Azərbaycanın beynəlxalq idman arenasında artan mövqeyi gənc nəslə göstərilən diqqətin nəticəsidir ŞƏRH
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycanın beynəlxalq idman arenasında artan mövqeyi dövlət siyasətinin, strateji baxışının və gənc nəslə göstərilən diqqətin nəticəsi kimi diqqət çəkir. Ölkə idman sahəsində əldə etdiyi uğurlarla yalnız medal siyahılarında deyil, həm də beynəlxalq nüfuz, təşkilatçılıq qabiliyyəti və gənclərin sağlam tərbiyəsi baxımından fərqlənir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
O qeyd edib ki, Azərbaycanın idman uğurları birbaşa dövlət siyasətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin gənclərə diqqəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib, Prezident İlham Əliyev isə bu xətti uğurla davam etdirərək ölkəmizi beynəlxalq miqyasda nüfuzlu idman ölkəsi kimi tanıdıb. Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, modern idman infrastrukturu, federasiyaların fəaliyyətinin gücləndirilməsi və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi Azərbaycanda idman sahəsinin kompleks inkişafını təmin edib.
“2025-ci il Azərbaycanın idman tarixində xüsusi yer tutur. Beynəlxalq yarışlarda idmançılarımız iki mindən çox medal qazanıb, onlardan təqribən 600-ü qızıl olub. Bu nəticələr ölkəmizin idman potensialını möhkəmləndirir və gələcək uğurlar üçün zəmin yaradır. Bu uğurlar yalnız medal hesabıyla deyil, həm də gənc nəslin sağlam böyüməsi və vətənpərvər ruhda tərbiyəsi ilə ölçülür. Dövlətimizin başçısının mütəmadi olaraq idman ictimaiyyətinin nümayəndələri ilə görüşləri və il sonu keçirilən idman yekunlarına həsr olunmuş mərasimlər idmançıları yeni-yeni qələbələrə ruhlandırır”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın bölgələrində idman infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır. Ölkəmizin yeddi şəhərində keçirilən III MDB Oyunları, - Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi, - beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil oluna biləcəyini nümayiş etdirdi. Eyni zamanda, Bakıda ilk dəfə təşkil edilən UFC turniri və Formula 1 yarışları ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini və beynəlxalq idman aləmində artan nüfuzunu bir daha təsdiqlədi.
Qış idman növlərinin inkişafı sahəsində də mühüm addımların atıldığını diqqətə çatdıran Vüqar İskəndərov əlavə edib: “Şahdağ Turizm Xizək Mərkəzində yeni traslar istifadəyə verilib və yaxın gələcəkdə onların uzunluğu 55 kilometrə çatacaq. Bu, həm idman potensialını artırır, həm də bölgədə turizmi və iqtisadi inkişafı stimullaşdırır. İdmanın kütləviliyi və uğurları həm də gələcək nəsilin formalaşmasına xidmət edir. Gənclər sağlam ruhda, yüksək mənəvi dəyərlər əsasında böyüyür, fiziki hazırlıq və mənəvi saflıq birləşərək ölkənin inkişafına töhfə verir. İdmançılarımız beynəlxalq yarışlarda Azərbaycan bayrağını qalib ölkənin simvolu kimi ucaldır, bu isə onların məsuliyyətini daha da artırır. Son beş ildə əldə olunan qələbələr, həmçinin Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılmış tarixi uğurlar idmançılarımızı həm motivasiya edir, həm də ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir”.
Deputat, həmçinin xatırladıb ki, Azərbaycanın paytaxtı Bakı 2026-cı il üçün “Dünya İdman Paytaxtı” elan olunub. Bu, ölkəmizin idman sahəsində qazandığı uğurların və beynəlxalq yarışlara ev sahibliyi etmə qabiliyyətinin növbəti təqdimatıdır. Dövlət siyasətinin, modern infrastrukturun, uğurlu tədbirlərin və gənclərə yönəlmiş diqqətin nəticəsi olaraq Azərbaycan idmanı gələcəkdə daha böyük hədəflərə doğru inamla irəliləyir.
“Azərbaycan yalnız medal və kuboklarla deyil, həm də gənc nəslin sağlamlığı, vətənpərvərliyi və beynəlxalq nüfuzu ilə də idman ölkəsi kimi dünyada öz mövqeyini möhkəmləndirir. Dövlətin strategiyası, idarəetmə və davamlı inkişaf proqramları ölkəni idman sahəsində nümunəvi modelə çevirib”, - deyən V.İskəndərov fikirlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Dekabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















