Icma.az
close
up
RU
Bayraq, yoxsa ifadə azadlığı: ABŞ ni silkələyən hadisə

Bayraq, yoxsa ifadə azadlığı: ABŞ ni silkələyən hadisə

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bu hissi sadəcə “emosional reaksiya” adlandırıb kənara qoymaq düzgün olmazdı. Dövlət rəmzləri millətin kollektiv kimliyinin hüquqi və mənəvi ifadəsidir. Ancaq konstitusiya hüququ bəzən bizi daha çətin sualla üz-üzə qoyur: İnsanların çoxunun son dərəcə təhqiredici hesab etdiyi bir hərəkət eyni zamanda siyasi ifadədirsə, dövlət onu cəzalandıra bilərmi? 1989-cu ildə ABŞ Ali Məhkəməsinin qarşısına çıxan Qreqori Li Conson işi (Texas ştatı Consona qarşı) məhz bu sualı bütün kəskinliyi ilə ortaya qoydu.
Dallasda yanan bayraq
1984-cü ildə ABŞ Respublikaçılar Partiyasının qurultayı Dallasda keçirilirdi. Ronald Reyqan ikinci prezidentlik müddəti üçün namizəd göstərilirdi. Qreqori Li Conson adlı etirazçı isə Reyqan administrasiyasının siyasətinə və bəzi iri şirkətlərə qarşı keçirilən siyasi nümayişdə iştirak edirdi. Yürüşün sonunda Dallas meriyasının qarşısında Amerika bayrağı yandırıldı.
Hadisənin mühüm hüquqi detalı var: bayrağın yandırılmasından heç kim fiziki xəsarət almadı və konkret ictimai qarşıdurma baş vermədi. Buna baxmayaraq, hadisəni görən şəxslərdən bəziləri bunu ciddi təhqir kimi qəbul etmişdilər. Conson Texas qanununa əsasən məhkum edildi və 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum olundu, sonra bu cəza 2000 dollar cərimə ilə əvəz edildi.
Bu nöqtədə Texas ştatının arqumentini də anlamaq vacibdir. Dövlət deyirdi ki, söhbət adi əşyadan getmir. Bayraq millətin və milli birliyin simvoludur. Dövlətin də bu simvolun toxunulmazlığını qorumaqda legitim marağı olmalıdır.
Bu fikir yalnız ABŞ-yə xas deyil və hüquqi baxımdan əsassız arqument sayılmır. Əksinə, dünyanın bir sıra demokratik ölkələrinin hüququnda dövlət bayrağının təhqirinə görə məsuliyyət mövcuddur. Məsələn, Almaniya Cinayət Məcəlləsinin 90a maddəsi Almani¬yanın bayrağının, gerbinin və himninin müəyyən formalarda təhqirini cinayət məsuliyyətinə səbəb olan əməl hesab edir. Fransada da üçrəngli bayrağın müəyyən şəraitdə ictimai şəkildə təhqirinə görə hüquqi məsuliyyət nəzərdə tutulur. Fransa Cinayət Məcəlləsinin 433-5-1-ci maddəsi dövlət tərəfindən təşkil və ya tənzimlənən tədbirdə milli bayrağın və ya himnin açıq təhqirinə görə cərimə, müəyyən hallarda isə azadlıqdan məhrum etmə nəzərdə tutur.
Ölkəmizə gəldikdə isə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ölkəmizdə İnzibati Xətalar Məcəlləsinin 584-cü maddəsinə əsasən isə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Deməli, məsələni sadələşdirib belə qoymaq olmaz: “Bayrağı qoruyan dövlət qeyri-demokratikdir, qorumağa icazə verməyən dövlət isə demokratikdir.” Konstitusiya sistemləri bu problemi müxtəlif cür həll edir.
ABŞ Ali Məhkəməsi niyə başqa nəticəyə gəldi?
İş 1989-cu ildə ABŞ Ali Məhkəməsinə çatanda doqquz hakim arasında dərin fikir ayrılığı yarandı. Qərar cəmi bir səs fərqlə qəbul edildi: 5 hakim Consonun xeyrinə, 4 hakim isə Texasın mövqeyinin lehinə səs verdi.
Çoxluğun mövqeyi belə idi: Consonun konkret şəraitdə bayrağı yandırması sadəcə əşyanın məhv edilməsi deyildi. Bu, siyasi nümayişin sonunda həyata keçirilmiş və aydın siyasi mesaj daşıyan ifadə xarakterli davranış idi. ABŞ konstitusiya hüququnda ifadə yalnız danışıq və yazı ilə məhdudlaşmır. Müəyyən davranış da siyasi fikir ifadə edirsə, Birinci Düzəlişin müdafiə dairəsinə düşə bilər.
Məhkəmə Texasın ictimai asayiş arqumentini də ayrıca araşdırdı. Əgər həmin hərəkət zorakılığa, qarşıdurmaya və ya yaxın təhlükəyə səbəb olsaydı, dövlətin müdaxiləsi üçün başqa hüquqi əsaslar meydana çıxa bilərdi. Lakin konkret hadisədə belə bir təhlükə müəyyən edilməmişdi.
Beləliklə, Ali Məhkəmə belə nəticəyə gəldi ki, Johnson əsasən hərəkətinin çatdırdığı mesaja görə cəzalandırılır. Məhkəmə məhz burada çox sərt bir prinsip irəli sürdü: dövlət bir ideyanı sadəcə cəmiyyətin böyük hissəsi onu qəbuledilməz və ya təhqiredici hesab etdiyi üçün qadağan edə bilməz. Bu yanaşmanın arxasında mühüm bir fikir dayanır: İfadə azadlığının ən böyük sınağı hamının xoşladığı fikirlər deyil, əksəriyyətin eşitmək istəmədiyi fikirlərdir. Amma məsələ bununla bitmir.
Dörd hakim niyə bununla razılaşmadı?
“Texas v. Johnson” işinin çox vaxt yalnız çoxluq qərarı danışılır. Halbuki müxalif mövqeni oxumadan bu işi tam anlamaq mümkün deyil. Baş hakim William Rehnquist, hakimlər Byron White və Sandra Day O’Connor çoxluğun nəticəsinə qarşı çıxdılar. Hakim John Paul Stevens də ayrıca müxalif rəy yazdı. Onların arqumenti son dərəcə maraqlı idi: Bayraq başqa siyasi simvollardan fərqlidir. O, müəyyən hökumətin, prezidentin və ya siyasi partiyanın simvolu deyil. Hakimiyyətlər dəyişir, prezidentlər dəyişir, partiyalar dəyişir, amma bayraq bütün xalqı və dövlətin davamlılığını təmsil edir. Başqa sözlə, bayrağı müdafiə edənlər belə soruşurdular: İfadə azadlığı insanın öz fikrini söyləmək imkanını qoruyursa, həmin insanın siyasi fikrini ifadə etmək üçün millətin ortaq rəmzini fiziki şəkildə məhv etməsini də mütləq qorumaq lazımdırmı?
Stevens xüsusilə vurğulayırdı ki, etirazçının öz fikrini ifadə etmək üçün saysız-hesabsız alternativ imkanları var. Bu arqumenti yüngül qəbul etmək çətindir. Çünki məsələ yalnız dövlətin hisslərindən deyil, milyonlarla insanın ortaq simvola verdiyi mənadan gedir.
Bayrağı sevmək hüquqi arqument ola bilərmi?
Burada hüquqla mənəviyyat bir-birinə toxunur. İnsan üçün bayrağın xüsusi mənası ola bilər. Əsgər üçün başqa, şəhid ailəsi üçün başqa, müharibə görmüş xalq üçün isə daha başqa. Bayrağa bağlılıq hüquqi analizdə “sadəcə emosiya” kimi təqdim edilə bilməz. Dövlət rəmzlərinin qorunması milli identikliyin və konstitusion dövlətçiliyin qorunmasının bir hissəsi kimi qəbul edilə bilər. Məhz buna görə Azərbaycan, Almaniya və digər ölkələrin demokratik hüquq sistemlərinin Amerika modelindən fərqli nəticələrə gəlməsi təəccüblü deyil.
Demokratiyanın vahid “bayraq modeli” yoxdur. Əsl konstitusion sual daha incədir: Dövlət rəmzinin qorunması ilə siyasi ifadənin azadlığı arasında proporsional sərhəd haradan keçir?
Azərbaycanda necədir?
Mövzuya Azərbaycan hüququ prizmasından baxdıqda ABŞ-nin qərarını olduğu kimi bizim hüquq sistemimizə köçürmək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi Dövlət Bayrağını Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri kimi təsbit edir. Daha əhəmiyyətlisi isə, Konstitusiyanın 75-ci maddəsi ayrıca müəyyən edir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir və dövlət rəmzlərinə hörmətsizliyin ifadəsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu, təsadüfi müddəa deyil. Azərbaycan konstitusiya qurucusu dövlət rəmzlərinə hörməti yalnız mənəvi davranış kimi deyil, konstitusion vəzifə səviyyəsinə qaldırıb.
Üstəlik, Azərbaycan bayrağının cəmiyyətimizdə daşıdığı mənanı ölkənin yaxın tarixindən ayırmaq mümkün deyil. Üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik yaddaşını, müstəqilliyimizin bərpasını, suverenliyimizi və ərazi bütövlüyümüzü ifadə edir. Son onilliklərin hadisələrindən sonra onun ictimai şüurdakı mənəvi çəkisi daha da artıb.
Bu səbəbdən ABŞ Ali Məhkəməsinin qərarını oxuyarkən belə bir yanlış nəticəyə gəlmək olmaz ki, “demokratiya varsa, dövlət bayrağını təhqir etmək mütləq cəzasız olmalıdır”. Müqayisəli konstitusiya hüququ bunun əksini göstərir.
Konqres Ali Məhkəmənin qərarını asanlıqla qəbul etmədi
“Texas v. Johnson” işi ilə bağlı qərarından sonra ABŞ cəmiyyətində və siyasətində ciddi etiraz başladı. Konqres həmin ilin özündə Flag Protection Act of 1989 – Bayrağın Qorunması Qanununu qəbul etdi. Ancaq iş yenidən Ali Məhkəməyə gəldi. 1990-cı ildə United States v. Eichman işində məhkəmə federal qanunu da yenə 5:4 səslə Birinci Düzəlişə zidd hesab etdi. Maraqlıdır ki, çoxluğun tərkibi dəyişmədi. Bu fakt özü göstərir ki, söhbət Amerika cəmiyyətində hamının qəbul etdiyi bir qərardan getmirdi. Əksinə, məsələ ölkəni hüquqi və siyasi baxımdan iki yerə bölmüşdü.
Hətta Konstitusiyanın dəyişdirilməsi gündəmə gəldi. 2006-cı ildə bayrağın fiziki təhqirini qadağan etməyə imkan verəcək konstitusiya dəyişikliyi Senatda qəbul olunmağa çox yaxınlaşdı. Lakin lazım olan üçdə iki çoxluğa cəmi bir səs çatmadı.
Bu detal xüsusilə vacibdir. ABŞ-dakı bayraq yandırma azadlığını “amerikalılar bayraqlarına əhəmiyyət vermirlər” kimi izah etmək tarixi gerçəkliyi tamamilə təhrif edərdi. Əksinə, ABŞ-da da bayrağın təhqirinə qarşı çox güclü ictimai və siyasi müqavimət mövcud olub. Mübahisə bayrağın dəyərli olub-olmaması haqqında deyildi. Mübahisə həmin dəyərin hansı hüquqi vasitə ilə qorunması haqqında idi.
Hakim niyə bu qədər maraqlıdır?
İşin bəlkə də ən düşündürücü tərəfi hakim Antonin Scalia ilə bağlıdır. O, Amerika hüquq tarixinin ən tanınmış mühafizəkar hakimlərindən, originalizm və tekstualizmin ən güclü müdafiəçilərindən biri olub. Scalia ABŞ Ali Məhkəməsinin məşhur mühafizəkar hakimlərindən biri idi və bayraq yandırılmasını şəxsən son dərəcə mənfi qarşılayırdı. Amma həm Texas v. Johnson, həm də United States v. Eichman işlərində bayraq yandırılmasını ifadə azadlığı çərçivəsində müdafiə edən beş hakim arasında Scalia da vardı.
İllər sonra 2015-ci ilin noyabrında Filadelfiyada Union League-də keçirilən tədbirdə fikrini özünəməxsus sərt yumorla ifadə etdi: “Mənim əlimdə olsaydı, Amerika bayrağını yandıran sandal geyinmiş, saqqalı məxluqların hamısını həbsə atardım”. Sonra isə o, bütün hekayəni dəyişdirən dörd söz əlavə etdi: “But I am not king” - “Amma mən kral deyiləm”.
Scalianın bu sözlərini “bayraq yandırmağın tərifi” kimi oxumaq səhv olardı. Əslində, tam əksinə. O demirdi ki, bayrağı yandırmaq yaxşı hərəkətdir. Əksinə, bundan nifrət etdiyini gizlətmirdi. Amma onun şəxsi nifrəti hüquqi norma deyildi. Hakim istədiyi nəticəyə çatmaq üçün Konstitusiyanın mənasını dəyişə bilməzdi. Burada hüquqi dövlətlə şəxsi hakimiyyət arasındakı sərhəd görünür: Kral “mən belə istəyirəm” deyə bilər. Konstitusiya hakimi isə “mən belə istəyirəm, amma hüquq buna icazə vermir” deməyi bacarmalıdır. Məhz buna görə Scalianın mövqeyi bu işi sadəcə ifadə azadlığı işi olmaqdan çıxarır və hakimlik fəlsəfəsinin nümunəsinə çevirir.
Hüququn aliliyi insanın özünə sərf edən qərara tabe olması deyil. Əsl sınaq hakimiyyət sahibinin öz arzularının əleyhinə olan qaydaya da tabe olmasıdır.
Burada qəribə bir paradoks yaranır.
Texas v. Johnson işi iki güclü dəyəri üz-üzə qoyur. Bir tərəfdə: Vətən, bayraq, milli birlik, tarixi yaddaş və dövlət rəmzinə hörmət. Digər tərəfdə: siyasi fikir, etiraz hüququ və dövlətin insanı fikrinə görə cəzalandırmasının qarşısının alınması.
Bunlardan birini “yaxşı”, digərini “pis” elan etməklə məsələni həll etmək mümkün deyil. Bayrağı qorumaq istəyən insan avtomatik olaraq ifadə azadlığının düşməni deyil. Eyni şəkildə, Texas v. Johnson qərarını hüquqi baxımdan müdafiə edən adam da avtomatik olaraq bayrağa hörmətsiz yanaşan biri deyil. Hətta qərarın özü bunun ən maraqlı sübutunu verir.
Çoxluğa qoşulan hakim Anthony Kennedy nəticənin onun üçün ağır olduğunu gizlətmirdi. O, açıq şəkildə etiraf edirdi ki, “nəticə ona emosional baxımdan xoş deyil. Bayrağın əsgərlər və ölkə üçün nə demək olduğunu anlayır”. Amma sonra hakimlik peşəsinin mahiyyətini bir cümlə ilə belə ifadə etmişdi: “Bəzən xoşagəlməz qərarları verməli oluruq”. Onun məntiqinə görə, hakim bəzən şəxsən bəyənmədiyi nəticəyə Konstitusiyanın tələbi hesab etdiyi üçün gəlməli olurdu.
Əsas sual “bayrağı yandırmaq olarmı?” deyil
Bu hadisəyə yalnız həmin sualla baxsaq, mövzunun böyük hissəsini itirərik.
Daha maraqlı suallar bunlardır:
Dövlət hansı simvolları xüsusi hüquqi müdafiə edə bilər?
İfadə azadlığı davranışları nə qədər əhatə etməlidir?
Cəmiyyətin dərin mənəvi incikliyi hüququ məhdudlaşdırmaq üçün yetərli əsasdırmı?
Dövlət rəmzinə hörmət özü konstitusion dəyər sayıla bilərmi?
Və ən nəhayət: Bir ölkədə düzgün hesab edilən konstitusion balans başqa ölkədə də mütləq düzgün olmalıdırmı?
Sonuncu sual xüsusilə vacibdir. Cavab böyük ehtimalla “xeyr”dir.
ABŞ-nin Birinci Düzəliş ənənəsi öz tarixi və hüquqi doktrinasından yaranıb. Almaniyanın yanaşması öz tarixi təcrübəsi ilə formalaşıb. Fransanın yanaşması başqadır. Azərbaycan Konstitusiyası isə dövlət rəmzlərinə hörməti birbaşa vətəndaşın konstitusion vəzifəsi kimi müəyyən edir. Müqayisəli konstitusiya hüququnun mənası da ölkələrin bir-birini kor-koranə təkrarlaması deyil. Əksinə, fərqli modelləri yanaşı qoyaraq hər bir hüquq sisteminin hansı dəyərlərə niyə üstünlük verdiyini anlamaqdır.
Bayrağı azadlığa qarşı qoymaq lazım deyil
1984-cü ildə Dallasda bir bayraq yandırıldı. Alov bir neçə dəqiqə çəkdi. Amma onun doğurduğu konstitusion mübahisə onilliklərlə davam etdi. Bir nəfər azadlıqdan məhrum edildi, sonra isə cəzası cərimə ilə əvəz olundu. Məhkəmələr fərqli qərarlar verdi. ABŞ Ali Məhkəməsi 5:4 nisbətində bölündü. Konqres yeni qanun qəbul etdi. Ali Məhkəmə onu da 5:4 səs ilə ləğv etdi. Sonra Konstitusiyanı dəyişdirmək istədilər və Senatda cəmi bir səs çatmadı.
Bütün bunlar bir şeyi göstərir: Bayraqla azadlıq arasındakı münasibət sadə məsələ deyil. Və bəlkə bu hadisədən çıxarılacaq ən sağlam nəticə heç də “bayrağı yandırmaq azadlıqdır” cümləsi deyil. Daha doğru nəticə budur: Hər bir dövlət həm azadlığı, həm də öz konstitusion kimliyini qorumağın hüquqi sərhədlərini müəyyən etməlidir.
Azərbaycan üçün üçrəngli bayraq müstəqilliyimizin və suverenliyimizin ən ali rəmzlərindən biridir və ona hörmət Konstitusiyanın özünün müəyyən etdiyi vəzifədir. Texas v. Johnson isə bizə başqa bir dövlətin həmin sərhədi necə müəyyən etdiyini göstərən maraqlı konstitusiya laboratoriyasıdır.
Onunla razılaşmaq məcburiyyətində deyilik. Hətta onunla ciddi şəkildə mübahisə edə bilərik. Amma məhz buna görə onu öyrənmək dəyərlidir. Çünki konstitusiya hüququnun ən maraqlı mövzuları bütün cavabların əvvəlcədən bəlli olduğu məsələlər deyil. Əsl hüquqi düşüncə çox vaxt iki dəyərli prinsip bir-biri ilə toqquşanda başlayır.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin "Ümumi Hüquq" kafedrasının müəllimi, hüquqşünas
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Avqust 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see336

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see298

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see281

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see279

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see277

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see274

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see261

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see248

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see248

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see244

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see237

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see234

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see232

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see231

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see225

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see220

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see220

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see190

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see187

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri