Icma.az
close
up
RU
Böyük Zəfərin poetik salnaməsi

Böyük Zəfərin poetik salnaməsi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli mücadilə tariximizə qızıl hərflərlə yazılmış 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın göylərə yüksələn dəmir yumruğu həyatımızı, yaşantılarımızı dəyişməklə bərabər, həm də poeziyamıza Zəfər və qəhrəmanlıq mövzusunu ərməğan etdi. İkinci Qarabağ müharibəsində neçə-neçə gənc şair və yazıçımız da “Bilsin ana torpaq, eşitsin Vətən...” deyərək döyüşlərə atıldı, qələmi və silahı ilə vuruşdu. Şəhadətə qovuşanları da var, sağ qayıdıb söz cəbhəsində “külüng” çalanları da. Onların əsərlərindən barıt qoxusu gəlir, şeir və hekayələrində Vətən sevgisi bayraq kimi uca tutulur.

Böyük Zəfərimizin 5 illiyi ərəfəsində Müqəddəs savaşın orijinal bədii salnaməsinin bəzi nümunələrini oxuculara təqdim edirik. Müəlliflər əsasən döyüşün hər üzünü görmüş şəhid və qazilər, eləcə də onların 44 günlük “Zəfər Yürüşü”nü həyəcanla izləmiş, duyğu və düşüncə süzgəcindən keçirmiş qələmdaşlarıdır.

Mən Vətənəm

Mən Vətənəm –
Adım bəlli, soyum bəlli, köküm bəlli.
Tarix boyu savaşaraq,
Verdiyim hər hökm bəlli.

Mən Vətənəm –
Kimlər bizə tələ qursa,
Oyununu pozacağam.
Bir gün gedib Göyçə göldə
Qarmağımı atacam –
Göyçənin qızıl balığın
Bişirəcəm Ərdəbildə...

Mən Vətənəm –
Sərhədimin ucu Təbriz;
Bir ucunda Göyçə gölü,
Bir ucunda Dərbəndim var,
Bir ucunda mavi dəniz...

Mən Vətənəm –
Parça-parça olmağıma baxmayın siz:
Hər parçada min şəhidim,
Hər parçada qan izim var -
Neçə-neçə sərkərdələr,
Neçə-neçə xan izim var...

Mən Vətənəm –
Qapınızı döydüyümdə
Düşünmədən açın... Mənəm!
Zəncan, Xoyam, Borçalıyam.
Şuşa mənəm!
Laçın mənəm!
Üfüqlərdə işıq saçan
Türk ulusu Turan mənəm!
Mən Vətənəm,
Vətən mənəm!

Nicat FƏRMAN

Sən azadsan!

Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan uzaqlıq
deyir:
Sən azadsan!
Sən azadsan!

Ayaqlarım cığırlara yalvarır;
Qarabağ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün övladlar.
uzağa at ayaqlarımızdan
bətnində gizlətdiyin minaları.

Sol döşüm üstdə
gəzdirdiyim məktəbli məktubu,
bizi zirehli gödəkçə kimi qoruyan
uşaq duaları.
körpə arzularıyla birgə döyünür
məktub altındakı ürəyim.

Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...
Burda ulduzlarla deyil,
hər minamyot mərmisilə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını.
bir döyüşçü sevgilisinin
bətnində ölən arzusunu.

Günlərdir danışmırıq.
bilirəm, narahatsan, ana.
bəlkə gecələri ağlayıb,
şəklimlə ovunursan, ana.
səni Füzulidən eşidirəm, ana,
səni Cəbrayıldan görürəm, ana,
sənə Şuşadan əl yelləyirəm, ana.
Noyabrın dağ soyuğu,
Bumbuz olmuş bədənim,
barmağımda titrəyən tətiyim
və bizi qızınmağa çağırır
Şuşanın imisti ana qucağı.
Formamda şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
təqvimdəki "8 noyabr"
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözlərilə hayqırır;
Sən azadsan!
Sən azadsan!
Qarabağ Azərbaycandır!

Emin PİRİ

Kədərli gizlənpaç –

Hekayə

– Gəl öncə səni öpüm, sonra gizlənpaç oynayaq

– Gəl ata! Urra! – bunu deyib ata-bala biri-birinə sarıldılar. Artıq 4 yaşın içində olan uşaq hələ atasının onu belə öpüb-oxşadığını görməmişdi.

– Hə, sən yum, mən gizlənim.

– Ana, niyə atam çıxmır e-e-e. Hamı məktəbə atası ilə gedir. Daha oynamıram mən.

– Əziz oğlum, hər axşam sən yatanda atan gəlir, səni öpür, sənin üçün şokolad qoyur. Səhər sən durana yaxın yenə qaçıb gizlənir ki, sən onu “kustuklaya” bilməyəsən.

– Yox, daha şokolad istəmirəm, atamı istəyirəm.

– Ana, mən ikinci sinfə keçirəm. Atamı görə bilməyəcəyəm?

– Oğlum, oğ… – qəhərdən boğulurdu ana – sənə demək ist…

– Ana, narahat olma, məktəbdə atamın şəklini gördüm. Müəlliməm məni başa saldı. Dedi ki, atan şəhid olub.

– Bəli, oğlum, həmin gün atan özü bilirdi ki, çox ağır əməliyyata gedir…

Vüsal HƏTƏMOV

Cəbhədən məktub

Sən mənə şərfini göndərmə daha,
Səngər beşik kimi istidir, qızım.
Vətən sənin kimi suyuşirindi,
Hamını özünə istədir, qızım.
Görsən darıxırsan, şəkillərə bax,
Körpə əllərini boynuma dola.
Boylan pəncərədən getdiyim yola,
Bu məni görməyə bəs edir, qızım.
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir.
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
Allah üstümüzdən çəkməsə əlin,
Birgə yandırarıq zəfər məşəlin.
Hamının qorxduğu zalım əcəlin
Boyu boyumuzdan bəstədir, qızım.
Əgər günün biri, geri dönməsəm,
Eşidə bilməsən atanın səsin,
Qorxma, ürəyinə qorxu düşməsin,
Atan ölməyibdi, xəstədi, qızım.

Həsən KÜR

Mən əsgərəm

Bir ölüb, min dirilən, ulu Türkün özüyəm mən!
Min illərdir hökm sürən, bir ulusun iziyəm mən!
Azadlığa gedən o yol, cığır mənəm, o iz mənəm,
Sönməyən o çıraq mənəm, o köz mənəm!
Hər qarışı qana doymuş bu torpağın fədaisi,
Çiçəkləri Şəhid qoxan vətən mənəm!
Vətən üçün candan keçən, qandan keçən,
Şəhid olub qayasında bitən mənəm!
Mən əsgərəm!
Azərbaycan əsgəri!
Sinəsini torpağına sipər tutan,
Yağılara qan udduran əsgərəm mən!
Yumruqları dəmir olan,
Al bayrağa salam duran əsgərəm mən!
Mən əsgərəm!
Al günəşdən qüvvət alar tunc bədənim.
Torpağıma göz qoyanın, boynuna qılıncdır əlim!
Mən əsgərəm!
Ulu Türkün xilaskarı o boz qurdun özüyəm mən!
Qarabağın zənguləsi, azad yurdun səsiyəm mən!
Mən Şəhidəm, bir şanlı zəfər şəhidi!
Mən Şahidəm, bir şanlı tarix şahidi!

Oğuz ALPARSLAN

Qarabağım

Verib sənə “söz”, gəlmişik,
Polad, Mübariz gəlmişik…
Qarabağım, biz gəlmişik,
Salam verir daşım, dağım.
Gözün aydın, Qarabağım!!!

Bülbüllərin gülə gəlib,
Tutaraq əl-ələ gəlib.
Xarı bülbül dilə gəlib,
Al-əlvandır solum, sağım,
Gözün aydın, Qarabağım!!!

Gözü qanlı qurdu gördüm,
Dəmir yumruq, ordu gördüm,
Xalq ayağa durdu, gördüm.
Cəngi eşitdi qulağım,
Gözün aydın, Qarabağım!!!

Biz tarixdə qalan izik,
Siz bizsiniz, biz də sizik.
Qəhrəmanlar eli bizik,
Çınqımdan yandı ocağım –
Gözün aydın, Qarabağım!!!

Yağı mənim qonşum olub,
Sanma ondan qorxum olub.
Uşaqlıqdan arzum olub
Şuşaya dəysin ayağım…
Gözün aydın, Qarabağım!

Səbuhi QURBANOV

Ölümün rəngi

Əcəl baxmaz insanların yaşına,
Bilmək olmaz kim haracan yaşayar.
Yorulanda baş qoyduğum çiyinlər
Bir gün mənim tabutumu daşıyar.

Ölsəm, necə gözəl olar, İlahi,
Daha küsməz məndən dostlar, tanışlar.
Bu günəcən incitdiyim adamlar
Bir-bir məni ürəyində bağışlar.

Daha gərək qaranlığa öyrəşim,
Kimsə gəlib gözlərimi bağlasın.
Ayrılanda ağlamayan sevgilim
Öləndə də istəmərəm ağlasın.

Ağ rəng mənə lap əvvəldən yaraşır,
Nə yaxşı ki, kəfən rəngi ağ imiş.
O dünyada mən nə görsəm, yaxşıdır –
Bütün öldü bildiklərim sağ imiş...

Kərəm AYDIN

Övladıyam

Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!

Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!

Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!

Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!

Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!

Göydən Yer üzünə ərməğan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!

Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Zaur USTAC

Qəm yemərəm

Əcəl, məni çox sınama,
Ömrüm yarım qalsın... amma,
Qalan ömrümü Anama
Verib ölsəm, qəm yemərəm.

Ordumuz alsa torpağı,
Önümdə diz çöksə yağı,
Kəfən əvəzi bayrağı
Geyib ölsəm, qəm yemərəm.

Ruhumu verib Tanrıya,
Göz yumaram bu dünyaya.
Mən Kəbəyə, Kərbəlaya,
Gedib ölsəm, qəm yemərəm.

Ən gözəl məqam zamanı,
Namazda salam zamanı.
Çönəndə İmam Zamanı
Görüb ölsəm, qəm yemərəm.

Bu fələyin hökmü qəti,
Görmədim haqq-ədaləti,
Sonda kəlmə-şəhadəti,
Deyib ölsəm, qəm yemərəm.

Sərxan YOLÇUYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see519

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see398

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see395

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see360

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see259

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see247

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see210

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see189

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see186

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see185

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see181

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see172

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see163

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see158

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri