Icma.az
close
up
RU
Heydər Əliyev həmişə bizimlə qürur duyurdu

Heydər Əliyev həmişə bizimlə qürur duyurdu

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin payızında işıq üzü görəcək. Kitabın 2-ci cildində Elmira xanımın görkəmli sənət adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.

Bu söhbətlərdə təkcə dahi Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur.

 nömrədən başlayaraq söhbətlərdən bəzilərini "525-ci qəzet"də çap etməyə qərara almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq bildiririk.

Elmira Axundova - Əziz Xuraman xanım, Siz böyük bacınızla birgə Heydər Əliyevə doğma adamlar idiniz, o, sizinlə fəxr edir, qürur duyurdu, həmişə sizi özü ilə səfərlərə aparırdı, bütün konsertlərinizə gəlirdi. Bəs onunla şəxsi tanışlığınız nə vaxtdan başlayıb?

Xuraman Qasımova - Düşünürəm ki, Heydər Əliyevlə tanışlığımız barədə danışmazdan əvvəl bizim uşaqlıqla bağlı bəzi epizodları xatırlamağım lazımdır... Evimizdə böyük və zəngin fotoarxiv var. Ailəmiz fotoşəkillərə xüsusi sevgiylə yanaşırdı, belə ki, atam özü hələ gəncliyindən çox yaxşı fotoşəkil çəkirdi. Tədricən çoxlu sayda belə fotolar toplanır, onlar çəkiliş illərinə əsasən albomlara yapışdırılırdı.

Valideynlərim dünyasını dəyişəndən sonra mən ailə arxivlərini səliqəyə salmağa başladım və qəfildən çox nadir bir fotoşəkillə qarşılaşdım. Orada il qeyd olunmamışdı. Bu şəkil dərhal diqqətimi çəkdi. Təxminən yay vaxtı təşkil olunmuş məclis idi. Dayılarımla həyat yoldaşları arxası fotoqrafa oturublar, üzü fotoqrafa əyləşənlər isə Heydər Əliyev ilə xanımı və Leyli xanımdır - Zərifə Əliyevanın anası. Onun yanında Əziz Əliyev, daha sonra Azərbaycanın Mülki Aviasiya İdarəsinin rəisi Nuri Əliyev oturub və yanlarında balaca qız var - yəqin, qızlarıdır. Masa arxasında təxminən 12 nəfər görünür. Bu mənzərənin içində bircə anamla atam yoxdu. Atam fotoşəkli çəkir, anam isə masaya yemək gətirirdi...

Sonra mən bir məqama diqqət yetirdim ki, Zərifə xanım, külək aparmasın deyə, başındakı yaylığı əli ilə tutub. Uzun müddət bu şəkli seyr etdim və onun nə vaxt və harada çəkildiyini öyrənməyi çox istədim. Amma ailəmizdə artıq bu barədə soruşacağım adam qalmamışdı...

İllər keçdi və Heydər Əliyev Fondu Zərifə Əliyevaya həsr olunmuş gözəl bir albom buraxdı. Bizi təqdimata dəvət etdilər və həmin nəfis albomu da hədiyyə verdilər. Onu vərəqləyərkən 114-cü səhifədə qəfildən sadə bağ evinin fonunda mehriban cütlüyün - Zərifə xanımın və Heydər Əliyevin şəklini gördüm. Diqqətlə baxanda yaylıq, kostyum və qalstuk nəzərimi cəlb etdi, arxa fondakı balaca ev də mənə çox tanış idi... Ağlıma gəldi ki, bu fotoşəkil bizim Şüvəlandakı bağ evimizdə çəkilib. Görünür, böyüklərimiz bir-birini yaxından tanıyır, bəlkə də, dostluq edirdilər. Məclisdən sonra gənc cütlük gəzməyə qalxmışdı və atam da onların şəklini çəkmişdi.

Uzun illərdən sonra mən bu fotoşəklin nə vaxt və nə münasibətlə çəkildiyini dəqiqləşdirə bildim. 1996-cı ildə Heydər Əliyev İncəsənət muzeyindəki solo konsertdən sonra bizi yanına çağırdı. Mən onların masa arxasında yanaşı oturduqları fotoşəkli özümlə götürdüm. Getdik, söhbətləşdik, Prezident ünvanımıza xeyli xoş sözlər dedi. Sonra soruşdu ki, nə vaxt qayıdacağıq. Bizsə həmin vaxt Türkiyədə, İstanbul Universitetinin nəzdindəki konservatoriyada işləyirdik.

Görüşün sonunda mən içərisində fotoşəkil olan zərfi çıxardım və dedim: "Biz sizə maraqlı bir şəkil göstərəcəyik, sizsə deyəcəksiniz, bu harada və neçənci ildə çəkilib". Fotoşəkli görəndə o, heyrətlə səsləndi: "Oy, bu ki Zərifə və mənəm!" Mən söylədim: "Biz buranın hara olduğunu təxmin edirik, bəlkə siz dəqiqləşdirəsiniz?" O dedi: "Dayan, dayan... nə gözəl şəkildir! İndi deyəcəyəm: bu, 2 may 1955, ya 1956-cı il, sizin bağdır. Fotoşəkli atanız çəkirdi..." Bax onun belə qeyri-adi yaddaşı vardı.

E.A. - Çox maraqlı əhvalatdır. Həm də dəyərli dəqiqləşdirmədir. Mənsə, məsələn, düşünürdüm ki, şəkildə onların ikilikdə kiçik bir evin qarşında, hansısa bağın fonunda dayandıqları yer - Naxçıvandır.

X.Q. - Yox, bu, Şüvəlan idi. Uzaqdan görünən ev isə mənim böyük dayım İsgəndər İsgəndərova məxsus idi, o, "Gigromorneft"in (Dənizin dərinliyindən neft hasil edən müəssisələrin layihələşdirilməsi üzrə Dövlət institutu - E.A.) baş mühəndisi idi və Əziz Əliyevlə dostluq edirdi, onun kürəkənini yaxşı tanıyırdı. Eyni zamanda Nuru Əliyevlə də yaxın idi.

Yadınızdadırsa, bu yaxınlarda İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü oldu. Biz də ora dəvət almışdıq. Çoxları əvvəldən bilirdilər ki, nədən danışacaqlar, nə xahiş edəcəklər, hansı problemləri qaldıracaqlar. Axıra yaxın mən özüm əlimi qaldırıb danışmaq istəyimi bildirdim. Gördüm ki, sabiq mədəniyyət naziri Əbülfəz Qarayev bir qədər əsəbiləşdi. Amma İlham Əliyev onu saxladı: "Yox, yox, hər şey qaydasındadır, mən Xuraman xanımı dinləmək istəyirəm". Mən dedim: "Cənab Prezident, bu görüş üçün çox sağ olun. Mənim çıxışım qısa olacaq. Sizdən heç bir xahişim yoxdur, bircə arzum var. 2002-ci ildə Heydər Əliyev yubiley konsertindən sonra bizə mənzil verdi. O zaman mərhum prezident demişdi: "Təmir edin və məni evinizə qonaq çağırın". Təəssüf ki, 2003-cü ildə o xəstələndi və dünyasını dəyişdi. Amma Prezidentin bizim sadə komamıza qonaq gəlməsi ilə bağlı arzu ürəyimizdə qaldı. Biz Sizi Mehriban xanımla birgə evimizə dəvət edirik!"

Bizdə Heydər Əliyevin çoxlu fotoşəkli var, haqqında danışdığım şəkil də bura daxildir. Çox istərdik ki, İlham Heydər oğlu Əliyev də, Mehriban xanım da ailələrimizin yaxınlığını duysunlar, axı cənab Prezidentin atası bizi az qala uşaqlığımızdan tanıyırdı. İnşallah, nə zamansa arzumuz həyata keçər...

E.A. - Siz nə vaxt Heydər Əliyevlə şəxsən tanış olmusunuz? Canlı ünsiyyətiniz necə yaranıb?

X.Q. - Heydər Əliyev həyatımıza daxil olanda biz hələ çox gənc idik. Həmin vaxt valideynlərimizi artıq itirmişdik, onlar dünyadan çox tez getmişdilər. Anamın heç 60 yaşı da yox idi. Heydər Əliyev az qala respublikaya rəhbər təyin olunan andan bizim həyatımıza da qədəm qoydu. Fidan 1972-ci ildə, konservatoriyanın 50 illik yubileyində səhnədə parladı. Yubiley münasibətilə təntənəli axşam təşkil etmişdilər və Fidana da, ən yaxşı tələbələrdən biri kimi, Maestro Niyazi ilə birgə çıxış etmək qismət olmuşdu. Bizim görkəmli musiqiçilər, ilk növbədə Maestro Niyazi və böyük Qara Qarayev də onu orada gördülər. Bütün Sovet İttifaqından çoxlu dəvətlilər vardı. Və əlbəttə, respublika rəhbəri də orada iştirak edirdi. Konsertdən sonra artistləri təbrik etmək üçün kiçik bir görüş oldu, Heydər Əliyev Qara Qarayevlə birgə Fidana yaxınlaşdı. Qarayev dedi: "Hə, nə deyirsiniz, Heydər Əliyeviç, bizdə ulduz doğuldu?" O söylədi: "Tamamilə doğrudur, bu gün mən ulduzu dinlədim, hansını ki, uşaq ikən görmüşdüm, onda balaca qız idi..."

Heydər Əliyevlə qarşılıqlı münasibətlərimin tarixçəsi isə bir qədər sonra, mən beynəlxalq müsabiqələrin laueratı olanda başladı. Həmin vaxta qədər bacımın kölgəsində qalmışdım. Bilirdilər ki, mənim də vokal göstəricilərim var, amma heç kəsin ağlına gəlmirdi ki, böyük səhnəyə çıxmaq, ölkəmizi nüfuzlu müsabiqələrdə təmsil etmək şərəfi mənə də qismət olacaq. 1972-ci ildə Fidan Moskva konservatoriyasının aspiranturasına daxil oldu və qayıtdıqdan sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Opera və Balet Teatrına solist götürüldü. Bir neçə il sonra mən də həmin teatra solist gəldim.

Fidanla mənim həyata keçməyən yeganə arzumuz İtaliyaya oxumağa getmək olub. Hərçənd məni bir vaxtlar böyük Tito Qobbinin özü dəvət etmişdi! Bu, 1981-ci ildə Mariya Kallas adına Afinada keçirilən müsabiqədə qalib gələndən sonra olmuşdu.

E.A. - Bəs siz bu xahişlə Heydər Əliyevə müraciət etmişdiniz?

X.Q. - Yox. O zaman hər şey Moskvanın əlində idi axı. İstiqaməti oradan təyin edirdilər. Görkəmli artistlərin çevrəsi vardı və prinsipcə, biz də artıq bu çevrəyə düşmüşdük. Bizim müsabiqələrdə - İsveçrədə, Niderlandda, Yunanıstanda qazandığımız birinci yerlər, Çaykovski müsabiqəsindəki qələbəm özü hər şeyi deyirdi. Qısazamanda Sovet İttifaqında şöhrət qazanmışdıq. 1978-ci ildə Fidan Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adını aldı. O, 1977-ci ildə İtaliyaya getdi, oradakı tamaşaçıları və Viotti adına beynəlxalq müsabiqənin münsiflər heyətini heyran etdi, oradan birinci mükafatla qayıtdı, bu, əsl sensasiya oldu.

Mən 1977-ci ildə o illər üçün ənənəvi olan Zaqafqaziya Musiqiçiləri-ifaçıları Müsabiqəsinin laureatı oldum. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, həmin illərdə bu, ittifaqda ən güclü yarışmalardan sayılırdı. Dünyada məşhur olan bir çox musiqiçilər həmin müsabiqədən keçmişdilər. Həmin ilin payızında mən artıq Qlinka adına vokal ustalarının VIII ümumittifaq müsabiqəsinin laureatı idim, tədbir Daşkənddə keçirilirdi. 1981-ci ildə isə Mariya Kallas adına beynəlxalq müsabiqədə iştirak etdim və orada birinci mükafatı və "Qran-pri"ni qazandım. Beləcə, bizim bütün qələbə və nailiyyətlərimiz Heydər Əliyevin birinci hakimiyyət dövrünə təsadüf edir. Həmin vaxt bu cür uğurlar Olimpiya Oyunlarında qazanılan qızıl medallara bərabər idi. Saxta təvazökarlığa varmadan deməliyəm ki, biz digər vokalçılarımızın da beynəlxalq müsabiqələrə yolunu açdıq. SSRİ-də çox ciddi seçim sistemi mövcud idi, çoxlu dinləmələr, səsvermələr və sair olurdu. Rusiya peşəkarlarının ələyindən keçmək hədsiz çətin idi. Özü də o zaman Atlantov, Obraztsova, Sinyavskaya parlayırdı və bu fonda heç də onlardan geri qalmayan Fidan Qasımova peyda oldu.

Əlbəttə, Heydər Əliyev bizi həmişə mehriban qarşılayır, bizimlə qürur duyurdu. İstər burada olsun, istərsə də Moskvada, elə bir hökumət konserti olmurdu ki, Qasımova bacıları və ya birimiz orada iştirak etməyək. 1984-cü ildə aktiv konsert fəaliyyətimizə görə ikimiz də Azərbaycan Dövlət Mükafatına layiq görüldük. Heydər Əliyevlə eyni vaxtda Moskvada işləyən və bu konsertlərdə onunla birgə iştirak edən SSRİ mədəniyyət naziri Pyotr Demiçev deyirdi: "Heydər Əliyeviç, sizin nə gözəl müğənniniz var - Fidan Qasımova! Biz onu Bolşoy Teatra götürmək istəyirik. Elə bacısını da. Yaxşısı budur, ikisini də götürək". Bu söhbət Moskvada, bizim çıxış etdiyimiz Sütunlu Zalın kulisində baş tutmuşdu. Heydər Əliyev isə demişdi: "Mən bu qızları sizə verməyəcəyəm. Bizdə də onları çox sevirlər. Siz Tahir Salahovu, Müslüm Maqomayevi, Əjdər İbrahimovu bizim əlimizdən almısınız. Sizdə bizim məşhur adamlarımız çoxdur. Zəhmət olmasa, onları Bolşoy Teatra dəvət edin, qoy qastrola gəlsinlər, amma sonra evlərinə - geriyə qayıtsınlar". Bax belə maraqlı bir söhbət olmuşdu.

E.A. - Bu, yeri gəlmişkən, Heydər Əliyevin özəlliyi idi. Moskvanın onun sevimli kadrlarını əlindən almasını xoşlamırdı və buna hər yolla müqavimət göstərirdi. Kitablarımda bu haqda digər misallar da var.

X.Q. - Əlbəttə, o zaman musiqiçinin dünya səviyyəsində qəbul olunmasının zirvəsi Çaykovski adına müsabiqə hesab olunurdu. Məsələn, hələ sağlığında heykəli qoyulan Van Kliberni götürək. Fidan həmin müsabiqədə 1978-ci ildə iştirak etməliydi, amma az əvvəl atamız dünyasını dəyişdiyindən ora gedə bilmədi. 1982-ci ildə mən müsabiqədə ikinci yeri tutdum və o zaman söhbətlər, şayiələr yayılmağa başladı - necə olur ki, azərbaycanlı müğənni bu qədər yüksəyə ucala bilir, nüfuzlu münsiflər heyətini heyran qoyur və sair və ilaxır.

E.A. - Yaradıcı sahədə paxıllıq daim istedadlı adamları müşayiət edib. Motsart və Salyerini xatırlayın. Aleksandr Sergeyeviç Puşkin hətta bu barədə pyes də yazıb. Əsas odur ki, paxıllıqlara baxmayaraq, siz özünüzü realizə edə bildiniz...

X.Q. - Biz ölkə üçün daha çox iş görə bilərdik...

E.A. - 1982-ci ildə Heydər Əliyev Moskvaya işləməyə getdi. Sizin ünsiyyətiniz qırıldımı?

X.Q. - Qətiyyən. Onun mədəniyyət və incəsənət xadimləri ilə vidalaşma mərasiminə bizi də dəvət etmişdilər. Heydər Əliyevə yaxınlaşdıq və qeyri-ixtiyari gözlərimiz doldu. O, bizim əhvalımızı görüb dedi: "Nə olub? Nə sızıldayırsınız? Prinsipcə, mən uzağa getmirəm. Bəsdir, sakitləşin, siz ki indi ora daha çox gələcəksiniz. Moskvada görüşəcəyik. Mən sizin gözəl yaradıcılığınızı yenə də diqqətlə izləyəcəyəm. Odur ki, qəm eləməyin..."

Doğrudan da, Moskvada işləyərkən və o cümlədən, mədəniyyəti kurasiya edərkən o, çox zaman bizim adlarımızla qarşılaşırdı. Biz konsertlərə dəvət alırdıq və o, həmişə bizə baxmağa gəlirdi.

Sonra Heydər Əliyev istefaya getdi, demək olar ki, dərhal Qarabağ müharibəsi başladı, SSRİ dağıldı. Çətin vaxtlar idi. Konsertlərə, qastrollara gedirdik, ianələr verirdik, Birinci Qarabağ müharibəsi veteranlarına və əlillərə  kömək edirdik. Yaralıları və uşaqları himayəyə alırdıq. Elə indi də bu işlərlə məşğul oluruq.

Amma 90-cı illərin əvvəllərində ağır xəstələndim. Məni xaricə, ABŞ-yə göndərdilər. "AMOKO" adlı Amerika şirkəti kömək etdi. Xəstəliyimdən bir il qabaq Fidanla Amerikada olduq, orada konsertlər verdik və böyük uğur qazandıq. Belə konsertlərin birində "AMOKO"nun bütün rəhbərliyi iştirak edirdi. Cənab Robert Blanton - "AMOKO" neft şirkətinin Avrasiya ölkələri üzrə rəhbəri ağır xəstə olduğumu bildi, onun göstərişi ilə məni müalicə həkimim Cəmil Əziz oğlu Əliyevlə birgə Hyustona apardılar. Mən, demək olar ki, bir il ABŞ-də qaldım və 1993-cü ilin aprelində qayıtdım. Həmin vaxt Azərbaycanda çox şey dəyişmişdi, qeyri-stabillik dövrü başlamışdı. Mən həkim nəzarəti altında qalmalıydım, sözügedən şirkətdən müalicəni Türkiyədə yerləşən Amerika hospitalında davam etdirməyimlə bağlı təklif gəldi.

Bu səbəbdən də, biz Türkiyədə, dövlət universitetinin nəzdindəki konservatoriyada işləməyə qərar verdik. Bu iş mənə müalicə xərclərini ödəməyə kömək etdi. Yəni biz, burada bəzilərinin barəmizdə dedikləri kimi, Türkiyəyə bəxtəvərçilikdən getməmişdik, mövcud vəziyyət bunu tələb edirdi.

E.A. - Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra sizin harada olmağınızla, nə üçün getməyinizlə maraqlandımı? Onunla nə zaman yenidən qarşılaşdınız?

X.Q. - Heydər Əliyev qayıtdı və respublikada olmadığı illərdə dağılan hər şeyi bərpa etməyə başladı. İşlərinin, problemlərin çoxluğuna, davam edən Ermənistan-Azərbaycan münaqişəsinə baxmayaraq, o, dərhal bizi xatırladı. Mədəniyyət sahəsindəki məmurlardan soruşmuşdu: "Bəs Fidan hanı, Xuraman hanı?" O zaman mədəniyyət naziri Polad Bülbüloğlu idi. Nazir cavab vermişdi ki, onlar Türkiyədə işləyirlər. Bundan sonra görüşlərə, səfərlərə, hökumət konsertlərinə oradan dəvət olunurduq. Biz dəfələrlə Berlin, Bonn, London, Paris, elə Türkiyənin özünə səfər edən Azərbaycan hökumət nümayəndə heyətinin arasında olduq... Unudulmaz Məkkə səfəri yadınızdadırmı?

E.A. - Əlbəttə, məgər belə şeyi unutmaq olar? Bizi Prezidentlə birgə müqəddəsdən müqəddəs Kəbənin içinə buraxdılar. Bu, böyük xoşbəxtlikdir.

X.Q. - Heydər Əliyev şəxsən mənə evə zəng elədi və dedi: "Sənin nələrdən keçdiyini, nə yaşadığını bilirəm. Özünü necə hiss edirsən? İstəyirəm səni Səudiyyə Ərəbistanına səfərə dəvət edim. Məkkəni görərsən. Ölkənin isti olmağından ehtiyat eləmə, hər şey əvvəlcədən nəzərə alınıb".

Təsəvvür edirsiniz, onun köməkçisi zəng vuranda mən oturmuşdum, Heydər Əliyevin səsini eşidəndə isə ayağa qalxdım və onunla elə ayaqüstə danışdım. Mərhum Prezidentimizə bu qədər dərin ehtiramım, sonsuz hörmətim vardı. Sanki o bizim ailə başçımız idi...

Məkkə səfəri də təsadüfi olmadı. Bilirdi ki, buna ehtiyacım var. Məndə qayıdan kimi oradan aldığım zəngin təəssüratlarla "Ave Mariya" konsertini verməyi qərara aldım. Bu biz qayıtdıqdan az sonra - 1994-cü ilin yayında oldu. İçimdə belə bir konsert ideyası yarandı ki, Fidanla birgə müxtəlif müəlliflərin - Şubertin, Mendelsonun, Baxın, Qunonun "Ave Mariya"larını ifa edək. "Bizim" "Ave Mariya"nın Azərbaycan mətni isə mənə orada - müqəddəs məkanda gəldi. Musiqinin müəllifi Fərhad Bədəlbəyli idi, o özü də dəfələrlə deyib ki, biz əsərin həmmüəllifləriyik. İdeyanı Fidan vermişdi. O, musiqini dinləyəndən sonra belə də söylədi: "Qoy bu, Azərbaycanın ilk "Ave Mariya"sı olsun".

Pərvərdigara, pərvərdigara,

Eşit səmadan Sən duamımızı...

Gümanımızsan, imanımızsan,

Amanımız ol, ver dəva bizə...

Mən Məkkədə, müqəddəs Kəbə qarşısında bu sözlərlə dua elədim və bütün bunları, özümün bütün hisslərimi əsərə köçürdüm. Konsert 2 iyun 1994-cü ildə filarmoniyada baş tutdu, orada həmin kompozisiya "İki qadının duası" adı altında ilk dəfə səsləndi. Diktor səhnədən elan etdi ki, bu, premyeradır, əsər Fidan və Xuraman Qasımovalara həsr olunur.

Heydər Əliyev konsertə İlham Əliyev və Mehriban xanımla gəlmişdi. Fidan da oxumalı idi, amma biz öz iş yerimizi, Türkiyə konservatoriyasındakı tələbələrimizi qoyub eyni vaxtda Bakıya gələ bilməzdik və Fidan mənə kart-blanş verdi ki, sən get, mən səni əvəz edərəm.

İstanbuldakı pedaqoji fəaliyyətimizlə Azərbaycandakı tədbirləri uyğunlaşdırmaq bizim üçün çətin idi. Neft müqavilələrinin imzalanmasından və çoxlu sayda nüfuzlu əcnəbi qonaqların Bakını ziyarət etməsindən sonra isə onların sayı xüsusilə artmışdı. Bizi daim müxtəlif konsertlərdə iştirak üçün dəvət edirdilər.

Məsələn, bir məqamı deyim: ABŞ-dən dövlət xadimi, məşhur politoloq Zbiqnev Bjezinski xanımı ilə gəlmişdi və Heydər Əliyev bizi şam yeməyinə dəvət etdi. Vəfa Quluzadə, Həsən Həsənov, bir də Fidanla mən idim. Orada oxumadıq, konsert vermədik, sadəcə, söhbət etdik. Yəni bizi yanında görmək, Azərbaycan musiqi elitasını məşhur amerikalı siyasətçiyə təqdim etmək Heydər Əliyev üçün xoş idi. İki bacı və ikisi də klassik janr müğənnisi olsun - axı bu, nadir hadisədir.

"Ave Mariya" konsertindən sonra Heydər Əliyev filarmoniya direktorunun otağına gəldi və mənə dedi: "Nəzərə al. Bundan sonra mən sizin bütün tədbirlərinizə  gələcəyəm". Və sözünə əməl etdi.

Biz müstəqil Azərbaycanın bütün əsas ordenlərini qazanmışıq: "Şöhrət" ordenini bizə Heydər Əliyev öz əliylə təqdim etmişdi, "Şərəf" və"İstiqlal" ordenlərini isə İlham Əliyev verdi. Fidanın SSRİ Xalq Artisti adını qazanmasında da Heydər Əliyevin əməyi vardı. O özü Fidana demişdi: "Sən artıq yetişmisən, biz sənə SSRİ Xalq artisti adını verə bilərik". O həmin vaxt Kremldə idi və bu məsələləri izləyə bilirdi.

E.A. - Bəli, Heydər Əliyev sizin üçün böyük dayaq idi. Bununla yanaşı, hər şeyi öz əməyiniz və istedadınızla qazanmısınız. Heç kəs sizə adı, ordeni qara qaşınıza, qaragözünüzə görə verməyib... Əziz Xuraman, Heydər Əliyevlə bağlı daha hansı maraqlı epizodu xatırlayırsınız? Sizin yaddaqalan görüşləriniz çox olub axı.

X.Q. - Yəqin ki, ən yaddaqalanı Muzeydəki konsertdən sonra Prezident Sarayında olan söhbətimizdir. Onun görüşünə az əvvəl haqqında danışdığım fotoşəkillə getmişdik. Həmin vaxt Türkiyədə bizim çoxlu musiqiçilərimiz çalışırdı, onlar qardaş ölkədə klassik musiqi məktəbinin əsasını qoydular. Biz də orada gənc ifaçıların irəli çıxması üçün az iş görmədik. Bir dəfə Heydər Əliyevlə görüş zamanı Tansu Çillər demişdi: "Sizin qızların sayəsində biz YÖK (Yüksək Öyrətim Kurumu) proqramını dəyişdik". Həmin vaxtadək konservatoriya məzunlarının işə düzəlməsi çətin idi, bunun üçün hansısa yaşlı müğənninin teatrdan az qala tabutda çıxacağını gözləmək lazım gəlirdi. Biz bu sistemi bütünlükdə dəyişdik...Tansu Çillər də buna görə Türkiyədə əsl mədəni inqilab etdiyimizi demişdi.

Heydər Əliyev isə həmin vaxt Türkiyədə işləyən bütün soydaşlarımızı geri qaytarmaq istəyirdi, arzu edirdi ki, bizim bütün istedadlarımız vətəndə toplanıb, yaradıcılıqlarına da burada davam etsinlər. Həmin görüşümüzdə o demişdi: "Bəsdir, müqavilənizi bitirin, evinizə qayıdın. Mən istəyirəm ki, siz burada olasınız. Və öz məktəbinizi - Fidan və Xuraman Qasımovalar məktəbini məhz burada yaradasınız. Burada öz Akademiyanızı təsis edəsiniz". Bu, onun arzusu idi. Biz elə Prezidentin kabinetindəcə onun adına ərizə yazdıq, Heydər Əliyev də imzaladı. Sonra isə ərizəni humanitar siyasət şöbəsinə, Fatma Abdullazadəyə göndərdi.

Belə görünürdü ki, biz qayıdandan sonra məsələ tezliklə həll olunmalı idi. Fatma xanımdan vəziyyətlə bağlı maraqlandıq. Belə bir cavab gəldi: "Məşğul oluruq". Sonra rəhbərlik dəyişdi, biz Heydər Əliyevlə söhbətimiz və həmin məktubumuz barədə İlham Əliyevə danışdıq. O, yeni mədəniyyət naziri Əbülfəz Qarayevi yanına çağırdı və məsələnin nə üçün uzandığını soruşdu. Biz şikayət etməmişdik, sadəcə demişdik ki, burada vokal akademiyası yaratmağımızı Heydər Əliyev arzulayırdı. Xatırlayıram ki, o zaman İlham Əliyev dedi: "Sən ki bilirsən, mən onlara heç bir məsələdə imtina etməyəcəyəm". Biz hətta bina da seçmişdik, müvafiq nizamnamə yazmışdıq, başqa sənədləri hazırlamışdıq. Amma heç kəs bu məsələ ilə ciddi şəkildə məşğul olmadı. Yəqin, kimsə bizim arzumuzun həyata keçməsini istəmirmiş.

E.A. - Ayrıca akademiyanız olmasa da, Bakı Musiqi Akademiyasında siz faktiki olaraq öz məktəbinizi yaratdınız. Bu gün nə qədər tələbəniz beynəlxalq müsabiqələrdə qalib gəlir! Siz nə qədər istedad yetişdirmisiniz!

X.Q. - Amma bunları daha əvvəl və daha yüksək səviyyədə edə bilərdik. İndi biz məmurlardan, Mədəniyyət Nazirliyindən asılıyıq. Amma birbaşa əlaqələr qura bilərdik, bizim Rusiyada da, ondan kənarda da geniş dost çevrəmiz var. Bu yaxınlarda İtaliyaya ustad dərsləri keçməyə getdik. Bir vaxtlar Moskva bizi ora oxumağa göndərmədi, əvəzində bu gün İtaliyada ustad dərsləri veririk.

Daha maraqlı bir detalı deyim: Bülbül adına ilk müsabiqə 1997-ci ildə keçirildi. Həmin vaxt biz ABŞ-də idik, iki aylıq müddətə solo-konsertlər verirdik. Yeri gəlmişkən, Miçiqandakı konsertə təsadüfən Fərhad Bədəlbəyli də gəlmişdi. Sonradan o bizə dedi ki, həmyerlilərinin belə əzəmətli tarixi zalda bu qədər tamaşaçının qarşısında çıxış etməyi ilə qürur duyur. Bilirsiniz, biz mətbuat təmsilçilərini heç vaxt özümüzlə aparmamışıq, geniş müsahibələr verməmişik. Amma konsertlərimiz, doğrudan da, böyük uğurla keçirdi.

Bu arada Bakıda Polad Bülbüloğlu Bülbül adına beynəlxalq vokalçılar müsabiqəsinin təşkilati məsələləri ilə məşğul idi, münsiflər heyətini seçirdi və istəyirdi ki, jürinin sədri SSRİ-nin Xalq artisti İrina Arxipova olsun. Polad Bülbüloğlu bu təkliflərlə Heydər Əliyevin yanına getdi. Prezident böyük Bülbülün 90 illik yubileyi ərəfəsində müsabiqənin keçirilməsi ideyasını yaxşı qarşılaşdı. Amma bununla yanaşı, söhbət münsiflər heyətinin sədri məsələsinə gələndə Heydər Əliyev sual verib: "Nə üçün Arxipova? Bizim özümüzün də SSRİ Xalq artistimiz var - Fidan Qasımova. Nə üçün o olmasın?" Polad yenə israr edib ki, Arxipova dünya səviyyəsində nəhənglərdəndir, onu hamı tanıyır. Qoy sınaq üçün birinci dəfə o olsun, müsabiqə özünü doğrultsa, əlbəttə, "qızlar" (bizi hamı belə çağırırdı) daim münsiflər heyətində iştirak edəcəklər.

Qısası, belə də oldu. Üç il biz münsiflər heyətində qaldıq, sonra mədəniyyət naziri ilə münasibətlərimiz pozuldu və müsabiqədə iştirakdan imtina etdik...

Sonralar, 1998-ci ildə, Heydər Əliyev ikinci dəfə prezident seçiləndə biz onun şərəfinə konsert verdik. 2000-ci ildə yenə solo konsertlə çıxış etdik. 2002-ci ildə, bizim yaradıcı fəaliyyətimizin 25 illiyi münasibəti ilə Respublika Sarayında yenidən böyük solo konsertimizi keçirdik. Yeri gəlmişkən, Türkiyədən qayıtdıqdan sonra da biz doğma teatra qayıtmadıq, teatrın rəhbərliyi ilə prinsipial fikir ayrılıqlarına görə Opera və Balet Teatrının solistləri kimi fəaliyyətimizi bərpa etmədik. Bunun bir çox səbəbləri vardı, onlar barədə danışmaq istəmirəm. Rəhbərliyə şikayət etməyə isə biz öyrəşməmişik. O cür tərbiyə almamışıq. Allaha şükür, mən uzun illərdir BMA-da solo ifa kafedrasının müdiriyəm, Fidan isə Musiqi Akademiyasının professorudur. Amma bununla yanaşı, çox istərdik ki, doğma səhnədə, sevimli tamaşalarımızda sevimli partiyalarımızı oxuyaq. Amma teatrın o vaxtkı direktoru ilə bu, mümkün deyildi...

Heydər Əliyev 1998-ci ildə, iyulun 4-də, ABŞ-nin müstəqillik günündə Amerika səfirliyində bizi gördü. Yanına çağırıb soruşdu: "Ay qızlar, hardasız? Nəsə sizləri çoxdandı görmürəm. Deyirlər, çox uğurlu və sərfəli müqavilə imzalamısınız və xaricə qastrollara gedirsiniz".

Biz təəccübləndik və cavab verdik: "Heydər Əliyeviç, siz nə vaxt bizi istəyib görmədiniz? Dünyanın harasında olursaq-olaq, ilk çağırışınıza yanınıza qaçırıq. Biz qastrollara gedirik, amma uzunmüddətli müqavilələrimiz yoxdur".

Prezident təəccüblə soruşdu: "Bəs nə üçün mənə hər dəfə belə məlumat verirlər? Mənə deyirlər ki, siz xaricdə yaşayırsınız və yaxşı qazanırsınız. Birillik müqavilə imzalamısınız".

Biz açıq dedik ki, bu, doğru deyil, heç kəslə heç bir müqavilə imzalamamışıq, doğma şəhərimizdəyik və solo konsertə hazırlaşırıq. Sual olunur, barəmizdə bu cür yalanı yaymaq kimə lazım idi?

E.A. - Lap həqiqət olsa belə, burada nə var ki? Bütün görkəmli müğənnilər müqavilə imzalayıb dünyada qastrollara çıxırlar və heç kəs buna görə onları tənqid eləmir. Əksinə, bununla qürur duymaq lazımdır...

X.Q. - İndi belədir. 90-cı illərdə bütün bunlar yenicə çıxırdı. Görünür, kimsə istəyirmiş ki, Prezidentin bizə olan xoş münasibətini dəyişsin. Bir dəfə, iki dəfə səhv məlumat verirlər və artıq sənə münasibət də dəyişə bilir.

E.A. - Bu, yəqin ki, elementar qısqanclıq və paxıllıqdır. Yəni hansısa Akademiya onların nəyinə lazımdır, konservatoriyada dərs deyirlər - bəsləridir.

X.Q. - Bu arada Vişnevskayanın, Bieşunun, Arxipovanın öz məktəbləri, mərkəzləri vardı. Nə üçün Fidan Qasımova - o da SSRİ Xalq Artistidir - belə bir şey yarada bilməsin? Adama ağır gəlir...

Amma Heydər Əliyev özünün dahiyanə həssaslığı ilə bütün bunları anlayırdı, xüsusən də 2002-ci ildə bizim Respublika Sarayındakı konsertimizə gələndə ona hər şey aydın oldu.

O zaman hörmətli Mehriban xanım Mədəniyyətin Dostları Fondunun xəttilə bizə çox dəstək verdi. Fatma xanıma xaricdəki görkəmli şəxslərin uzun bir siyahısını verdik, onları konsertimizə dəvət etməli idilər. Yeri gəlmişkən, axşamın bütün ssenarisini, dəvətlilərin siyahısını - hər şeyi Fidan özü tərtib edirdi. Biz nə zamansa əcnəbi teatrlarda birgə çıxış etdiyimiz həmkarlarımızı - artistləri, dirijorları tədbirimizdə görmək istəyirdik... Konsertin vaxtı yaxınlaşırdı, artıq dekabr idi, hələ də heç nə bilmirdik - konsertə hazırlıq gedirmi, dəvətnamələr göndərilibmi və sair. Prezident Aparatının humanitar şöbəsindən bizə nəzakətlə cavab verirdilər: "İşləyirik, məşğul oluruq". Və bu zaman, xoşbəxtlikdən, maestro Niyazinin 90 illiyinə həsr olunmuş konsert keçirildi. Biz orada çıxış etdik, sonra çay süfrəsi oldu. O zaman Heydər Əliyev soruşdu: "Qızlar, sizin konsertinizə hazırlıq necə gedir?" Tədbirimizə hardasa 20 gün qalırdı. Dedik ki, hazırlaşırıq, repertuar seçirik, amma təşkilati hazırlığın necə keçdiyini bilmirik. O, Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma xanıma və Polad Bülbüloğluna baxdı, qeyri-ixtiyari hiss elədi ki, məsələyə özü qarışmalıdır və Dilarə Seyidzadəyə dedi: "Dilarə xanım, bax, haçan bir az boş vaxtım var, mən onları qəbul edim". Biz onun yanına gedəndə Heydər Əliyev köməkçisi Dilarə xanıma söylədi: "Bu işlərlə məşğul olan hər kəsə deyin ki, mən konsertdə olacağam. Bunların nə arzusu var, hamısı həyata keçsin".

Məlum oldu ki, bizim bir il əvvəldən verdiyimiz siyahı üzərində faktiki olaraq işləməyiblər: "Biz heç kəsi tapa bilmirik... bu telefon nömrəsi düzgün deyil... filankəs həmin vaxt xaricdə qastrolda olacaq..."

Bolşoy Teatrdan, Gürcüstandan qonaqlarımız gəldi. Əlbəttə, biz daha da möhtəşəm gecə eləmək istəyirdik. Lakin istənilən halda, hər şey gözəl keçdi. Həmin o konsertdə mənimlə Fidanın həyatı, qastrollarımız, Amerikadan xəstəlikdən sonra necə qayıtmağım barədə çoxlu sənədli kadrlar vardı və Heydər Əliyev bunları görəndən sonra bizimlə bağlı hər şeyi başa düşdü. Bu müdrik insan konsertin sonunu gözləmədən səhnəyə çıxmaq və nitq söyləmək istədi. Yadınızdadır, o, Polada müraciətlə nə demişdi: "Polad, sənin atan böyük xanəndə olub, hamı onun qarşısında baş əyirdi. Bax bu qızların qarşısında da hamı baş əyməlidir. Bizim incilərimiz var - bir, iki, üç... Amma bu qızlar 999 əyarlı qızıldırlar".

E.A. - İcazənizlə, mən bu gözəl və çox ibrətamiz nitqdən sitat gətirərdim: "...Böyük Üzeyir Hacıbəyov yüz il bundan öncə Azərbaycan opera sənətinin klassik musiqi sənətinin əsasını, təməlini qoyubdur... Azərbaycanda yeni bir mədəniyyət, incəsənət, musiqi janrı - opera, klassik musiqi yaranıbdır... Əgər qonşu müsəlman ölkələri ilə müqayisə etsək, Azərbaycan bu barədə həddindən artıq inkişaf etmiş bir ölkədir. Bunları yaradan insanlar da təbiidir ki, çox nadir fitri istedada malik insanlar olmuşlar... Beləliklə, zəngin mədəniyyətimizin ən dəyərli inciləri var. Bu incilər çox deyil və çox olsa, onlar heç vaxt qiymətli olmaz. Bax, onlardan ən dəyərliləri Fidan xanımdır, Xuraman xanımdır.

Keçmişdə bizdə, dünyada ən qiymətli şeyi qızılla müqayisə edərdilər. Əgər keçmiş qanun-qayda ilə müqayisə etsək, onlar 999 əyarlı qızıldır. Mən hamını bizim cəmiyyətdə belə insanlara xüsusi münasibət, qayğı göstərməyə, belə insanlara hörmət etməyə dəvət edirəm... Əgər biz bunları göz üstə saxlamasaq, belə insanları cəmiyyət - bizim 8 milyon əhalimiz var, - göz üstə saxlamasa, mədəniyyətimizi inkişaf etdirə bilmərik. Bunu deyərək, mən ümumiyyətlə, istedadı olan hər bir gəncə, hər bir insana xüsusi münasibət göstərilməsini istəyirəm. Çünki bu istedadlardan bizim gələcəyimizin mədəniyyət xadimləri yaranacaqdır və burada Fidan xanım və Xuraman xanım nümunədirlər".

X.Q. - Bizim hansı hisslər keçirdiyimizi sözlə ifadə etmək çətindir! Həm gülürdük, həm də ağlayırdıq, göz yaşlarımızı gizlətmirdik... Heç bilirsiniz bu konsertdən sonra bizə nə qədər zənglər oldu? Adları vaxtından tez unudulan ifaçılar, musiqiçilər bizə necə minnətdarlıq etdilər? Yubiley axşamındakı çıxışı ilə Heydər Əliyev bizə elə bil yeni, təmiz hava bəxş elədi, biz bu nəfəsi ömrümüzün sonunadək hiss edəcəyik...

Bundan sonra Prezident bizə mənzillər bağışladı. Dörd ay sonra isə, çox təəssüf ki, o xəstələndi və biz bir daha görüşmədik. 2004-cü ildə, böyük liderin dünyasını dəyişməsindən bir il sonra onun xatirəsinə həsr olunan "İthaf" konsertini verdik.

Biz həmişə hiss edirdik ki, arxamızda bu nəhəng şəxsiyyət dayanıb, biz daim onun dəstəyini, xoş diqqətini hiss edirdik. Bəli, Heydər Əliyev bizi sevirdi, bilirdi ki, bizə etibar edə bilər və biz heç zaman onun etibarını itirmərik! Allah ona qəni-qəni rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:23
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see132

Premyer Liqa futbolçusu əməliyyat olundu mövsümü erkən bitirib

06 Aprel 2025 00:07see127

Uşağı aparmaqdan imtina edən taksi sürücüsü yoxlanılacaq…

05 Aprel 2025 23:06see125

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

06 Aprel 2025 03:36see122

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see121

Bacısı qızının toyuna gedən şəxs öldü

05 Aprel 2025 23:20see119

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see119

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see117

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see116

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see116

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see116

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see115

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see114

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see112

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see112

Bayer 90+1 ci dəqiqədə sevinib, Ştutqart dan səfərdə 4 cavabsız qol VİDEO

05 Aprel 2025 23:03see111

Gəncədə 23 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı KONKRET

06 Aprel 2025 10:16see109

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see108

İtalyan tələbələr yeni Jaguar üslubunda idman avtomobili yaradırlar

05 Aprel 2025 23:14see106

Aeroport şosesində yol qəzası sıxlığa səbəb olub

05 Aprel 2025 23:50see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri