Azərbaycanın “yaşıl” diplomatiyası COP hərəkatını yeni çağırışlarla zənginləşdirib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qlobal iqlim dəyişmələrinin yaratdığı problemlərin miqyası genişləndikcə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ekoloji tarazlığın qorunması, maliyyə resurslarının səfərbər edilməsi və “yaşıl” iqtisadiyyata keçidin sürətləndirilməsi dünya dövlətləri qarşısında dayanan əsas vəzifələrdən birinə çevrilir.
İqlim dəyişmələri artıq təkcə ətraf mühitlə bağlı məsələ deyil, həm də iqtisadi təhlükəsizlik, ərzaq təminatı, sosial rifah, enerji siyasəti və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərən qlobal çağırışdır. Belə bir şəraitdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları beynəlxalq ictimaiyyətin ortaq mövqeyinin formalaşdırılması, konkret öhdəliklərin müəyyənləşdirilməsi və iqlim fəaliyyətinin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Türkiyənin Antalya şəhərində noyabrın 9-20-də keçirilən COP31 də bu baxımdan diqqət mərkəzində oldu. Konfransda qalıq yanacaqlardan istifadənin gələcəyi ilə bağlı ümumi razılığın əldə edilməməsi qlobal iqlim danışıqlarında hələ də ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərdi. Bununla belə, iqlim maliyyəsi, iqlim dəyişmələrinə uyğunlaşma və ədalətli keçid istiqamətlərində 36 birgə qərarın qəbul edilməsi beynəlxalq əməkdaşlığın davam etdirilməsi baxımından mühüm nəticə kimi qiymətləndirilə bilər.
COP31-in nəticələri göstərdi ki, qlobal iqlim gündəliyində əsas məsələlərdən biri emissiyaların azaldılması ilə bağlı hədəflərin müəyyənləşdirilməsi, eyni zamanda, ölkələrin iqlim dəyişmələrinin qaçılmaz xarakter almasını diqqətə çatdıran sənədin hazırlanmasıdır. Bu baxımdan Paris Sazişinin həyata keçirilməsində irəliləyişlərin qiymətləndirilməsi üçün nəzərdə tutulan “Belem uyğunlaşma göstəriciləri üzrə Yol Xəritəsi”nin qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, ən az inkişaf etmiş ölkələrin milli uyğunlaşma planlarının reallaşdırılmasına dəstək məqsədilə tətbiq platformasının yaradılması iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizədə imkanları məhdud olan dövlətlərin ehtiyaclarının nəzərə alınması baxımından əhəmiyyətlidir. Çünki iqlim böhranının nəticələri bütün ölkələr üçün eyni xarakter daşımır. Maliyyə və texnoloji imkanları zəif olan dövlətlər təbii fəlakətlər, su qıtlığı, quraqlıq və digər ekoloji problemlər qarşısında daha həssas vəziyyətdədir.
İqlim maliyyəsi və qlobal məsuliyyət
COP31-in diqqətçəkən nəticələrindən biri də iqlim maliyyəsi üzrə razılaşmaların davam etdirilməsi olub. Paris Sazişinin 9-cu maddəsinə əsasən qəbul edilmiş 2 illik Fəaliyyət Proqramının 2027-2028-ci illərdə maliyyələşdirilməsi və icra qaydaları ilə bağlı razılığın əldə olunması inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələrə dəstək öhdəliklərinin həyata keçirilməsi üçün konkret çərçivənin formalaşdırılması baxımından əhəmiyyətlidir.
İqlim maliyyəsi məsələsi beynəlxalq danışıqlarda uzun müddətdir müzakirə olunan, lakin əməli icrası ilə bağlı çətinliklər yaradan əsas istiqamətlərdən biridir. İnkişaf etməkdə olan ölkələrin enerji sistemlərini yeniləməsi, bərpaolunan enerji mənbələrinə investisiya yatırması, iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşması və ekoloji dayanıqlığını artırması böyük maliyyə resursları tələb edir. Bu baxımdan maliyyə öhdəliklərinin konkret mexanizmlərlə müşayiət olunması qlobal iqlim fəaliyyətinin nəticəyönümlülüyünü artıran amildir.
İtki və Zərər Fondunun (İZF) fəaliyyəti ilə bağlı əldə olunan irəliləyişlər də bu baxımdan xüsusi qeyd edilməlidir. İqlim dəyişmələrinin ağır nəticələri ilə üzləşən dövlətlərə maliyyə dəstəyi göstərmək məqsədilə yaradılan İZF çərçivəsində 119 inkişaf etməkdə olan ölkədən, ümumilikdə, 2,8 milyard dollar həcmində 176 maliyyələşdirmə müraciətinin daxil olması problemin miqyasını və beynəlxalq dəstəyə olan ehtiyacı aydın nümayiş etdirir.
Bu məsələnin Azərbaycanın iqlim diplomatiyası ilə də mühüm əlaqəsi var. Çünki ölkəmiz COP29-a sədrliyi dövründə iqlim dəyişmələrinin mənfi təsirlərindən daha çox əziyyət çəkən kiçik ada dövlətlərinin, Afrika ölkələrinin və digər həssas dövlətlərin problemlərini beynəlxalq müzakirələrin ön sırasına çıxarmışdı.
COP31-də diqqətçəkən digər istiqamət ədalətli keçid mexanizminin hüquqi əsaslarının müəyyənləşdirilməsi olub. Ədalətli keçid üzrə İş Proqramının müddətinin 3 il uzadılması və müvafiq mexanizmin 2027-ci ildə fəaliyyətə başlaması üçün cədvəlin müəyyənləşdirilməsi isə enerji dəyişikliyinin sosial-iqtisadi nəticələrinin nəzərə alınmasına xidmət edir.
Əslində, aşağıkarbonlu iqtisadiyyata keçid təkcə ənənəvi enerji mənbələrindən imtina və bərpaolunan enerji istehsalının artırılması ilə məhdudlaşmır. Bu proses əmək bazarının yenidən qurulmasını, yeni peşə və ixtisasların formalaşdırılmasını, investisiyaların istiqamətləndirilməsini, enerji sektorunda çalışan insanların sosial müdafiəsinin gerçəkləşdirilməsini də tələb edir. Buna görə də ədalətli keçid prinsipi “yaşıl” iqtisadiyyatın dayanıqlı inkişafı üçün mühüm şərtlərdən biridir.
COP31-də bu istiqamətdə qəbul edilən qərarlar göstərir ki, beynəlxalq ictimaiyyət enerji keçidinin təkcə ekoloji deyil, həm də sosial və iqtisadi tərəflərinə daha çox diqqət yetirməyə başlayıb.
COP29 – “yaşıl” yürüşdə tarixi zirvə
COP31-in nəticələrini dəyərləndirərkən 2 il əvvəl Bakıda keçirilən COP29-un əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Çünki Azərbaycan bu mötəbər beynəlxalq tədbirə evsahibliyi etməklə yanaşı, uzun müddət həllini gözləyən bir sıra mürəkkəb məsələlərin razılaşdırılmasına nail olmaq üçün fəal diplomatik mövqe nümayiş etdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, məsuliyyətli iştirakçı və qlobal problemlərin həllinə töhfə verən dövlət kimi mövqeyini daha da möhkəmləndirdi.
2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçirilən COP29-da 70 mindən çox iştirakçının, 80-ə yaxın dövlət və hökumət başçısının iştirakı tədbirin beynəlxalq miqyasını və Azərbaycana göstərilən etimadı təsdiqlədi. Konfrans çərçivəsində 52 məsələ üzrə qərarların qəbul edilməsi isə Azərbaycanın sədrliyinin nəticəyönümlü xarakterini nümayiş etdirdi.
COP29-un ən mühüm nəticəsi iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbul edilməsi oldu. Bu qərara əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan dövlətlərə iqlim fəaliyyəti üçün 2035-ci ilədək hər il azı 300 milyard dollar maliyyə vəsaiti səfərbər etməyə çağırıldılar. Bununla yanaşı, dövlət və özəl sektorun bütün mənbələrindən iqlim maliyyəsinin illik həcminin 2035-ci ilədək 1,3 trilyon dollara çatdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi nəzərdə tutuldu.
Bu razılaşma əvvəlki 100 milyard dollarlıq illik maliyyə hədəfi ilə müqayisədə əhəmiyyətli irəliləyiş idi. Əlbəttə, maliyyə hədəflərinin qəbul edilməsi onların avtomatik şəkildə tam icrası demək deyil. Lakin Bakıda əldə olunan razılaşma inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələri ilə mübarizə üçün zəruri resurslara çıxışının genişləndirilməsi istiqamətində mühüm siyasi və institusional zəmin yaratdı.
COP29-un digər tarixi nailiyyəti Paris Sazişinin 6-cı maddəsi üzrə beynəlxalq karbon bazarlarının fəaliyyət mexanizmlərinin razılaşdırılması oldu. Təxminən 10 il çəkən müzakirələrdən sonra əldə edilən bu razılaşma dövlətlər arasında karbon kreditlərinin mübadiləsi və emissiyaların azaldılması layihələrinin maliyyələşdirilməsi üçün yeni imkanlar açdı.
Karbon bazarlarının fəaliyyətinin gerçəkləşdirilməsi iqlim öhdəliklərinin daha səmərəli və iqtisadi baxımdan əlverişli şəkildə yerinə yetirilməsinə, inkişaf etməkdə olan ölkələrə əlavə investisiyaların yönəldilməsinə şərait yarada bilər. Bu, həm də özəl sektorun iqlim fəaliyyətində iştirakını genişləndirən mühüm mexanizmdir.
Bakı konfransında İZF-nin tam fəaliyyətə başlaması üçün zəruri hüquqi mexanizmlərin razılaşdırılması da Azərbaycanın sədrliyinin mühüm nəticələrindən biri kimi tarixə düşdü. Bununla yanaşı, “Bakı Uyğunlaşma Yol Xəritəsi”nin və “Uyğunlaşma üzrə Yüksək Səviyyəli Bakı Dialoqu”nun yaradılması, “Bakı Qlobal İqlim Şəffaflığı Platforması”nın təşviqinin diqqətdə saxlanılması ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi töhfələri daha da genişləndirdi.
Beləliklə, COP29 təkcə iqlim maliyyəsi ilə bağlı yeni hədəflərin müəyyənləşdirildiyi beynəlxalq tədbir olmadı. Bakı konfransı iqlim fəaliyyətinin maliyyələşdirilməsi, karbon bazarlarının təşkil edilməsi, uyğunlaşma, şəffaflıq və həssas dövlətlərə dəstək göstərilməsi kimi bir-biri ilə əlaqəli istiqamətlərdə mühüm qərarların qəbul edildiyi platformaya çevrildi.
Bakının çağırışları aktuallığını saxlayır
COP29-un başa çatmasından sonra Azərbaycanın iqlim gündəliyindəki fəallığını qoruyub saxlaması ölkəmizin bu sahədəki siyasətinin müvəqqəti tədbirlə məhdudlaşmadığını göstərir. Azərbaycan COP29-a sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərin davam etdirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə və qlobal iqlim proseslərinə töhfələrin artırılmasına xüsusi diqqət yetirir.
Bu baxımdan Azərbaycanın Antalya şəhərində keçirilən COP31-də iştirakı da mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Ölkəmiz artıq COP29 təcrübəsinə malik dövlət kimi iqlim maliyyəsi, enerji keçidi, ekoloji dayanıqlılıq və beynəlxalq əməkdaşlıq məsələlərində öz mövqeyini bölüşmək imkanına sahibdir.
Azərbaycanın üstünlüklərindən biri də enerji təhlükəsizliyi ilə “yaşıl enerji keçidi”ni bir-birinə qarşı qoymadan, bu 2 istiqamətin paralel inkişafını təmin etməyə çalışmasıdır. Ölkəmiz ənənəvi enerji resurslarının ixracatçısı olmaqla yanaşı, bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində də genişmiqyaslı layihələr həyata keçirir.
Xəzər dənizinin külək enerjisi potensialı, Günəş enerjisi layihələri, enerji infrastrukturunun yenilənməsi, elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi və “yaşıl” enerji dəhlizlərinin yaradılması Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərindən biridir. 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin ölkənin ümumi quraşdırılmış elektrik enerjisi gücündə payının 34 faizə çatdırılması hədəfi də bu siyasətin konkret göstəricisidir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və bərpa prosesində ekoloji yanaşmaların, alternativ enerji mənbələrinin və müasir texnologiyaların tətbiqi də ölkəmizin “yaşıl inkişaf strategiyası”nın mühüm tərkib hissəsidir. Bu ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının reallaşdırılması Azərbaycanın iqlim öhdəliklərini daxili inkişaf prioritetləri ilə uzlaşdırdığını göstərir.
Digər tərəfdən, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi mövqeyi və bərpaolunan enerji sahəsində artan potensialı ölkəmizin beynəlxalq iqlim müzakirələrində fərqli təcrübə təqdim etməsinə imkan verir. Bu təcrübə enerji keçidinin hər bir dövlətin iqtisadi imkanları, enerji balansı və sosial ehtiyacları nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyini ortaya qoyur.
Beləliklə, Antalyada keçirilən COP31 bir daha göstərdi ki, iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq konsensusun əldə olunması asan proses deyil. Qalıq yanacaqların gələcəyi ilə bağlı fikir ayrılıqlarının qalması, maliyyə öhdəliklərinin icrası və enerji keçidinin şərtləri ətrafında müzakirələrin davam etməsi qlobal iqlim siyasətinin hələ uzun yol keçməli olduğunu təsdiqləyir. Bununla belə, uyğunlaşma, maliyyələşmə və ədalətli keçid üzrə əldə edilən razılaşmalar beynəlxalq əməkdaşlığın davamlılığını qorumaq baxımından əhəmiyyətlidir.
Azərbaycanın bu prosesdəki rolu isə COP29-un nəticələri ilə məhdudlaşmır. Ölkəmiz qlobal iqlim gündəliyinin formalaşmasına verdiyi töhfələrlə yanaşı, qəbul edilmiş qərarların həyata keçirilməsində də beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirir.
Ən əsası, Bakı konfransı Azərbaycanın mürəkkəb beynəlxalq məsələlər üzrə dialoq qurmaq, fərqli mövqeləri yaxınlaşdırmaq və ortaq qərarların qəbuluna nail olmaq potensialını nümayiş etdirdi. Bu, ölkəmizin diplomatik nüfuzunun möhkəmlənməsi baxımından da əhəmiyyətli hadisədir.
V.BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















