Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

İyunun 17 də bu ərazilərdə qar yağacaq

“Səbail”i nə gözləyir? qaranlıq aqibət

Bir payız ömürdən enib sabaha... Südabə Ağabalayeva yazır

Bir payız ömürdən enib sabaha... Südabə Ağabalayeva yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Südabə AĞABALAYEVA

...Susmağın qızıl olması fikri sərf eləyir - tanımayanların gözündə hətta mədəni də görünə bilərsən, ətrafdakılara ağıllı təsiri də bağışlarsan...

Elə ki "gümüşün dövriyyəsi" başlayır, yəni ağzını açıb özünü tanıdırsan... xoş susmağına inananların halına... Xoş sənin də halına - daha nə təbəssüm maskan, nə qalstukun, nə şlyapan, nə də yerli-yerində olan libas səhmanın - heç nə kömək etməyəcək.

Bunlar Qəlplər üçündür, Yarımçıqlar üçündür...

O isə xalisdir, xaslardandır.

Susanda kim idisə, danışanda da O idi.

O danışanda susurdular və bu səssizlik nəcabətin qələbəsi deməkdir.

Bu xas kişinin qaməti, təmkini, içəridən gələn ləyaqətli təbəssümü (içi parıldasın gərək adamın, insanı parladan güzgülər olmur) təkcə sərrast el deyimini yada salmırdı, onun elə uzaqdan görünməsi sözlərin nizamla, ağır-ağır sıralanmasıydı:

Buludla öpüşən budaqlar bilər,

Torpaq nə deməkdi, kök nə deməkdi.

"Azərbaycan" jurnalının Baş redaktorunun ona Ağa Mənsur müraciəti, elə bilirdim təkcə Azərbaycan əsilzadəliyinin hörmətli Vəkilovlar soyadı ilə bağlıdır. Sonralar başa düşdüm ki, həm də yanılmışam. "Həm də yanıldığımı" hiss eləyənəcən Vəkilovların Mənsur Vəkilovacan gələn şəcərə xəttindən də xəbərdar ola bilmişdim.

lll

1902-ci ildə Bakı şəhər Duması ilk poliklinikanın yaradılması ilə bağlı qərarı təsdiq etdi. Bu gün bakılılara yaxşı tanış olan 2 saylı poliklinika Tağıyevin maliyyə köməyi ilə işləməyə başladı, sonra da kasıblar üçün onlarla belə müalicəxana, aptek açıldı. Bütün bu işlərin təşəbbüskarı isə, "Azərbaycanda kasıbların ilk həkimi", Xarkov Universitetinin məzunu, Qafqaz Tibb Cəmiyyətinin həqiqi üzvü, Azərbaycanda səhiyyə elmi və təhsilinin təşkilatlanmasında xüsusi xidmətləri olmuş Məmmədrza Vəkilovdur. Sonralar, dəqiq desək, 1937-ci ildə "kasıbların hökuməti" 73 yaşlı səhiyyə xadiminə, 6 aylıq da olsa həbsxana həyatı daddırmaqla, xidmətlərinə görə "minnətdarlıq edib". Doğrudan da, hər kəsin davranışı, münasibəti onun mahiyyətini ifadə edir.

Məmmədrza Vəkilovun xidmətləri ambulator müalicənin təskili və yenidən təşkili ilə bitmədi, davamçı gəlirdi; oğlu Fəxri Vəkilovun SSRİ səhiyyəsində xidmətləri və bacarığı İkinci Dünya müharibəsində ən yüksək dairələrin diqqətini cəlb etmişdi. 1942-ci ildə SSRİ səhiyyə naziri Smirnov Fəxri Vəkilovu öz yanına dəvət edəndə Mircəfər Bağırov perspektivli milli kadrın respublikadan getməsindən təəssüfləndiyini gizlətməmişdi. On il sonra Fəxri Vəkilov Azərbaycanda yüksək səviyyəli təşkilati işlərə dəvət olundu; səhiyyə nazirinin müavini, Nazirlər Sovetində işlər müdiri, 1963-1970-ci illərdə səhiyyə naziri işlədi. Traxoma, malyariya, vərəmə qarşı praktik və elmi mübarizənin tarixində onun adı ilkin xatırlanır. 70-ci illərdə Elmi - Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutunun yaradılmasına nail oldu, instituta 10 ilə yaxın rəhbərlik etdi...

Ailə ənənəsini bu gün Fəxri Vəkilovun qızı Nailə xanım davam etdirir - tanınmış kardioloqdur...Adilə xanım musiqini seçdi - Musiqi Akademiyasının dəyərli kadrlarındandır. Oğlu Mənsur Vəkilovsa, insan ruhunun dərmanı Sözə bağlandı.

Qəfil dönmə deyildi. Azərbaycan tarixinin ən müxtəlif səhifələrində - hərb, diplomatiya, elm, incəsənət, ədəbiyyat - Vəkilovlar parlaq şöhrət və xidmətləri ilə xeyli ad sıralayıblar. Bircə Azərbaycan və azərbaycanlı ruhunun ekvivalenti Səməd Vurğunu xatırlamaq yetər.

...Yazıram və narahat oluram; Mənsur Vəkilovun şəcərəsini  xatırlatmaq vacibdirmi və onun şairliyinə nə verir? Olmaya bu, falş - elita epidemiyasının təzahürüdür? Dünən ata-babasının mehtər, hambal olması ilə öyünənlər bu gün bəyzadə keçmişindən ağızdolusu danışanda, adam, Mirzə Cəlil demiş, çorta gedir; hamı aristokrat idisə, şura hökuməti kimin üçündür, varlıdan alıb hansı yoxsula, proletara verirdilər...

Yox, elitar şəcərə o zaman vurğulanır ki, bu zəncirin hər halqasının fəaliyyəti, düşüncə tərzi, həyat tərzi belə bir fikrin məntiqi davamı olur: elitar təfəkkür - personalistdir, o, gerçəkliyi yaradır, kütlə isə ondan çıxış edir, onu inikas etdirir. Digər tərəfdən, genetik amil və mühitin insanın formalaşmasında danılmaz rolunu kim inkar edir ki?    

lll

Mənsur Vəkilovun şairliyi ötürücü, elçi missiyasıdır - Azərbaycan ruhunun rusdilli poeziyada ifadəsidir. Ədəbiyyat tariximizin 60-cılar nəslinin rusdilli nümayəndələrinin xidmətləri, yeri, yaradıcılığı, rusdilli ədəbiyyatımızın tədqiqi səviyyəsi nə dərəcədədir, bu barədə fikir yürütmək iddiasında deyilik, amma kifayət qədər gözəçarpan faktların olduğunu da güman etmirik. Halbuki bu qolsuz ədəbiyyatımızın mənzərəsi bütöv sayıla bilməz. İlin ədəbi icmalı ilə bağlı məruzələrdə də, səhv etmirəmsə, rusdilli ədəbiyyatımız təhlil olunmur,  icmalların səviyyəsi və dairənin daralması isə, ədəbiyyat tariximizin, ədəbi tənqidimizin vəziyyəti ilə bağlı nigaran notlara rəvac verir...

60-cılar nəslinə mənsub Mənsur Vəkilovun yaradıcılığı ilə azərbaycandilli oxucu tərcümə vasitəsilə tanış olur: Fikrət Qoca, Səyavuş Məmmədzadə, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Çingiz Əlioğlunun... tərcümələrində Mənsur Vəkilovun yaradıcı ruhu nə qədər qazanıb, nə qədər itirib - bu barədə də qənaətimi subyektiv mövqedən şərh etmək istəməzdim. Amma bir dəfə, Azərbaycan haqqında bir şeirini dinləməyimi xahiş etdi və ilk və son dəfə Mənsur müəllimin öz şeirini öz dilindən eşitdim... O ahəngi, zərifliyi və dərinliyi heç vaxt unutmayacağam - şeir yadımda sözlə yox, məhz o ahənglə qalıb. Və bu gün onun şeirlərini tərcümədə oxuyanda bir daha hiss edirəm ki, tərcümələr ahəngə yanlış yaxınlaşa bilər...

Naşirliyi öz arşınları ilə ölçməyə adət etmiş çox adamlar bunu məqalə, şeir, nəsr, pyes surroqatlarının həcmi ilə qiymətləndirməyə həvəslidirlər. Naşirlik mədəniyyətinin və məsuliyyətinin şairdən çox şairlik, nasirdən çox nasirlik, nəzəriyyəçidən güclü tənqidçi olmağı tələb etdiyini bilənlərsə, vicdanlı vətəndaş mövqeyi, incə zövq sahibi və güclü psixoloq olmaq amilini də vacib hesab edirlər. Mənsur Vəkilov da belə naşirlərdəndir. Sözə münasibətini "Literaturnı Azərbaycan"da yazılarım dərc olunanda hiss etmişdim.

