Azərbaycanlılar ildə nə qədər ət yeyir?
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlıların süfrəsində ət mühüm yer tutur. Bəs ölkə əhalisi il ərzində orta hesabla nə qədər ət yeyir və son illərdə bu göstərici necə dəyişib?
Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə məlumatına görə, Azərbaycanda adambaşına il ərzində 44,9 kiloqram ət və ət məhsulları istehlak olunub. Bu, gündə orta hesabla təxminən 123 qram ət və ət məhsuluna, ayda isə təxminən 3,7 kiloqrama bərabərdir.
Son illərdə göstəricidə tədricən artım müşahidə olunur:
İl Adambaşına illik ət istehlakı 2021 41,2 kq 2022 42,1 kq 2023 43,5 kq 2024 44,9 kqBeləliklə, 2021-2024-cü illər ərzində adambaşına illik istehlak 3,7 kiloqram, yaxud təxminən 9 faiz artıb.
Ən çox hansı əti yeyirik?Dövlət Statistika Komitəsinin heyvandarlıq məhsulları üzrə daha detallı cədvəlində 2024-cü il üçün adambaşına istehlak belə göstərilir:
-Quş əti və ət məhsulları – 18,1 kq
-Mal əti və ət məhsulları – 16,9 kq
-Qoyun və keçi əti və ət məhsulları – 9,1 kq
-Donuz əti və ət məhsulları – 1,0 kq
Bu göstəricilərə əsasən, quş əti 2024-cü ildə adambaşına istehlakda ən böyük paya malik olub.
Burada diqqətçəkən məqam quş ətinin son illərdə artmasıdır. 2021-ci ildə adambaşına illik quş əti istehlakı 15,4 kiloqram olduğu halda, 2024-cü ildə bu rəqəm 18,1 kiloqrama yüksəlib. Mal əti üzrə göstərici isə 2021-ci ildəki 15,9 kiloqramdan 2024-cü ildə 16,9 kiloqrama çatıb.
İstehlak artır, amma idxal da yüksəlir
Ət istehlakındakı artım fonunda Azərbaycanın bu məhsul üzrə idxaldan asılılığı da diqqət çəkir.
Dövlət Statistika Komitəsinin 2024-cü il ərzaq balansına əsasən, həmin il ölkədə bütün növ ət və ət məhsullarının istehsalı 386,3 min ton, idxalı isə 78,5 min ton olub. Əhalinin şəxsi istehlak fondu 459,1 min ton təşkil edib.
Ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2024-cü ildə 83,4 faiz olub. 2023-cü ildə bu göstərici 85,3 faiz idi. Yəni bir il ərzində özünütəminetmə səviyyəsində azalma qeydə alınıb.
Bu rəqəmlər eyni zamanda idxalın daxili bazarın təminatında mühüm rol oynadığını göstərir. 2024-cü ildə ət və ət məhsullarının idxalı əvvəlki illə müqayisədə 66,8 min tondan 78,5 min tona yüksəlib.
Son illərdə nə dəyişib?
Ət istehlakının dinamikasına baxdıqda, 2019-cu ildə adambaşına istehlak 40,8 kiloqram olub. 2020-ci ildə də eyni səviyyədə qalan göstərici 2021-ci ildə 41,2, 2022-ci ildə 42,1, 2023-cü ildə isə 43,5 kiloqrama yüksəlib. 2024-cü ildə 44,9 kiloqrama çatıb.
Deməli, son illərdə Azərbaycan əhalisinin ət və ət məhsullarına olan istehlak göstəricisi ümumilikdə yüksələn xətt üzrə hərəkət edib.
Rəsmi statistikanın başqa bir göstəricisi də diqqət çəkir: 2024-cü ildə adambaşına 195 ədəd yumurta, 256,3 kiloqram süd və süd məhsulları və 8,3 kiloqram balıq və balıq məhsulları istehlak edilib.
Beləliklə, Azərbaycan ailəsinin qida rasionunda ət məhsulları əhəmiyyətli yer tutur. Statistik göstəricilər isə son illərdə adambaşına ət istehlakının artdığını, eyni zamanda daxili bazarın təminatında idxalın rolunun yüksəldiyini göstərir.
Samir Abdulla
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 Oktyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















