Icma.az
close
up
RU
Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib FOTO/YENİLƏNİB Doğru Xəbərlər

Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib FOTO/YENİLƏNİB Doğru Xəbərlər

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Noyabrın 5-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyinə gəldi.

Prezident İlham Əliyev əvvəlcə ev-muzeyi ilə tanış oldu.

Məlumat verildi ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında – 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayıblar.

Ev-muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.

Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

Dövlətimizin başçısı ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazdı.

Qeyd edək ki, dünyaşöhrətli yazıçının zəngin bədii irsinə Azərbaycanda da hər zaman böyük maraq olub. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə bir nömrəli “Dostluq” ordenini Çingiz Aytmatova təqdim edib. Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsi açılıb.

Sonra Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimi oldu.

Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Bu gün mən “Çingiz Aytmatov” ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim etmək şərəfinə nail oluram. Bu mükafat dərin hörmətin və yüksək nüfuzun rəmzidir. Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub saxlanmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.

Çingiz Aytmatov yalnız yazıçı deyil, həm də xalqlar arasında sülh, qarşılıqlı anlaşma və birlik ideyalarını təbliğ edən əsl körpü olub. Cənab Prezident, bu gün biz bu prinsiplərin Sizin fəaliyyətinizdə necə təcəssüm etdiyini görürük. Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətlərarası mübadilənin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir, digər ölkələrlə dinc və yaradıcı münasibətləri təşviq edir.

İcazə verin, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və Çingiz Torekuloviçin həyatını həsr etdiyi dəyərlərin təbliğində yorulmaz səylərinizə görə Çingiz Aytmatov Beynəlxalq Fondu adından Sizə dərin təşəkkürümü bildirim. İnanırıq ki, Sizin səyləriniz sayəsində Aytmatovun adı bundan sonra da xalqları birləşdirəcək, mədəni tərəqqi və humanizm rəmzi olacaqdır.

Dərin hörmət və qürur hissi ilə Sizə müasir dünyada və ümumi mədəni irsimizin qorunub saxlanmasında oynadığınız rola verilən yüksək qiymətin əlaməti olan “Çingiz Aytmatov” ordenini təqdim edirəm. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Eldar Aytmatov: İcazənizlə, ordeni təqdim edim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Dövlətimizin başçısına “Çingiz Aytmatov” ordeni təqdim edildi.

Eldar Aytmatov: Qeyd etmək istəyirəm ki, bu bir nömrəli orden Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim olunur və həmçinin ilk dəfə Azərbaycanın bir nömrəli “Dostluq” ordeni Azərbaycan Prezidenti tərəfindən Çingiz Aytmatova təqdim edilib. Sağ olun.

Prezident İlham Əliyev çıxış edərək dedi:

-Sağ olun. Bu yüksək mükafata görə çox sağ olun. Fəaliyyətimə verilən bu qiymətə görə Çingiz Aytmatov Fonduna, həmçinin onun ailə üzvlərinə və yaxınlarına minnətdarlığımı bildirmək istəyirəm. Həm də bu ordeni onun yaşadığı, işlədiyi, yazıb-yaratdığı, ruhunun indi də dolaşdığı evdə almaq mənim üçün böyük şərəfdir. Mən buraya gələrkən təbii ki, Çingiz Torekuloviçin evinin necə olması barədə fikirləşirdim və məhz orada rahat, isti, yaxşı, yaxınlarının, əzizlərinin əhatəsində olduğu, yaşadığı, işlədiyi və böyük sənət yaratdığı evi gördüm. Onun yaradıcılığı bütün dünyaya məxsusdur. Qeyd etdiyiniz kimi, onun kitabları 185 dilə, demək olar ki, bütün dillərə tərcümə olunub. Bu gün sizdən öyrəndim ki, onun kitablarının yenidən, xüsusən, yeni tərcümədə nəşrinə tələbatın olması onu göstərir ki, Çingiz Aytmatovun həyata, insanlara, təbiətə, öz xalqına münasibətdə sözünə, fikirlərinə ehtiyac var. Sözsüz ki, onun yaradıcılığı bütün mümkün sədləri ötüb keçib və əbədi olaraq oxucuları sevindirəcək, düşünməyə, yəqin ki, bir çox məsələləri yenidən başa düşməyə sövq edəcək. Çünki onun yaradıcılığını çox sevən və bir çox əsərlərini oxuyan insan kimi deyə bilərəm ki, məhz onlar səni düşünməyə, hətta cəmiyyətə, dünyaya, təbiətə, öz fəaliyyətinə yenidən nəzər salmağa vadar edir. Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir. Artıq dediyim kimi, o, dünyaşöhrətli yazıçı, ictimai xadim idi və onun əsərləri müxtəlif mədəniyyətlərə məxsus, müxtəlif qitələrdən olan insanlar tərəfindən başa düşülürdü. Amma, eyni zamanda, onun əsərlərini oxuduqda görürsən ki, Çingiz Aytmatov məhz öz ölkəsinin, öz xalqının problemlərinə dərindən nüfuz edirdi, Qırğızıstanı necə tanıyırdı, öz xalqını necə sevirdi və öz xalqının nümayəndələrini təsvir edirdi. Yəni, o, sırf milli yazıçı idi, eyni zamanda, bütün dünya tərəfindən başa düşülürdü. Zənnimcə, onun mütəfəkkir kimi nadirliyinin sirri də bundadır.

Çingiz Aytmatova Azərbaycanda olan münasibətə gəldikdə, zənnimcə, bu barədə danışmağıma ehtiyac yoxdur. Onu bir insan kimi sevirdilər, onun çoxlu dostu var idi, bir sıra fotoşəkillər onun Azərbaycanın mədəniyyət xadimləri ilə görüşlərini əks etdirir. Həmçinin Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə böyük hörmətlə yanaşırdılar, onların çoxlu görüşləri olmuşdur və mənim atamdan gətirdiyim sitat məhz onun Çingiz Torekuloviçə bəslədiyi hisslərin təzahürüdür.

Bizim görüşümüzü xatırlayıram, yeri gəlmişkən, 2008-ci ildə görüşümüzü əks etdirən fotoşəkil digərləri ilə birlikdə burada nümayiş etdirilir. Siz də qeyd etdiniz ki, ilk “Dostluq” ordeni Çingiz Aytmatova təqdim olunub. Həmin vaxt bu orden mənim tərəfimdən, mənim təşəbbüsümlə yenicə təsis olunmuşdu. Açığını desək, düşünürdüm ki, hər halda rəqəmlərdə bir rəmzilik var, fikirləşirdim ki, bu bir nömrəli ordeni kimə təqdim edək. Sözsüz ki, ilk ağlıma gələn o oldu ki, onu Türk dünyasının hər hansı bir nümayəndəsinə verək. Sonradan sanki fikirlər ard-arda gəldi və qərar verildi. Bəlkə də bədahətən oldu, amma digər tərəfdən, bədahətən verilən bütün qərarlar sənin tərəfindən əvvəlki dövrdə dərindən düşünülmüş olur. Ona görə də bu, tamamilə şüurlu, yeganə düzgün qərar idi. O da bizim üçün xüsusi qürur mənbəyidir ki, bir nömrəli “Dostluq” ordeni Çingiz Torekuloviçə təqdim edilib. Mən bu il Bakıda onun abidəsinin açılışında çıxış etdim. Çingiz Aytmatovun heykəli mərkəzi küçələrdən birində ucaldılıb. Mən dedim ki, onun tezliklə aramızda olmayacağını güman etmirdik. Çünki o, Bakıya yaxşı əhvali-ruhiyyədə gəlmişdi, biz onunla çoxlu söhbət etdik, o, gələcək planlarından danışırdı, çox yaxşı görünürdü, mən buna ürəkdən sevindim. Amma bir neçə aydan sonra o, vəfat etdi. Əlbəttə, bu, kədər hissi doğurur, çünki o, hələ yaşaya, öz yaxınlarını sevindirə, onları qayğısı və şəfqəti ilə əhatə edə, həmçinin məhz bu gün aktual olan xeyli sayda əsər yarada bilərdi. Çünki onun bu dünyadan köçdüyü vaxtdan bəri həm bizim regionumuzda, həm də dünyada çoxlu hadisələr baş verib, zənnimcə, onun sözü çox mühüm olardı, təkcə bizim regionumuz üçün deyil, həm də ümumilikdə dünya siyasəti üçün. Çünki o, yaradıcılıq fəaliyyəti ilə yanaşı, həmçinin çox nüfuzlu ictimai xadim idi.

Məni Çingiz Torekuloviçin ocağına dəvət etdiyiniz, bu mükafata layiq gördüyünüz üçün sizə bir daha təşəkkür etmək istəyirəm. Sizi yaxın vaxtlarda Bakıya dəvət etmək, ailənizlə, Çingiz Torekuloviçin balaca davamçıları ilə birlikdə qonağımız olmağınızı istəyirəm. Onun abidəsini ziyarət etsinlər və onu tanıyanlarla, sevənlərlə ünsiyyətdə olsunlar. Bir daha təşəkkür edirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://dogru.az
archiveBu xəbər 06 Noyabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri