Azərbaycanın bölgələri ən yüksək standartlara cavab verməlidir!
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İlham Əliyev: Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur
Azərbaycanda özünəməxsus idarəçilik modeli formalaşıb. O cümlədən də respublikamızda yeni məsul vəzifələrə təyinatlar alan məmurların Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi artıq ənənə halını alıb. Bu qəbullarda dövlətimizin başçısı etimad göstərib yeni vəzifələrə təyin etdiyi məmurların gələcək fəaliyyətlərinin bir növ yol xəritəsini cızır. Prezident İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib və onlara Özünün dəyərli tövsiyələrini verib.
Rəhbər vəzifədə çalışan məmurlar daim insanlarla bir yerdə olmalıdırlar
Ölkəmizdə Prezident İlham Əliyevin timsalında xalqa bağlı olan, öz fəaliyyətində cəmiyyətdən gələn sosial sifarişləri mütləq qaydada nəzərə alan və ardıcıllıqla həyata keçirən rəhbər obrazı formalaşıb. Dövlətimizin başçısının son iyirimi ildən artıq müddətdə həyata keçirdiyi daxili siyasət xəlqi mahiyyət daşıyır, sırf Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu da respublikamızın uğurlarının təməlində dayanan əsas şərtlərdən biridir. Xalq - Prezident İlham Əliyev vəhdəti sayəsində ölkəmiz zirvələrə yüksəlib. 44 günlük Vətən müharibəsində ölkəmiz müstəqillik tarixində ən böyük uğurunu qazandı. Şanlı Zəfər sayəsində otuz illik işğala son qoyuldu, respublikamızın ərazi bütövlüyü, sonrakı mərhələdə isə suverenliyimiz tam təmin olundu. Azərbaycan bu tarixi Qələbəni məhz dövlət - ordu - xalq vəhdəti sayəsində qazandı. Xalqın öz Liderinə dərin inamı, cəmiyyətin müxtəlif təbəqələrinin orduya dəstək göstərməsi, hətta müxtəlif siyasi partiyaların həmrəylik təşəbbüslərindən çıxış etmələri bizə əsas ümummilli məqsədimizə çatmağa imkan verdi. Postmüharibə mərhələsində isə Azərbaycan dövlət və cəmiyyət olaraq Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni ümummilli ideyanın - Qarabağa Böyük Qayıdışın reallaşdırılması məqsədilə səfərbər olub. Respublikamızda bərqərar olan yüksək vətəndaş məmnunluğu, sıx həmrəylik milli gücü artıran və bizi yeni-yeni uğurlara doğru aparan çox mühüm amil qismində çıxış edir ki, bunun da təməlində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Prezident İlham Əliyev kabinet lideri deyil. O, tez-tez birinci xanım Mehriban Əliyeva ilə birlikdə ölkənin regionlarına, o cümlədən də işğaldan azad olunmuş ərazilərə səfərlərə gedir. Bu səfərlər izsiz ötüşmür. Dövlətimizin başçısı bəhs olunan səfərlər çərçivəsində bir qayda olaraq yerli ictimaiyyət nümayəndələrri ilə görüşür, onların arzu və istəklərini öyrənir, çatışmazlıqlarla, problemlərlə maraqlanır. Səmimi atmosferdə keçən belə görşlar insanlarda dövlətə inamı artırır, xüsusilə də gənclərdə vətənpərvərlik, milli qürur hisslərini gücləndirir. Eyni zamanda, yerlərdə qaldırılan məsələlər mütləq qaydada qısa müddətdə həllini tapır.
Dövlətimizin başçısının şəxsi nümunəsində yaratdığı bu model ölkənin hər yerində və istisnasız olaraq bütün səviyyələrdə yayılmalı və məmurların fəaliyyət meyarına çevrilməlidir. Prezident İlham Əliyevin etimad göstərərək yüksək vəzifələrə təyin etdiyi məmurların əsas işi xalqa xidmət göstərmək olmalıdır. Artıq hansısa bir vəzifənin kabinetlərdən icra edilməsi dövrü Azərbaycan üçün bir keçmişdir. Tələb belədir ki, məmurlar daim insanlarla bir yerdə olmalı , özlərini onlardan üstün tutmamalı, şəxsi mənafe güdməməlidirlər. Prezident İlham Əliyevin qəbuldakı çıxışında bildirdiyi kimi, əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. “Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq
Müstəqil Azərbaycanın son illərdə sosial-iqtisadi sahədə qazandığı qibtəolunacaq uğurlara təkan verən amillər sırasında ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində idarəetmədə şəffaflığın təmin edilməsini, cəmiyyətdə müasir düşüncə tərzinin təzahürü kimi innovativ təşəbbüslərə geniş meydan verilməsini, institusional islahatlar həyata keçirilməsini, azad rəqabətlilik mühitinin təmin olunmasını, korrupsiya və bu kimi digər təzahürlərə qarşı səmərəli mübarizə aparılmasını xüsusi vurğulamaq lazımdır.
İdarəetmədə şəffaflığın maksimum dərəcədə təmin olunması və korrupsiyaya qarşı prinsipial mübarizə aparılması Azərbaycan dövlətinin strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Dövlətin prinsipial məsələ kimi, korrupsiyaya qarşı mübarizəyə münasibətdə güclü siyasi iradə nümayiş etdirməsi, bu sahədə sistemli tədbirlərin gücləndirilməsi ölkənin milli inkişafının sürətlənməsinə gətirib çıxarır. Korrupsiyaya qarşı təsirli və sistemli mübarizə azad rəqabət mühitinin formalaşmasına, şəffaflığın təmin olunmasına, iqtisadiyyatın sürətli inkişafına stimul verir, eyni zamanda, sosialyönümlü islahatların dərinləşməsinə səbəb olur.
Korrupsiyaya qarşı mübarizədə əldə edilən nəticələr ilk növbədə Azərbaycan Prezidentinin siyasi iradəsi və dövlət orqanları qarşısında qoyduğu konkret vəzifələr, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir. Acıq Hökumətin təşviq edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, elektron xidmətlərin təşkili və ardıcıl şəkildə təkmilləşdirilməsi, “ASAN Xidmət” mərkəzlərinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibinin gücləndirilməsi və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, daxili işlər orqanlarında həyata keçirilmiş islahatlar və digər tədbirlər korrupsiyaya qarşı mübarizə sahəsində ciddi uğurlar əldə edilməsini şərtləndirən amillərdir.
Təəssüflər olsun ki, dövlətin qətiyyətli siyasi iradəsinə rəğmən, hələ də yerlərdə bəzi məmurlar əyri yollara qurşanırlar, ciblərini güdürlər və korrupsiya hallarına yol verirlər. Bu yolun axırı yoxdur. Ölkəmizdə rüşvətxorluğa qarşı mübarizə dönməz hal alıb və neqativ halların əhatə dairəsi getdikcə daralır. Dövlətimizin başçısı qəbulda vacib bir məqama diqqət çəkib. Bildirildiyi kimi, vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olurlar. “Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”. - deyə Prezident İlham Əliyev bildirib.
Ölkə üzrə əsas infrastruktur layihələrinin icrası tamamlanıb
Son 20 ildən artıq müddətdə müstəqil Azərbaycanın qazandığı ən böyük uğurlardan biri yüksək səviyyəli müasir infrastruktur quruculuğu ilə bağlıdır. Bəhs olunan dövrdə intensiv şəkildə reallaşdırılan irimiqyaslı layihələr hesabına hazırda respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastruktur obyektləri bundan sonra onilliklər boyu xalqımıza və dövlətimizə xidmət göstərəcək.
Əlamətdar haldır ki, respublikamızda infrastruktur quruculuğu Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı səciyyə daşıyıyıb. Belə ki, bu sahəyə yönəldilən dövlət əsaslı vəsait qoyuluşu ilbəil artırılıb ki, bunun da sayəsində hər il ölkə miqyasında yeni infrastruktur layihələrinin uğurlu icrası təmin olunub. Qəbulda bildirildiyi kimi, hazırda bütün ölkə üzrə əsas infrastruktur layihələrinin icrası tamamlanıb və bu sahədə ciddi bir problem yoxdur. Statistika həqiqətən də çox qürurvericidir. Belə ki, 2003-cü ildən bəri ölkə ərazisində təxminən 20 min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsalı şəkildə yenidən qurulub. Bəhs olunan dövrdə respublikamızda I texniki dərəcəli avtomobil yollarının uzunluğu artırılaraq 938 km-ə çatdırılıb, 499 körpü və yol ötürücüləri, həmçinin 114 yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Hazırda ölkə ərazisində magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır.
Bəhs olunan dövrdə həyata keçirilən layihələr hesabına ölkə üzrə 15-dən çox şəhər və rayonda, o cümlədən Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonlarında qazlaşma səviyyəsi 100 faizə çatıb. Bütövlükdə, hazırda respublika üzrə qazlaşdırmanın səviyyəsi 95 faizdən yuxarıdır, hətta ucqar dağ kəndlərinin də qazlaşdırılması təmin olunub.
Qısa müstəqillik tarixində Azərbaycanın daxili imkanlar hesabına özünün enerji mütəqilliyini tam təmin etməsi son dərəcə böyük uğurdur. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 20 ildə isə respublikamız onlarla yeni elektrik stansiyası tikməyə və elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməyə nail olub. Hazırda respublikamızda “yaşıl enerji”yə keçid dövrü başlayıb.
Respublikamızda, həmçinin böyük iqtisadi və sosial əhəmiyyət daşıyan su layihələrinin icrası da uğurla təmin edilir. Bura həm içməli su layihələri, həm də meliorativ tədbirlər daxildir. Bəhs olunan dövrdə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə, respublika üzrə əhalinin yüksək keyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, hazırda bu göstərici 70 faizdən çoxdur. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edildiyi dövrdə bölgələrdə istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu hesabına çoxlu sayda layihələr reallaşdırılıb. Ümumi tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay kimi böyük su anbarlarının tikilib istifadəyə verilməsi sayəsində ölkənin icməli və suvarma suyu ilə təminatında geniş imkanlar yaranıb.
Sosial təyinatlı infrastruktur obyektlərinin, o cümlədən müasirr tipli məktəb binalarının inşası ölkənin bütün regionlarında təmin edilib. Hazırda Azərbaycanın əksər şəhərlərində müasir xəstəxanalar fəaliyyət göstərir. Ölkə üzrə 50-dək Olimpiya-idman kompleksinin istifadəyə verilməsi yeniyetmələrin, gənclərin idmana olan marağını artırıb.
Əlbəttə, bütün problemlərin tamamilə aradan qaldırıldığını söyləmək də doğru olmazdı. Tələb belədir ki, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Prezident İlham Əliyev məmurlara tapşırıqlarını verərək bildirib ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Dövlətimizin başçısının prinsipial yanaşması belədir ki, burada sosial ədalət əsas prinsip kimi götürülməlidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir.
Məşğulluqla bağlı məsələlər mühüm prioritetlərdən biridir
Aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada müsbət demoqrafik mühitə malik azsaylı ölkələrdən biridir. Bu, böyük uğur olmaqla yanaşı, həm də əmək qabiliyyətli insanların məşğulluğunun təmin edilməsi baxımından ciddi məsuliyyət yaradır. Prezident İlham Əliyev bildirib ki, bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Ötən dövrdə respublikamızda regional inkişaf proqramlarının icrası çərçivəsində məşğulluqla bağlı çox böyük işlər görülüb. Məlumdur ki, respublikamızda kənd təsərrüfatında əmək tutumu və gəlir imkanları böyük olan sahələr məqsədyönlü şəkildə inkişaf etdirilir. Həmçinin respublikamızda yeni sənaye xəritəsi formalaşdırlır. Artıq ölkə üzrə 9 sənaye parkı və bölgələrdə bir neçə sənaye məhəlləsi uğurla fəaliyyət göstərir. Eyni zamanda, respublikamızda sahibkarlıq mühitinin optimallaşdırılması istiqamətində davamlı tədbirlər görülür və sahibkarlara dövlət dəstəyi gücləndirilir. Qeyd edək ki, indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən müxtəlif layihələrin icrasına güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait yönəldilib. Paralel şəkildə, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Görülən bu və digər tədbirlərin nəticəsi olaraq ölkə üzrə bütövlükdə, 2,2 milyon iş yerinin yaradılması təmin olunub və işsizliyin səviyyəsi 5 faizədək azaldılıb.
Bununla belə, hələ də regionlardan əmək qabiliyyətli insanların paytaxta və digər iri şəhərlərə axın etməsinin səviyyəsi yüksək olaraq qalır. Əlbəttə ki, bunun bir səbəbi bütün dünyada olduğu kimi, iri şəhərlərdəki rahatlıqlar və daha geniş perspektivlərdir. Ancaq digər bir səbəb isə iş yerlərinə olan tələbatın tam ödənilməməsidir. Halbuki, yerlərdə sahibkarlığı, iqtisadiyyatın gəlirli sahələrini, o cümlədən də turizmin inkişafına daha yaxşı şərait yaratmaqla artan tələbatı qarşılamaq mümkündür. “Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















