Icma.az
close
up
RU
Bölgələrdə teatr: unudulmuş səhnələrin səssiz harayı Şahanə Müşfiq yazır

Bölgələrdə teatr: unudulmuş səhnələrin səssiz harayı Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şahanə MÜŞFİQ

Azərbaycanın teatr xəritəsində bölgə teatrları bir zamanlar fəal mədəniyyət mərkəzləri kimi öz sözünü deyirdi. Hər rayonun teatrı onun mədəni kimliyinin bir hissəsi sayılır, yerli tamaşaçılar aktyorları öz doğmaları kimi tanıyır və sevirdi. O zamanlar teatr təkcə sənət deyil, həm də hadisə idi. Böyüklərimiz deyirlər ki, tamaşa günü rayonda başqa cür ab-hava olardı: adamlar eyni tamaşa barədə günlərlə danışar, aktyorların ifası üzərində fikir mübadiləsi aparardılar. Bu gün isə həmin teatrların çoxunda səhnənin pərdəsi aralanmır, səslər susub, işıqlar sönüb. Bir vaxtlar alqışlarla titrəyən salonlarda indi toz və səssizlik hökm sürür. Bəs nə baş verdi? Region teatrları niyə bu gün bu vəziyyətdədir? Onlar hələ yaşayırmı, yoxsa təkcə quruca adlarıdır onları “yaşadan”?

Suala cavab axtarmaq üçün əvvəlcə bir reallığı etiraf etməliyik: rayon teatrları hazırda həm texniki, həm maliyyə, həm də ideoloji baxımdan çox çətin durumda fəaliyyət göstərirlər. Onların “yaşamaq” uğrunda apardığı mübarizə hər gün daha da ağırlaşır. Səhnələr fiziki baxımdan aşınmış vəziyyətdədir. Bir çox teatr binaları təmirə möhtacdır, avadanlıqlar köhnəlib, səs və işıq sistemləri çağdaş səhnə tələblərinə cavab vermir. Bu cür şəraitdə peşəkar səhnə əsəri ortaya qoymaq aktyorun, rejissorun yaradıcılıq gücündən çox, fədakarlığına bağlıdır.

Lakin məsələni təkcə infrastruktur problemi ilə izah etmək sadəlövhlük olardı. Rayon teatrlarının əsas problemi, ilk növbədə, tamaşaçıdır. Daha doğrusu, tamaşaçının yoxluğudur. Səhnə sənəti tamaşaçısız yarımçıqdır, hətta mənasızdır. Amma bu gün rayon teatrlarında tamaşaçılar ya çox azdır, ya da yalnız “idarə tərəfindən təşkil olunan” tədbirlər zamanı salona toplanan insanlardan, daha dəqiqi, hansısa qurumun işçilərindən ibarətdir. Belə “məcburi alqışlar” isə sənətin deyil, hesabatın göstəricisidir.

Tamaşaçının teatra gəlməməsinin səbəbləri çoxşaxəlidir. Birincisi, yeni nəsil teatra alternativ məkanlarda – telefonda, televizorda, internetdə “sənət” axtarır. Əvvəlki illərdə kinoya, teatra maraq göstərən gənclik bu gün sosial mediada bir dəqiqəlik videolara və seriallara aludədir. İkincisi, məktəblərlə teatrlar arasında əlaqə tamamilə itib. Halbuki teatr sevgisi uşaq yaşlarından başlanmalıdır. Əgər şagird məktəbdən teatra gətirilmir, ona bu mədəniyyət aşılanmırsa, sonradan könüllü şəkildə ora gəlməsini gözləmək sadəlövhlük olar.

Yadıma gəlir ki, biz teatrla məhz uşaq yaşlarımızda tanış olmuşduq. O zamanlar Kukla Teatrının aktyorları tez-tez məktəbimizə gələr, bizim üçün çox maraqlı, ibrətamiz tamaşalar oynayardılar. Həmin tamaşalar bu gün də uşaqlıq dövrümüzün ən şirin xatirəsi kimi yaddaşımızda qalmaqdadır. Eləcə də ilk dəfə teatr səhnəsi ilə 5-ci sinifdə oxuyarkən məhz məktəb yoldaşlarımla birgə tanış olmuşam. Müəllim və valideynlərimizin təşəbbüsü ilə ilk dəfə Gənc Tamaşaçılar Teatrında çox maraqlı bir tamaşa izləmişdik. O tamaşanın bizim uşaq qəlbimizdə yaratdığı hiss-həyəcan illər keçməsinə baxmayaraq, öz təzəliyi ilə xatirələrimizin ən gözəl yerində dipdiridir. Bu gün “təhsilin keyfiyyətini artırmaq” adı altında şagirdləri dərslərlə yükləmək, məktəbi teatrdan, teatrı da məktəblərdən uzaq salmaq mədəniyyətimizin kökünə balta vurmaq qədər təhlükəli və qorxuncdur. 
Teatrda aktyorla tamaşaçı arasında görünməz, lakin çox güclü bir körpü olur. İndi bu körpü rayonlarda çatlayıb, bəzi hallarda isə tamamilə uçub, dağılıb. Bəzi aktyorlar öz istedadlarını kiçik auditoriyaya həsr etməkdən yorulub teatrı tərk edir, bəziləri isə alternativ iş axtarırlar. Alternativ işlər isə aktyorun enerjisini, vaxtını, həvəsini o qədər alır ki, artıq onun teatr səhnəsinə çıxıb öz rolunu layiqincə oynamağa nə həvəsi, nə enerjisi, nə də vaxtı qalır. Bəzən də aktyorun maaşı o qədər az olur ki, səhnəyə çıxmaq özü bir “xərcli həvəsə” çevrilir. Müasir mətnlərlə işləmək istəyən rejissorlar ssenari tapmır, texniki imkanlar əl vermir, maraqlı aktyor komandası tapmaq çətinləşir. Ssenarisi olan rejissor isə müasir mətnlərlə işlmək istəmir, monoton, köhnəlmiş repertuar isə həm aktyoru, həm də tamaşaçını yorur. 

Rayon teatrlarının bəziləri mütəmadi olaraq tamaşa hazırlamağa çalışır. Məsələn, Gəncə Dövlət Milli Dram Teatrı, Şəki Dövlət Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı bu baxımdan nisbətən fəaldır. Gənc rejissorları, yazıçıları bu teatrlarla əməkdaşlığa cəlb etmək kimi təşəbbüslər olsa da, bu, sistemli və davamlı xarakter daşımır. Ən böyük problem isə odur ki, teatrların fəaliyyəti regionda mədəni hadisəyə çevrilmir, daha çox daxili dövriyyədə qalır. Tamaşalar yalnız bir neçə gün oynanılır, sonra unudulur. Halbuki teatrın bir tamaşası aylarla dildən-dilə dolaşmalıdır ki, sənət kimi yaşasın.

Ən təhlükəli olan isə budur ki, rayon teatrlarının yoxluğu rayonun mədəni həyatını səssizləşdirir. Mədəni səssizlik isə sosial passivliyə yol açır. Teatr yalnız bir əyləncə yeri deyil. O, cəmiyyətə güzgü tutan, sorğulayan, düşündürən və dəyişdirən bir tribuna funksiyası daşıyır. Rayon teatrı olmayan bölgədə insanların ictimai düşüncəsi də tədricən səhnəsiz qalır.

Bu vəziyyətdən çıxış yolu varmı? 

Var, amma ciddi siyasi və mədəni iradə olmadan mümkün deyil. İlk növbədə yerli teatrların maddi-texniki bazası yenilənməli, dövlət proqramları vasitəsilə rejissor və aktyorlar üçün stimullaşdırıcı mükafatlar müəyyən olunmalıdır. Əlbəttə, son zamanlarda bu istiqamətdə müəyyən addımların şahidi oluruq. Bəzi region teatrları yenidən qurulur, onlara yeni teatr binası verilir, hətta statusları artırılır. Eləcə də sənətçilərə Prezident mükafatları təqdim olunur. Ancaq burada da illərlə eyni adlar o qədər təkrarlanır ki, digərləri diqqətdən kənarda qalır. Halbuki hər dəfə eyni adamları mükafatlandırmaqdansa, hər dəfə fərqli sənətçilərə diqqət ayrılsa, aktyorun, rejissorun sosial durumu və sənətə, səhnəyə olan motivasiyası da ürəkaçan olar. Axı teatrlar 2-3 nəfər eyni adamdan ibarət deyil. Bizim istər paytaxt, istərsə də region teatrlarımızda kifayət qədər istedadlı, təcrübəli, ömrünü bu sənətə həsr etmiş peşəkar sənətçilərimiz var. Onlar da görünməli, onlar da öz əməklərinin qarşılığını bu və ya digər dərəcədə almalıdırlar. 

Məktəblərlə teatrlar arasında müqaviləli əməkdaşlıq qurulmalı, məktəblilər üçün mövsümi bilet sistemləri yaradılmalıdır. Eyni zamanda, teatrların sosial şəbəkələrdə fəaliyyəti gücləndirilməli, onlar ictimai müzakirəyə açıq hala gətirilməlidir. Məsələn, rayon teatrlarının səhnələşdirdiyi tamaşaların yutub və digər platformalarda yayımlanması, onlayn teatr biletlərinin təşkili, gənclər üçün interaktiv teatr layihələri marağı artıra, bu sahədə canlanmaya səbəb ola bilər.

Bütün bunlarla yanaşı, teatrların regionlararası mübadilə sistemi yaradılmalıdır. Məsələn, Lənkəran teatrı Qazaxda, Gəncə teatrı Cəlilabadda çıxış etməli, Bakı teatrları rayon səhnələrində daha tez-tez qonaq olmalıdır. Bu, həm təcrübə mübadiləsi, həm də tamaşaçı baxımından mühüm irəliləyiş ola bilər.

Rayon teatrları bu gün hələ də nəfəs alır. Onların nəfəsini tamamilə kəsməmək üçün cəmiyyət olaraq, media olaraq, dövlət olaraq bu səhnələrə geri dönməliyik. Əgər geri dönməsək, gələcəyə yalnız bir fotoşəkil, bir xatirə qalacaq – divar kağızı kimi unudulmuş aktyor şəkilləri, solmuş afişalar və səssiz salondan boylanan boş oturacaqlar...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyun 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see166

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri