesindən sonra bu gün istər layihə ilə bağlı, istərsə də üzərinizə götürdüyünüz şəxsi məsuliyyət fonunda siz özünüz nə dərəcədə dəyişmisiniz?
-Geriyə, yəni Həmzədən əvvəlki həyatıma baxanda anlayıram ki, Uca Allah məni başqa bir insan kimi yaradıb. Əvvəllər çox həssas idim. Cəmiyyətimizdə lazımi keyfiyyətlərə malik ola biləcək insanlara dəstək olmağa, tələbələr yetişdirməyə çalışdım. Həmzə, demək olar ki, ikinci şəxsiyyətimin formalaşması üzrə mənim inkişafıma rəhbərlik etməyə başladı. Onun sayəsində bütün gözəl keyfiyyətlərimi əldə etdim. Yorulmaz iş sayəsində bu dünyanın koordinat sistemində özümü daxili qavrayışımın tərkib hissəsi kimi hiss etdim. Bu, hər gün enerji və ümidlə oyanmaq bacarığıdır. İnsanlarla empatiya qurmaq, onlara daha çox dəstək olmaq qabiliyyətidir. “Birgə və Sağlam” İctimai Birliyinin fəaliyyət dairəsi ölkəmizdə dünya standartlarına cavab verən Autizm Mərkəzinin yaradılması, cəmiyyətin daha da inkişaf etdirilməsi və maarifləndirilməsi, bölgələrdəki ailələrdən olan uşaqların keyfiyyətli təhsilə cəlb edilməsi, autizmli insanların cəmiyyətə daha çox inteqrasiya olunması üçün dövlət və özəl sektorla əməkdaşlıq etməkdir... Mənim və birliyimizin hər bir üzvünün əldə etdiyi ən mühüm nailiyyətlər və böyük dəyişikliklər məhz bundan ibarətdir.
-Xüsusi insanlarla, xüsusən də uşaqlarla işləmək həmişə ciddi diqqət amili ilə əlaqələndirilir. Onlarla münasibət qurmaq üçün hansı xarakter və davranış keyfiyyətlərinə malik olmaq lazımdır?
-Ümumiyyətlə, mənim üçün uşaqla işləmək, onunla düzgün ünsiyyət qurmaq incə mövzudur. Onun normal inkişaf etməsinin və ya əksinin heç bir əhəmiyyəti yoxdur. Ona görə də məndən xüsusi uşaqlara yanaşma necə olmalıdır, mütəxəssis hansı keyfiyyətlərə malik olmalıdır və başqa məsələləri soruşduqda, yalnız bir cavabım var - sevmək lazımdır! Çünki sevginin aça bilməyəcəyi qapı, həll etməyəcəyi problem yoxdur! Əsas odur ki, uşaqlara münasibətdə bu sevgi olsun! Xüsusi uşaqlarla işləyən mütəxəssis çalışdığı sahəni sevməlidir. Bu sahədə işləməyi arzulamaq, şəfqətli və tolerant olmaq, fərqliliklərə açıq olmaq lazımdır. Anlayın və qəbul edin ki, autizm bu diaqnozu olan insanları bir növ ayrı kastaya aid etmir. Sadəcə, onlar bu dünyaya bir az fərqli reaksiya verirlər və empatiya səviyyəsində yanaşırlar.

Şəxsən siz gücünüzü haradan alırsınız?
-Ümumiyyətlə, inanıram ki, qadınlar çox güclü varlıqlardır, eyni vaxtda bir çox işi görməyə qadirdirlər. Bu ifadə bir çox elmi araşdırmalarla da təsdiqlənir. Uca Allah qadınlara qayğı göstərmək kimi bir hiss bəxş edib. Əgər ona analıq hissi əlavə olunarsa, qadın daha da güclənir və ən böyük gücünü məhz övladından alır. Beləliklə, mən ən böyük gücümü övladımdan aldım, beləliklə, cəmiyyətimizdəki bütün uşaqlar haqqında düşünməyə başladım və onlara övladıma yaratdığıma bənzər bir gələcək hazırlamaq üçün özümdə güc topladım. Sizə deyim: həyatda heç bir uğur təkbaşına əldə edilmir. Hər kəsin mütləq dəstəyə ehtiyacı var... Hər şeydən əvvəl, ən yaxın ailə üzvlərinin, dostların və qohumların dəstəyi bizə daha çox güc qazanmağa yol açır. Mənim başıma gələn də budur!
-Xüsusi uşaqlarla işləmək prosesində iştirak edən insan nöqteyi-nəzərindən deyərdiniz, müasir cəmiyyət onlarla sosial təmas məsələlərində real çağırışlara necə cavab verir?
-Uzun illər əvvəl başıma xoşagəlməz bir hadisə gəldi: bir gün marşrutumuzun son nöqtəsinə çatanda oğlum avtobusda çox ağladı. Onu sakitləşdirmək cəhdlərimə cavab vermədi və buna görə məni qovmağa çalışdılar. Bilirsiniz, uşağın autizmli olduğunu nə qədər izah etməyə çalışsam da, heç kim mənim arqumentlərimi qəbul etmədi, eşitmədi. Üstəlik, bunun tam əksi oldu. Bəzi sərnişinlərin daha da aqressiv reaksiya verməyə çalışdığının şahidi oldum.
Həmin gün mənim üçün bir çox mətləblər agah oldu. Məhz o zaman özümə söz vermişdim ki, çox çalışacağam və cəmiyyətimizin inkişafına daha çox töhfə verəcəyəm ki, bizim “xüsusi” uşaqlarımız cəmiyyətdə öz yerlərini tapsınlar. Belə uşaqları olan valideyn cəmiyyət tərəfindən rədd edilməyi gizlətmək üçün özlərini kənar insanlar kimi hiss etməsin. Həm “xüsusi” övladını, həm də özünü məcburi təcrid vəziyyətinə salmasın. Həm özünü, həm də övladını gələcəkdən məhrum etməsin... 2013-cü ildən biz Azərbaycanda yerli və beynəlxalq səviyyədə maarifləndirici tədbirlər təşkil edirik. Cəmiyyətimizdə inklüzivliyin formalaşması üçün genişmiqyaslı layihələr həyata keçiririk. İndi qeyd etmək olar ki, cəmiyyət daha savadlı və məlumatlı olarsa, “xüsusi” uşaqların da inteqrasiyası daha asan olar. Biz əhalinin bu qruplarının cəmiyyətdə maarifləndirilməsi və kommunikasiya əlaqələrinin qurulması istiqamətində yorulmadan işləyirik və mümkün olan hər şeyi etməyə çalışırıq ki, daha çox qarşılıqlı anlaşma olsun, stiqma və qərəzlər tədricən aradan qalxsın, hər hansı rahatsızlıq baş verməsin.

-Təəssüf ki, cəmiyyətimizdə hələ də “kök salan” irrasional qorxunu etiraf etməliyik. Bundan xilas olmaq mümkündürmü və universal "reseptlər" varmı?
-Hər bir insan cəmiyyətə faydalı olmaq üçün çalışmalıdır və bunun üçün mümkün olan hər şeyi etməlidir. İnsanlar lazım olanda dəyişə bilir. Düşünürəm ki, həyatda insani keyfiyyətlərimiz baxımından dəyişdirilməsi mümkün olmayan heç nə yoxdur. Ona görə də cəmiyyətimiz düzgün istiqamətdə tərbiyə olunanda, baxışlar da yaxşılığa doğru dəyişir, hər kəs üçün əlçatan olan, inklüzivlik prinsiplərinə uyğun bir dünya formalaşır.
“Şüurlu autizm və ya mənə azadlıq gərəkdir” kitabında bu sözlər var: "Autizmli insanların həyatın dolğunluğunu hiss etməyi sevmədiyinə heç vaxt inanmaram. Heç vaxt inana bilmərəm ki, onlar insanlardan qaçırlar, çünki onlara lazım deyillər. Onların tənhalığı sevdiklərinə heç vaxt inanmaram. Qorxduqları və onlara çətin olduğu üçün özlərinə qapanırlar, mən buna inanıram. Tənhalıqda onların özlərini daha sakit və təhlükəsiz hiss etmələrinə inanıram. Onların başı üstündə qara buludların olması, qatı duman hiss etmələri və buna görə də görə bilmədikləri və eşitmədiklərinə də inanıram. Gözlənilməz hadisələr onları qorxudur. Bunda təəccüblü bir şey yoxdur - əgər siz çox uzun müddət qaranlıqda yaşayırsınızsa, o zaman işıq gözlərinizi kor edir və buna öyrəşmək lazımdır. Fikrimcə, bu, cəmiyyətimizin hər iki tərəfinə bir reseptdir, onun prizmasından həmin qorxunun öhdəsindən gəlmək üçün elə bir dialoq qurmaq mümkün və zəruridir ki, autizm spektrini parlaq, bənzərsiz daşlardan ibarət mozaika kimi qəbul edərək neyropsixoloji nümunələrə həssas insanlarla bağlı şəxsi “qorxularınızı” dəyişdirməyi öyrənmək mümkün olsun...
- “Şablon” statistik məlumatlara görə, autizm həyatın sonu demək deyil və tarix bu diaqnozdan “çıxan” dahilərin nümunələrini bilir. Yetirmələriniz arasında belə insanların olacağını gözləyə bilərikmi?
-Mən belə düşünən adamam: bu dünyaya gələnlərin hamısı unikaldır və hər birinə fərdi qiymət verilməlidir. Bu, xüsusi insanlara da aiddir. Yəni normotipik insanlarda olduğu kimi. Onların arasında istedadlı insanlar, bacarıqlarını inkişaf etdirmək ardınca gedənlər də var. Elələri də var ki, istedadlıdır, amma qabiliyyətini göstərə bilmir. Heç bir şeyə həvəsi yoxdur. Yüksək nəticələr əldə etsin və ya əksinə... Bu da xüsusi insanlara xasdır.
Ona görə də bizim xüsusi uşaqlarımızda və ictimai birliyimizin üzvləri arasında çoxlu sayda istedadlı musiqiçi, rəssam, qiraətçi var. İşini məsuliyyətlə görən və çox şeyə həvəsi olmayan insanlar var. Ona görə də biz də onları olduğu kimi qəbul edirik. Biz onların sevdiyi və ən çox bacardıqları keyfiyyətləri inkişaf etdirməyə çalışırıq. Həmin uşaqların “ehtiraslarını” diqqətlə inkişaf etdirərək bu anlayışın yaxşı mənasında onları müasir cəmiyyətə inteqrasiya etdirməyə çalışırıq. Bu məqsədlərə nail olduğumuz üçün çox şadıq!
İdeyası oğlum Həmzəyə məxsus olan “KASHALATA” kafesi sayəsində bu gün biri SOCAR-da, üçü AZAL-da, ikisi isə IST-də işə düzələn neyromüxtəlif uşaqlarımız var. Mən qürur hissini gizlətməyəcəyəm; biz buna nail olmuşuq və gənclərimizi bu işə cəlb etməyə, cəmiyyətə fayda verməyə, məşğulluq yolu ilə onları sosiallaşdırmağa, müxtəlif təşkilatların nümayəndələri ilə görüşlər keçirməyə davam edirik. Bu, inanılmaz hissdir və biz çox xoşbəxtik!

-Xüsusi insanlar xarici aləmlə hansı dildə “danışır” və onlarla ünsiyyət əsnasında nəyə hazır olmalısınız?
-Hər bir uşağın başa düşdüyü məhz sevgi dilidir. Hər hansı bir yaşıdı kimi, xüsusi uşaq da, ilk növbədə, qayğı və sevgi göstərərək qəbul edilməlidir. Beləliklə, işləmək və xüsusi insanlarla ünsiyyət qurmaq üçün bəzi çətinliklərə hazır olmaq lazımdır. Bu, əlavə güc və səy tələb edə bilər. Ola bilsin ki, sinir-inkişaf pozuntusu olan uşaqlarla ünsiyyət qurarkən, hər birinin xüsusiyyətlərindən asılı olaraq müxtəlif yanaşma və üsullardan istifadə etmək lazım gələcək. Amma ən əsası, hər birinə sevgi ilə yanaşmaq və onlara bu sevgini hiss etdirməkdir ki, sənə güvənsinlər, inansınlar və ürəklərini açsınlar.
-Normotipik insan hər gün diqqət mərkəzində olanlarla ünsiyyətdən nələri öyrənə bilər?
-Bu yaxınlarda ABŞ-da aparılan bir araşdırmanın nəticələri ilə tanış oldum. Bunun çərçivəsində məhdud sayda insanda mərhəmət hissini ölçməyə cəhd edildi. Nəticə belə oldu ki, ömründə ən azı bir dəfə əlilliyi olan insanla qarşılaşan və ya ailəsində, qonşuları arasında, ətraflarında belə adamlar olan şəxslərdə mərhəmət hissi onlarla heç vaxt əlaqə saxlamayan və görüşməyənlərə nisbətən daha yüksəkdir. Xüsusi insanlar başqa bir insanın şəfqətli, daha həssas, emosional və anlayışlı olmasına kömək edir. Həm də bunlar dünyadakı indiki şəraitdə ən çox ehtiyac duyduğumuz hisslərdir. Bizə daha çox mərhəmətli insan lazımdır ki, dünyada müharibələr, problemlər, çətinliklər az olsun! Şəfqət hissini inkişaf etdirmək yolu ilə hadisələrə fərqli nöqteyi-nəzərdən baxa, həssas yanaşa və cəmiyyətimizə daha faydalı ola bilərik.


