Icma.az
close
up
RU
“BU, İNHİSARÇILIĞA, KORRUPSİYAYA SƏBƏB OLUR...” “Problem kritik həddə çatmayana qədər hökumət tədbir görmür”

“BU, İNHİSARÇILIĞA, KORRUPSİYAYA SƏBƏB OLUR...” “Problem kritik həddə çatmayana qədər hökumət tədbir görmür”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Natiq Cəfərli: “Biznesin gələcəyi görə bilməsi üçün şəffaflıq və sabitlik yaradılmasa, nə qədər şüar səslənsə də, heç nə dəyişməyəcək”

“Gündəlik neft hasilatında 80 min barrel azalma var”

REAL Partiyasının icraçı katibi, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya müsahibəsində dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsiri, ölkə iqtisadiyyatındakı mövcud problemlər, onlardan çıxış yolları və bu ətrafda digər mövzularla bağlı sualları cavablandırıb.

Müsahibənin ilk hissəsini təqdim edirik:

- Natiq bəy, OPEC+ neft hasilatını artırmağa qərar verdi, bu isə onsuz da enən qiymətlərə daha da mənfi təsir edə bilər. Brent markalı neft 59 dollara, Azərbaycanın istehsal etdiyi xammal isə bundan bir neçə dollar baha satılır. Halbuki büdcədə qiymət 70 dollar səviyyəsində nəzərdə tutulub. Ümumilikdə, yaxın gələcəkdə neft bazarında vəziyyət necə olacaq? Bu barədə proqnozunuz varmı?

- Əslində, hazırda baş verənlər gözlənilən çərçivədədir. Keçən ildən etibarən Donald Tramp seçki kampaniyasına başlayarkən əsas diqqət yetirdiyi üç istiqamətdən biri neft sahəsi idi. Bu da göstərirdi ki, ABŞ neftin qiymətini aşağı salmaq və daxili istehsalı artırmaq niyyətindədir.

- ABŞ də ən böyük neft istehsalçılarından biridir, o zaman Tramp bunu niyə edir?

- Çünki Trampın əsas məqsədlərindən biri inflyasiyanı azaltmaqdır. O deyirdi ki, "qiymətləri aşağı salacağam". ABŞ-də orta statistik vətəndaş üçün beynəlxalq siyasət o qədər də əhəmiyyətli deyil. Vətəndaşlar üçün əsas məsələlərdən biri benzin qiymətidir. Əgər benzin ucuzdursa, deməli, hakimiyyət yaxşı işləyir. Bahadırsa, problem var. Bir çox amerikalı məhz belə düşünür. İnflyasiyanın aşağı salınmasında isə neftin və benzinin rolu çox böyükdür. ABŞ avtomobil ölkəsidir — ölkədaxili yükdaşımaların təxminən 70 faizi avtomobillərlə həyata keçirilir. Dəmir yolları o qədər də inkişaf etməyib. Bu səbəbdən dizelin qiyməti azalan kimi avtomobillərlə daşınan malların maya dəyəri də aşağı düşür, bu da öz növbəsində qiymətlərə təsir edir. Bu tendensiyanın baş verəcəyi bir il əvvəl də aydın görünürdü və biz dəfələrlə ictimai çıxışlarımızda bu barədə danışmışdıq.

- OPEC-in qərarına gəlsək...

- OPEC ilə ABŞ arasında da özünəməxsus münasibətlər var. ABŞ tərəfindən OPEC-ə demək olar ki, ultimatum verildi. OPEC də anlayır ki, ABŞ ilə yaxşı münasibətdə olmaq lazımdır. Üstəlik, ABŞ-də OPEC-lə bağlı 2000-ci illərdən qalan bir məhkəmə prosesi var. Belə ki, təşkilatın kartel razılaşmaları yolu ilə dünya üzrə qiymətləri süni şəkildə artırdığı iddia edilir və investorlar buna görə məhkəməyə müraciət ediblər. Həmin məhkəmə prosesi hələ də başa çatmayıb, amma OPEC-in üzərində bir təzyiq kimi qalır. Əslində, bu məsələ ciddi hüquqi araşdırma mövzusudur.

- Əsas suallardan biri budur: neft ucuzlaşması uzun müddət davam edəcəkmi?

