“Hər bir ölkə ilk növbədə öz dilinə, mədəniyyətinə və daxili ehtiyaclarına uyğun AI həllərini inkişaf etdirəcək”
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan regionun enerji baxımından ən zəngin ölkələrindən biridir. Enerji infrastrukturuna iri həcmli investisiyalar qoyulur. Demək ki, Azərbaycanın Süni İntellekt dövrünün qazananları sırasında yer alma şansı yüksəkdir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan İKT İnformasiya Mərkəzinin direktou Fərid Kazımov bildirib ki, Azərbaycanda süni intellekt sahəsinə böyük ümidlər bəslənilir: “Regional süni intellekt mərkəzinə çevrilmə məsələsində bir məqama xüsusi diqqət yetirmək lazımdır. Süni intellekt sahəsində tam mənada “regionlaşma” anlayışı nisbidir, çünki hər bir ölkə ilk növbədə öz dilinə, mədəniyyətinə və daxili ehtiyaclarına uyğun AI həllərini inkişaf etdirəcək.
Bununla belə, Azərbaycanın süni intellekt əsaslı məhsullar yaradaraq onları qlobal miqyasda bazara çıxarmaq üçün real potensialı var. Xüsusilə ötən il süni intellekt sahəsinə dövlət tərəfindən ayrılan dotasiyaların açıqlanması bu istiqamətdə ciddi siyasi iradənin mövcud olduğunu göstərir.
Biz süni intellekt əsaslı məhsullar yaradaraq onları 100-200 ölkəyə ixrac edə, milyonlarla istifadəçiyə çata bilərik. Bunun üçün əsas şərt düzgün prioritetlərin müəyyən edilməsi və məhsulların vaxtında bazara çıxarılmasıdır. Ölkə daxilində süni intellekt artıq inkişaf edir və bu proses davam edəcək. Hazırda AI texnologiyalarından həm dövlət idarəçiliyində, həm də özəl sektorda geniş şəkildə istifadə olunur.
Bir çox sahələrdə əvvəllər mövcud olan texnoloji həllərin artıq süni intellektlə təkmilləşdirilməsinin zəruri olduğu başa düşülür. Bu gün AI tətbiq etmədən texnoloji məhsulların uzunmüddətli rəqabət qabiliyyətini qoruması demək olar ki, mümkün deyil.
Qeyd etmək lazımdır ki, hazırda bazarda insan beyni səviyyəsində inkişaf etmiş ümumi süni intellekt (AGI) mövcud deyil. Lakin bu istiqamətdə sürətli irəliləyiş var və yaxın 4-5 il ərzində süni intellekt texnologiyalarının bazarda dominant mövqeyə çıxacağı gözlənilir. Daha uzun perspektivdə isə - 2030-2031-ci illərdən sonra - süni intellekt ekosistemində tamamilə yeni bir mərhələnin şahidi olacağıq.
Bu inkişaf indiki mərhələdə göründüyündən daha sürətli və həyatımıza daha dərin təsir göstərəcək. Əgər Azərbaycan strategiyasını düzgün qurarsa, 3-4 il ərzində yerli AI məhsulları yaradaraq onları xarici bazarlara çıxarmaq və gəlir generasiya etmək imkanları olduqca yüksəkdir. Azərbaycanda bu istiqamətdə potensialı olan kifayət qədər startaplar və texnoloji şirkətlər mövcuddur. Onlar süni intellekt əsaslı proqram həlləri və rəqəmsal servislər yaradaraq beynəlxalq bazarlara çıxa bilərlər. Bu yanaşma ölkənin Rəqəmsal İqtisadiyyat Strategiyasında da əksini tapıb. Keçən ilin sonlarında təsdiqlənmiş sənəddə süni intellektə xüsusi önəm verilir və səhv etmirəmsə, təxminən 70 milyon manat həcmində AI əsaslı iqtisadi dəyər yaradılması hədəflənir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda süni intellekt sahəsinə böyük ümidlər bəslənilir və ölkənin bu texnologiya üzərindən ixrac yönümlü iqtisadiyyatını inkişaf etdirmək üçün real şansı var”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 04 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















