Azərbaycanın kənd təsərrüfatı naziri FAO nun 44 cü sessiyasında iştirak edir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 30 iyun, AZƏRTAC
İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 44-cü sessiyası öz işinə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, sessiyaya 90-dan çox ölkənin ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. İyulun 4-dək davam edəcək tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iştirak edir.
Sessiyanın açılış mərasimində çıxış edən FAO-nun Baş direktoru Qu Donqyu bildirib ki, artan çağırışlar fonunda innovasiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatının transformasiyası mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, aqrar sahədə dayanıqlı inkişaf və məhsuldarlığın artırılması iqlimə uyğun ağıllı və rəqəmsal kənd təsərrüfatının qurulmasını labüd edir.
FAO-nun 44-cü sessiyası çərçivəsində keçirilən “Ərzaq təhlükəsizliyi üçün innovasiyaların təşviqi” mövzusunda plenar iclasda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan hökumətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirdiyi tədbirlərdən söz açıb. O qeyd edib ki, Azərbaycan sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları və strategiyaları Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdıran ilk ölkələrdəndir. Həyata keçirilən tədbirlər nəticəsində dayanıqlı aqro-ərzaq sisteminin formalaşdırılması, milli qida sistemlərimizin transformasiyasında nəzərəçarpacaq irəliləyiş əldə olunub.
Qlobal iqlim dəyişikliyinin bütün dünyada kənd təsərrüfatı məhsullarının istehsal prosesinə təsir etdiyini deyən nazir Məcnun Məmmədov ölkəmizdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqlimə uyğun kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb: “Bugünkü aqroərzaq sistemləri getdikcə daha təkmilləşən qlobal tələblərə cavab vermək üçün texnologiyanın daha dəqiq və səmərəli istifadəsi ilə uyğunlaşmalıdır. Bununla belə, birgə fəaliyyət və səylər torpaq və su ehtiyatlarının səmərəli planlaşdırılması və düzgün idarə edilməsi ilə tamamlanmalıdır”.
Nazir Məcnun Məmmədov ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub.
Rəqəmsallaşdırılmış, innovasiyaya əsaslanan kənd təsərrüfatının iqlimə uyğunlaşma və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında mühüm rol oynadığını deyən Məcnun Məmmədov Azərbaycan hökumətinin iqlimə davamlı aqro-ərzaq sistemlərinin inkişafına böyük sərmayə yatırdığını diqqətə çatdırıb. Bu investisiyaların əhəmiyyətli bir hissəsi rəqəmsallaşma və ağıllı kənd təsərrüfatına yönəldilib. Dövlət dəstəyi mexanizmləri müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş fəaliyyəti stimullaşdırır. Bununla yanaşı, Azərbaycan hökuməti işğaldan azad edilmiş və yaşıl enerji zonaları elan edilmiş əraziləri “ağıllı şəhərlər” və “ağıllı kəndlər” konsepsiyalarına uyğun olaraq yenidən qurur, iqlimə uyğun kənd təsərrüfatı siyasəti bu ərazilərin inkişafının tərkib hissəsini təşkil edir.
Nazir transformasiya yolu ilə davamlı aqro-ərzaq sistemlərinin quruluması üçün qlobal əməkdaşlığın vacib olduğunu, Azərbaycanın bu istiqamətdə qlobal səyləri dəstəklədiyini və müvafiq çoxtərəfli platformalar vasitəsilə fəal əməkdaşlığa hazır olduğunu bəyan edib.
Tədbirdə çıxış edən natiqlər aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatında məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, keyfiyyətli məhsul istehsalı, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz fikirlərini bölüşüblər.


