Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 qanun layihəsi müzakirəyə çıxarılıb
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda beş qanun layihəsi müzakirəyə çıxarılıb.
Newscenter.az xəbər verir ki, əvvəlcə, iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb.
Komitənin sədri Əli Hüseynli sənədin əhəmiyyəti barədə fikirlərini açıqlayaraq, layihədə təklif olunan dəyişikliklərin cinayət mühakimə icraatının elektron qaydada aparılması məsələləri ilə bağlı olduğunu və şəffaflığın, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların səmərəliliyinin artırılmasına xidmət etdiyini söyləyib.
Sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov qanun layihəsi barədə söhbət açaraq, məhkəməyə qədər icraatın elektronlaşmasının bütövlükdə cinayət prosesinin daha səmərəli şəkildə aparılmasına töhfə verəcəyini qeyd edib. Bildirib ki, təklif olunan dəyişikliklər cinayət prosesinə cəlb olunan şəxslərə bu prosesdə daha rahat iştirak etmək imkanları verəcək, cinayət təqibini aparan orqanların işini, habelə sənəd mübadiləsini asanlaşdıracaq. Diqqətə çatdırılıb ki, bununla yanaşı layihədə edilən əlavələr elektron sübutların toplanması prosesini, o cümlədən elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi ilə bağlı məsələləri tam hüquqi çərçivəyə salır.
Onlayn iclasda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova çıxış edərək, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafının cinayət mühakimə icraatının qarşısında yeni çağırışlar qoyduğunu deyib. O, klassik cinayət-prosessual mexanizmlərin informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə törədilən və gizlədilən cinayətlərin aşkarlanmasında effektiv olmadığını söyləyib. Bu baxımdan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının hazırlandığını və 2025-ci ilin 25 oktyabr tarixində Hanoy şəhərində ölkəmiz adından müvafiq bəyanatlar və qeyd-şərtlərlə imzalandığını bildirib. Qeyd edilib ki, layihədə cinayət və cinayət-posessual qanunvericiliyində texnoloji tərəqqiyə uyğun olaraq köhnəlmiş ifadələr müasir terminlərlə əvəz edilir. Belə ki, Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və “xidmət provayderi” kimi yeni hüquqi anlayışlar daxil edilir.
Sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, cinayət hüququ üzrə işçi qrupun rəhbəri İlhamə Həsənova çıxış edərək, layihənin cinayət-mühakimə icraatının müasir texnoloji tələblərə uyğunlaşdırılması baxımından səmərəli olduğunu bildirib. O, sənəddə elektron sübutların ayrıca olaraq təsbiti, terminoloji bazanın yenilənməsi, mühafizə mexanizmlərinin formalaşdırılması, rəqəmsal axtarışın hüquqi çərçivəyə salınması, elektron icraat, elektron kabinet mexanizmlərinin və digər məsələlərin təsbit olunduğunu müsbət dəyərləndirib, habelə bəzi qeyd və təkliflərini səsləndirib.
Müzakirələr zamanı komitə üzvləri Erkin Qədirli və Əminə Ağazadə öz fikirlərini açıqlayıblar. Deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib.
Sonra komitə sədri “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.
Qeyd olunub ki, Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır.
Daha sonra Əli Hüseynli Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Diqqətə çatdırılıb ki, layihə cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə hazırlanıb.
Onlayn iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə də baxılıb.
Komitə sədri bildirib ki, layihədə dövlət mülkiyyətində olan hava limanlarının və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının və aerodromların inşası zərurətinin torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi nəzərdə tutulur.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib. Sənəddə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsindən irəli gələn bir sıra dəyişikliklərin əks olunduğu bildirilib.
Müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Kamran Bayramov, Kamal Cəfərov, Nurlan Həsənov, Fəzail İbrahimli, Azay Quliyev, Mübariz Qurbanlı, Bəhruz Məhərrəmov, Nizami Səfərov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 məsələ müzakirə edilib
07 Aprel 2025 18:43
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bir sıra qanun layihələrinə dəyişiklik müzakirə olunub
04 Dekabr 2024 16:14
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 8 məsələ müzakirə edilib
04 Dekabr 2024 19:54
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib FOTOLAR
16 Sentyabr 2025 15:36
Dövlət qulluqçularının sosial təminatını gücləndirən qanun layihəsi müzakirəyə çıxarılıb
16 Dekabr 2025 12:46
Baxış sayı:37
Bu xəbər 29 Yanvar 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