İddiasızdır; görünmək, üzdə olmaq, canfəşanlıq ona görə deyildi, təmənnalı münasibət, hesablanmış əlaqələr, umacaqlı fəaliyyət, arxadan zərbə taktikası bu insana yad idi.

İnsanlar, heç kəsdən heç nə

istəməyin,

nə göz yaşı tökün,

nə də baş əyin

göz yaşıyla düşür itir vüqar.

Bu qənaətini isə özünü inandırmaq üçün yazıb sanki, yazıb ki, kimsədən inciməsin.

Qalanlar ürəyimin içində qalıb -

Dərindədi, üzə çıxmaz, itməz,

ən həssas qulaq da eşitməz...

Münasibətlərdə kübar və həssas, ölçülü və diqqətli olan insanı özündən enməyə qoymayan bu misralar bütövlüyün immunitetini dozada saxlamaq üçün yaddaş qeydidi. "Dozanı saxlamaqsa" tez-tez lazım gəlirdi.

Xətrimə dəyəndə

Üzə vurmaram

Niyə mən qapılım kinə, gileyə.

Qəlbimin göynəyi toxdasın deyə

Qapını yavaşca açıb çıxaram

Qardan işıqlanan qərib gecəyə.

Ətrafın fonunda seçilən insanları "qərib gecələrə çıxmaq" istəyinə salan xeyli səbəb olur, özü də tez-tez olur; bilərəkdən ya bilməyərəkdən... çox vaxt da güvəndiklərimizdən gəlir. Görünür, zər qədrini bilmək zövqünü korşaltmamaq sərvaxtlığı İnsanda İnsanı Görə Bilmək müdrikliyinə bağlıdır. Bu sərvaxtlıq olmayanda səhvlərin ən böyüyü olan şorla yağı bir tutmaq - adiləşir, balans pozulur.

İdarəçilik fəlsəfəsinin maraqlı bölgüsü var; Tiran və Despot - qorxudur, hədələyir, Monarx - şirnikləndirir, Demokrat - vəd verir. Zadəgansa - sevdirir və ilhamlandırır. Mənsur müəllimin redaktor - rəhbər, insan, kişi, şair kimi davranışı, münasibəti bu sonuncunun təcəssümü idi... İdeal variantdır, amma qarşı tərəfin qiymətləndirmək mədəniyyəti də unudulmasın gərək, münasibətlərdə bu məqam çox  vacibdir.

Müəyyən vərdişləri - özünün xeyrinə işləməyən vərdişləri vardı. Başqalarında bu vərdişlər zəiflik və ikrah oyadır, di gəl, kimsə onun etiketdən kənar nə bir sözünü eşitdi, nə bir hərəkətini gördü. Hər yerdə və hər zaman yüksək nəzakət və diqqətcillik, özünənəzarət nümunəsi olaraq qaldı. Onun ətrafında həmişə qadınlar olardı, amma bu tandem donjuanlıq hesabına deyildi. Qadınlara çoxlu ithaf şeirləri vardı,  belə şeirlərin heç biri o birinə bənzəmirdi, o, hər kəsin fərdiliyini  dəqiq müəyyənləşdirə bilirdi... Və bu şeirlərin heç birində İradə xanıma yazdığı şeirlərdəki zəriflik, doğmalıq və məhəbbət yoxdur.

Bir gün ölümlə görüşəyəcəyik biz,

Onda "əlvida" bir cüt göz.

Partlayacaq içimin qəmi

Hədəfə atılmış mərmi kimi...

İradə Vəkilova - Azərbaycanda ilk özəl informasiya agentliyinin - ASSA İRADA-nın yaradıcısı və rəhbəri olmuş bu cəsarətli, istedadlı və gözəl xanımı xəstəlik əcələ belə tez satmasaydı... - Mənə yaxın gəlmə yüz il, ey ölüm! - deyən Mənsur Vəkilov içində bir SON sevdası gəzdirməyə tez meyillənməzdi.

Təkliyimi yazıram qar üstünə izimlə

Qələmimin yüngül xizəyilə

Hər səhər uçuram yanına...

İradə xanımdan sonra onun şair qəlbi, təsəllini harda gəzir-gəzsin, ovunmadı və onu ruhundan soyunmağın mümkün olmadığını hiss etdi, ağrısını sonsuzluğa və səssizliyə pıçıldadı: 

Ağırdı hər anım sənsiz...

Ağırdı hər anım sənsiz...

Sanki daha bir şey qalmamışdı - bircə tikə buludsuz səma istəyindən başqa.

"Azərbaycan" jurnalının 80 illik yubileyi ərəfəsində Mənsur Vəkilov da Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü. O səhnə indi də gözümün qabağındadır; qəribə vərdişi ilə tribunaya çıxdı, bir xeyli susdu...

İradə,

kövrək buz altında

qırmızı cökə yanır,

payızdan son xəbər kimi boylanır...

Mənsur Vəkilovun mövzuları da heç vaxt qışqırmadı. Şeirləri də yüksəlməyən tonun, adi həqiqətlərin sadə ümumiləşdirməsi nümunəsi kimi rahatdır, aydındır...

Əldən gedən anlar geri qayıtmır -

Bunu mən kitabdan öyrənməmişəm.

Bunu baha alıb, ucuz satmıram,

Bütün anlarımdan üstün tuturam.

Mənsur Fəxri dramatizmi sevmirdi. Qəlbindəki idealın gözəlliyi ilə gerçəklik arasındakı kəskin ziddiyyətləri dramatikləşdirməyə meyilli olmaması ruhunun dramatiklikdən uzaqlığına bağlıydı. Çünki onun sözü iradəsini dürüst ifadə edirdi və bu iradə kübar düşüncənin poetik ifadəsində görünürdü.

Dünyada min dəfə kəşf olunmuşları,

Təzədən kəşf elə,

Amma əl çəkmə,

Mütləq özün düzəlt.

Əkslikləri, təzadları tamlıq kimi qavraya bilənlərdəndir.

Dünyada ulduzların

İşıqlı gözləri

Bir də zindan qapısının

Məhbusa dikilmiş gözlükləri var...

Səma. Dəniz. İnsan. Mənsur Fəxrinin yaddaş lüğətinin dövriyyəsində ən işlək sözlərdir. Düşüncələri, zövqü də mürgülü dənizə və səssiz qağayılara köklənmişdi.

Daha çox içində olan insandır. Elə bilirəm, ən yaxın dostu dəniz və qağayılardır. Niyə belə düşündüyümü izah edə bilmərəm, amma mənə elə gəlir, şeirləri məhz dalğalı dənizə və qağayılara baxdığı anlarda yaranırdı.

Göy

Sözünə çox yaraşır

Zəriflik.

Dalğaya - asudəlik.

Dağa - vüqar

İnsanda hər üçü var.

İnsanlar ictimai yerlərdə xidmət və komfort tələb etməyə iddialıdırlar. Di gəl, özlərindən tələb olunan adi davranış normaları haqqında düşünmürlər.

Yazıçılar Birliyi binasının təmirdən sonrakı səhman-səliqəsini görəndə kədərlə düşünmüşdüm: Mənsur müəllimə gərək bu rahatlıqda işləmək nəsib olaydı; yoxluğu o qədər hiss olunurdu ki... Elə bu gün də...

Və nə xoş ki, ondan sonra xatirəsini və adını əziz tutan kollektivi var. "Literaturnı Azərbaycan"da çox şey dəyişsə də, adama elə gəlir ki, jurnal yenə də onun adı, ruhu ilə çıxır.

Hər nəyi udursa - udsun,

Söndürməz əcəlin qaranlıq kini

Vətən göylərində yanan ulduzun

Qəlbimdə iz salan şəfəqlərini.

Bir vaxt oturduğu kabinetdə... Mənsur müəllimin mavi təbəssümü Onun yoxluğuna çətin baxan dostlara sükut nəğməsilə təsəlli verir. 

Hər şeydən yaxşısı, bax, elə budur, -

Ötəri işlərdən uzaq olasan.

Səninçün darıxmış dostun könlünü,

Beləcə, nəğməylə, sözlə alasan.

Bir dəfə Payızda. Bu o Payızdır ki, Vaqif Səmədoğlu taksidən düşüb çaş-baş qalmışdı: "Bilmədik haraya, hayana gedək".

O isə bilirdi, onun gedəcəyi yerə taksi tapmaq çətindir; Bir müşkül Azadlıq olan Ölümə Uçuş gərəkdir və Mənsur Fəxri oğlu Vəkilov...

...Bir Payız Ömürdən Enib Sabaha...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see219

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see206

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see175

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see145

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see135

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see132

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see125

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see123

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see119

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see119

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see115

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

17 İyun 2025 10:41see114

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see114

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

17 İyun 2025 01:49see114

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see113

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see112

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

17 İyun 2025 01:58see112

İyunun 17 də bu ərazilərdə qar yağacaq

16 İyun 2025 23:41see112

“Səbail”i nə gözləyir? qaranlıq aqibət

17 İyun 2025 00:26see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri