Hekayəçilik məharəti və publisistikada müdriklik İsa Həbibbəyli yazır
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik,
Qısa arayış. Ədəbiyyat və publisistika sahəsində müasir Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsində yazıçı-publisist İmamverdi İsmayılovun çoxcəhətli fəaliyyəti özünəməxsus yer tutur.
İmamverdi İbiş oğlu İsmayılov 10 iyun 1958-ci ildə Zəngilan rayonunun Vənədli kəndində anadan olmuşdur. O, orta təhsilini doğma kəndlərində aldıqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Azərbaycan Televiziyasının "Gənclik" Baş Redaksiyasının Baş redaktoru vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. 1990-1992-ci illərdə "Kirpi" satira jurnalında çalışmışdır.
İctimai-siyasi fəaliyyətlə də məşğul olan İmamverdi İsmayılov 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, 2024-cü ildən Azərbaycan - Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Yazıçı - ictimai xadim İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Hekayəçilik. Yazıçı-publisist İmamverdi İsmayılov bədii yaradıcılığa Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbəsi ikən yazdığı "Təqaüd" adlı hekayəsi ilə başlamışdır. Hekayədə tələbəlik həyatının səciyyəvi detalları əsasında gəncləri düşündürən yaddaqalan hadisələr qələmə alınmışdır. Sonrakı dövrlərdə də İmamverdi İsmayılov hekayəçilik fəaliyyətini davam etdirmişdir. Onun müxtəlif illərdə qələmə aldığı "Yurd gürzəsi", "Astanada ölüm", "Göyərçin köçü" və sair hekayələrində cəmiyyət həyatının aktual məsələləri təsvir edilmişdir. İmamverdi İsmayılovun yaradıcılığı, o cümlədən də hekayələri publisistika ilə bədii nəsrin üzvü əlaqəsi və sintezi əsasında yazılmış yaddaqalan ədəbiyyat nümunələridir. Haqlı olaraq qeyd edildiyi kimi, İmamverdi İsmayılov "Publisistika ağırlıqlı hekayəçidir".
Bununla belə, İmamverdi İsmayılovun publisistikasındakı bədiilik onun hekayələrində publisistik elementlərin qabarıq görünməsinə imkan vermir. O, publisistika ilə bədii nəsrin elə üzvü sintezinə nail ola bilmişdir ki, bütün məqamlarda bu, qarşılıqlı şəkildə hər iki istiqamətin ideya-bədii səviyyəsinin mükəmməlliyinə xidmət edir.
İmamverdi İsmayılovun 2025-ci ildə yazıb dövrü mətbuatda çap etdirdiyi "Bayquş və Qarovulçu" hekayəsi dərhal böyük əks-səda doğurmuş, ciddi marağa səbəb olmuşdur. "Bayquş və Qarovulçu" hekayəsi İmamverdi İsmayılovun yazıçılıq istedadının əyani barometridir.
İmamverdi İsmayılovun "Bayquş və Qarovulçu" hekayəsində təsvir etdiyi hadisələr, qaldırdığı problemlər, canlandırdığı obrazlar, ədəbiyyatımızda yeni olub, yazıçının həyata və sənətə orijinal baxışlarının ifadəsidir. Əvvəla, çoxəsrlik Azərbaycan ədəbiyyatında min illər boyu "Xərabət quşu" olaraq mənfi obraz kimi təsvir edilən Bayquşu İmamverdi İsmayılov ilk dəfə Bəy quşu kimi müsbət yöndən təqdim etmişdir. Yazıçı hekayədə Bayquşun - Bəyquş adlandırılması və fərqli funksiyaları haqqında aydın təsəvvür yaratmışdır. Nəvəsinin dilindən qoca Qarovulçuya deyilən aşağıdakı sözlər Bəy quşun İmamverdi İsmayılov tərəfindən cızılmış obrazını formalaşdırır: "Sən onun ildırım gözlərinə baxmısanmı, baba, gör qaranlıqda necə alışıb-yanır? Ölü can yeməz... Boynu, fəqərə sümükləri çevik bədənini bir səmtdə saxlasa da, başını tam bucaq altında fırlada, qaranlığın hər qarışını görüb izləyə bilər. Qulağı, heç bir canlıda olmadığı kimi, darı dələr.
...Bayquş sizə neyniyib, hə, baba? Onun uğursuzluq, ölüm xəbərçisi olmağı uydurmadı... Gözləri qaranlıqda parlayır deyə böcəklər, xırda həşəratlar çaş-baş qalıb onun işığına doğru gedir, ovuna çevrilirlər. Bilirsən, baba, bayquşun müdrikliyi, həm də türk şamanlığından gəlir. Şamanlar hətta papaqlarına bayquş tükü taxarlarmış... Bəy quşudu ee bu, bəy quşu".
İmamverdi İsmayılov Bəy quşu - Bayquş haqqındakı fikirləri ilə geniş mənada insanlığın taleyi, cəmiyyətdə baş verən çətin problemlər haqqında mülahizələrini irəli sürmüşdür. Bu mənada hekayədəki Bayquş - Bəyquş transformasiyası "Xərabət quşu"nun - ədalət və xitabət quşu olaraq "yatmış insanların oyaq günahlarından" xəbər verən, ulartısı ilə insanlığı ayılmağa, ayıq-sayıq olmağa çağıran bir quş olduğunu əyani şəkildə göstərməyə xidmət edir. Bu məqamda Bayquş - Bəy quşu ayıqlıq, xəbərdarlıq carçısı funksiyası daşıyır. Bayquşun daxili monoloqu kimi hekayədə ifadə edilmiş özü haqqındakı aşağıdakı mühakimələri yazıçının dünyada baş verən proseslər haqqında narahat düşüncələrini oxuculara çatdırmaq vasitəsinə çevrilir: "Məəəənn ulamıram! Açın qulaqlarınızı eşidin: mən səslənirəm, dünyaya, kainata car çəkirəm. Ey dilimi bilən, məni anlayanım, hardasan?.. Yoxsa, qurbanı olduğum nəfəssiz və hənirsiz bu viranəyə keşik çəkmək üçünmü xəlq elədi məni, hə?!. Guya mən bu xaraba qalmış tikilidən uçub getsəm, səsimi içimdə boğsam, düzələcəkmi bu viranəlik?.. Bu qara ayamaları kim yazdı mənim taleyimə?.. Kim anladı mənim naləmi, kim yozdu? Bəlkə mən elə bu faciələrə, dünyanın belə gərdişinə fəryad edirəm? Başa düşməməyiniz bir yana, hələ məni bütün bəlaların səbəbkarı sanırsız... Ətrafımda - bağlarda, həyətlərdə, evlərdə və dalanlarda nələr görürəm: "Gecə qara, cücə qara" - deyib nə oyunlar, şəbehlər çıxarırlar. Amma mən bütün qaranlıqları aydın görürəm, pıçıltıları eşidirəm, əyrilikləri, bilirəm... Kim əyilir, kölgəsindən qorxub gizlənir, kim başqasına torba tikib, darvazalardan xəlvət keçir? Nə yaxşı ki, dil açıb danışa bilmirəm..."

"Bayquş və Qarovulçu" hekayəsindəki Bəy quşun dilindən verilmiş dərin fəlsəfi məzmununa malik olan bu mühakimələr Azərbaycan ədəbiyyatında daxili monoloqun ən mükəmməl və hikmətamiz nümunələrindən biridir. Bu monoloq dünyanın gedişatının, insanlığın fəlakətlərinin mahiyyəti və səbəbkarları haqqında sərraf bir bəyanatdır. Bəy quşunun dilindən deyilənlər narahat dünya haqqında bir yazıçı və siyasətçi kimi müəllifin özünün vətəndaş narahatlığının əks-sədasıdır.
Hekayənin ideya-məzmunu müxtəlif qütbləri təmsil edən obrazlar vasitəsilə ifadə olunur. Hekayədəki obrazların bayquşa münasibəti faktoru onların fərqli xarakterlərinin açılmasına şərait yaradır. Buradakı "ədəb-ərkanlı, təmkinli bir adam, böyük-kiçik yeri bilən, hamıya əl tutub, hayan duran" bağ yiyəsi ənənəvi bayquş anlayışına müəyyən loyal münasibəti olsa da, bu quşun səsini eşidən kimi "əti titrədiyi", bayquşun özündən də, səsindən də zəhləsi getdiyi üçün onun "ağzını yummağı" zəruri hesab edən insan tipidir. O, bayquşa münasibətdə duruxub, tərəddüd keçirən obrazdır. Bu mənada hekayədəki "bağ yiyəsi" cəmiyyətdə gedən proseslərə tərəddüdlü münasibət göstərən, özünü qabağa verib qəti mövqe bildirməyən sosial qrupun nümayəndəsidir.
Hekayədəki "uzun, arğac kişi" kimi təqdim edilən namazı-dəstəmazı yerli-yerində olan, dostluğa sədaqətli, öz işinə məsuliyyətli olan qoca Qarovulçu isə heç bir tərəddüd etmədən Bayquşu "Allahın quşudu da" - deyərək digər canlılar kimi ona da güllə açmağı günah sayan adamdır. Müəllifin "üzbəüz bağın gözətçisi" qismində bədii mətnə daxil etdiyi damağı çağ "qonşu gözətçi" üçün isə Bayquş məşhur əruz şairi Əliağa Vahidin qəzəlindəki "Öz xəlqinə hər kim mey içib versə əziyyət, olsun yeri bayquş kimi viranələr içrə misralarında ifadə olunan mənaların daşıyıcısıdır. Ona görə də o, qoca Qarovulçuya bağ yiyəsinin tapşırığını yerinə yetirməkdə hazır olduğunu bildirir: "Məəən haaazıır ... mən sənin qulluğunda, ağsaqqal, mən ölüm! Yağlayaq tüfənglərimizi, ataq partapart. Hamını, bütün məhəlləni bezdirib, yemək-içməyimiz də zəhər, gülləboran eləməsəm, onda içdiyim haram ola...
- Bir şüşə cecən məndə, sən öl... Qutaraq ee bu işi təhər-töhmətdən? Abrımız getdi...
- Meysiz-badəsiz də düzələr, əmi can! Od qonşusuyuq, ayıb dööyüülmü?! Bağladıq söhbəti"...
"Bayquş və Qarovulçu" hekayəsində ənənəvi bayquş, yəni xərabət quşu anlayışına tam fərqli münasibət bəsləyən, vahiməli səsinin onun ayıq-sayıqlığa, hadisələrdən vaxtında xəbər tutmağa çağırış olduğu düşüncəsində olan qoca qarovulçunun nəvəsi obrazıdır. Nəvənin Bayquşun Bəy quşu olması haqqındakı qənaətləri, dəcəl balalarının qucağına birdən atılarkən caynaqları analarının gözlərinə batıb, onu kor etsə də, Bayquşun balalarından heç vaxt imtina etmədiyinə görə "Ana bayquş" adlandırılması haqqındakı rəvayətdə ifadə edilən fikirlərə ehtiramla yanaşması, hətta Bəy quşun şamanlıqla bağlı olmasına dair baxışları onu hekayədəki bütün obrazlardan fərqləndirir. Nəvə faktoru yazıçının Bayquşa bu tipli münasibətin timsalında cəmiyyətdə gedən proseslərə ehtiyatla, tərəddüdlə yanaşan və ya ənənəvi baxışların daşıyıcısı olan, yaxud heç bir fərq qoymadan tapşırığı yerinə yetirən insanlarla yanaşı, həm də müasir təfəkkürü təmsil edən yeni nəslin fərqli xüsusiyyətlərinin cəmiyyətə təqdim etməsinə imkan yaradır. Nəticə etibarilə "Bayquş və Qarovulçu" hekayəsi dünyada gedən təzadlı prosesləri və yaxın ətrafda baş verən hadisələri dərk etməkdə, qavramaqda, təhlil edib nəticə çıxarmaqda köhnə baxışlarla yeni təfəkkürün fərqini və üstünlüklərini əks etdirən mükəmməl və ibrətamiz həyat hekayəsidir. Hekayənin sonunda sərxoş qonşu gözətçinin Bəy quşa tuşladığ güllənin təsadüfən qoca Qarovulçuya dəyib, onun həyatına son qoymasının təsviri, nə qədər arzuolunmaz və təəssüfləndirici olsa da, köhnə baxışların aqibətinin diqqətə çəkilməsi mənasını ifadə edir. Qoca Qarovulçunun arvadının kürəyi güllədən deşilmiş ərinin yaralanmış cəsədi üzərində dediyi "qarğışamı ürcah oldun, günahamı batdın?" kimi sözlər də köhnə dünyanın adamları olan ər-arvad obrazlarının xarakterini tamamlayır. İmamverdi İsmayılovun təqdimatında bu cür nagahan ölüm üzərində səslənən vay-şüvən məlum təfəkkürdəki bayquşun bəd ulartısının həyatdakı əks-sədasıdır. Hekayədə qanlı hadisədən sonrakı məqamda bayquşun ulartısı insanların "xəbərdarlıq carçısı"nı vaxtında eşidib, əməli addımlar atmamalarının faciəsinin ibrətamiz ifadəsi kimi ümumiləşdirilir. Lakin "Bayquş və Qarovulçu" hekayəsinin finalı yalnız xəbərdarlıq nidasına məhəl qoymamağın, ayıq-sayıq olmamağın faciəli sonluğunun fəlsəfi yozumu ilə deyil, "zülmət qaranlıq öz canını xoruz banıyla səhərə təhvil verirdi" kimi yeni sabahların, təzə dövranın işartılarını nəzərə çatdıran ümidlə ifadə olunur. Nəticədə "Bayquş və Qarovulçu" hekayəsi akademik Nizami Cəfərovun yazdığı kimi, "son dərəcə təsirli belə bir polifoniya oxucunun özünün (və cəmiyyətin!) taleyi barədə bir daha (və dərindən!) düşünməyə təhrik edir".
Bubaxımdan"Bayquş və Qarovulçu" hekayəsində heç bir obraza ad qoyulmamasını, onlardan hər birinin sosial statusuna görə qoca bağban, qonşu gözətçi, nəvə və sair kimi adlandırılmasını da əsərdə qaldırılan mətləblərin və irəli sürülən ideyaların konkret bir dövrlə, yaxud hər hansı bir prototiplə deyil, ümumiyyətlə, dəyişən zəmanədə yaxşı mənada baxışların, xarakterlərin dəyişilə bilməməsindən yaranan talelərin əks etdirilməsinə aid olduğunu düşünməyə əsas verir. Beləliklə, "Bayquş və Qarovulçu" hekayəsi geniş və mənalı ümumiləşdirmə imkanlarına malik olan, insan, zaman və tale haqqında ibrətamiz bir dialoqun bədii-fəlsəfi ifadəsi kimi səslənir.
İmamverdi İsmayılovun "Bayquş və Qarovulçu" hekayəsi Azərbaycan ədəbiyyatında böyük ənənəsi olan hekayə janrının müasir dövrdə yaranmış mükəmməl nümunələrindən biri sayılmağa layiqdir.
Nəsrin böyük həcmə malik formalarında da İmamverdi İsmayılov qələmini uğurla sınaqdan çıxarmışdır. Onun "Əzrayıl" və "Ocaq daşı" povestləri ədəbiyyatımızda bu janrın uğurlu bədii örnəkləridir. İmamverdi İsmayılov povestlərində kənd həyatının səciyyəvi detallarını və hər biri özünəməxsus fərdi koloritə malik olan insanlarını seçib ümumiləşdirmişdir. Ədəbi tənqid "Əzrayıl" povestinə ciddi elmi reaksiya vermiş və əsəri yüksək qiymətləndirmişdir.
İmamverdi İsmayılovun "Qədim kişinin qırxı" romanı xalq həyatının dərin qatlarını açıb göstərən, kənd həyatından alınmış koloritli obrazları oxuculara təqdim edən yaddaqalan və təsirli bədii əsərdir. Romanda Azərbaycan kəndinin özünəməxsus etnoqrafik çalarları məharətlə təsvir edilmişdir. İmamverdi İsmayılov əsərdə xalq yaradıcılığı motivlərindən yaradıcı şəkildə faydalanmışdır.
Ümumiyyətlə, sadə və anlaşıqlı bədii üslubu və xalq danışıq dilindən bacarıqla istifadə etməsi İmamverdi İsmayılovun bədii yaradıcılığının orijinallığını müəyyən edir.
Publisistika. Çoxcəhətli ictimai-siyasi və yaradıcılıq fəaliyyətinə malik olan İmamverdi İsmayılov publisistika sahəsində daha ardıcıl və davamlı şəkildə məşğul olur. Publisistikanın yaradıcılığında davamlı və geniş yer tutmasının əsas səbəblərindən biri onun ictimai-siyasi fəaliyyəti və vətəndaşlıq mövqeyi ilə əlaqədardır. Otuz ildən çoxdur ki, Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi fəaliyyətini davam etdirən İmamverdi İsmayılov üçün publisistika cəmiyyətdə gedən proseslərə özünün fəal vətəndaşlıq mövqeyini ifadə etmək üçün ən münasib xitabət kürsüsüdür. Onun publisistikasında ictimai-siyasi mövzuların aparıcılıq təşkil etməsi də yazıçının cəmiyyət qarşısında daşıdığı missiya ilə əlaqədardır.
Müstəqillik dövrü Azərbaycan cəmiyyətinin hadisələrindən və şəxsiyyətlərindən bəhs edən publisistika nümunələrində o, taleyüklü məsələləri diqqətə çəkməklə, proseslərin xalqımızın milli maraqlarına və ölkəmizin dövlətçilik mənafeləri ilə ahəngdar şəkildə inkişaf etdirilməsinə vətəndaş-yazıçı töhfəsini verməyi əsas məqsəd hesab etmişdir. Bu isə öz növbəsində onun yaradıcılığında siyasi publisistikanın yerini və rolunu qüvvətləndirmişdir. İmamverdi İsmayılov müstəqillik dövrü Azərbaycan siyasi publisistikasının əsas yaradıcılarından biridir. İmamverdi İsmayılovun görkəmli dövlət xadimi, Ümummillli lider Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizin müxtəlif dövlərindəki tarixi xidmətlərinə həsr edilmiş publisistika nümunələrində ölkəmizin ictimai-siyasi gedişatının canlı prosesləri öz əksini tapmışdır. O, Azərbaycan siyasi publisistikasının mükəmməl bir Heydər Əliyevnaməsini yaratmışdır. İmamverdi İsmayılov silsilə məqalələri ilə Ulu öndər Heydər Əliyevin publisistik obrazını canlandırmışdır. O, müstəqil Azərbaycan dövlətinin və xalqımızın müasir inkişaf tarixi ilə əlaqədar ictimai-siyasi prosesləri Prezident İlham Əliyevin apardığı qətiyyətli mübarizələrin və həyata keçirdiyi uğurlu islahatların fonunda təsvir etməklə dövlət müstəqilliyi epoxasının böyük bir dövrünün canlı publisistik məruzəsini yaddaşlara həkk etmişdir. Bu baxımdan İmamverdi İsmayılovun müstəqil dövlətçilik mövzusunda yazdığı "Şah və mat", "Qeyrət", "Taleyin hökmü", "Qəlbimizin qibləsi" və sair kimi publisistik məqalələri Azərbaycan ictimai-siyasi publisistikasının qiymətli nümunələridir.
İctimai-siyasi mövzularda yazılmış məqalələrində əks etdirilən problemin aktuallığı və tarixi əhəmiyyəti ilə yanaşı, həm də bədiilik faktoruna da ciddi əməl olunmuşdur. Siyasi publisistikada bədiilik amilini önə çəkməklə İmamverdi İsmayılov müraciət etdiyi mövzunu və haqqında söz açdığı şəxsiyyəti daha aydın və cazibəli şəkildə əks etdirməyə nail olmuşdur. Buna görədir ki, onun silsilə publisistik əsərləri siyasi proseslərin reallıqlarının və perspektivlərin obyektiv inikası ilə birlikdə, həm də təsirli təsvirləri və oxunaqlı bədii üslubu ilə yaddaşlara dərin iz salır. Beləliklə, analitik siyasi təhlil və təqdimatlarda bədiilikdən yaradıcı istifadə İmamverdi İsmayılovun publisistikasının simasını təyin edir. Bədiilik cəhətdən İmamverdi İsmayılovun ən yaxşı publisistik məqalələri ictimai-siyasi mövzuda yazılmış hekayə təsiri bağışlayır. Eyni zamanda, onun həyati mövzularda qələmə alınmış bir çox hekayələri oçerk təəssüratı yaradır.
Həyat məktəbi olan publisistika ilə hikmət xəzinəsi sayılan bədii yaradıcılıq arasındakı qarşılıqlı əlaqə və eyni zamanda, müəllifin cəmiyyət hadisələrinə ayıq-sayıq münasibəti İmamverdi İsmayılovun müdrik aforizmlərini meydana çıxarmışdır. Yazıçı-publisistin "İllər, fəsillər, insanlar" kitabı (2018) onun müdrik aforizmlərinin külliyyatıdır. Aforizmləri müəllifin zəngin həyat təcrübəsinin özünəməxsus xarakterinin, habelə hekayələrində və publisist məqalələrində ifadə olunan müdrik və obrazlı düşüncələrin məntiqi yekunu və davamıdır. Bu aforizmlər həm də yazıçı-siyasətçinin cəmiyyətə dərk olunmuş münasibətindən doğan ümumiləşdirilmiş ictimai-fəlsəfi qənaətlərdən ifadəsidir. İmamverdi İsmayılovun "Tumurcaqlamayan ağac - odundur", "Yeznə - əlavə dəyər vergisidir", "Ağıl - ətraf ağıllı olanda görünər", "Dağın dərəsi olmasa, yelini kim çəkər?", "Eynin açılmasa, dilin də açılmaz", "Sədaqət - sədəqə deyil", "Hər qapını açana, ürəyini açma" və sair müdrik aforizmləri atalar sözləri kimi səslənir.
Maraqlıdır ki, İmamverdi İsmayılovun bəzi aforizmlərinin təqdimatı sanki miniatür hekayələr kimi görünür. Məsələn: "Anam deyərdi ki, kəsiyin çörəyini kəsməzlər", yaxud: "Əmimin sözləridir: həpənd köpəkoğlu, dalıma minməyin cəhənnəm, ta ürəyimdən niyə sallanmısan?" və ya: "Evindəki səmimiyyəti işinə də gətirsən, yaxşı olar".
Göründüyü kimi, İmamverdi İsmayılov müstəqillik dövrü Azərbaycan ədəbiyyatını və publisistikasını zənginləşdirən yazıçı kimi fəaliyyət göstərərək ədəbiyyatımızın, milli mətbuatın və ictimai fikrin inkişaf etdirilməsi yollarında qələm çalmaqla yaddaqalan ədəbi-publisist töhfələrini verməkdə davam edir.
2 sentyabr 2025-ci il


