Icma.az
close
up
RU
Bəs kim içəcək bizim araqları? Xosrov Natilin yeni şeirləri

Bəs kim içəcək bizim araqları? Xosrov Natilin yeni şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Xosrov Natilin yeni şeirlərini təqdim edir


Məndən bir kimsəyə salam söyləmə

Ərtoğrul Cavid

Azər Turana minnətdarlıqla
Məndən bir kimsəyə salam söyləmə
Anam, qıyma azar qəddimi əyə
De ki, həkim ona “olmaz” deyibdi
Danışmaq qadağan olub xəstəyə.
Məndən bir kimsəyə salam söyləmə
Demə ki, yuxusu çəkilib ərşə
Demə, ciyərparam yarımcan olub
De ki, şəkil çəkir, yazır həmişə.
Demə, çiçəklərin bənizi qaçıb,
Limon sarısıdı yaşıl ləçəyi
demə, bir yataqdı, bir alçaq tavan,
Demə elə budu ta görəcəyi
De ki, üzülməsin Turan bacım da
De ki, baxmasınlar bu haya küyə
Tiflisin yolları vərəmliyibdi
De ki, gələ bilməz indi Bakıya
Demə, halı pisdi, hərbi həkimlər
Yaxşı dolanmırlar 24 yaşla
Acı dərmanları, acı həbləri
Ona içirirlər dava, dalaşla
Məndən salam demə nar ağacına
Demə, qan rəngində qanı qaradı
Nalbənd ağacıyam indi bu saat
Ümidsiz yollarım Naxçıvanadı.
Gecəsi-gündüzü qarışıb daha
Demə, ümidi yox dura ayağa
Nə Ay aylığında, öz yerindədi
Nə də Günəş düşür soyuq yatağa.
Məndən salam demə yada, yaxına
Onsuz xeyri yox mində birinin
Ağızdan çıxanı yellər aparır
Salamın almırlar “xalq düşməni”nin.
Ata “xalq düşməni” oğul vərəmlı-
Ana, and verirəm atam Hüseynə.
Eşit, qurban olum, son xahişimi
Məndən bir kimsəyə “salam” söyləmə.

***

Məndən böyük şair olarmı…

Eldar Baxış
Sən böyük şairsən, dostum, qardaşım
Sən böyük şairsən, sənə min alqış
Allah qəni-qəni rəhmət eləsin,
Allah rəhmət eləsin sənə, ay Eldar Baxış
Allah rəhmət eləsin Sarı aşığa
Allah rəhmət eləsin Nazim Hikmətə
O biri dünyanı qoy Allah versin
Valexo Sezar da gedib rəhmətə
"Məndən böyük şair olarmı?" - dedin
Sən azadlıq dedin, yalanmı dedin?!
Dediyin hər sözü düzünə dedin
Gözünün içinə - üzünə dedin
"Niyə getmək olmur Vyetnama?" - dedin,
"Niyə getmək olmur Parisə?" - dedin,
"Niyə getmək olmur Təbrizə?" - dedin.
Yarpaq yaşılını tanıyır indi,
Tanıyır zairli, tanıyır çinli,
Yazıq fələstinli, suriyalı da,
Yaxşı tanıyırlar səni, ay qardaş
Sən umudun oğlu, Baxışın oğlu
Bir uzaq kəndlinin sarışın oğlu
Dinclik tərəfkeşi - barışın oğlu
Cılız şairlərin quluncu qırıq
Səni sevə bilməz ha bu şairlər.
Bu xala şairlər, bibi şairlər
Naftalin şairlər - zibil şairlər
Səni sevə bilməz qoyun şairlər
Adı qulağına dəyən şairlər
Aşsüzən şairlər, ləyən şairlər
Hər həftə qəzetdə üzən şairlər
Ucuz yeməkxana, çay evlərində
Dartına dartına gəzən şairlər
Sənin yerişini yeriyə bilməz
Sən böyük şairsən, ay Eldar Baxış
Sən böyük şairsən, dostum, qardaşım
Sən böyük şairsən, sənə min alqış.
***

Melisanın adına bağışlayıram
Nəvəmlə gəlirəm hər gün məktəbdən
Məktəbin önüdü - gözləmə zalım.
Yaş ötüb, hərdənbir çıxıram təbdən
“Yenə harda qaldı şəkərim, balım”
- Günaydın, gül balam, neçə dərs keçdin
Bəs niyə gec qaldın dünənki təki
- Tənəffüs indicə bitdi, ay baba
İndicə vuruldu bu dərsin zəngi-.
Hələ ki, yaşları bir rəqəmlidi
Hələ sevimlidi müəllimləri.
Çantasında su kimi, kətə kimi
gəzdirir “sağ ol”u, “afərin”ləri
Ağır çantasını alıb çiynimə
Keçirik hər fəsil qışı, payızı.
Keçirik zolaqlı işıqfor yoldan,
Bir gün yaşıl olur, bir gün qırmızı.
Uşaqlar böyüyür məktəb yolunda,
tükənir dəftərdə iz hələm-hələm.
Uşaqlar böyüyür, amma yenə də,
Oyuncaq görünür əlində qələm.

Qaşaltı lövhələri...

1.

Qaşaltıda səkilər çoxdan tanışdı sənə,
Şəklini tanıyır abelya çiçəkləri.
Ağappaq ləçəklərin ətrini yayır külək
Saçlarına su atıb bəlkə də, fəvvarələr.
Isveçrə üsulu ilə düzülən yeməklərin dadı qalmıyıb düzü
Başağrısından başqa bir şey deyil.
Səhər, günorta, axşam rejimlə yeyilən salat
Dadını itirib mövsümü meyvələr də.
Rəngli işıqfor kimi
Yaşıl boyanır hər yan, qəfil narıncı, sarı,
Yuxarı mərtəbələrdə reklamlar yanıb-sönür
Əyləncə mərkəzində ... rok səsi doyuzdurur gecəni.
Cırtdanboy qızılgüllər,
Yol boyu yollaşan çinar ağacları,
Yerə yatımlı ardıc kolları, gözəl katalpalar
və butalı, butasız su mənzərəsi –
Arizon sərvidi Qaşaltının brendi


2.

Arxamca sönür dəhlizində işıqlar
Önümdə çilçıraq, qamaşır gözüm.
Düşüb ayağıma xalı, xalçalar
Qapımı sim-sim açır, pəncərəni özüm,
Maaşların artımı, bir az idman günlüyü
Yeməklərin çeşidi, adamların mövzusu
Qəhvəyi izlər düşüb mərmər pillələr üstə
Şərqdə də, Qərbdə də mazut qoxusu
Türk hamamında yuyunur qaralar, ağlar
Buxar qazanında bişir qərib arzular
Ağzıgünə qalıb mini meydanda
təklikdən darıxan bəzəkli toplar
Şüalar, dalğalar, yeni metodlar
üstələyib itburnunu, gicitkəni, kəvəri
Nöyüt qoxusundan qaçan adamlar
Nöyütlə yuyurlar bədənlərini
Başıbağlı xalatda kürklü qadınlar,
gah belindən, ayağından gileyli.
Əcnəbi kişilər - tütün kişilər
uzadır vaxtını əyləncələrin.

***

Bu gün səhərə yaxın ...
sübh yazısı oxuyuram bu gecənin sonunda
min ilin yuxusuzu, gözlərim qan ağlayır.
Gözlərim acışır, kirpiyim yaşdı
Oda qalanıb odam, boğuluram tüstünə
Əllərinin şəklini göndər mənə, gözəlim
Öpüb qoyaram hər gün gözlərimin üstünə
Pəncərədə pərdələr lay-lay ikiqat olub
Boylanıram divarda lələkli tablolara
Çöldəki ağacların gözünü yağış tutub
"Şabran" oteldə sərvlər əski nəğmə oxuyur...
Əzizinəm, qol-boyun
Uzundan uzun boyum
Qarğıyım, anan ölsün
Gəlim, sənnən oynuyum
***

Bu gecənin 60-dan sonrakı bəlli yaşımda
yanımda əyləşən
çiynindən teli sürüşən
qələm qaşlı mələk qızına gülürdü uşaqlar
bir də
“Bravo”nun gülər gözlü hizmətçi qadını
Qaşqabağı yer süpürürdü qonşu stolda
lal-kar adamlar
kafedəki adamlar.
Elə həmin gün üzü gecəyə,
Gimnast arenasından bir az aralı
Xırdalandan gələn telefon zənginə
qəhqəhə çəkirdi yaxınlıqda köhnə araba.
Bir də
“Bravo”nun gülər gözlü hizmətçi qadını
Uzun qış gecəsiydi...
Məcnun sərvin adına ağız büzürdü adamlar,
Talenin gülüşünə bələnirdi vitrindəki manikenlər,
Bir də
“Bravo”nun gülər gözlü hizmətçi qadını.
***
Küçə-küçə gizlənirdi öz adım,
Tələbəydi,
hər addımım, hər izim.
təzə-təzə yol alırdım sevgiyə.
İçimdəki sevgilərim yaşa doldu,
Günlər keçdi, aylar oldu.
"Sevgi" adlı bu ünvanın əsl adı bəlli oldu,
"Sevgi" adlı bu ünvanın əsl adı Leyli oldu.
Pambıq-pambıq ağardırdı ümidimi,
O günüydü, payızıydı, yazıydı.
O gün mənim "sevgi" adlı ünvanıma,
Bu talenin yazacağı müdhiş alın yazıydı.
Qorxa-qorxa sökülürdü dan yeri,
Ümidsizdim...
sarı-sarı qamaşırdı gözlərim,
Barmağında qızıl ilan yatırdı.
O günüydü, payızıydı, yazıydı,
O gün mənim "sevgi" adlı ünvanımı,
viran qoyan qapqaraca kağızıydı...
***

Sabun iyi bürümüşdü şəhəri,
Sabir küçəsinin qanı qaraydı.
Tiyanını qalayırdı qırçılar,
Köpük-köpük bərkiyirdi damcılar,
Xəcalətdən tər tökürdü buludlar.
“Hophopnamə” vərəq vərəq uçurdu,
Gəncə çayı qurutmuşdu suyunu.
Susuz idi dəyirmanı quşların,
Bir zəmidə sürülməmiş şum idim.
Kəsik-kəsik səslənirdi qayçılar,
Qırılırdı sevənlərin qələmi.
Hörük-hörük qısalırdı saçları,
Hönkür-hönkür ağlayırdı söyüdlər.
Ay üzünə yaş tökürdü hörüklər,
Siyah-siyah xallanırdı döşəmə...
Bir sevdanın qara düyün günüydü,

Saçlarını kəsdirdiyin günüydü.

***


***
Bir dostum qürbətdən yazmışdı ki, bəs
Filankəs bəy küçə süpürür Amsterdam şəhərində.
Oturum alacaq neçə il sonra.
Sarı gödəkcədə, parlaq geyimdə
Şəhərin
Maşınları şütüyən küçələrində,
Adamları səllimi gəzən səkilərində,
“Qırmızı diplom”lu neçə oğlan..
Rəngəbərəng təmizlik qutuları
axşamı, erkən səhəri
Təmizlik işçiləri ağlıma gəldi.
Ağlıma gəldi ki, qərib peşəsidi süpürgəçilik.

***
Dünən bir məclisdə şərabçı dostlar,
Rus arağı içdilər.
Gürcüstan çaxırı içən də vardı,
Bəs kimlər içəcək bizim araqları,
çaxırı?
Üstünə it hürüb elə bil,
nə olacaq bizim şərabçıların axırı?

Fars dilində oxunan şeirə Səməd Vurğunun cavabı nə oldu? - Güney Azərbaycanın "Yumruğ"u Elə bil əllərim yox olub mənim... - Günün şeiri Yadigar Muradovun son vəziyyəti - Açıqlama
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri