Azərbaycan boksunun yeni nəsli: Avropa medallarından əsas milliyə
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi
Son illər Azərbaycan boksunda gənc nəslin uğurları xüsusi diqqət çəkir. Məlum olduğu kimi, Noyabrın 13-dən 24-dək Xorvatiyanın Poreç şəhərində 23 yaşadək boksçular arasında Avropa çempionatı təşkil olunub. Azərbaycan millisinin yarışda 4 medal qazanıb. 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatında komandamız iki qızıl və iki bürünc medal əldə edib. Bilalhəbaşi Nəzərov (50 kq) və Nicat Alırzayev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) isə yarışı bürünc medalla başa vurublar.
İdmançılarımızn sözügedən yarışdakı uğurları bu istiqamətdə görülən işlərin və yetişməkdə olan boksçuların potensialının növbəti göstəricisi oldu. Bəs gənc boksçuların beynəlxalq arenada uğur qazanması üçün hansı addımlar atılır və U-23 yaş qrupunda fərqlənən idmançılarımız böyüklər arasında da söz sahibi ola bilirlərmi?
Bu nəticələr arasında Bilalhəbaşi Nəzərovun çıxışı xüsusi diqqət çəkir. O, son illərdə müxtəlif yaş qrupları üzrə Avropa və dünya miqyaslı yarışlarda uğurlu nəticələr əldə edib. Nəzərov 2024-cü ildə Poreçdə, 2025-ci ildə isə Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatlarında qızıl medal qazanıb. 2024-cü il gənclər arasında dünya çempionatında isə gümüş mükafata sahib çıxıb. Onun U-23 səviyyəsində də Avropa çempionu olması idmançının inkişaf yolunda mühüm mərhələdir.
Zidan Hünbətov da artıq beynəlxalq arenada özünü təsdiqləyən boksçulardandır. O, 2024-cü ildə Monteneqronun Budva şəhərində keçirilən "Adriatic Pearl" Dünya Kubokunda qızıl, həmin il gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. 2025-ci ildə U-19 Avropa çempionatında da fəxri kürsüyə yüksələn Hünbətovun U-23 Avropa çempionatındakı bürünc medalı onun nəticələrinin davamlılığını göstərir.
Məhəmmədəli Aşırəliyev yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısıdır. O, 2026-cı ilin yanvarında Azərbaycan çempionatında qalib olmaqla yanaşı, yarışın ən yaxşı boksçusu seçilib. Nicat Alırzayev üçün isə Poreçdəki qələbə xüsusi əhəmiyyət daşıyır. O, finalda Gürcüstan təmsilçisi Zviad Tçotçuanı 5:0 hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.
Təbii ki, belə nəticələrin arxasında yalnız istedad deyil, düzgün hazırlıq və beynəlxalq təcrübə də dayanır. Azərbaycan U-23 millisinin son illərdə müxtəlif ölkələrin yığmaları ilə birgə toplanışlarda iştirakı bu baxımdan diqqətəlayiqdir. 2025-ci ilin noyabrında kişi boksçularımız Türkiyənin Kastamonu şəhərində qardaş ölkənin millisi ilə birgə hazırlıq keçiblər. Proqrama sparrinq döyüşləri də daxil edilib. Hazırlıq prosesi 2026-cı ildə də davam etdirilib. İyulun 15-dən 30-dək Almaniyanın Heydelberq şəhərində böyüklər millisi ilə təlim-məşq toplanışı təşkil olunub. Noyabrın 2-dən 12-dək isə Bakı Boks Mərkəzində Türkiyə yığması ilə birgə hazırlıq keçilib. U-23 millisinin baş məşqçisi Elburus Rzayevin sözlərinə görə, sonuncu toplanış Avropa çempionatına texniki-taktiki hazırlıq məqsədi daşıyıb.
Gənc boksçuların inkişafında beynəlxalq turnirlərdə müntəzəm iştirak da mühüm yer tutur. Bunun nümunəsini 2026-cı ilin sentyabrında Qazaxıstanın Aktau şəhərində keçirilən yarışda görmək mümkün olub. U-23 millimiz həmin turnirdə üç medal qazanıb. Bilalhəbaşi Nəzərov gümüş, Zidan Hünbətov və Əli Abdullayev isə bürünc mükafata yiyələniblər. Bu nəticələr Poreçdəki çempionatdan əvvəl idmançılarımızın beynəlxalq rəqabət şəraitində sınaqdan keçdiyini göstərir.
Bununla belə, gənclər boksunun inkişafını yalnız U-23 komandasının nəticələri ilə ölçmək düzgün olmazdı. Məsələn, 2023-cü ildə Azərbaycan boks yığmaları bütün yaş qrupları üzrə 26 beynəlxalq yarışda iştirak edərək ümumilikdə 179 medal qazanıblar. Bu rəqəm təkcə U-23-ə aid olmasa da, müxtəlif yaş kateqoriyalarında idmançıların beynəlxalq arenaya çıxış imkanlarının genişliyini göstərir.
Ən vacib məqamlardan biri isə gənc yaşlarda qazanılan uğurların böyüklər boksunda davam etdirilməsidir. Bu baxımdan bir neçə idmançımızın karyera yolu diqqət çəkir.
Nicat Hüseynov 2022 və 2023-cü illərdə 51 kq çəki dərəcəsində U-22 Avropa çempionu olub. O, bu nəticələrdən sonra 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Murad Allahverdiyev isə 2023-cü ildə U-22 Avropa çempionatında bürünc, həmin il 3-cü Avropa Oyunlarında da bürünc medal qazanıb. 2024-cü ildə U-23 Avropa çempionatında gümüş mükafata sahib çıxan boksçu Paris Olimpiadasında 1/4 finaladək irəliləyib.
Həmçinin bu keçidin daha bir parlaq nümunələrindən biri Sübhan Məmmədovdur. O, 2025-ci ildə U-23 Avropa çempionu olduqdan cəmi bir ay sonra böyüklər arasında dünya çempionatında qızıl medal qazanıb. 2026-cı ildə isə 50 kq çəki dərəcəsində Avropa çempionu tituluna yiyələnib. Beləliklə, qısa müddətdə gənclər səviyyəsindən dünya və Avropa çempionluğuna yüksəlib.
Sadalanan nümunələr göstərir ki, U-22 və U-23 yarışları yalnız gənc idmançıların medal mübarizəsi apardığı turnirlər deyil. Bu yaş kateqoriyaları gələcək əsas millinin formalaşmasında mühüm mərhələ rolunu oynayır. Əsas məsələ isə əldə olunan nəticələrin davamlılığını təmin etmək, perspektivli boksçuların hazırlığını düzgün qurmaq və onların böyüklər səviyyəsində rəqabətə uyğunlaşmasına şərait yaratmaqdır. Bu mövzuda Azərbaycan Boks Federasiyasının atdığı addımlar, ölkəmizdə boksun inkişafı üçün aprılan çoxmərhələli işlər əlbəttə ki, təqdirəlayiqdir.
Poreçdə qazanılan dörd medal Azərbaycan boksunun yeni nəslinin potensialını bir daha nümayiş etdirdi. İndi isə diqqət bu uğurların növbəti illərdə necə davam etdiriləcəyinə və gənc çempionlardan neçəsinin əsas millidə özünə möhkəm yer edə biləcəyinə yönəlir.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Noyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















