Hədəf Arktikadır: Region ABŞ ilə Rusiya arasında bölünəcək
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Beynəlxalq münasibətlər sisteminin birqütblü sistemdən çoxqütblü sistemə transformasiya olunduğu bir zamanda beynəlxalq güc mərkəzləri arasında geosiyasi və geostrateji rəqabət daha da dərinləşməkdədir.
Bu, hazırda qlobal dünyada baş verən proseslər fonunda aydın şəkildə özünü büruzə verir. İstər ABŞ, istərsə Rusiya, istərsə də Çin tərəfindən atılan addımlar bunu sübut edir. Dərinləşməkdə olan bu rəqabət bir çox regionları böyük güclərin maraq dairəsinə və sözügedən güclər arasında mübarizə meydançasına çevirib. İllərdir sülh və sabitliyin hökm sürdüyü regionlar beynəlxalq rəqabətin oğuşuna qərq olunmağa başlayıb. Həmin regionların siyahısına təbii ki, dünyanın ən böyük adası və ərazisinin 70 və ya 80 % - i buzlarla əhatə olunan Qrenlandiya da daxildir. Xüsusilə qeyd edək ki, 2025 – ci ilin dekabrında Tramp administrasiyası öz milli təhlükəsizlik strategiyasını qəbul etdi.
Bu strategiyada açıq-aydın vurğulanıb ki, yeni dünya – Amerika qitəsi və Atlantik okean daima ABŞ-nin təsir dairəsində olmalı, bu regionda yalnız ABŞ- nin siyasi, iqtisadi və hərbi mövqeləri nəzərə alınmalıdır və heç bir güc mərkəzinin regionda söz sahibi olmasına imkan verilməyəcək. Bütün bunlara nəzərən Trampın milli təhlükəsizlik strategiyasında Qrenlandiya və Arktika amili xüsusi prioritet təşkil edir.
Tramp israrlıdır
ABŞ Prezidenti Donald Tramp Venesueladan sonra Qrenlandiya ilə bağlı ciddi tədbirlər görmək niyyətindədir. Belə demək mümkünsə, Ağ Ev Qrenlandiyanı hər hansı yolla ABŞ-yə ilhaq etməkdə israrlıdır. Trampın bu yaxınlarda Ağ Evdə ABŞ-nin nəhəng neft-qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə təşkil olunan mətbuat konfransında Vaşinqtonun Qrenlandiyaya tam sahib olmaq hədəfini güddüyünü deməsi ABŞ-nin öz məqsədindən geri çəkilmək niyyətində olmadığını göstərir. O qeyd edib ki, Rusiya və Çin adaya daxil ola və oradan ABŞ-nin təhlükəsizliyinə təhdid yarada bilərlər.
"Bizə Qrenlandiyanı icarəyə götürmək kifayət deyil. Biz adaya tam sahib olmalı və nəzarət etməliyik. Qrenlandiyanı biz ələ keçirməsək Rusiya və Çin edəcək. Qrenlandiya ilə bağlı nəsə qərar verməliyik. Asan yol ilə alınmasa, çətin yolla Qrenlandiyanı əldə edəcəyik", - deyə Tramp əlavə edib.
Onun sözlərinə görə, Vaşinqton hədəfinə nail olanacan mübarizə aparacaq:
“Qrenlandiya bizə mütləq lazımdır. Bu milli təhlükəsizlik üçün lazımdır. Rusiya və Çin gəmiləri Arktikada bu gün əsas gücdür”.
ABŞ-nin dövlət rəhbəri onu da vurğulayıb ki, Qrenlandiya Danimarkaya məxsus olsa da, rəsmi Kopenhagen adada regional təhlükəsizliyi təmin etmək iqtidarında deyil:
“Danimarka Rusiya və Çin qarşısında Qrenlandiyanı müdafiə edə bilməz. Ona görə də bizə Qrenlandiya qlobal və milli təhlükəsizlik üçün lazımdır. Qrenlandiyanın gələcəyi yalnız ABŞ-ləbirlikdədir. Başqa heç bir seçim haqqı yoxdur”.
Qeyd edək ki, Trampın Qrenlandiya ilə bağlı son bəyanatları ilk hal deyil. O, 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra jurnalistlərə açıqlamalarının birində Rusiya və Çinin Qrenlandiya istiqamətində ABŞ-nin sərhədlərinə doğru genişləndiyini qeyd etmişdi:
“Onlar bizim sərhədlərin yaxınlığına gəlirlər. Danimarka isə onları bizim sərhədlərdən uzaq tuta bilməz, ona görə də Qrenlandiya azad dünyanı qorumaq üçün bizə lazımdır. Rusiya və Çin bizim sərhədlərə yaxınlaşmamalıdır və Qrenlandiyadan bizi təhdid etməməlidir. Qrenlandiyada Rusiya raketləri çox qısa zamanda bizə zərbə endirə bilər”.
Qrenlandiya-Arktikanın ürəyi
Hazırki qlobal proseslər fonunda Qrenlandiya beynəlxalq güc mərkəzlərinin diqqətindən yayına bilməz. Ona görə ki, bu ada həm geostrateji, həm geosiyasi, həm də geoiqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Qrenlandiyanın iqtisadi çəkisi daha yüksəkdir, yəni adadakı təbii resurslara nəzarət istənilən dövlətin iqtisadiyyatına dividentlər qazandıra bilər.
Birincisi, Qrenlandiya istismar olunmayan neft-qaz yataqları, həmçinin saysız-hesabsız mineral ehtiyatlar ilə zəngindir. Dünyanın nəhəng neft-qaz ehtiyatlarının əksəriyyəti Qrenlandiya və Arktika bölgəsində yerləşir.
İkincisi, Qrenlandiya Arktika və Şimali Atlantikanı bir-biri ilə birləşdirən beynəlxalq marşrut xətti üzərində yerləşir – ada şimal marşrutun ən əsas parçasıdır.
Üçüncüsü, Qrenlandiya üzərində nəzarət həm də Arktika və Şimali Atlantika üzərində nəzarət deməkdir, istənilən güc mərkəzi bu ada üzərindən həm Avropaya, həm də Amerikaya təsir etmək imkanları əldə bilər.
Bütün bu aspektlər baxımından Qrenlandiya ABŞ, Rusiya və Çin üçün önəmli region hesab olunur. Buna görə də Tramp Qrenlandiya məsələsində öz mövqeyini yürütməkdə israrlıdır. Trampın milli təhlükəsizlik strategiyasında Qrenlandiyaya nail olmaq hədəfi üç əsas məqsədə söykənib.
Birincisi, ABŞ-nin Qrenlandiyada hərbi-strateji mövqeyini daha da möhkəmləndirmək, xüsusilə də adada raket-kosmik bazaların sayını artırmaq və ada sahillərində donanma yerləşdirmək, yəni ABŞ-nin milli təhlükəsizliyinin təminatına töhfə vermək, ikincisi, ABŞ şirkətlərini adadakı neft-qaz və mineral ehtiyatların istismarına cəlb etmək, üçüncüsü Arktika ilə Şimali Atlantikanı birləşdirən beynəlxalq şimal marşrut xəttini tam nəzarətə götürmək və nəhayət, ən əsası da ABŞ-nin Arktikada hegemoniyasını təmin etməkdir.
Arktika məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, bu regionda yalnız iki güc mərkəzi var: ABŞ və Rusiya. İstər “soyuq müharibə” dövründə SSRİ ilə ABŞ, istərsə də son otuz ildə Rusiya ilə ABŞ arasında Arktika regionu üzərində geostrateji, geosiyasi və geoiqtisadi rəqabət aparılıb. Hər iki güc mərkəzinin bu regionda yerüstü və sualtı ballistik raket bazaları var.
Neft-qaz ehtiyatları ilə zəngin və potensial marşrut olan bu regionda Çin də güc mərkəzi olmağa çalışır. Çin şirkətləri Rusiya ilə birgə Arktikada gəmi limanlarının və nəhəng gəmilərin tikintisi, habelə bölgədəki neft-qaz ehtiyatlarının istismarı istiqamətində investisiya layihələri həyata keçirirlər. Pekin Arktika üzərindən keçən beynəlxalq şimal marşrut xəttində də ticarət gəmilərinin sayını artırmaq niyyətindədir və bu istəyinə müəyyən qədər nail olub. Bu səbəbdən ABŞ-nin hazırki administrasiyası Qrenlandiyanı ABŞ-yə ilhaq etmək və ada üzərindən Arktikada ABŞ-nin mövqelərini gücləndirməklə Rusiyanı cilovlamaq və Çinin təsir imkanlarının qarşısını almaq məqsədi güdür.
Tramp Qrenlandiyaya hansı yolla nail olacaq?
Hazırda Tramp administrasiyası Qrenlandiyanın ABŞ-yə ilhaqı istiqamətində bir sıra həll yolları nəzərdən keçirir. Tramp və komandasının üzvləri hərbi gücdən istifadəyə baş vurmaqda maraqlı olmadıqlarını bəyan etsələr də, hərbi variantın masada olduğunu da istisna etmirlər. Ekspertlərin fikrincə, Trampın hərbi güc yola ilə Qrenlandiyanı nəzarətə götürməsi inandırıcı görsənmir, çünki, bu, NATO-nun nüfuzuna və etibarına zərbə vurulmasına, hətta alyansın çökməsinə gətirib çıxara bilər. Bunu Ağ Evdə çox yaxşı bilirlər.
Ona görə də Tramp administrasiyası digər variantlara – Danimarka üzərində iqtisadi təzyiqləri artırmaq və iqtisadiyyatını çökdürmək taktikasına əl ata bilər. Əgər bu varianta əl atılarsa, təbii ki, bu, öz müsbət nəticəsini göstərəcək. Qlobal iqtisadiyyatda ABŞ öz hegemoniyasını qorumaqdadır, Avropa ölkələri daxil olmaqla heç bir ölkə ABŞ-nin iqtisadi və diplomatik təsir rıçaqlarına qarşı duruş gətirə bilməz. Trampın təhdidlərinə gəlincə, ABŞ Dövlət katibi Marko Rubio qapalı brifinqdə qanunvericilərə bildirib ki, Tramp administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası Danimarkanı danışıqlara məcbur etmək məqsədi daşıyır.
Ekspertlər hesab edirlər ki,Vaşinqton hazırda bir çox ölkəyə qarşı psixoloji və diplomatik təzyiq strategiyasına üstünlük verir. Hərbi variantın açıq saxlanması isə daha çox danışıqlarda təzyiq xarakteri daşıyır. Kopenhagen isə Qrenlandiya üzərində suverenliyinin qorunması şərti ilə adanı ABŞ-yə icarəyə vermək, adada daha çox ABŞ hərbiçilərinin yerləşdirilməsinə, hərbi komandanlığı ABŞ-yə təhvil verməyə razıdır. Belə bir varianta da üstünlük verilə bilər. ABŞ ilə Avropa ölkələri arasında diplomatik danışıqlar təşkil edilir və bu danışıqlarda NATO-nun Qrenlandiya üzrə xüsusi təhlükəsizlik strategiyası formalaşdırılır və bu strategiya çərçivəsində Danimarkanın Qrenlandiya üzərində suverenliyini saxlamaqla ada de-fakto ABŞ-nin hərbi nəzarətinə verilir. Hələ ki, Ağ Ev yekun qərara gəlməyib. Qrenlandiyanın gələcək taleyi ya çox güclü iqtisadi-psixoloji təzyiqlər, ya diplomatik danışıqlar yolu ilə həll olunacağı ehtimal olunur.
Arktika bölünə bilər
“Nationalİnterest”-in məlumatına görə, Arktikanın 53%-i Rusiyaya, 14%-i Kanadaya, 6%-i Danimarkaya (Qrenlandiya) və 7%-i ABŞ-yə aiddir. Eyni zamanda,Arktika ehtiyatlarının 65%-i Rusiyanın, 20%-i Danimarkanın və yalnız 7%-i ABŞ-nin nəzarətindədir. Agentliyin məlumatında qeyd olunur ki, əgər ABŞ Qrenlandiyanı öz ərazisinə ilhaq edərsə, Arktikada nəzarət payını 13%-ə, ehtiyatlar payını 27%-ə qədər artıracaq. Arktika neftinin 45%-i, qazının 75%-i, nadir metalların 60%-i məhz Rusiya nəzarətindədir. Tramp Qrenlandiya məsələsində öz hədəfinə nail olarsa, sözsüz ki, o, Arktikada ABŞ-nin hegemoniyasını təmin etməyə çalışacaq, amma regionun təbii ehtiyatlarının istismar üçün Rusiya ilə qarşılıqlı əməkdaşlığa da gedəcək. Moskva da əməkdaşlıqda maraqlıdır. Ekspertlər belə qənaətə gəliblər ki, yaxın gələcəkdə Arktika əsasən, ABŞ və Rusiyanın geostrateji təsir dairəsinə bölünəcək, həm Tramp, həm də Putin qarşılıqlı əməkdaşlıq çərçivəsində bu regionda Vaşinqton və Moskvanın geosiyasi və geoiqtisadi maraqlarını təmin etməyə çalışacaq.
Bu hədəflər üzərində addımlar atılacaq:
-Hərbi-strateji və təhlükəsizlik zonalarının müəyyənləşdirilməsi
-Yeni iqtisadi zonaların əsasının qoyulması
- Regionda neft-qaz ehtiyatlarının istismarı üzərində birgə əməkdaşlıq
-Yeni beynəlxalq marşrut xətti
-Regiondan kənar güc mərkəzlərinin regiona müdaxiləsinin qarşısının alınması.
Bu baxımdan,Arktika regionunun gələcək taleyi ABŞ və Rusiyadan asılı olacaq.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 17 Yanvar 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















