Cümhuriyyət dövründə Qarabağ və Zəngəzurda siyasi vəziyyət
Arxiv sənədləri və “Azərbaycan” qəzetinin (1918-1920) materialları əsasında
1918-ci ilin birinci yarısında dünyada, eləcə də bölgədə siyasi vəziyyət olduqca gərgin idi. Bu gərginliyi yaradan amillərdən biri dünya müharibəsinin davam etməsi idisə, digəri Andranik, Dro, Nijde və Primovun silahlı erməni dəstələrinin Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində türk-müsəlman əhaliyə qarşı həyata keçirmiş olduğu soyqırımı hadisələri idi.
Tarixi sənədlərdən məlumdur ki, RSFSR hökuməti, şəxsən V.İ.Leninin göstərişi ilə Şaumyana 1918-ci ilin birinci və ikinci rüblərində əvvəlcə 30 milyon, sonra isə 50 milyon pul vəsaiti göndərilmişdi.
Lenin həmin pulu Bakı quberniyasında sovet hakimiyyətini möhkəmləndirmək üçün Şaumyana göndərmişdi. S.Şaumyan da həmin vəsaitin böyük bir hissəsini, əsasən ermənilərdən ibarət silahlı dəstələrinin yaradılmasına sərf edib, digər bir qismini isə, Andranikə göndərib. Andranikin quldur dəstələri də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının qəzalarında türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlar, soyqırımlar törədib.
1919-cu ildə nəşr olunan “Azərbaycan” qəzetinin səhifəsində “Hansı vəsait hesabına Andranik işləyir” başlığı altında gedən yazıda qeyd olunurdu ki, Zəngəzur erməni milli şurasının üzvləri-Arşak Şiranyan və Nikolay Osipov Bakıdan gələrkən özləri ilə bir milyon (1.000 000) rubl gətirmişdilər. Onların dediyinə görə bu pulları general Baqratuninin tövsiyyəsi ilə Andranikə vermişdilər. Andranik də onlara öz təşəkkürünü bildirmişdi (Газ. “Азербайджан” 29 января 1919).
Həmin vaxtlar Bakıda sığınacaq tapmış erməni silahlı dəstələr də Bakı, Şamaxı, Quba, Lənkəran, Kürdəmir və başqa qəzalarda yaşayan türk-müsəlman əhaliyə divan tutub, soyqırımı törədib. Bununla bağlı ARDA və ARPİİİSSA-də mühafizə olunan fondlarda (1061, 970, 894, 897, 226, 227 və s.) çoxsaylı sənədlər saxlanılmaqdadır. Bu sənədlər sübut edir ki, erməni silahlı dəstələrini Bakı quberniyasının müxtəlif qəzalarına göndərən S.Şaumyan olub. Həmin qəzaların əhalisindən qarət olunmuş qızıl-gümüş və pul vəsaitləri Bakı Sovetinə rəhbərlik etmiş Şaumyana verilib.
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə də (1918-1920-ci illər) Ararat (Ermənistan) Respublikasının silahlı qüvvələri Qarabağ torpağını ələ keçirmək üçün dəfələrlə hərbi təcavüz edib. Bu hərbi təcavüz nəticəsində bölgədə yaşayan türk-müsəlman əhalisinin bir qismi soyqırıma məruz qalıb, bir qismi qaçıb canını qurtarıb, əhaliyə məxsus əmlaklar qarət olunub, evləri isə yandırılıb. Bütün bu hadisələr həmin dövrün Fövqəladə Təhqiqat sənədlərində və dövrü mətbuatda öz əksini tapıb. Məsələn, FTK-nın üzvü, milliyyətcə rus olan N.Mixaylov 1919-cu il yanvar ayının 16-da Gəncə quberniyasının Ərəş və Nuxa qəzaları, may ayının 9-da isə həmin quberniyanın Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzası kəndlərinin əhalisi üzərində ermənilər tərəfindən törədilən soyqırımlar, onlara məxsus əmlakların qarət olunması və onların evlərinin yandırılması haqqında topladığı təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq komissiyaya təqdim edib.
FTK Cavanşir qəzası üzrə bir (1) qərar layihəsi hazırlamışdı (ARDA, f. 100, siy. 2, iş 791, v. 106-107). Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara, hətta şikəstlərə belə aman vermədən türk-müsəlmanlara qarşı çoxsaylı cinayətlər törətmişdilər. Məsələn, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məhəmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirib, sonra isə onların cəsədlərini doğrayaraq hər hissəni bir yerdən asmışdılar.
Şahidlərin ifadələri əsasında FTK Cavanşir qəzasında azəbaycanlılara qarşı vəhşiliklər törədilməsinə rəhbərlik etmiş ermənilərin bir qrupunun adları da müəyyənləşdirilmişdi. Bunlar Yuxarı Qarxun kəndində torpaq sahibi mühəndis Konstantin Abramov, Avan Yüzbaşyevin malikanəsini idarə edən Baqrat bəy Məlik-Şahnazarov, Marağalı kənd icmasının kəndxudası Nerses Manukov, Gülyataq kəndinin sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artyom və Muku Sukiasovlar, Yevrem və Nikolay Şahbaqovlar, Bazarkənddən Nikolay Saruxanov, Vank kəndindən Tiqran Asan Cəlalov, Yuxarı və Aşağı Çaylı kəndlərindən Şamir Ağabekov, Setrak Usubbekov, Talış kəndindən Tyuni Atambekov, Ağdərə kəndindən Karapet Anastasov, Talış kəndindən İsaak və Minas Ter-Danielov qardaşları, həmin kənddən Rüstəm Babayev, Çardaxlı kəndindən Baxış Avanesov, Aşağı Çaylı kəndindən Akopcan Masesov, Nikolay Sokratov, Ağdərəli Markos bəy Ter-Astsaturov, Marqoşavan kəndindən Atakişi Xaçaturov və başqaları idi (23 nəfərdən çox erməni quldurlarının adı). Bu ermənilər Cavanşir qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin yalnız rəhbərləri deyil, həm də şəxsən onların öldürülməsində, onlara işgəncə və əzablar verilməsində iştirakçıları idilər (ARDA, f. 970 (AXC Xarici İşlər Nazirliyinə aid), siy. 1, iş. 161, v. 5).
1918-1919-cu illərdə erməni silahlı quldurları Cəbrayıl qəzasında törətdikləri vəhşilikləri haqqında FTK-nın üzvü Mixaylovun məruzəsində geniş məlumatlar verilir. Komissiya Cəbrayıl qəzası üzrə 10 qərar layihəsi hazırlayıb (ARDA, f. 100, siy. 2, iş 791, v. 106-107).
Məruzədə 1918-1919-cu illərdə ermənilərin hərbi təcavüzü nəticəsində ziyan çəkmiş Cəbrayıl qəzasının kəndlərinin (26 kənd) siyahısı verilir: Düdükçü, Edilli, Ağbulağ, Qoqa, Çirakuz, Axullu, Arış, Qaragöllü, Doşulin, Toqo, Əfəndilər, Aşıq Məlikli, Xolaflı, Tatar, Şıxlar, Sirik, Ağcakənd, Dələnlər, Mülkədarlı, Qərvənd, Qaradağlı, Zərgər, Boliant, Eyvazlı, Əvətli, Məzrə.
1919-cu il fevralın 27-də Ağcakənd, Dələnlər və Mülkədarlı kəndlərinin erməniləri yenidən Sirik kəndinə hücum edərək yenə də bu kəndin bir hissəsini yandırıb, 11 kişi, 10 qadın, 14 uşaq qətlə yetirilib (cəmi 35 nəfər- V.Ş.) və 2 kişi yaralanıb (ARPİİSSA, f. 277, siy. 2, iş 16, v. 5).
Yelizavetpol quberniyasının (Gəncə) ən çox ziyan çəkən qəzasının biri də Şuşadır. Komissiya Şuşa qəzası üzrə – 11 qərar layihəsi hazırlayıb (ARDA, f. 100, siy. 2, iş 791, v. 106-107). Komissiyanın məruzəsində şahidlərin ifadələri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanıb. Şahidlərin ifadələrinə görə 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə daxil olan Qoqa kəndinin azərbaycanlılar yaşayn 55 evdən ibarət malikanələri dağıdaraq yandırmışdılar. Mülkədar Cavanşirin malikanəsi də dağıdılıb, yandırılıb, ailə başçısı Əsəd Ağa Cavanşiri, onun oğlu Soltan ağanı, qızı İranə Bəyimi, qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev qulluqçusu İncə İbad qızını, nökərləri Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli Kərbalayı Ələsgər oğlunu öldürüb (8 nəfər – V.Ş.), ölüləri təhqir edərək onları soyundurub sonra da xəncərlə doğrayıblar. 1919-cu ilin may ayına qədər Tuğ mülkədarı Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən ermənilər onu öldürüb, əmlakını müsadirə ediblər. Tuğ sakini Güldəstə xanım Nəcəf bəy qızını da döyə-döyə öldürüblər. Tuğ yolunda ermənilər Novruz Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu qarət edir və sonra isə döyərək öldürmüşdülər (Tuğ kəndinin 4 nəfər sakini öldürülür – V.Ş.). 1919-cu il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şose yolunda 4 nəfər azərbaycanlı əsgəri soyunduraraq güllələyib və 3 nəfərin ölüsünü isə gizlətmişdilər (7 nəfər öldürülmüş – V.Ş.).
FTK-nın sənədlərində Zəngəzur qəzası üzrə 55 qərar layihəsi qəbul edib. Arvix sənədlərində bu qəzada 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi qeyd olunub. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülməsi, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi (erməilər tərəfindən öldürülən və yaralanan türk-müsəlmanlar, cəmi 10068-V.Ş.) (ARDA, f.894 (AXC Daxili İşlər Nazirliyinə aid), siy.4, iş 104; siy.10, v. 1).
Lakin müzəffər Azərbaycan ordusu düşmən hücumunun qarşısını alıb və onları torpaqlarımızdan qovub. Bu qələbədən sonra Ermənistanın hərbi təcavüzündə iştirak etməyən erməni əhalisi AXC hakimiyyətini, üçrəngli bayrağımızı tanıdığını və dövlətimizin himayəsi altında Qarabağda sülh və təhlükəsizlik şəraitində yaşamağa razı olduqlarını bildirmişdilər...
VAQİF ŞİRİNOĞLU
Tarix elmləri doktoru