Azərbaycan Gürcüstan: dostluq və etimada əsaslanan strateji tərəfdaşlıq
Prezident İlham Əliyev: "Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər"
Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.Həyata keçirilən layihələr qarşılıqlı münasibətləri daha da dərinləşdirir. Əlbəttə, hər iki dövlət arasında münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayıb. Son illərdə isə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki dövlətin parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradıb. Azərbaycan ilə Gürcüstan mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində müxtəlif sahələrdə tarixi layihələr həyata keçirilib və o layihələr xalqları, ölkələri daha da sıx birləşdirir.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında əlaqələrin genişlənməsinə gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.
"BİZİM XALQLARIMIZ ƏSRLƏR BOYU DOSTLUQ, MEHRİBAN QONŞULUQ, QARDAŞLIQ ŞƏRAİTİNDƏ YAŞAMIŞLAR"
Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətləri daha da dərinləşdirir. Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri dostluq və qonşuluq münasibətlərinin təzahürüdür. Bu, Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək və əməkaşlığın yeni müstəviyə yüksəlməsinə səbəb olacaq. "Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır". Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında söyləyib. "Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər", - deyə dövlətimizin başçısı vurğulayıb.
Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritetlərindən biridir. Ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib. İki ölkə arasında fəal siyasi dialoq təqdir edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək özünün biruzə verib.
Əvvəlcə onu qeyd edək ki, Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bununla yanaşı Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı da tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib.
"GÜRCÜSTAN TRANZİTİ VASİTƏSİLƏ AZƏRBAYCAN HAZIRDA 11 ÖLKƏYƏ ÖZ TƏBİİ QAZINI İXRAC EDİR, İLDƏN-İLƏ İXRAC ARTIR"
Azərbaycan və Gürcüstan ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verirlər. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Neft-qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlıq nümunəsidir. Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət edərək, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişir. Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün iki dövlətin mövqeləri üst-üstə düşür. Həyata keçirilən bu layihələr iqtisadi inkişafa böyük təsirini göstərməkdədir. "Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır", - deyən Azərbaycan Prezidenti bildirib ki, birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir: "Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır". Dövləğt başçımız bildirib ki, keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür: "Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır".
Nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biridir və Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər əhəmiyyət kəsb edir. Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Regional əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr regionun və daha geniş coğrafiyada iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsində əhəmiyyətli rol oynayır. Son zamanlar Azərbaycan və Gürcüstan arasında yaşıl enerji və kommunikasiya sahələrində konkret layihələr üzrə əməli addımlar atılır və böyük data ötürücüsü kimi ölkələrimizin əhəmiyyəti qlobal səviyyədə artırmaqla yanaşı, uzun perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına əlavə impuls verəcəkdir.
AVROPA İLƏ ASİYA ARASINDAKI KÖRPÜ
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bağlantılar və Orta Dəhliz layihəsinə toxunub. Ölkələrimizin burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərdiklərini vurğulayan dövlətimizin başçısı deyib: "Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır".
Kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan və təcrübə mübadiləsi öz nəticəsini verir.
Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq nünasibətləri dinamik inkişaf edir. Azərbaycan şirkətləri qonşu dövlətə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla, həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir.
İki ölkənin müxtəlif dövlət qurumları arasında ənənəvi sıx təmaslar və qarşılıqlı səfərlər, o cümlədən hökumətlərarası və parlamentlərarası praqmatik əməkdaşlıq strateji tərəfdaşlığımıza töhfəsini verir.
İKİTƏRƏFLİ TƏRƏFDAŞLIĞIN DİNAMİKASINDA YENİ MƏRHƏLƏ
Ölkələrimiz arasında mədəni əlaqələr də geniş inkişaf edib. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasir tipli yeni məktəb binaları tikilmişdir. Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edilmiş, Marneulidə "Çay evi" inşa edilmiş, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilmişdir.
Gürcüstanda azərbaycan dilində "Gürcüstan", "Müəllim", "Maarif" kimi qəzetlər nəşr olunur. Tbilisidə H.Əliyev adına Azərbaycan Dram Teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və N.Nərimanovun ev muzeyi fəaliyyət göstərir. Həmçinin Bakı və Tbilisi qardaşlaşmış şəhərlərdir. Bu ənənəni digər şəhərlər də davam etdirir: Ağcabədi-Batumi, Gəncə-Kutaisi, Gəncə-Rustavi, Sumqayıt-Rustavi, Naxçıvan-Batumi, Şəki-Telavi də qardaş-şəhərdirlər.
Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir.
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub. Əminliklə qeyd etmək olar ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək və ölkələrarası əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəkdir.
Zümrüd BAYRAMOVA