- Bəli, görünən odur ki, bu azalma uzunmüddətli trendə çevrilə bilər. ABŞ həm neft ölkəsidir, həm istehlakçı, həm də dünyanın ən böyük neft hasilatçısıdır. Bu səbəbdən ABŞ üçün neftin ucuzlaşması əlverişli ola bilər. İstehsal artdıqca qiymətlər düşür, inflyasiya azalır və Tramp öz vədlərini yerinə yetirmiş olur. Amma bu vəziyyət Azərbaycan kimi neftdən yüksək dərəcədə asılı olan ölkələr üçün ciddi problemlər yarada bilər. Digər tərəfdən isə neftin qiymətini qlobal tendensiyalara uyğun şəkildə hesablamaq daha real yanaşma olardı. Dediyiniz kimi, Azərbaycanda büdcədə neftin qiyməti 70 dollar səviyyəsində götürülür. Mayın əvvəli üçün orta qiymət 70 dollardan yüksəkdir. Çünki ilin əvvəlindən — yəni ilk dörd ayda neftin orta qiyməti 74-75 dollar arasında dəyişib. Bu, əlbəttə, yaxşı göstəricidir. Amma Azərbaycanda daha ciddi problem var — bizdə hasilat azalır. Hasilatın azalması isə təkcə neft gəlirlərinə deyil, Ümumi Daxili Məhsulun (ÜDM) formalaşmasında neftin payına da ciddi təsir edir. Məhz buna görə Azərbaycanda ÜDM artımı çox aşağı səviyyədədir. Bu, təsadüfi deyil və Azərbaycan hökuməti bu prosesi diqqətlə izləməlidir.

- Hasilatda azalma nə qədərdir?

- Gündəlik hasilatda təxminən 80 min barrel azalma müşahidə olunur. Hazırda sutkalıq neft hasilatı 475-480 min barrel civarındadır. Bu da gözlənilən idi və hökumətin əvvəldən ona qarşı bir planı olmalı idi. 2011-ci ildə biz hasilatda zirvə nöqtəsinə çatmışdıq. Həmin vaxt BP tərəfindən verilən açıqlamada qeyd olunurdu ki, 2011-ci ildən sonra Azərbaycanda hasilatın tədricən azalacağı gözlənilir. Bu, artıq 10 il əvvəl bəlli idi. Hasilat azalır və bu azalmış həcmdə neftin yerini doldurmaq çox çətindir, bəlkə də mümkünsüzdür.

- Təbii qazın qiymətləri bu ilin birinci rübündə Avropada kifayət qədər yüksək olub. Amma qaz gəlirləri ilə bağlı bir az qeyri-müəyyənlik var. Biz nə Dövlət Neft Fondunun hesabatlarında, nə də rəsmi açıqlamalarda Azərbaycanın qazdan nə qədər gəlir əldə etdiyini görə bilmirik...

- Bizdə yalnız Dövlət Gömrük Komitəsinin statistikası var. Bu, çox maraqlı sualdır. Bir qədər geriyə getsək, 1994-cü ildə neftlə bağlı hasilatın pay bölgüsü belə müəyyən olunmuşdu: qoyulan investisiya geri qaytarılana qədər konsorsium gəlirin 80 faizini, Azərbaycan isə 20 faizini alacaqdı. O dövrdə hesablanmışdı ki, bu nisbət təxminən 2011-2012-ci illərdə dəyişəcək. Lakin bəxtimiz gətirdi, 2008-ci ildə neftin qiyməti dünya bazarında kəskin şəkildə artdı və kvota daha tez doldu. İnvestisiya xərcləri geri qaytarıldı və bu gün hasilatdan gəlirin 80 faizi Azərbaycana çatır, 20 faizi isə konsorsiuma qalır. Həmçinin, Azərbaycan hasilatın əməliyyat xərclərinin 5 faizini də özü ödəyir. Qazla bağlı vəziyyət də buna bənzərdir, lakin burada investisiya daha böyük olub. Təkcə “Şahdəniz-2”, TANAP və TAP layihələrinə ümumilikdə 46 milyard dollardan çox vəsait yatırılıb.

- Orada Azərbaycanın da maliyyə payı var...

- Bəli, Azərbaycanın bu layihələrdə təxminən 24 milyard dollarlıq payı var. Yəni, konsorsium yatırdığı vəsaiti tam olaraq geri aldıqdan sonra qaz hasilatında gəlir bölgüsü Azərbaycanın xeyrinə dəyişəcək. Hal-hazırda isə qazın qiymətində ucuzlaşma müşahidə olunur — 360-370 dollar səviyyəsindədir. Halbuki Rusiya-Ukrayna müharibəsi başlayanda Avropada qazın qiyməti 3 min dollara qədər yüksəlmişdi. İndi isə Azərbaycan nə istəyir? İstəyir ki, qaz satışında qiymətlər sabitləşdirilsin — yəni, uzunmüddətli müqavilələr bağlansın. İtaliya, Türkiyə və digər Avropa ölkələri ilə bu cür sabit, uzunmüddətli müqavilələr imzalanmasını istəyirik. Amma məsələ ondadır ki, Avropa ölkələri uzunmüddətli müqavilələrə maraq göstərmirlər. Onlar qazı birja əsasında alırlar — yəni, həmin gün birjada qiymət neçədirsə, o qiymətlə alıb ödəməyə üstünlük verirlər. Bunun üstün cəhəti odur ki, qiymət düşəndə onlar ucuz qaz alırlar. Amma eyni zamanda, qiymət kəskin qalxa da bilər — məsələn, 200 dollardan 2 min dollara qədər. Bu riskə görə Azərbaycan istəyir ki, qiymətlər fiksə olunmuş şəkildə uzunmüddətli müqavilələrlə tənzimlənsin. Beləliklə, həm tərəflər planlama aparar, həm də sabit qaz ixracı mümkün olar. Hazırda bu məsələ tam həll olunmayıb. Bəzi ölkələrlə artıq razılaşmalar əldə olunub. Məsələn, Bolqarıstanla müqavilə bağlanıb. Amma İtaliya ilə danışıqlarda problem var. Halbuki İtaliya bizim ən böyük qaz alıcımızdır.

2022-ci ildə Avropa İttifaqı ilə memorandum imzalanmışdı, lakin hələlik konkret nəticə yoxdur. Danışıqlar davam edir. Yekun olaraq isə qazdan əldə olunan gəlirlərin önümüzdəki illərdə daha da artacağı dəqiqdir.

- Rəqəm olaraq hansı göstəricilər məlumdur? Məsələn, 2024-cü ildə Azərbaycan qazdan nə qədər gəlir əldə edib?

- Bu rəqəmlər bizdə ayrıca verilmir. Yəni, qaz satışının ümumi dəyəri göstərilir. Məsələn, deyilir ki, 2 milyard dollar dəyərində qaz satılıb. Amma bu gəlirin necə paylandığı barədə məlumat verilmir. Bu günə qədər də dəqiq bilmirik. Qaz sahəsində tam şəffaflıq yoxdur. Çünki operator şirkət fərqlidir — neftdə BP-dir, qaz sektorunda isə Fransanın “Total” şirkəti əsas payçılardan biridir. Bu səbəbdən dəqiq məlumat almaq çətindir. Amma bir məsələ aydındır: növbəti 5-6 ildə qazdan gələn gəlirlər artacaq. Lakin bu, neft gəlirlərini tam əvəz edə biləcəkmi — bu, bəlli deyil. Çünki qazın həcmi ilə neftin həcmi fərqlidir. Ən yaxşı halda, 2027-ci ildən sonra Avropaya illik təxminən 20 milyard kubmetr qaz ixrac olunacağı gözlənilir.

- Bu həcmdə qaz ixracı üçün infrastruktur varmı?

- Hazırda infrastruktur əsasən yetərlidir. Lakin qazın nəql sürətini artırmaq üçün əlavə kompressor stansiyaları tikilməlidir.

- Prezident də demişdi ki, bu stansiyaların maliyyələşdirilməsində alıcı ölkələr iştirak etməlidir.

- Bəli, hazırda bu istiqamətdə danışıqlar gedir. Azərbaycan bu investisiyaları öz üzərinə götürmək istəmir və məncə, bu, doğru yanaşmadır. Çünki qaza daha çox ehtiyac duyan tərəf Avropadır. Avropanın illik qaz tələbatı 500 milyard kubmetrə yaxındır. Azərbaycan bu tələbatın çox kiçik bir hissəsini ödəyə bilir.

- Bu yaxınlarda Avropanın enerji qurumlarının hesabatına baxdıq. Orada göstərilirdi ki, Avropada neft istifadəsi azalıb. Eyni zamanda, bərpa olunan enerjinin payı 36 faizə çatıb. Bu da Azərbaycan üçün müəyyən mənada xəbərdarlıq siqnalıdır...

- Doğrudur. Açığı, yaxın gələcəkdə bərpa olunan enerji növlərinin ənənəvi enerjini tam əvəz edəcəyini düşünmürəm. Bu, həm texniki, həm də iqtisadi baxımdan mümkün deyil. Çünki bərpa olunan enerji baha başa gəlir, həm də hava şəraitindən asılıdır. Məsələn, Fransada dolu yağanda günəş panelləri zədələnmişdi. Amma texnologiya inkişaf etdikcə bu sahədə irəliləyişlər olacaq.

- Deyə bilərik ki, qaz hasilatında pik dövr hələ qabaqdadır?

- Bəli, pik dövr 2030-cu illərə təsadüf edəcək. Çünki bizdə hələ istismara tam daxil olmayan “Babək”, “Ümid”, “Abşeron” və “Qarabağ” yataqları var. İnfrastruktur baxımından da imkanlar mövcuddur: TANAP-ın ötürücülük gücü 32 milyard kubmetrdir, TAP-ın isə 20 milyard kubmetrdir. Bu imkanlarla gələcəkdə illik 20 milyard kubmetrə qədər qaz ixrac etmək olar.

- Hazırda ölkənin əsas gəlirləri enerji sektorundandır. Qiymətlərin ucuzlaşması tendensiyası Azərbaycanın sosial-iqtisadi vəziyyətinə necə təsir edir?

- Cəmiyyətdə iki yanaşma var. Bir qisim insanlar düşünür ki, "neft bizə nə verib?" Digərləri isə neftin ölkəyə üstünlük qazandırdığını bildirirlər. Amma reallıq budur ki, ölkədə neftlə birbaşa əlaqəsi olmayan sahələrdə işləyən insanların maaşında belə neft gəlirlərinin rolu var. Bəli, Neft Fondundan büdcəyə transferlər olmasa, dövlət işçilərinin maaşlarını ödəmək çətinləşər. Bu baxımdan neft hələ də əvəzolunmazdır. Həm də şəhərlərin yenidən qurulması, yolların, binaların təmiri, Qarabağın bərpası — bunların hamısı neft pulları hesabına həyata keçirilir. Neftin Azərbaycan iqtisadiyyatında rolu danılmazdır. Problem ondadır ki, artıq 30 ildir "Azərbaycan neft ölkəsidir" deyirik. Hökumət hər dəfə regionların inkişafı və qeyri-neft sektorunun genişlənməsi ilə bağlı proqramlar qəbul edir. Amma bu proqramların real effekti çox zəifdir. Nəticəyə baxsaq, faizlə ölçəndə ciddi dəyişiklik yoxdur. Mütləq rəqəmlərdə artım var, amma struktur dəyişməyib. Məsələn, 15 il əvvəl də dövlət büdcəsinin yarısı Neft Fondundan gələn transferlər idi, indi də vəziyyət demək olar ki, eynidir. Xarici ticarətdə 15 il əvvəl enerji məhsulları 90 faiz təşkil edirdi, indi də bu göstərici demək olar dəyişməyib.

- Xarici ticarətdə müsbət saldo da azalıb və demək olar ki, sıfıra yaxınlaşıb...

- Bəli, son məlumatlara görə, cəmi 600 milyon dollardır. Məncə, ilin üçüncü rübündə bu göstərici mənfiyə keçə bilər... Azərbaycan hökumətinin maraqlı davranış tərzi var: problem kritik həddə çatmayana qədər onu müzakirə etmirlər, yaxud tədbir görmürlər. Bunu biz 2008-2009-cu il və xüsusən, 2014-2015-ci il böhranlarında gördük. Yalnız neft qiymətləri düşəndə, devalvasiya baş verəndə tədbirlər görüldü. Amma sonra, 2018-2019-cu illərdə neft 80-90 dollara qalxanda məsələ bağlandı.

Mənə elə gəlir ki, hökumət hələ də hasilatın azalmasının uzunmüddətli bir trend olduğunu qəbul etmək istəmir. Düşünürlər ki, bu, keçici bir vəziyyətdir və tezliklə hasilat yenidən platoya çıxacaq. Hətta BP ilə danışıqlar aparırlar ki, hasilatı yenidən 500 min barel səviyyəsinə çatdırsınlar. Bu mümkündürmü? Nəzri olaraq mümkündür. Çünki ölkədə dərin qatlarda hələ də çıxarılmamış neft var. Amma həmin nefti çıxarmaq çox bahadır. Təxminən 6-8 milyard dollar investisiya tələb olunur. Hazırda bir barrelin maya dəyəri 14-17 dollar arasındadırsa, bu cür hasilatda maya dəyəri 24-25 dollara qədər yüksələcək. Bu sərfəlidirmi? Oturub hesablamaq lazımdır. Hazırda hökumətin hasilatı sabit saxlamaq üçün planları var. Amma bu, inkişaf deyil. Bu sadəcə, ölkəni çətinliklə ayaqda saxlamaq deməkdir.


- Qeyri-neft sektorunu dirçəltmək üçün investisiyalar lazımdır. Bir çox ekspertlər deyir ki, Azərbaycan xaricdə 60 milyard dollardan çox vəsait saxlayır və bundan cüzi faiz gəliri əldə edir. İndi həmin vəsaitin bir hissəsini ölkəyə qaytarmaq və investisiyalara yönəltmək lazımdır. Siz bu təklifə necə baxırsınız?

- Qulağa xoş gəlsə də, burada bir az populizm var. Çünki o vəsait ölkə üçün ciddi təhlükəsizlik yastığı rolunu oynayır. Kredit almaq pis şey deyil.

- Amma hökumət xarici borcun az olmasında maraqlı görünür...

- Xarici borc 5 milyard dollardan çoxdur, amma daxili borc 10 dəfə artıb. 2018-ci ildə 1,3 milyard idi, indi isə 10-12 dəfə çoxdur. Qiymətli kağızlar buraxılıb, qısamüddətli və uzunmüddətli istiqrazlar var. SOCAR, AZAL və “Azərenerji”nin də borcları var. Qeyri-neft sektoruna investisiya ehtiyacı 30 ildir danışılır. İnvestisiya mühiti Azərbaycan hökumətinin düşündüyü kimi deyil. Dünya tərəfindən qəbul olunmuş qaydalar tamam fərqlidir. Azərbaycan hökuməti düşünür ki, "biz güclü dövlətik, zəmanət veririk, gəlin pul yatırın". Amma orta statistik investor siyasətlə maraqlanmır. Onu insan haqları və demokratiya yox, hüquq və məhkəmələrin işləkliyi maraqlandırır. Problem də budur. Azərbaycanda çox zaman deyilir ki, siyasi işlər çoxdur deyə məhkəmələrin azad olması istənilmir. Amma siyasi işlərin ümumi məhkəmə işlərində payı bəlkə də 0,01%-dir. İnvestor bazarın ölçüsünə baxır və Azərbaycan bu baxımdan çox böyük ölkə deyil. Məsələn, Gürcüstan daha cəlbedicidir – dənizə çıxışı var, əhali az olsa da... Biz isə investorlar üçün daha cəlbedici təkliflərlə çıxış etməliyik, ədalətli məhkəmələr, işlək vergi və gömrük sistemi, maliyyənin tənzimlənməsi olmalıdır. Avropada da bu sahədə ifrat nəzarət yaranıb – hər şey tənzimlənir. Bu, biznesi boğur. ABŞ və Çin isə belə deyil. Azərbaycanda problem təkcə tənzimləmənin sərtliyi yox, həm də çoxluğu və ziddiyyətləri ilə bağlıdır. Bu gün tikinti sahəsinə 14 dövlət qurumu nəzarət edir. Niyə? Bu, inhisarçılığa, korrupsiyaya, maya dəyərinin artmasına səbəb olur. Azərbaycanda mənzillərin baha olmasının səbəbi budur.

- Həmçinin, sahibkarlar gömrük və vergi sistemindən də şikayətlər edir.

- Bəli. Klassik fəlsəfəyə görə, gömrük daxili bazarın və istehsalçının qorunması üçündür. Bizdə isə bu prinsip itib. Azərbaycanda bir çox məhsul istehsal olunmur, amma yüksək rüsum siyasəti yürüdülür. Məsələn, dərmanlar burada istehsal olunmur, amma ƏDV 18%-dir. Uşaq geyiminə 5% gömrük rüsumu, 18% də ƏDV tətbiq olunur. Bu məsələlərə yenidən baxmaq lazımdır. Sıfırdan vergi məcəlləsi yazılmalıdır. Çünki son illərdə məcəlləyə minə yaxın dəyişiklik edilib və bu da qeyri-sabitlik yaradır. Müsbət dəyişikliklər belə problem yarada bilər, çünki biznes uzunmüddətli planlama istəyir. Qaydalar tez-tez dəyişəndə bu mümkünsüz olur.

Futbol niyə hamı tərəfindən sevilir? Çünki qaydaları çox az dəyişib. İqtisadiyyatda isə vəziyyət belə deyil. Təsəvvür edin, oyunun birinci hissəsində deyirlər ki, aut əl ilə atılmalıdır, ikinci hissədə deyirlər ayaqla, sonda isə başla at deyirlər. Bizdə iqtisadi sistemdə də vəziyyət belədir. Bu isə investoru qorxudur, istehsalçını çəkindirir. Ona görə də bu məsələ mütləq həll olunmalıdır. Örnək istəyirlərsə, BƏƏ-nin vergi sisteminə baxa bilərlər – çox sadədir. Gürcüstan modelini də götürmək olar. Məsələn, dövriyyəsi 1 milyon lariyə qədər olan sahibkardan sadəcə 1% vergi tutulur. Kiçik sahibkarlar üçün bu, bir cənnətdir. Heç kim vergidən yayınmaq istəmir. Sən iqtisadiyyat sektorlarını ayırırsan. Məsələn, restoran xidmətlərinə 15%, istehsala 2%, tikintiyə 5-7% vergi tətbiq edirsən. Hamı əvvəlcədən bilir nə qədər vergi verəcək. Şəffaflıq yaranır, investor da gəlir.

Gömrük sistemi də bu prinsiplə işləməlidir: ölkədə istehsal olunan məhsullar üçün yüksək, istehsal olunmayanlar üçün isə aşağı rüsum. Biznes də gələcəyi görə bilər. Əgər bu şəffaflıq və sabitlik yaradılmasa, nə qədər şüar səslənsə də, heç nə dəyişməyəcək.

(Ardı var)

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 May 2025 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see206

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04 May 2025 23:17see149

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see140

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see139

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see137

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see132

Şollarda asılmış kişi meyiti tapıldı MÜƏMMALI İNTİHAR

05 May 2025 19:34see132

Bu evlər təhlükə altındadır Video

05 May 2025 21:47see128

Serj Sarkisyan: Əgər Qarabağa getmək şansım olsa…

05 May 2025 01:12see127

Gündə bir saat yarım idmanla məşğul oluram

04 May 2025 19:58see126

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see125

DİQQƏT: Kartınızda oğurlanan pulları belə qaytarın VİDEO

04 May 2025 15:52see123

Ağahüseynova bürünc medal qazanıb

04 May 2025 15:00see120

Putin həyatında ilk dəfə nə vaxt diz çökdüyünü açıqladı

04 May 2025 16:49see118

Zelenski xanımı ilə səfərdə: Kiyevə əlidolu qayıdacaq

04 May 2025 17:49see118

Leyla və Arzu Əliyeva uşaq evlərinin komandaları arasındakı turniri izlədilər FOTOLAR

05 May 2025 00:45see117

Qvadelupa sahillərində inanılmaz mənzərə: balıqlar göyə qalxdı VİDEO

06 May 2025 01:06see116

Trent Aleksander Arnold Liverpul dan gedir Rəsmi

05 May 2025 13:32see115

Şaxtyor dan XXI əsrdə bir ilk

05 May 2025 02:18see112

Mask beyninə görmə qabiliyyətini bərpa edən çip yerləşdirəcək..?

04 May 2025 22:44see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri