Azərbaycan Milli Elmlər Akademiyası: inkişaf mərhələləri və müasir dövr
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik
Azərbaycanda elmin qədim tarixi və böyük ənənələri vardır. Bütün dövrlərdə ölkəmizdə xalqın milli-mənəvi təkamülündə və dövlətçiliyin inkişaf etdirilməsində elm, ədəbiyyat, ziyalı faktoru özünəməxsus rol oynamışdır. Çoxəsrlik tariximizdə Əbu Məhəmməd Həsən əl-Azəri, Əhməd ibn İbrahim Bərdəi, Əbdülhəsən Bəhmənyar Azərbaycani, Xətib Təbrizi, İbrahim Gəncəvi, Kəmaləddin Tiflisi, Əbdulqadir Marağayi, Şihabəddin Sührəvərdi, Məhəmməd Hinduşah Naxçıvani, Hacı Zeynalabdin Şirvani və başqaları kimi adlı-sanlı alimlərin xidmətləri silinməz izlər buraxmışdır. Hələ orta əsrlərin əvvəllərində Təbrizdə yaradılmış Darüş-Şəfa Akademiyası, Nəsirəddin Tusinin Marağa Rəsədxanası, Əbülfəz Naxçıvaninin Gəncə Kitabxanası nəinki Azərbaycanda, bütün Şərqdə tanınmış və böyük nüfuz qazanmışdır.
Bütün bunlarla bərabər, çoxəsrlik zəngin ənənələrə malik olan Azərbaycan elmi XX əsrdə özünün təşkilatlanma dövrünə qədəm qoymuşdur. Bu mənada 2 noyabr 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə Azərbaycan Elmlər Akademiyasının ilkin təməli atılmışdır. Bundan sonra ölkəmizdə elmi tədqiqat işlərinin təşkili 1929-cu ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu vasitəsilə həyata keçirilmişdir. Bu dövr Azərbaycanda akademik qurumun yaradılması üçün başlanğıc mərhələdir.
1932-ci il dekabrın 29-da SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin təsis edilməsi ilə respublikamızda akademik statusda ilk elmi təşkilatın əsası qoyulmuşdur. SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 25 oktyabr 1935-ci il tarixli qərarı ilə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına çevrilmiş, bununla müstəqil akademiyanın yaradılmasına doğru, mühüm addım atılmışdır. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinə akademik Frans Yuliyeviç Levenson-Lessinq, Ruhulla Axundov, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına isə 1937-1939-cu illərdə akademik İvan Mixayloviç Qubkin, sonra akademik S.S.Namyotkin, ən sonda isə professor Heydər Hüseynov rəhbərlik etmişlər. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan filialının fəaliyyət göstərdiyi illərdə respublikamızda elmi-tədqiqat müəssisələrinin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilmiş, yüksək ixtisaslı elmi dərəcəli kadr potensialı formalaşdırılmışdır. Beləliklə, Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi üçün zəmin yaradılmışdır. Bütün bunlara görə, 1932-1945-ci illər ölkəmizdə “Akademiya quruculuğunun hazırlıq dövrü” adlandırıla bilər.
Azərbaycan SSR Nazirlər Sovetinin 27 mart 1945-ci il tarixli qərarı ilə Azərbaycan Elmlər Akademiyası təsis olunmuşdur. Akademiyanın aşağıdakı tərkibdən ibarət ilk təsisçiləri müəyyən edilmişdir: Mir Əsədulla Mirqasımov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay, Üzeyir Hacıbəyov, Səməd Vurğun Vəkilov, Ələşrəf Əlizadə, Mustafa bəy Topçubaşov, Mikayıl Hüseynov, Aleksandr Alfonsoviç Qrossheym, İosif Qavriloviç Yesman, Mirzə İbrahimov, İvan İvanoviç Şirokoqorov, Sadıq Dadaşov.
Elmlər Akademiyasının ilk təsisçilərinin iştirakı ilə 1945-ci il martın 31-də keçirilmiş Azərbaycan Elmlər Akademiyasının ilk ümumi yığıncağında akademik Mir Əsədulla Mirqasımov AEA-nın prezidenti, akademiklər Şamil Əzizbəyov və Heydər Hüseynov vitse-prezidentlər, akademik Mirəli Qaşqay akademik – katib seçilmişlər. Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 5 nəfərdən formalaşdırılmış ilk tərkibi akademiyanın rəhbər vəzifələrinə seçilmiş alimlərdən və akademik Yusif Məmmədəliyevdən ibarət təşkil olunmuşdur. Ümumi yığıncaq, eyni zamanda, Elmlər Akademiyasının elmi bölmələrini yaratmış, onların rəhbərlərini seçmiş və tərkibini müəyyən etmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının ilk Nizamnaməsi qəbul olunmuşdur. Beləliklə, Azərbaycan Elmlər Akademiyasının əsas dövlət elmi təşkilatı kimi fəaliyyətinin yeni mərhələsi başlanmışdır. Akademiyanın sonrakı inkişaf dövrləri üçün möhkəm təməl rolunu həyata keçirən bu dövr 1945-ci ildən 1969-cu ilə qədər davam etmişdir. Fundamental elmin inkişafında mühüm əhəmiyyətə malik olan həmin illər “Elmlər Akademiyasının yaranması, təşkilatlanması və formalaşması dövrü” hesab edilir.
Azərbaycan Elmlər Akademiyası ölkəmizdə təşkilatlanmaq baxımından böyük ənənəsi olan, qəbul edilmiş elmi qurumdur. XX əsrin ortalarında qısa müddət ərzində Elmlər Akademiyasının tərkibində elmi-tədqiqat institutlarının formalaşdırılması, onların maddi-texniki bazasının yaradılması, yüksək ixstisaslı elmi kadrların hazırlanması sahəsində genişmiqyaslı işlər aparılmışdır. Ölkəmizin sosial-iqtisadi inkişafında, cəmiyyət həyatının müxtəlif sahələrinin yenidən qurulmasında və inkişafında Azərbaycan Elmlər Akademiyasında hazırlanmış elmtutumlu proqramların, irəli sürülmüş təşəbbüslərin və ideyaların özünəməxsus yeri və rolu olmuşdur. Ölkəmizdə azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində, Azərbaycan dilinin yaşadılması və zənginləşdirilməsində, təbii sərvətlərin aşkara çıxarılması və istifadə edilməsinin təşkilində, intellektual elmi potensialın, yeni elmi nəsillərin formalaşdırılmasında Azərbaycan Elmlər Akademiyası üzərinə düşən məsul vəzifələri yüksək məsuliyyətlə yerinə yetirmişdir.
İkinci Dünya müharibəsində qələbənin qazanılmasında xüsusi əhəmiyyətə malik olan yüksək oktanlı benzinin kəşf edilməsi, dənizdən neft çıxarılması ideyasının meydana gəlməsi və Azərbaycan neftinin əfsanəsi olan Neft Daşlarının salınması Elmlər Akademiyasının adı və fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Azərbaycan alimlərinin tədqiqatları əsasında ölkəmiz yarımkeçiricilər fizikası üzrə əsas elmi mərkəz kimi qəbul edilmişdir. Naftalan neftinin aşkara çıxarılması və bu əsasda ölkəmizdə beynəlxalq statusa malik müalicə-sağlamlıq kompleksinin qurulması da akademiya elminin nailiyyətlərindəndir. Qobustan qayaüstü rəsmlərinin aşkara çıxarılması və tədqiq edilərək xalqımıza və dünyaya təqdim olunması da Azərbaycan Elmlər Akademiyasının xidmətlərindəndir. Azərbaycanın zəngin təbii sərvətlərinə, flora və faunasına, iqtisadi inkişafına və ədəbi-mədəni irsinə həsr edilmiş tədqiqatlarla Elmlər Akademiyası ölkəmizin hərtərəfli şəkildə inkişaf etdirilməsinə xidmət göstərmişdir. Xüsusən, respublikamızda neft-kimya sənayesinin qurulması, yeni neft-qaz yataqlarının kəşfi və istismarı, Xəzər dənizinin ekologiyası və geologiyası sahəsində aparılmış elmi tədqiqatlar respublikamızın inkişafında mühüm dəyişikliklərə səbəb olmuşdur.
Azərbaycan Elmlər Akademiyasının inkişafında xüsusi bir dövr olan 1969-1982-ci illər isə elm tariximizə o zaman respublikamıza rəhbərlik etmiş görkəmli dövlət xadimi “Heydər Əliyevin adı ilə bağlı olan mərhələ” kimi daxil olmuşdur. Məhz bu mərhələdə Azərbaycan Elmlər Akademiyası hərtərəfli şəkildə inkişaf etdirilərək, keçmiş SSRİ məkanında xüsusi nüfuz qazanmış, İttifaq miqyasında və ondan kənarda mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunmuşdur. Azərbaycanda bir çox mühüm istiqamətlər üzrə elmi məktəblərin formalaşması, ölkəmizin iqtisadi-mədəni həyatında elmin rolunun artması, yeni istiqamətlər üzrə elmi-tədqiqat müəssisələrinin yaradılması və inkişaf etdirilməsi bu tarixi mərhələdə qazanılmış əsas nailiyyətlərdir. Bu dövrdə Elmlər Akademiyası əsl Azərbaycanşünaslıq mərkəzi funksiyasını həyata keçirmiş, 1975-ci ildə “Xalqlar dostluğu” ordeninə layiq görülmüşdür.
Məhz bu dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın elmi elitası formalaşmış, milli ziyalılıq cəmiyyətin aparıcı qüvvəsi səviyyəsinə yüksəlmişdir. Azərbaycan alimlərinin istiqlalçılıq təşəbbüsləri də həmin dövrdə meydana çıxmışdır. Sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin vəsatəti və dəstəyi ilə mühüm elmi xidmətləri olan tanınmış alimlər də daxil olmaqla ölkəmizin yaradıcı şəxsiyyətlərinin keçmiş SSRİ-nin ən yüksək təltifi olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi intibah dövrünün tarixi hadisəsidir. Eyni zamanda, milli istiqlalçılıq baxışlarına görə sovet dövlətinin ideoloji baryerlərini aşan ədəbiyyat və incəsənət xadimlərinin, elm adamlarının mövcud real təhlükələrdən xilas edilməsi də Ulu öndərin həmin dövrdəki əvəzsiz tarixi xidmətlərindəndir. Məhz dövlət – ziyalı münasibətlərindəki bu qeyri-adi dəstək Azərbaycanda müxtəlif elm sahələrində elmi məktəblərin, son nəticədə isə elmi elitanın meydana çıxmasına səbəb olmuşdur. Bütün bunlara görə 1969 – 1982-ci illər Azərbaycan Sovet Respublikasının bütün sahələrində olduğu kimi, elm sahəsində, o cümlədən Elmlər Akademiyasında intibah dövrü olaraq elm tarixinə daxil olmuşdur.
Elmlər Akademiyasının tarixində 1983-1993-cü illər “Tənəzzülə doğru meyil və böhran dövrü” adlandırıla bilər. Belə ki, 1983-1988-ci illərdə Elmlər Akademiyasında əvvəlki mərhələdə əldə edilmiş nailiyyətlərin tədricən aşağı enmə prosesləri yaşanmış, nəhayət, tənəzzül həddinə çatmışdır. Keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da 1988-ci ildən etibarən milli azadlıq hərəkatı dalğasının başlanması və 1989-1991-ci illərdə daha da genişlənməsi həmin tarixi mərhələdə cəmiyyət həyatının digər sahələri ilə birlikdə elmi mühitdə də ana fikir ictimai-siyasi proseslərə yönəldiyi üçün təşkilati qurum kimi Elmlər Akademiyasının fəaliyyəti diqqətdən kənarda qalmış və xeyli dərəcədə zəifləmişdir. Bundan sonrakı 1991 – 1993-cü illərdə isə o zamankı iqtidarın nümayəndələri tərəfindən Azərbaycan Elmlər Akademiyasının ləğv edilməsi, bağlanması haqqında bəyanatlar səsləndirilmiş, ölkəmizdən yaxın və uzaq xarici ölkələrə beyin axını genişlənmiş, beləliklə, elmi mühitdə böhran dövrü aşkar şəkildə müşahidə edilmişdir.
Azərbaycan Respublikasında 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkilərində görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə elm məbədimiz də “Yenidən təşkilatlanma və Milli Elmlər Akademiyası quruculuğu mərhələsinə” qədəm qoymuşdur. Doğrudur, hələ Azərbaycan Respublikası Ali Sovetinin Sədri kimi Heydər Əliyevin 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında ölkə ziyalıları ilə görüşündə cəmiyyət həyatının bütün istiqamətlərində, o cümlədən də EA-da baş vermis böhrandan çıxış yollarının müzakirə edilməsi və görkəmli dövlət xadiminin akademiyanın xilas ediləcəyinə dair aşağıdakı qəti bəyanatları səsləndirməsi ilə bu qurumun gələcək taleyinə işıq salmışdır: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını bağlamaq istəyirlər, elm ocağına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir.”
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1997-ci il yanvarın 31-də Azərbaycan EA-nın rəhbər heyəti, akademiyanın həqiqi və müxbir üzvləri, görkəmli alimlərlə keçirdiyi tarixi görüş geniş mənada ölkə elminin, xüsusən də Elmlər Akademiyasının dövlət müstəqilliyi dövrünün tələblərinə uyğun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ulu öndər həmin tarixi görüşdə elmi ictimaiyyətin diqqətinə çatdırdığı aşağıdakı fikirlər Elmlər Akademiyasının müstəqillik dövrünün prinsipləri əsasında yenidən formalaşdırılmasının yol xəritəsi konsepsiyasıdır: “İndi Azərbaycan müstəqil dövlətdir, Azərbaycan Elmlər Akademiyası dövlət Elmlər Akademiyasıdır. Bizim akademiyamızın gərək strategiyası olsun. Bu strategiyanı da gərək siz respublikamızın həm elmi tədqiqat sahəsindəki imkanları əsasında qurasınız, həm də elmi tədqiqat işlərinin nəticəsinə görə respublikamıza lazım olan sahələri əhatə etməyə çalışasınız.
… Şübhəsiz ki, keçmişdə olan, bu gün üçün dəyərli təcrübədən istifadə etmək lazımdır… Amma keçmiş üsul-idarəni, metodları, qanun-qaydaları əsas götürüb, onları təkrar etmək düzgün deyil. Ona görə də indi Siz elmin inkişafı üçün akademiyanın strategiyasını müəyyən edərkən, gərək işə bax, bu prinsiplər əsasında yanaşasınız”.
Müstəqil Azərbaycan Respublikasının akademiya quruculuğu üçün xususi mərhələ təşkil edən bu dövrdə həm yenidən təşkilatlanma və həm də akademik qurumun hüquqi statusunun müəyyən edilməsi baxımından əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. İlk növbədə 20 aprel 1994-cü il tarixdə EA-nın ümumi yığıncağı “Azərbaycan Elmlər Akademiyasının inkişaf konsepsiyası”nı, yeni Nizamnaməsini, “Elmi-tədqiqat institutlarının təşkili və fəaliyyətinin əsas istiqamətləri”ni təsdiq etmişdir. Bundan başqa, akademiyada mövcud sektorların və mərkəzlərin bazaları əsasında Mikrobiologiya İnstitutu, İnsan Hüquqları İnstitutu, Kimya Problemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır. AMEA-nın Naxçıvan Elmi Bölməsinin (2002), Gəncə Regional Elmi Mərkəzinin (1995) yaradılması, Şəki Zona Elmi Bazasına Şəki Regional Elmi Mərkəzi statusu verilməsi (1995) də yenidən təşkilatlanma dövrünün nailiyyətidir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 may 2001-ci il tarixli sərəncamı ilə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verilməsi ilə ölkəmizdə müstəqillik dövrünün dövlət ali elmi təşkilatının formalaşdırılması işi başa çatdırılmışdır. Eyni zamanda, Heydər Əliyevin 4 yanvar 2003-cü ildə Milli Elmlər Akademiyasının yeni Nizamnaməsini təsdiq etməsi ilə müstəqil Azərbaycan Respublikasında akademiya quruculuğunun əsas istiqamətləri müəyyən edilmişdir. Beləliklə, 1993-2003-cü illər EA-nın tarixində “Yenidən təşkilatlanma və Milli Elmlər Akademiyası quruculuğu mərhələsi” kimi xarakterizə olunur.
(ardı var)

