Icma.az
close
up
RU
Bir həyat hekayəti Əlisəfdər Hüseynov yazır

Bir həyat hekayəti Əlisəfdər Hüseynov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əlisəfdər HÜSEYNOV

(Əvvəli qəzetimizin 12 avqust tarixli sayında)

Bayaqdan bu mənzərəyə baxan gəlin elə bilirdi ki, qayınanası inadından dönməyəcək, iki ayağını bir başmağa dirəyib elə dediyini deyəcək. Amma arvad dərhal təslim oldu, daha o yan-bu yan eləmədi, dodaqlarının altında nəsə mızıldana-mızıldana keçib öz həmişəki yerində - odun peçinin yarında yerə atılmış döşəkçənin üstündə oturdu. Və həmin o andaca gəlin bütün aydınlığı ilə dərk elədi ki, arvad nə qədər ki o döşəkçənin üstündə oturub, nə qədər ki, çörəyini, suyunu bu ocaqdan alır, nə qədər ki, onu həftədə bir dəfə iri teştin içində oturdub çimizdirən onu "filan yerimi yaxşı sürt, ay filan yerinə qara yara çıxmıış" deyə acılayır, qayını ilə baldızının planı baş tutmayacaq, ürəklərindən keçənlər içlərində qalacaq. Gəlinə də elə bu lazım idi.

Rəhmətlik qayınatasının da, indi ağır xəstə olan qayınanasının da yükünün ağırlığını o dalısallaq ifritə yox, məhz gəlin çəkmişdi. Bu od-ocağın istisinə də onun balaları qızınmalı idilər. Əgər Allah-Təala onun balaları üçün bu qapını açmışdısa, o qapıdan başqaları yox, məhz onun balaları keçməliydi - başqa cür ola bilməzdi.

- Ay bala, ay uşaq, ayağınızın altında ölüm, mənə bir fincan çay... - qayınanasının səsi eyvana yayıldı.

- Çay yoxdur, ay arvad. Qız gedib su dalınca, indi gələcək.

- Çox istəmirəm e, bircə qurtum, sən Həzrət Abbasın qara gözləri...

Gəlin özünü səbirli adam bilirdi. Di gəl, iş həmişə gəlib bu yerə çatanda dözə bilmir, az qalırdı dəli bir qiyyə çəksin. Canını dişinə tutub birtəhər susurdu, gözlərini döyə-döyə qayınanasının qurumuş, qanı, rəngi qaçmış sifətinə baxır, onu da, özünü də bu loya salana ürəyində qarğışdan don biçirdi. Qayınanasının ağlı qaçmışdı - burası məlum idi, lakin nədənsə gəlinə hərdən elə gəlirdi ki, qayınanasının bu şıltaqlıgı itmiş ağlın, daha doğrusu, ağılsızlığın yox, o dalısallağın, baldızının qurğusunun, fitnə-felinin nəticəsidir. Gəlini pisikdirmək, dost-düşmən arasında biabır eləmək üçün həftə səkkiz mən doqquz bu qapıya gəlib altdan-altdan nə hoqqalar çıxarmırdılar ki! "Anama baxmırsan", "Arvadı ac saxlayırsan,  incidirsən" kimi böhtanları eşitməkdən yazığın qulaqları döyənək olmuşdu. Hətta bir dəfə eltisi ilə baldızının arvada "Bircə o qalıb ki, səni vursun, sənə əl qaldırsın" demələrini öz qulaqları ilə eşitmişdi. Bu cür böhtanlara duruş gətirmək hər gəlinin hünəri deyildi. Bax beləcə qoparağını götürə-götürə qayınanasının başını yemiş, gəlini onun gözlərində şümrüyə, şeytana döndərmişdilər.

- Həzrət Abbasın qara gözlərinə and olsun çay yoxdur, qoy suyu gətirsin, dəmləyəcəm.

Arvad kiridi. Gəlin ürəyində qızının qarasına deyinə-deyinə içi yağlovca tavanı götürüb pilətənin üstünə qoydu. Üzü axşama gedirdi, yavanlıq hazırlamaq lazım idi. Bir azdan əri də qayıdacaqdı. Görünür, gədənin işinə görə ləngimişdi.

Gəlin pomidorların nisbətən əziklərindən seçib qabığını soydu, sonra tavaya bir az yağ atdı, pomidorları bıçaqla doğrayıb cızıldayan tavaya tökdü, dönüb masanın üstündən tavanın qapağını götürmək istəyəndə diksinib içini çəkdi - böyük oğlu əllərini cibinə qoyub qapının kandarında dayanmışdı.

Gəlin "bismillah" deyib oğluna təpindi:

- Ə, bir cınqırığını çıxarsana...

Dodaqlarında təbəssüm sayrışan Sahibin gözləri bic-bic gülürdü. Bu təbəssüm, gözlərindəki o ifadə ana-bala arasında yalnız onların özlərinə məlum olan simsarlığın təntənəsindən xəbər verirdi.

Gəlin baxışları ilə oğluna dedi ki, gir içəri. Sahib bir göz qırpımındaca mətbəxə keçib küncdə qoyulmuş köhnə masanın arxasında oturdu. Gəlin tavada bişən pomidoru qarışdırdı, sonra tələsik pilətənin  duxovkasını açdı, oradan üstünə nəlbəki çevrilmiş balaca dolma boşqabını götürüb oğlunun qabağına qoydu:

- Tez elə, uşaqlar gəlib görməsin.

Sahib nəlbəkini çevirdi boşqabda iki kotlet vardı.

Bir neçə saniyədən sonra marçıltı səsi tavada bişən pomidorun cızıltısına qarışdı.

- A bala, nə xəbərdir? Bir az yavaş da - gəlinin marçıltıdan xoşu gəlmirdi.

Marçıltı yalnız bir anlığa kəsildi:

- Axşam papadan soruş gör mənim işim nə oldu? 

Oğlunun danışığındakı göstəriş, diktə tərzi anasını çaşdırmadı,  əksinə, gəlinə görə elə belə də olmalıdır, oğlunun öz ağlı, bacarığı ilə qazandığı üstünlüyün barından bəhrələnməyə, ərköyünlüyə bacı-qardaşından, hətta atasından belə fərqlənməyə haqqı çatır. Hər halda gəlin belə fikirləşirdi. Ona görə də asdığı babat xörəklərdən böyük oğlu üçün əlavə bir qab çəkib gizlədəndə, oğlu da o xörəyi beləcə tələsik, ağzının marçıldada-marçıldada yeyəndə, ayaqqabının yaxşısını, paltarın gözəgəlimlilərini ona aldıranda qətiyyən sıxılıb eləmirdi. Oğlunun bu həyətə, bu ocağa hamıdan çox lazımlığı onun üçün də, əri üçün də sorğu-sualsız aydın bir həqiqət idi və uşağın indicə xəbər aldığı iş də həmin bu həqiqətin təsdiqi yolunda atılacaq zəruri addımlardan biri idi. Kəndin ağsaqqalı Ağalar kişi bir məclisdə demişdi ki, hayıfdır, bu uşağı zay eləməyin, molla Nəcəfqulu ilə danışın, qoy ondan dərs alsın, dinin incəliklərini öyrənsin, sonra da təzə açılan mədrəsələrin birində oxudun.  Kəndin ən hörmətli, mötəbər kişisinin uşağa verdiyi bu yüksək qiymət onu da, ərini da o qədər ruhlandırmışdı ki, elə həmin gün axşam qızğın müzakirələrdən, götür-qoydan sonra qərara almışdılar ki, bütün səylərini bu nəcib işə yönəltsinlər, molla Nəcəfqulunun ağzını arasınlar, lazım gəlsə, ona minnətçi düşsünlər.

Uşaq indi "mənim işim" deyəndə bu vacib məsələni bir də anasının yadına salırdı, eyni zamanda bu işi yönünə, yöntəminə qoymalı olan atasının bir şeyə nail olub- olmaması ilə maraqlanırdı, dolayısı ilə soruşurdu ki, atam adamdan-zaddan tapıbmı, öyrənibmi ki, paxıl İldırımın dediyi kimi, molla Nəcəfqulu havayı dərs keçmir?

- O bir allahın köməyi ilə hər şey yaxşı olacaq. Hər şey o kişinin əlində, ixtiyarında deyil? Allahın buyuruğu ilə hər iş düzələcək. Sən də girməyəndən sonra kim girəcək ora? Sən darıxma, dur ayağa, get gör qardaşınharda qaldı. İstəsən, bir hovur dayan qoyunların yanında, qoy gəlsin o da bir tikə çörək yesin.

Sahib könülsüz-könülsüz qalxdı, üz-gözünü turşudub anasına nəsə demək istədi, amma dinmədi. Ayaqlarını sürüyə-sürüyə eyvandan düşdü, dar cığırla həyətin aşağı tərəfinə getdi.

Xörək bişmişdi. Gəlin tavanı pilətənin üstündən götürdü. Sonra oğlunun xörək yediyi boşqabı çirkli qabların yanına qoydu, yaş əskini əlində bürmələyib masanın üstündəki köhnə müşəmbənin üstünə çəkdi.

Pilləkən tərəfdən hənirti gəldi. Tutalğac fırlanıb şaqqadan vedrənin ağzına deyəndə bildi ki, qızıdır, su gətirib

- Harda qalmısan, ay canı yanmamış? - gəlin eyvana çıxmadı, çünki uşaq özü hıqqana-hıqqında vedrəni mətbəxə gətirməli idi.

- Mama!

Yox, bu səs onun qızının səsi deyildi, daha doğrusu, danışan qızı idi, amma həyəcandan səsi dəyişmişdi, kallaşmışdı, elə bil  ilişib boğasında qalırdı.

- Nədir, aaz?..

- Mama! -  qız artıq mətbəxin qapısının kandarında dayanmışdı. - Gör arxın başından nə tapmışam...

Uşaq bayaqdan yumduğu əlini açdı və onun balaca ovcunun ortasında eyni ilə bu qızın heyrətdənmi, sevincdənmi alacalanmış gözləri kimi girdə onluq qızıl alışıb yanırdı

Gəlin karıxan kimi oldu, amma tez də özünü ələ aldı. Qızın qolundan tutub içəri çəkdi.

- Bu nədir, aaz - və indi öz səsinə də diksindi, çünki boğazının cırmaqlayan bu səs onun öz amiranə, qalın səsinə bənzəmirdi.

- Vedrəni doldurub qalxanda gördüm ayağımın altındadır. Palçığa batmışdı. Mən də götürdüm.

- Heç kim yox idi ki, arxın başında?

- Mən ora çatanda Bəsti xala əlində vedrə evlərinə tərəf gedirdi.

- Səni görmədi ki? - gəlin özü də baş açmırdı ki, bu sualları niyə verir, cavablarını niyə belə səbirsizliklə gözləyir.

Uşaq cavabı bir qədər ləngitdi və gəlinə elə gəldi ki, bu "bir az" yüz il qədər uzandı.

- Mən arxa gedəndə görməmişdi, amma qayıdanda doqqazımıza lap az qalmış dönüb baxdım. Kimsə tələsə-tələsə arxın başına tərəf gedirdi. Deyəsən, Bikə xalaydı. Amma bilmirəm, məni gördü, ya yox.

Gəlin susdu. Qızıl onluğu Bikənin itirdiyinə şübhəsi qalmadı. Yaxşı, bəs sonrası? Sonrakı olacaqlar barədə gəlin hələlik aydın şüurla fikirləşə bilmirdi. Amma ləngimək də olmazdı, nəsə qəti bir qərar qəbul eləmək lazım idi.

- Yaxşı, tez elə, çaydanı doldur, qoy pilətənin üstünə. Nənən səhərdən çay istəyir.

    Söhbətin belə tez bitməsi sevincək uşağın ürəyindən olmadı. Hər halda anasını sevindirə bilmişdisə, onun heç olmasa yarısı qədər özü də sevinmək istəyirdi.

- Mama, o dediyim ayaqqabıdan mənə alarsan? Bax, burası bantlı,  burası da qayışlı ayaqqabıdan - uşaq  əyilərək xırda barmaqlarını yalın ayaqlarının üstündə gəzdirib arzudadığı ayaqqabının formasını göstərdi.

- Aaz, tez elə...

Anası üstünə çımxırmırdısa, bu, razılıq kimi bir şey idi. Ona görə də qız sevinə-sevinə başmaqçıxan tərəfə qaçıb bayaq orda qoyduğu vedrəni mətbəxə gətirdi, balaca saplıcanı götürüb çaydanı doldurmağa başladı və qəfildən başını qaldırıb hələ də yerindən tərpənməyən anasından soruşdu:

- Mama, Bikə xala məni görsəydi, nə olar ki?

Anası əvvəl elə bildi ki, uşaq bu sualı elə-belə, qanmazyana verir, yəni məsələnin ciddiliyinin anlamır. Anlamır ki, Bikə onu görübsə, arxın başından birbaşa onlara gedəcək və bununla da bayaqdan havasına uçduğu bantlı ayaqqabının sevinci də uçub gedəcək öz işinin dalınca. Amma qızın qıyılmış balaca gözləri, qarabuğdayi sifətinin cizgiləri tamam ayrı şey deyirdi. Doqquz yaşlı bu uşaq verdiyi bu sualla, üzündə, gözlərində oynaşan o ifadə ilə indi bəlkə də dünyanın ən çoxbilmiş, ən hiyləgər uşağı idi.  Anası yalnız indi başa düşdü ki, verəcəyi qərar, hadisələrin bundan sonrakı gedişi qarşısındakı bu çoxbilmiş uşağın istəyindən asılıdır, uşaq nə istəsə, o da olacaq və buna görə müəyyən bir qərara gəlməmişdən əvvəl gərək bu uşağın ağzını araya, onunla şərt bağlaya.

- Mənə bax, bantlı ayaqqabı istəmirsən?

- İstəyirəm, istəyirəm!

- Ay sağ ol. Bax, qulaq as, onda sən arxın başından heç nə tapmamısan.  Başa düşdün?

 - Hə, bəs ayaqqabını nə vaxt alırsan?

  - Həftənin axırı alaraq.

  - Denən Quran haqqı... 

  Əlbəttə, başqa vaxt olsaydı, uşaq anası ilə bu cür danışmağa cəsarət eləməzdi. Amma indi meydan onunkuydu.

- Mənə inanmırsan? - anası soruşdu, - dedim alacam, deməli, alacam da.

Qız daha dinmədi, çaydanı pilətənin üstünə qoyub eyvana çıxdı, ayaqlarını şappıldada-şappıldada  başmaqçıxan tərəfə addımladı.

Gəlin ovcunu açıb əlinin içindəki onluğa bir də diqqətlə baxdı, sonra yaxasından liftçiyinin içinə buraxdı.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri