Icma.az
close
up
RU
Azərbaycan sülh masasında da qazandı So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Azərbaycan sülh masasında da qazandı So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Asif Nərimanlı, jurnalist:

- Vaşinqtonda Əliyev, Paşinyan və Tramp Azərbaycan-Ermənistan münasibətləri, ümumilikdə Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab ediləcək Birgə Bəyannamə imzaladı. Bəyannamə rəsmi Bakının sülh sazişinə dair irəli sürdüyü bütün tələblərinin qəbul edilməsi deməkdir.

Birincisi, de-fakto mövcud olmayan Minsk qrupu de-yure arxivə göndərilir;

Bəyannamədə Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğv edilməsi məqsədilə ATƏT-in Baş Katibinə birgə müraciəti təsdiq olundu. Beləliklə, rəsmi Bakı istədiyinə nail oldu:

- Artıq mövcud olmayan Minsk qrupu de-yure də ləğv edilir;

- Keçmiş "Dağlıq Qarabağ" münaqişəsi məsələsi rəsmi şəkildə tamamilə bağlanır;

İkincisi, Ermənistan Konstitusiyası dəyişdiriləcək.

Bəyannamədə qeyd olunur ki, "biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik". Bu o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün "əlavə tədbirlər", yəni Ermənistan konstitusiyası dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra imzalar atılacaq.

Üçüncüsü, Zəngəzur dəhlizi reallaşır;

Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxının təmin edilməsi - Zəngəzur dəhlizi ilə bağlı iki qeyd yer alır.

1. "Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı"dır.

2. "Ermənistan öz ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ-la və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlı əməkdaşlıq edəcəkdir" deyilir: burada "üçüncü tərəf" Azərbaycandır.

Layihə TRİPP adlandırılsa da, söhbətin məhz Zəngəzur dəhlizindən - Azərbaycanın Naxçıvana maneəsiz keçidindən getdiyi aydındır.

Dördüncüsü, sülh sazişinin paraflanmasıdır.

Bəyannamədə tərəflərin saziş mətninin parafladığı əksini tapır. Sazişin paraflanması yekun müqavilənin bağlanması demək olmasa da, irəliyə doğru ciddi addım kimi qəbul edilə bilər. Artıq yekun sülh müqaviləsinin önündə ciddi maneə qalmayıb.

- ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı müraciət edildi;

- Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi - Zəngəzur dəhlizi reallaşdırıldı;

- Həllini gözləyən məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

Bölgədə yeni mərhələ başlayır və bu mərhələnin başlanğıcı olan Vaşinqton görüşünün nəticələrinə görə, müharibənin qalibi olan Azərbaycan sülh masasında da qazandı.

Fəridə Aslanova Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- "Tik-tok"un yaxşı cəhətləri çoxmuş, yaxşı tərəfdən baxanda. Gözəl xörək reseptlərindən tutmuş, hər şey var orada...

Orada arada-bərədə bir xanımın videoları çıxır rastıma, hiss edirsən ki, pis insan deyil, camaatı maarifləndirmək istəyir ki, belə yeyin, elə geyinin. Hansı millətin nümayəndəsidir, heç onu da bilmirəm, amma bizim dildə danışmağa çalışır. Sözüm onda deyil.

Maraqlısı odur ki, o, hər sözünü sanki əzizləyərək kiçildərək ifadə edir.

Məsələn, "soda" əvəzinə "sodıçka" və "maç-maç, quc-quc" əvəzinə, "maçita-quçita" və s.

Hər sözün sonunda nə isə bir qoşma olur.

Onun bir-iki çıxışına baxandan sonra anladım ki, daim "Tik-tok"da oturanların çoxu niyə ağızlarını bura-bura danışırlar. Çünki özləri ola bilmirlər.

Bütün dünyanın əksər insanlarının kənar qıcığı qavrayışı, mənimsəməsi təxminən eynidir, sadəcə, özünə qarşı güclü tənqid hissi olanları əymək çətindir.

Bayaq uşağı yola salanda o xanımın  "maçita-quçita" sözü yadıma düşdü, uşağı əzizləmək üçün az qala istifadə edəcəydim, lakin  beynimdəcə dəfn etdim o ifadəni. Zarafatla da olsa, demədim. Lazımdır? Yox. 

Fikirlərimi qəribliyə salmayın, indiki bir çox insanların nitqlərinə dinləyəndə sosial şəbəkələrin yad təsirlərini görmək mümkündür. Düşünürəm ki, yalnız güclü bəndlər selə tab gətirə bilər.

Ətrafımızda olan insanların əksəriyyətinə fikir verirəm, elə bil hamı kimisə yamsılayır, əda ilə, mızıldana-mızıldana, pişik kimi miyoldaya-miyoldaya, ağızların bura-bura danışırlar. Sanki ləhcələrində nəyi isə səndən üstün olduqlarını gözə soxmağa çalışırlar.

Kiminsə ağzını əyə-əyə "ağzıəyri" qalıblar.

Xarici dil öyrənmək başqa, onu normal qarşılayıram, söhbət dilimizə bəzi tiktokerlərin uydurma ifadələr gətirməyindən gedir.

Ümumiyyətlə, bundan başqa, rastıma çıxan digər istifadəçilərin də ən çox işlətdikləri "Ah-le-le-le, ah-le-le-az"dır. O nə olan şeydir? Biri ağlayır, fonda o mızıltı, biri yıxılır, yenə fonda o...

Bəzən artıq informasiya beyni çürüdür, yaddaşı pozur. Lazımdır? Xeyr!

"Feybuk" hamısından yaxşıdır.

Fərid Pərdəşünas, texnobloger:

- Ümumiyyətlə, gender müzakirələrimiz çox cılız səpkidə aparılır. Gah baxırsan, 2-3 boylu-buxunlu kişi çıxır verilişdə, qadınları aşağılayıb reytinq üçün qeybət edir; gah da görürsən, gender aktivistləri kimisə işdən çıxartdırır,  bunu bayram kimi qeyd edirlər.

Biz cəmiyyətdə qadın və kişiləri qarşı-qarşıya qoyub qalib tərəf seçmirik. Kiməsə göz dağı vermirik. Biz dağıdıcı yox, yaradıcı cəmiyyət inşa etməliyik. Gender bərabərliyinin məqsədi kin qusmaq, dalaşmaq, qalib tərəfi müəyyən etmək deyil.

Biz Azərbaycanın niyə selektiv abortda lider ölkələrdən biri olduğunu müzakirə etməliyik. Biz doğulmayan qız uşaqlarının niyə doğulmadığını - qadınlı, kişili - birlikdə danışmalıyıq. Biz regionlarda əli qələm tutmayan qızlarımızın erkən nikahının qarşısını almaq üçün həllər tapmalıyıq.

Yoxsa iki qrup çıxıb, dalaşır - biri deyir qadın işləməlidir, biri də deyir qadına "işləmə" deyən işləməməlidir. Biz nəyin davasını edirik? Əminsiz, problem budur?

Bizim hələ iş səviyyəsində danışmağımıza çox var axı. Biz hələ ana bətnindən başlamalıyıq ki, o qızlar doğulsun. Bir-iki marjinal podkast, münaqişə və nifrət yaradan atmacalar, şikayətlər, kiminsə işdən uzaqlaşdırılması - bunlar nə həll, nə də qələbədir.

Bununla uzaqbaşı sosial mediada özümüzü aldada bilərik. Azərbaycanda gender problemi, əmin olun, bu səpkidə deyil. Gender problemi yaradanlar ümumiyyətlə sosial mediada yoxdurlar.

Qafar Əsgərzadə, əməkdar jurnalist:

- Həmyerlilərimə müraciət!

Yaxşı məlumdur ki, yas mərasimlərininin keçirilməsi xalqın uzun illər ərzində formalaşmış adət-ənənələrinə əsaslanır. Lakin yas mərasimlərinin vətəndaşlarımızın ailə büdcəsinə vurduğu ziyan bu gün həmin mərasimlərin təşkili ilə bağlı yaranmış ənənənin dəyişdirilməsini, dəbdəbəli məclislərin keçirilməsinin qarşısının alınması istiqamətində əməli tədbirlərin görülməsini zəruri edir. Təsəvvürünüzə gətirin ki, çox halda müalicəsi və dərmanları üçün maliyyə tapa bilməyən ailələr, sonradan vəfat etmiş ailə üzvlərinin yas mərasiminə kredit və borc götürməklə böyük məbləğdə maliyyə vəsaiti sərf etməyə məcbur olur.

Bununla əlaqədar, bütün həmyerlilərimə, ailələrin və el-obanın ağsaqqallarına, Hacılara, Kərbəlayılara, Məşədilərə, din xadimlərinə, elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat, idman, ictimai xadimlərə, ziyalılara, bir sözlə, bütün vətəndaşlara müraciət edərək, dəbdəbəli yas mərasimlərinin keçirilməsinə, isti xörək verilməsinə qadağa qoyulmasında söz sahibi olmağınızı xahiş edirəm. Gəlin sadə süfrə ilə (çay, halva, qənd və istina olaraq xurma və qoğalla) məclislərimizi yola verərək insanlarımızı bu bəladan, israfçılıqdan qoruyaq. Bunun üçün ilk növbədə özümüzdən başlayaq, nümunə olaq və təbliğatı işləri aparaq.

Allah hər birinizdən razı olsun!

Günel Balakişi, yazar:

- Elə indicə dəfn mərasimində Anarın çıxışını izlədim...

Daha doğrusu, 2 dəqiqəyə sığan Anar böyüklüyünü!

Əslində, bu 2 dəqiqəlik çıxış bütöv Azərbaycan ədəbiyyatının sonuncu danışan dili idi!

Mən Anar, Elçin, İlyas Əfəndiyev... və digər adları ilk dəfə anamın dilindən eşitmişəm. Anam hər gün işdən gəlib gözünün acısını alanda,

- Gülüm, get kitab rəfindən əlini at hansı kitab çıxsa gətir, deyirdi.

Balaca barmaqlarımla bir-birinə kip yapışmış, sıx kitabların qalın üz qabığından dartışdırıb ən nazik kitabı çıxara bilirdim. Daha çox, "Geriyə baxma qocanı"...

Anam da hər dəfə eyni cümləylə narazılığını ifadə edirdi:

- Yenə, "Geriyə baxma, qoca"? Eybi yox. Olsun...

Elçinin kitabları qalın olurdu. Gücüm çatmırdı. İçindən xəbərim olmasa da, üz qabıqları diqqətimi çəkir, uşaq təxəyyülümdə onu film qəhrəmanı kimi canlandırırdım.

Mən elə bilirdim ki, nə Anar, nə Elçin real həyatda mövcuddur. Elə bilirdim, onlar haradasa var, yaşayır. Amma adi insanlar arasında, bizim kimi deyil, başqa bir dünyadadırlar.

Onların dünyasına yalnız Anar nəhəngliyində, Elçin boyda tək-tük adamlar sığır. Həmin dünyada bir-biri ilə öz dillərində danışır, buludların arasından, bizim kiçik dünyamıza baxıb vərəq-vərəq taleləri yazırlar!

Yoxdur səhvsiz insan!

Bu gün Anar, hətta, əyilmiş qaməti ilə də AYB daxilində, xaricində və nəhayət uzaq-yaxın ətrafından ona çamur atan bütün boş çoxluqlardan daha ucadadır! Haqlı və ya haqsız, hər dövrdə mövcud olan intriqalara, düşmənçiliklərə rəğmən, bunu etiraf edə biləcək qədər dürüstlüyə və ürəyə sahib olmaqdır əsl millətçilik, Azərbaycançılıq!

Nəzərə alsaq ki, bizim ölkədə hansısa kürsü sahibi haqqında bu etirafları etmək yaltaqlıqdır, bu illər ərzində mən də vətəndə ikən yaza bilmədiklərimi uzaqlarda könül rahatlığı ilə ifadə edirəm.

Bəli! Şopen, hazırda yaşadığım Polşa üçün kimdirsə, Anar Azərbaycan ədəbiyyatı üçün odur!

Anar Azərbaycan dilinin özüdür, özəyidir!

O, 2 dəqiqədə "edə bilmədiyi" çıxışla, illərdir Azərbaycan teleməkanında, radiolarında dilimizi şəkildən-şəklə salan "dil pəhləvanlarından" daha çox şey etdi. Əsl Azərbaycan dili, Ana dili, Anarın dilidir!

Böyük adam, dostluğunda da böyükdür!

Anar indi ən məhrəm hisslərini bölüşəcək, dilini anlayacaq kimsəsiz dünyasında təkdir. Dost əmanətinin dost çiyninə sığındığı fotoya, Anar ölümdən qorxur, özü üçün ağlayır şərhini yazmışdı "bir"i...

Əbədi yaşarlar, ölümdən qorxmazlar. Anar hər bir halda yaşayıb, yaşayacaq!

Ən sevdikləri, ən dostları əbədiyyata köçən biri, bundan sonra o nəhəng dünyasında təmtək darıxacaq. Bu qədər səmimi, bu qədər insani...

Bu gün hamıdan çox Anar Elçinsiz qaldı! Bizimsə bircə Anarımız qaldı!

"Geriyə baxma, qoca"... Darıxma, Anar!

Allah rəhmət etsin, Elçin.

Turan Etibaroğlu, Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi:

- Bu gün Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində jurnalistlər sabiq mədəniyyət naziri Əbülfəs Qarayevdən geniş müsahibə alıblar. O, Elçin müəllimlə bağlı xatirələrini, onun yaradıcılığı, şəxsiyyəti və ədəbi irsi haqqında dəyərli fikirlər səsləndirib.

Amma təəssüflə qeyd etməliyəm ki, bir çox media orqanları bu qiymətli fikirləri görməzdən gəlib, yalnız Əbülfəs Qarayevin son dönəmlərdə səslənən iddialarla və sonda səsləndirdiyi "Heç nə, yaşayıram" ifadəsini tirajlayıblar. Və cavabı min dona geydirib paylaşıblar. Bu cür ucuz başlıqlarla oxucu yığmaq cəhdləri nə jurnalistikanın adına yaraşır, nə də Elçin Əfəndiyev kimi böyük bir şəxsiyyətin vida gününə.

Yeganə istisna olaraq "Qafqazinfo" Elçin Əfəndiyevlə bağlı hissəni dərc edib və bu, peşəkar yanaşmanın nümunəsidir.

Böyük ədibin vida mərasimi - mənəvi dəyərlərin önə çəkildiyi bir gündə, jurnalist etikası ayaq altında qalmalı deyildi. Amma görünən odur ki, bəzi mətbuat nümayəndələri üçün Elçinin irsi deyil, sensasiya daha maraqlıdır.

Ayıbdır!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Avqust 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see261

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see172

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see151

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see148

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see135

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see126

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see125

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see125

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see124

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see122

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see122

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see122

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see122

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see120

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see120

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see118

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see117

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see117

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see117

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri