Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq AÇIQLAMA
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Təhsildə rüşvət amilini aradan qaldırmaq üçün birinci növbədə təhsilin idarəetmə sistemində işləyən şəxslər, başda nazir Emin Əmrullayev olmaqla şəffaf işləməlidir. Bir ölkənin təhsil naziri özü şəxsən brifinqdə açıq şəkildə bildirirsə ki, olimpiada ödənişli olmalıdır. Müəllimləri məcbur edirlər ki, valideynlərdən olimpiadaya pul toplasınlar, Təhsil İnstitutuna göndərsinlər. Təbii ki, belə halda müəllimin pul almaq məsələsində daha da əl-qolu açılır. Təhsil idarəetmə orqanları müəllimlərdən tələb edirlər ki, nəyin bahasına olursa-olsun, valideyndən pul yığılmalıdır. Bu da rüşvətin bir formasıdır. İkincisi, Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə dövlətin təhsil siyasətini həyata keçirməkdir, imtahan keçirmək deyil. Bu gün isə istər Elm və Təhsil Nazirliyi, istər MÜTDA, istər ölkədə təhsil sahəsində yeganə elmi-pedaqoji araşdırma aparacaq elmi-tədqiqat institutu olan Təhsil İnstitutunun işi imtahanlar keçirməkdir. Sual olunur, bu qədər imtahanlar nə üçündür? Hamımız bilirik ki, kadr seçimində neqativ hallar baş alıb gedir. Bunun başında Emin Əmrullayev özü, eyni zamanda Təhsil İnstitutunun direktoru Elmir Əliyev durur. Nazir və onun yaxın dostu təhsil sistemində rüşvətin başında durursa, o, rüşvətə qarşı necə mübarizə apara bilər? Fikir verirsiniz, hansısa ayrı-ayrı hallar ictimailəşən zaman həmin kadrla bağlı nazir ölçü götürülür. Guya özünü sığortalayır ki, rüşvətə qarşı mübarizə aparır. Bu, birmənalı şəkildə qəbuledilən deyil. Elm və Təhsil Nazirliyi rüşvət sisteminin başında durur və buna marağı var".
Bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

O bildirib ki, ölkənin təhsil büdcəsinin böyük bir hissəsi təlimlərə yönəldilib: "Bəs o təlimlərin hansı nəticələri var? Heç bir nəticəsi yoxdur! Təlimlər zamanı yol verilmiş korrupsiya hallarını artıq ən ucqar kənd məktəbində çalışan müəllim də bilir. Eyni zamanda layihələr... Elm və Təhsil Nazirliyinin başı layihələrə qarışıb. Ölkənin təhsil sistemində tərbiyə mühiti pozulub. Səriştəsiz kadrların təyinatı məsələsi də var. Bir sözlə, heç nə yoxdur. Bu gün təhsil müəssisələrinə direktorların təyinatından öncə onların yaxın ətraflarının qısa zamanda banklara kredit borcları yaranır, əmlakları satılır. Yaxşı, bu adam məktəb direktoru seçiləcəksə, seçilməmişdən bir neçə ay öncə niyə bu qədər kredit borcu yaransın ki? Niyə bankdan pul götürsünlər? Niyə öz əmlaklarını satsınlar? Açıq şəkildə ölkə təhsili korrupsiyaya bürünüb, rüşvət baş alıb gedir. Paralel olaraq idarəetmə də bərbad hala salınıb. Emin Əmrullayevin Azərbaycan təhsilinin idarə edilməsindən heç xəbəri yoxdur. Kim necə istəyirsə, o cür addım atır. Məsələnin ən faciəli tərəfi isə ölkənin təhsil müəssisələrində tərbiyə mühitinin itməsidir. Ali təhsil müəssisələri əmək bazarına uyğun kadr hazırlamağı bir kənara qoyub, reytinq yarışına çıxıblar. Biznes platforması olan ayrı-ayrı reytinq sistemlərində yer tutmaq üçün növbəyə düzülüblər. Halbuki onların əsas vəzifəsi ölkənin əmək bazarına uyğun kadr hazırlamaqdır. Ölkənin ali təhsil müəssisələrindən heç biri elmi-tədqiqat işləri aparmır. Halbuki ali təhsil müəssisələrinin əsas vəzifəsi elmi araşdırmalar aparmaqdır. Bu, reallıqdır. Peşə təhsili sahəsində də vəziyyət tamamilə bərbad haldadır. Peşə təhsilinin məqsədi qalıb bir kənarda, korrupsiya halları baş alıb gedir. Məktəbəqədər təhsil müəssisələri iflic vəziyyətdədir. Ümumtəhsil pilləsində isə vəziyyət hamısından ağırdır. Sanki təhsil sistemi idarəolunmaz vəziyyətə gəlib. Bunun əsas səbəbkarı və bu vəziyyəti yaradan məhz Emin Əmrullayevin pul qazanmaq sevdasıdır. Emin Əmrullayevin səriştəsiz idarəetməsinə görə, başı rüşvətə, korrupsiyaya qarışdığına görə bu gün təhsil sistemi idarəolunmaz vəziyyətdədir. Əmrullayevin beş illik nazir olduğu dövrdə Azərbaycan təhsilinə, cəmiyyətinə dəymiş hələ maddi ziyanı demirəm, mənəvi ziyanı aradan qaldırmaq üçün bizə illər lazım olacaq. Bu insan elm və təhsil naziri olmaqla Azərbaycan Respublikasının qanunlarının tələblərini bir kənara atıb. Harada pul, maraq, təhsil büdcəsinin dağıdılması, rüşvət halları var, ancaq bu işlərlə məşğuldur. Çox təəssüf ki, Emin Əmrullayevin təhsil naziri olduğu dövrdə Azərbaycan cəmiyyətinə dəyişmiş ziyanın miqyası o qədər böyükdür, hətta bu gün aradan qaldırmağa başlasaq, yaxın on ildə bunu bacarmağımız çətin olacaq. Dəymiş ziyan yüz milyonlar, bəlkə də, milyardlarladır".
Aytəkin Qardaşova


