Əlilliyi olan daha 1600 dən çox şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 oktyabr, AZƏRTAC
Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1628 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib. Həmin xidmətlərə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası daxildir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səyyar formada göstərilən reabilitasiya xidmətlərindən yaşayış yerini tərk etməkdə çətinlik çəkən əlilliyi olan şəxslər yararlana bilərlər. Bunun üçün həmin şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.
Müraciət əsasında agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqada əlilliyi olan şəxsin yaşadığı ünvanda onun ilkin müayinə və qiymətləndirməsini aparır.
Vətəndaşın faktiki vəziyyəti səyyar xidmətə cəlb edilən diaqnozlara uyğun olduğu halda həmin şəxslə bağlı fərdi plan tərtib edilərək müəyyən olunmuş müddət ərzində ona yaşadığı ünvanda reabilitasiya xidmətləri göstərilir.


