Icma.az
close
up
RU
“Hikmət Mirzəyevdən tapşırıq aldım ...” Polkovnik Eldəniz Namazovun etirafları

“Hikmət Mirzəyevdən tapşırıq aldım ...” Polkovnik Eldəniz Namazovun etirafları

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Budəfəki müsahib ehtiyatda olan polkovnik Eldəniz Namazovdur. O, 44 Günlük Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) Kəşfiyyat rəisi kimi xidmət edib və döyüşlərdə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə təltif olunub. Avtosfer.az xəbər verir ki, jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran polkovnik Namazov müharibənin gedişi, şəxsi təcrübələri və döyüş anları ilə bağlı mühüm məqamlardan danışıb, etiraflarını bölüşüb.

– 44 günlük müharibə zamanı bir çoxları sadəcə döyüşü gördü, amma siz onu yaşadınız. O ilk günlərdə cəbhəyə baxanda sizdə “bu, artıq tarixdir” hissi nə vaxt yarandı?

– Müharibənin özü bir tarixdir. Tarixi günlər və tarixi anlar da çox fərqli olurlar. Tarixi gün olsa da, elə günlər var ki, o günlər kövrəkliklə, üzülərək, hansısa məqamları yada salaraq anılır. Elə tarixi günlər də var ki, illərlə həsrətlə gözlənilir, anıldıqca da insana qürur verir. 44 günlük Vətən müharibəsi bizim üçün çox fərqli çeşidlərlə dolu anlar, günlərlə yadda qalıb. Müharibədə iştirak etmək xoşbəxtlik olsa da, bir o qədər də çətin və dözülməzdir. Müharibə insanın yaddaşında silinməz izlər buraxır.

Sual verirsiniz ki, “o ilk günlərdə cəbhəyə baxanda sizdə ‘bu, artıq tarixdir’ hissi nə vaxt yarandı?” Mən deyərdim ki, bu, elə ilk andan baş verdi. Mənim ən yaxın silahdaşım, dostum – neçə illər çiyin-çiyinə vuruşduğum, tapşırıqlar zamanı kürək-kürəyə dayandığım bir yoldaşım var – Nəsimi. Onun şücaətindən, məğrurluğundan, döyüş əzmindən həmişə güc almışam. Nəsimi ilə elə bir yerdə durmuşduq ki, atəşdən yayınmaq mümkün olan gizli bir yer idi (hazırkı xidməti ilə bağlı ətraflı məlumat verə bilmirəm). Bölmələr hücum çıxış xəttində hazır vəziyyətdə idilər. Anlar, bəlkə də saniyələr qalmışdı. Biz siqnalın verilməsini gözləyirdik. Bilirdik ki, həmin siqnal bizim döyüş aviasiyamızın fəaliyyətindən sonra veriləcək.

Təsəvvür edin, səhər yeni açılır, hava işıqlanırdı. Şahinlərimiz artıq səmada görünürdü. Su-25 təyyarələrimiz cəbhəyə doğru hərəkətdə idi. İçimizdə bir tərəddüd var idi – bəlkə də bu baş verməyə bilər. Əgər müharibə başlamasaydı, bu bizi çox məyus edərdi.

Və budur – təyyarələrimiz yüksəklikdən şığıyır, bombalar düşmənin döyüş mövqelərinə atılırdı. Həmin an təsəvvür edin ki, dünyalar bizim oldu. Bu, müharibənin başlanması demək idi. Sevincimizin həddi-hüdudu yox idi. Dostum Nəsimi Kəlbəcər rayonundandır. Onun həmin torpaqlara necə həsrətlə baxdığını bilirəm. Həmin vaxt onun nələr hiss etdiyini anlayırdım.

Artıq müharibə başladı. Təyyarələrimizin atəşindən 3–5 saniyə sonra artilleriya zərbələri başlandı. Müharibə başlayanda sevincdən gözlərimiz yaşarmışdı. Bir-birimizi qucaqlayıb “Uraaa!” deyə qışqırırdıq. Həmin anı heç vaxt unutmaram.

– Bəzən bir döyüş anı insanın bütün dünyagörüşünü dəyişir. Siz hansı anı “həyatım bu saniyədə başqa istiqamət aldı” deyə xatırlayırsınız?

– İkinci Qarabağ müharibəsi bizim haqq savaşımız idi. 27 sentyabrda əks-hücumun ilk həmləsində rəşadətli Ordumuzun torpaqlarımızı azad edəcəyinə əmin idik. Biz döyüşə də, qələbəyə də inanırdıq və buna hazır idik. Bu vətən torpaqlarının, bu millətin azadlığı uğrunda canımızı fəda etmək üçün həmin yola çıxmışdıq.

Hər hansı bir döyüş anını seçmək çətindir. Tarixi torpaqlarımızı azad etmək üçün atdığımız hər addım bizi dəyişdi. Hələ müharibə başlamazdan əvvəl keçdiyimiz yollar, döyüş hazırlığı, təlimlər, tapşırıqlar bizi formalaşdırmışdı. Bildiyiniz kimi, Xüsusi Təyinatlı Qüvvələr 2012-ci ildən 2016-cı ilin Aprel döyüşlərinə qədər dəfələrlə döyüş tapşırıqları yerinə yetiriblər. Dəfələrlə düşmənə “Sizin qarşınızda bu cür ordu, bu cür döyüşçülər var. Müharibədə bununla qarşılaşacaqsınız” mesajını vermişdik.

Artıq düşmən Xüsusi Təyinatlı Qüvvələri müharibədən əvvəl tanıyırdı. Onların gücünü, qüvvəsini bilirdilər və bunun nəticəsinin nə olacağını da anlayırdılar.

Həyatımın başqa istiqamət almağını isə mən hələ uşaq yaşlarımdan bilmişəm. Mənim bir yolum vardı: düşmənə ölüm, Vətən torpaqlarının azadlığı və bunun uğrunda əlimdən gələn hər şeyi etmək.

Amma həyatımı dəyişən an tam fərqli idi. 90-cı illərdən danışmaq istəyirəm. Bağanıs Ayrım faciəsini yəqin ki, hamınız bilirsiniz. Həmin vaxt mənim 12 yaşım vardı. Qazax rayonunun Abbasbəyli kəndindənəm. Balaca uşaq idim, eşitmişdim ki, belə bir faciə baş verib. Hər kəs həyəcan içində idi. Bağanıs Ayrımdan rayon mərkəzinə gedən yol bizim kəndin tam ortasından keçir.

1990-cı il martın 23-dən 24-nə keçən gecə düşmən həmin kənddə qətliam törətmişdi. Yeddi nəfər öldürülmüş, üç nəfər yaralanmışdı. Öldürülənlərin hamısı bir ailənin üzvləri idi. Vəhşi düşmən həmin ailəni diri-diri yandırmışdı. Martın 24-ü indiki kimi yadımdadır: böyük yük avtomobilinin kuzasına saman düzüb üstünə ağ parçalar sərmişdilər. Həmin maşınlar kəndin yanından keçirdi. Dedilər ki, bunlar şəhid olanların nəşləridir. Camaatdan qara parça tapıb maşına bağlamaq istəyirdilər. Hamı yola çıxmışdı, maşınlara baxmaq istəyirdi. Mən də 12 yaşlı bir uşaq idim, maşının kuzasına çıxdım, yuxarıdan içəri baxdım… Həmin anı heç vaxt unutmaram. Tam yanmış, sanki odun parçasına dönmüş bir qadın meyiti və yanında balaca uşaq…

Bu mənim həyatımı dəyişdi. O andan bütün fikrim bu istiqamətə yönəldi. Həmin gündən döyüşçü, əsgər olmaq arzusu ilə yaşadım. Düşmənə nifrətim artdı. Biz müharibə şəraitində yaşayan kənddə idik – evlərin dağılması, hücumlar… nələr gördük.

Bir gün televizorda Allahverdi Bağırovu gördüm. Onun qəhrəmanlığını izlədim və zabit olmağa qərar verdim. Bağanıs Ayrım faciəsi Qarabağ müharibəsində məni silkələyib oyadan, döyüş ruhu verən ilk an idi.

– Müharibə zamanı qərarlar çox vaxt saniyələr içində verilir. O anlarda siz daha çox nəyə güvənirdiniz – illərin təcrübəsinə, intuisiya gücünüzə, yoxsa inamınıza?

– Müharibə zamanı zabitin qərarvermə qabiliyyəti o qədər güclü olmalıdır ki, o, döyüş taktikasını, düşməni və döyüşün gedişatını düzgün qiymətləndirə bilməlidir. Zabitdə bir növ “öngörənlik” olmalıdır. Bu da onun bilik və bacarıqlarına əsaslanır.

Mən kadr zabitiyəm, yəni oxuduğum Ali Hərbi Məktəbi yüksək qiymətlərlə bitirmişəm. Peşəmin vurğunu olmuşam. Özümü yalnız bu sahədə püxtələşdirməyə səy göstərmişəm. Leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər 15 il ön cəbhə postlarında xidmət etmişəm. Dəfələrlə tapşırıqlarda, lokal döyüşlərdə iştirak etmişik.

Təcrübə, keçdiyin xidmət yolu və peşənə sahib çıxmaq öz sözünü deyir. Mənim üçün ən güvənli olan yer silahdaşlarım, zabit yoldaşlarım olub. Döyüş bölmələrinə olan inamım, güvənim çox böyük idi. Sizi əmin edirəm ki, böyük dövlətlərin yüksək rütbəli zabitlərinin tərəddüd edəcəyi tapşırıqları biz tərəddüdsüz yerinə yetirmişik. Xüsusi Təyinatlı Qüvvələrə o qədər güvənimiz var idi ki, çoxlarının “olmaz” dediyi tapşırıqlara biz “bəli, olacaq” deyirdik və bunu da bacarırdıq.

Mənə ən çox inam verən, bizim döyüşçülərin hazırlığı, mümkün olmayanı mümkün etmə bacarığı idi. Onların bilik, bacarıq və vərdişləri bizə imkan verirdi ki, tərəddüd etmədən hər hansı bir qərarı qəbul edək və bilək ki, onun öhdəsindən gələcəyik.

– Qələbənin arxasında yüzlərlə görünməyən fədakarlıq var. Sizcə, 44 günlük müharibənin ən az danışılan qəhrəmanlıq hekayəsi hansıdır və niyə bu günə qədər gizli qalıb?

– Qələbənin arxasında o qədər qəhrəmanlıq və fədakarlıq var ki, saysız-hesabsızdır. Bunu hamı danışsa da, bitib-tükənməz. Minlərlə kitablar, dastanlar yazılsa belə, yenə kifayət etməz. Müharibə zamanı hər bir əsgər, döyüşçü, zabit böyük fədakarlıq göstərdi – o pulemyotu susduran, bölmələrin keçməsi üçün özünü atəşin üstünə atan əsgərdən tutmuş, vurulan təyyarəsini düşmən mövqeyinə yönəldən pilota qədər. Hətta döyüşdə əsgərlərin ac-susuz qalmaması üçün öz həyatlarını riskə atan xalqımızın hər bir nümayəndəsi də bu qələbənin təminatçılarıdır.

Bir qəhrəmanlıq hekayəsini xatırlatmaq istəyirəm. Düşmənin “Adil 82” kimi tanıdığı, Xüsusi Təyinatlılarda qrup komandiri – Adil İbrahimli. Onun fəaliyyəti haqqında geniş bəhs edilməlidir ki, gələcək nəsillər belə qəhrəmanlarımızı tanısın. Baş leytenant Adil İbrahimli tutduqları mövqeyə hücum edən, sayca qat-qat çox olan düşmənin qarşısını almağa çalışırdı. O bilirdi ki, mövqeyi tərk etmək qeyri-mümkündür – ya şəhid olmaq, ya da mövqeyi qorumaq.

Yanındakı bütün döyüşçüləri geri çıxarır, özü isə tək qalır. Bir sutkadan artıq təkbaşına döyüşür. Düşmənin yüksək rütbəli zabitləri belə etiraf ediblər ki, “biz elə bilirdik, orada 20 nəfər azərbaycanlı döyüşür”. Adil təkbaşına 40-dan çox düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Bu, gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsidir.

– Sizin üçün “Zəfər” nə deməkdir – qazanılmış döyüş, yoxsa bir millətin yenidən özünə qayıdışı?

– Ümumiyyətlə, müharibələr fərqli olur. Tarixdə saysız-hesabsız müharibələr olub: haqlı, haqsız, müdafiə məqsədli və ya işğalçı müharibələr… Amma hər biri ədalətli deyil. Bizim müharibəmiz haqq-ədalətin bərpası idi. Biz haqq yolunda vuruşurduq.

1988-ci ilin fevralından başlayan torpaq iddiaları, faciələr, ilk şəhidlər… o vaxtdan xalqımızın ağrılı tarixi başladı. Analarımız ağlamağa başladı və bu gün də o göz yaşları tam qurumayıb. Bizim üçün “Zəfər” sadəcə bir döyüşün udulması deyildi. Bu, düşməni haqsız duruma salmaq, onu torpağımıza göz dikmək sevdasından əl çəkməyə məcbur etmək idi.

Zəfər – millətin yenidən özünə qayıdışı, özünü tapması, Babəklərin, Koroğluların, Şah İsmayılların nəvələri olduğumuzu xatırlatmaq idi. Biz məğrur xalqıq, torpağımıza göz dikənin burnunu sındırmağı bacarırıq. Bu zəfər tarixi ədalətin bərpası idi və bu, bizim nəslin üzərinə düşdü. Cənab Ali Baş Komandanımızın rəhbərliyi, xalqın birliyi, ordumuzun gücü ilə düşmənə layiqli cavab verdik. Bu zəfər bizim üçün yaşamaqdan da vacib idi. Biz canımızı qoyaraq bu zəfəri qazanmalı idik, çünki bu, bizim haqq yolumuz idi – dövlətimizə, torpağımıza uzanan əlləri kökündən kəsmək. Və biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik.

– Komandirlik bəzən səssiz qərar vermə sənətidir. Siz necə anlayırsınız ki, hansı an susmaq, hansı an danışmaq vaxtıdır?

– Komandirlik səssiz qərarvermə sənətidir, bu fikirlə razıyam. Amma mənə elə gəlir ki, komandir danışmalı, ruhlandırmalı və nümunə olmalıdır. Mən burada Vətən, millət, döyüş, şəhidlik haqqında danışıb əsgərləri irəli göndərib, özüm arxada dayansam – bu doğru olmaz. Komandir bir an susub düşünməyi bacarmalıdır, amma sonra “Bəli, biz bunun öhdəsindən gələcəyik!” deməlidir. Komandir ruhlandırmalı, bir addım öndə olmalı, əsgərləri ilə birlikdə döyüşməli, döyüş meydanında nümunə göstərməlidir. Susmaq anı isə döyüş bitdikdən, qələbə əldə edildikdən sonra gəlir. O zaman başqaları sənin haqqında danışırlar. Komandir yalnız bir halda danışmalıdır – o da qəhrəmanlıq nümunəsi göstərən döyüşçünün haqqını müdafiə etmək üçün. Sən bu xalq, vətən, torpaq uğrunda canını qurban vermiş şəhidin valideynlərinin əllərini öpərək onlara sizin oğlunuz belə qəhrəmandır deyərək danışmalısan.

– Hər liderin içində bir “ikinci səs” olur – şübhə, qorxu, vicdan. Siz o səslə necə davranırsınız – onu susdurursunuz, yoxsa dinləyirsiniz?

– Mən bunu təkcə liderlərə aid etmək istəməzdim. Hər bir insanın içində ikinci bir səs, bir duyğu var. Şübhə etmək bizim vəzifəmizdir. Yeri gələndə insan özündən də şübhə etməlidir. Hər şeyə şübhə ilə yanaşmalısan ki, dəqiqliyinə, dürüstlüyünə və etibarlılığına tam əmin olasan. Vicdan isə millət olaraq bizə xas bir hissdir. Şükürlər olsun ki, biz vicdanlı xalqıq. Bizim vicdanımız imkan verməz ki, haqsızlığa, ədalətsizliyə yol açaq.

Qorxu hissinə gəldikdə, onu müxtəlif cür izah edirlər. Kimisi deyir, qorxu qeyri-müəyyənlikdən, kimisi isə ümidin itirilməsindən doğur. Mən qorxunu özümə yaxın buraxmamağa çalışmışam. Amma etiraf edim: qorxmayan insan yoxdur. Qorxu bir növ ehtiyatın təminatçısıdır. Cəsurlar isə ona görə fərqlənirlər ki, qorxularını içlərində boğmağı bacarırlar. Mən də hər zaman bu hissi boğmağa səy göstərmişəm. Hər zaman düşünmüşəm: mən kimdən qorxmalıyam? Qarşımda olan döyüşçüdənmi? O mənim düşmənimdir. O, məndən qorxsun! O da silahlıdır, mən də! O da döyüşçüdür, mən də! Niyə mən qorxmalıyam?! Tabeçiliyimdə olanlara da hər zaman bu hissi aşılamağa çalışmışam. Bir sözlə, xüsusi təyinatlılar bu hisslərdən uzaq olan adamlardır. 44 günlük Vətən Müharibəsi bunun bariz nümunəsidir. Onlar qorxmadan qorxutmağı, qorxmadan öldürməyi bacaran oğullardır. Və torpağımıza girmiş yağı düşməni elə torpağımızda da məhv etdik. Qorxmadan, çəkinmədən üzərlərinə getdik və qalib gəldik. Bütün dünyaya sübut etdik ki, Azərbaycanın ərazisi toxunulmazdır, ordusu güclüdür və bu millət bir olduqda ona heç kim qalib gələ bilməz.

– Müharibədə itki qaçılmazdır. Amma bir komandir üçün itkilər yalnız rəqəm deyil, ad və yaddaşdır. O anlarda döyüşçülərin ruhunu bərpa etmək üçün onlara ilk nə deyirdiniz?

– Müharibə, qələbə də qurban tələb edir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram. Biz illərlə çiyin-çiyinə xidmət etdiyimiz, qardaş qədər doğma silahdaşlarımızı itirdik. Bu, bizə çox ağır təsir edirdi. Amma hamımızın dilində bir cümlə vardı: “Vətən sağ olsun!” – “Yeri gələrsə, mən də öləcəm, mən də şəhid olmağa hazıram.” Biz əslində kəfənimizi geyinib döyüşə girmişdik. Bir məqsədimiz vardı: Qarabağ azad olunmalıdır! O 44 gün ərzində itkilərin ağrısını dərindən hiss etmirdik. Amma müharibədən sonra… sıralarımızda o dostlarımızı görməyəndə bizə çox pis təsir edirdi…

Bir məqamı da deyim: döyüşə gedirsən, şəhid olursan, missiyan bitir. Amma sağ qalanlar hər bir şəhidlə bir dəfə də ölür. Mən hər bir şəhid yoldaşımın itkisi ilə bir dəfə ölmüşəm.

 – Bəziləri deyir ki, ölümə bu qədər yaxın olan insan həyatın mənasını daha dərindən anlayır. Sizcə, müharibə həyatın mənasını aydınlaşdırır, yoxsa onu daha da sirrli edir?

– Məncə, müharibə həyatın mənasını aydınlaşdırmır. Müharibə sadəcə sənə “sən kimsən, niyə yetişdirilmisən, nə uğrunda ölməyə hazırsan” suallarını xatırladır.

Müharibə səni bir daha sınağa çəkir. O sənə göstərir ki, bu illər ərzində sənə öyrədilənlər, aşılananlar, ruhuna yazılan missiya indi həyata keçirilməlidir. Döyüşçü üçün əsas məqsəd ölmək deyil. Onun missiyası düşməni məhv edib qələbəni qazanmaqdır.

– O 44 gün sizi daha sərt etdi, yoxsa daha duyğusal?

– Mən 1999-cu ilin avqust ayından səngərdə zabit kimi xidmətə başlamışam. Hər gün düşmənin snayper fəaliyyətini görmüşəm, şəhid xəbəri eşitmişəm. 2002-ci ilin Yusifcanlı əməliyyatında, daha sonra 2014–2016-cı illərdə xüsusi təyinatlı əməliyyatlarda, döyüş tapşırıqlarında olmuşam. 2016-cı ilin aprel döyüşləri… O qədər itkilər, döyüşlər, pusqular, basqınlar gördük ki… Bizim duyğusal olmağa haqqımız yox idi. Biz sərtləşməli, bərkiməli, bişməli idik.

44 günlük müharibədə isə o illərin bütün ağrısı, bütün hazırlığı öz bəhrəsini verdi. Biz o müharibənin möhürünü vurduq.

– Əgər müharibə bir insan olsaydı və bu gün qarşınızda dayansaydı, ona nə deyərdiniz?

– Əgər müharibə bir insan olsaydı, mən hamıdan fərqli olaraq onun əllərindən öpərdim və deyərdim: “Nə yaxşı ki, sən gəldin!” 27 sentyabr 2020-ci ildə sən gəldin və biz özümüzü sübut etdik. Millət olaraq varlığımızı dünyaya göstərdik. Sən gəldin və biz Xocalının qisasını aldıq. Biz Babəkin, Şah İsmayılın nəvələriyik! Biz itirdiyimiz qardaşlar – Mühüd Orucov, Raquf Orucov, Allahverdilərin, Şamoların, Natiqlərin və minlərlə qardaş-bacılarımızın qisasını ala bildik, millətimizin alnındakı o ləkəni sildik.

– General-polkovnik Hikmət Mirzəyevin hansı qərarı və ya davranışı sizdə daha dərin və unudulmaz təəssürat yaratdı?

– Cənab general Azərbaycan xalqının əsl sərkərdələrindəndir. Vətəninə, millətinə layiq oğul, hərbçi, döyüşçü, lider – öndə gedən bir komandirdir! Mən 10 il onun tabeliyində olmuşam. Hətta yuxarı vəzifələrdə olsam da, həmişə özümü onun bir əsgəri hesab etmişəm. Çox vaxt özümü ona oxşatmağa və onun kimi bir komandir olmağa çalışmışam. 2014–2016-cı illərdə onun iclaslarında iştirak edəndə belə, özümü sanki müharibənin içində hiss edirdim. Çünki onun davranışı, tapşırıqları, danışıq tərzi elə idi ki, adama elə gəlirdi – “bir saatdan sonra müharibə başlayacaq.”

Onunla xidmət sanki müharibədəki kimidir. Bütün qərarları qələbəyə aparırdı. Xüsusilə noyabr ayının 4-ü günü Şuşa istiqamətində son tapşırıqlarını verəndə dediyi bir söz yaddaşımdadır: “Unutmayın, Şuşa kimindirsə, Qarabağ onundur!”

Bu sözün dəyərini isə iki gün sonra düşmənin etirafı ilə gördük. General Hikmət Mirzəyevin tapşırıq və planlamaları Şuşanın azad olunmasının əsasını qoydu və döyüşün müqəddəratını həll etdi. Ona böyük hörmətimiz var. Allah ona uzun ömür versin.

– 44 günün hər anı bir roman dəyərində idi. Amma o günlərdən birini bu gün də eyni canlılıqla xatırlayırsınızsa, o hansı andır? Həmin xatirədə nəyi heç kimə deməmisiniz, amma indi etiraf etmək istərdiniz?

– 44 günün hər anı mənim üçün unudulmaz bir roman, bir dastandır. Etiraf edim ki, oktyabrın 5-i günü cənab komandan Hikmət Mirzəyevdən bir tapşırıq aldım. Həmin tapşırıq ehtiyatda saxladığımız bir taborla bağlı idi. O tapşırıq həm son dərəcə məsuliyyətli, həm də döyüşün dönüş nöqtəsinə təsir edəcək qədər ağır idi. Həm də o döyüşdə gediş vardı, amma gəliş yox idi. Hamımız bunu belə bilirdik. Bir tabor və mən. Mayor Almuradov da taborun komandiri idi. Bunu dərk edirdik və canla-başla buna hazır idik. Artıq tam hazırlaşmışdıq, getmək üzrə idik.

Mənim qardaşımın oğlu da yaxınlıqdakı bölmələrdən birində döyüşürdü. Üstümüzdə telefon yox idi. Ümumiyyətlə, 44 gün ərzində mobil telefondan istifadə etməmişdim. Elə bir an gəlib çatmışdı ki, bilirdim səhər saat 06:30-da fəaliyyətə başlayıram. Bu isə 95 faiz sondur. Amma ürəyimdə istəklər vardı, bunu etiraf edirəm. İmkan tapıb qardaşım oğlu Coşqun Namazovu tapdım. Onların bölməsinin istiqamətinə getdim, komandirinə xahiş etdim. O da dedi ki, “döyüşdən çıxmışıq, hazırda döyüş qabiliyyətinin bərpası ilə məşğuluq”. Dedim, “Coşqunu bura göndər.” Coşqun gəldi. Mən orada ona vəziyyətin necə olduğunu deyə bilmədim, çünki çox gənc idi – cəmi 19 yaşı var idi. Nə onu ruhdan sala bilərdim, nə də istərdim ki, o düşünsün: “Əmim bilir ki, bu, sondur.” Mən ona bəzi tapşırıqlar verdim, bir növ vəsiyyət etdim. Amma elə etdim ki, nə o hiss etdi, nə də mən büruzə verdim. O anı unutmaq mənim üçün çox çətindir. Artıq bu, xatirəyə çevrilib. İndi də o, xidmətdədir, yaxşı döyüşçüdür. Onu görəndə hər dəfə düşünürəm ki, bu həyatda yeganə vəsiyyət etdiyim insan o olub.

– Bir Xüsusi Təyinatlı kimi, həyatını Vətən üçün riskə atan bir insan olaraq, siz valideynlərə – xüsusilə oğul böyüdən və hərbi xidmətə yola salanlara  nə demək istərdiniz? Sizcə, bir övladda “vətənpərvərlik” hissi necə yetişir; tərbiyə ilə, yoxsa nümunə ilə?

– Mən bir Azərbaycan zabiti, əsgəri kimi bütün valideynlərə, xalqımıza üzümü tutub demək istəyirəm ki, övladlarınıza birinci və ikinci Qarabağ müharibələrindən nümunələr gətirin. O oğulların, qəhrəmanların adlarını övladlarınıza qoyun. Nağıllardakı kimi “mənim Məlikməmməd oğlum” deməyin, “Sən mənim Mübarizim, Poladım, Mühüdüm, Raqufum, Allahverdim, Adilimsən” deyin. Övladlarınızı onlara bənzədin.

Bu xalq tarix boyu igidlər, qəhrəmanlar, döyüşçülər yetişdirib. Tarix boyu bu xalqı öz oğulları qoruyub – güclü düşməndən də, zəif düşməndən də. İstəsəniz də, istəməsəniz də, o övladlar bu ruhda böyüyüblər və böyüyəcəklər də. Şükür olsun ki, bizim belə bir Vətənimiz, xalqımız var və biz belə bir müqəddəs coğrafiyada yaşayırıq. Biz həm müqəddəs, həm də əvəzsiz xalqıq. Bizim xalqımız kimi xalq bu dünyada yoxdur və olmayacaq da. Belə Vətən, belə millət uğrunda bir dəfə yox, yüz dəfə ölməyə dəyər.

Mən bir daha bu dünyaya gəlsəm, yenə bu peşəni seçərdim, yenə kəşfiyyatçı olardım, yenə müharibəyə gedərdim. Övladlarımızı Vətən ruhunda böyüdək, onları o qəhrəmanlar kimi yetişdirək. Səfərli Gündüz, Saleh Həsənov kimi oğullar olsunlar. Arzum budur ki, hər bir Azərbaycan oğlu döyüş əzmi, döyüş ruhu və Vətən, millət sevgisi ilə böyüsün.

– Hərbi formanı çıxardıqdan sonra mülki geyimdə güzgüyə baxanda nə hiss edirsiniz? Özünüzü eyni adam kimi görürsünüz, yoxsa döyüşdən sonra insan bir az başqa adam olur?

– Hərbi formanı əynimdən çıxardıqdan sonra mülki geyimdə ümumiyyətlə güzgüyə baxmaq istəmirəm. Mən özümü hərbi formanı geyinəndə daha xoşbəxt hiss edirəm. Ondan gözəl geyim tanımıram. Hərbi formamı, üzərindəki nişanları, o bayrağı sevirəm. Vətənimi, millətimi, bayrağımı sevdiyim qədər hərbi formamı da sevir və ona eyni dərəcədə hörmətlə yanaşıram. Deyirlər, insan yeddisində nədirsə, yetmişində də odur – çox doğru kəlamdır. Əsas odur ki, insan əynindəki formadan asılı olmayaraq, içindəki özünü tanıya bilsin.

Bir məsəli xatırladım: qaynar suya kartofu atırsan yumşalır, yumurtanı atırsan bərkiyir. Deməli, söhbət suda deyil, ora atılandadır. Yəni insan hansı şəraitdə olursa-olsun, öz vicdanına baxa bilməli, alnıaçıq yaşamalıdır. Mən kim olmuşam, kiməm, nə etmişəm və nəyi etməmişəm – əsas sual budur. Əgər insan bu suallara vicdanla cavab verə bilirsə, deməli, doğru yoldadır.

– Sizi tanıyanlar deyir ki, siz düşünən və oxuyan bir zabitsiniz. Bu illər ərzində hansı kitab və ya müəllif sizin düşüncə tərzinizi formalaşdırıb? Bəlkə də müharibədə elə bir cümlə olub ki, illərlə oxuduğunuz bütün kitabları xatırlatdı?

– Mən mütaliəni sevirəm. Klassik və bədii ədəbiyyata üstünlük verirəm. Orta məktəbdən başlayaraq çox kitab oxumuşam. Hər bir yazıçı və müəllifin əsərinə onun gözü ilə baxmağa, onun kimi dəyərləndirməyə çalışmışam.

Kitab müqəddəsdir. Oxumaq gözəl şeydir, amma oxuduğuna da düzgün və ədalətli qiymət verməyi bacarmaq lazımdır. Son illər ən çox Elxan Elatlının əsərlərini oxumuşam. Bəzi fikirləri ilə razılaşmasam da, ümumilikdə çox dəyərli yazardır. Qələminə qüvvət!

Müharibədə isə bir an oldu ki, oxuduğum bütün kitabları mənə bir cümlə xatırlatdı. Komandirim general Zaur Cavanşir bir tapşırıq verəndə dedi: “Eldəniz, diqqətli ol. Bu təlim deyil. İkinci şansımız yoxdur.”

Bu söz üzərində çox düşündüm. Gör nə qədər dərin və əhəmiyyətli fikirdir. Həqiqətən də bizdə ikinci şans yox idi. Bu, təlim deyildi – bu, reallıq idi. Reallıqda isə səhvə yol vermək olmaz. Elə komandirlərim, döyüş yoldaşlarım, silahdaşlarım olduğu üçün qürur duyuram.

– İndi, illər sonra, sükut içində bir vaxtlar döyüşdüyünüz torpaqlara baxanda, ürəyinizdə hansı sual doğulur ki, hələ cavabını tapa bilməmisiniz?

– Torpaqlarımız işğaldan tam azad ediləndən sonra hələ hərbi xidmətdə idim və həmin torpaqlarda, rayonlarda və kəndlərdə olur, onları qarış-qarış gəzirdim. Mən Azərbaycanımızı, Qarabağımızı çox sevirəm; yəni hər qarışı ilə nəfəs alıram. Ordu sıralarından tərxis olunduqdan sonra da o torpaqları qarış-qarış gəzməyə böyük üstünlük vermişəm. Həmin vaxt mənəvi rahatlıq tapıram, bir az sakitləşirəm, şəhid döyüşçülərimizi düşünür və dualar oxuyuram. Hiss edirəm ki, onların ruhları şaddır. Bu qədər əsrarəngiz, gözəl torpaqların düşməndə qalması haqq deyildi. Bunun üçün biz bir millət olaraq hamımız öz canımızdan keçməyə hazır olmalıydıq. Hazır olduq da!

Amma mənim cavabını tapa bilmədiyim suallar da var. Məsələn, Laçınla Kəlbəcərin sərhəddində Dəvəgözü dağı, Sərçəcik və Keyti dağı, Sərasər, Gömür dağı var. Zod aşırımının yanında qızıl mədənləri yerləşir. Oralarda olmuşam. Və oradan baxdıqca yenə də bizim əzəli torpaqlarımız, dədə-baba yurdumuz görünür; baxanda dərindən köks ötürürük. Bizim bədbəxtliyimiz odur ki, hər tərəfdən öz torpağımızla sərhədik. O yüksəkliklərdən baxanda Göyçə mahalı, Göyçə gölü görünür. Şişqaya, Pəmbəkdən tutmuş Şəfəqə, Nəriman kəndə, Zod, Şorcalara qədər görünür. Digər dağlardan baxanda isə Dərələyəz, Cermuk görünür. Düz Naxçıvanla sərhədə qədər olan dağlar, Qafan, Gorus, Sisyan görünür. Elə bil ovcunun içindədir. Baxanda bir sual yaranır: Allah bizə bir daha o şansı verəcəkmi? Bir daha bu 44 Günlük müharibədəki şəraitdən bizə qismət olacaqmı ki, biz bu əzəli torpaqlarımızı da azad edək?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see285

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see179

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see164

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see145

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see144

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see132

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see127

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see126

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri