“İlham Əliyev sülhün, əməkdaşlığın və sabitliyin qarantorudur” Əvəz Qocayevlə müsahibə
Globalinfo.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini, əməkdar mühəndis Əvəz Qocayevlə müsahibəni təqdim edir:
-Əvəz müəllim, bu gün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin doğum günüdür. Sizin bu əlamətdar təqvimlə bağlı fikirlərinizi bilmək istərdik.
-Öncə Cənab Prezidenti doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, sağlam həyat arzu edirəm. İlham Əliyev Azərbaycan tarixinin ən möhtəşəm, şərəfli tarixini yazmış Prezident, Ali Baş Komandandır. 200 ildən çox müddətdə Vətənimizin işğalının, məğlubiyyətinin qarşını almış sərkərdədir. O, həm məğlubiyyət, işğal tendensiyasının qarşısını aldı, həm də tamamilə əks prosesə start verdi – Azərbaycanı qalib, məğrur ölkəyə çevirdi. Cənab İlham Əliyev ölkənin, millətinin taleyini dəyişdirdi. Bu, çox ciddi məsələdir. Təqvimdə bir qələbə günü olmayan xalqın, torpaqları işğalda qalan ölkənin taleyini 44 gün ərzində sürətlə dəyişmək dünya tarixində rast gəlinməyən hadisədir. Bu çətin, şərəfli işin öhdəsindən bizim Prezidentimiz, Ali Baş komandanımız məharətlə gələ bildi. Təbii ki, bu nəticəni xalqın birliyi ilə əldə etdi. Xalq-dövlət tandemi yaranmasa idi təbii ki, bu nəticə də olmazdı. İlham Əliyev bunu yüksək səviyyədə təmin etdi. Bu da bir günün, bir ayın içində baş vermədi. Dövlətin siyasəti elə qurulmuşdu ki, xalqı öz ətrafında toplaya bildirdi. Nə qədər kənar təsirlər olsa da, Azərbaycan xalqı öz dövlətinin, Prezidentinin tərəfini heç kimə, heç bir xarici faktora vermədi.
Tovuz döyüşlərindən sonra xalq ayağa qalxıb, Prezidentin ətrafında birlik nümayiş etdirdi. Döyüşə atılmaq üçün meydanlara çıxdı. “Ali Baş komandan, bizə silah verin, gedib Vətəni azad edək” şüarları ilə ayağa qalxdı.
-Qələbənin qazanılmasında başqa hansı amillər olub?
-Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ölkənin iqtisadi baxımdan inkişafı qələbəyə gedən yolda əsas hədəf idi. Ulu Öndər Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir”. Bu fikri İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən praktikaya tətbiq etdi. Azərbaycan Cənubi Qafqazın liderin dövlətinə çevrildi. Neft gəlirləri Azərbaycanın güclənməsinə, inkişafına yönəldi. İqtisadi baxımdan tam müstəqil olduq. Yoxsa biz siyasi müstəqilliyimizi də təmin edə bilməzdik.
Paralel olaraq ordu quruculuğu uğurla aparıldı. Hərbi büdcə ilbəil artırıldı. Yeni texnikalar alındı, ordu müasir silahlarla təmin edildi. Son nəsil texnologiyanın tətbiqinə başlanıldı. Ən əsası, şəxsi heyətdə düşüncə, yanaşma dəyişdirildi. Milli ruh hər zaman ön planda tutuldu. Silahlı Qüvvələrin NATO standartlarına keçidi sürətləndirildi. Milli kadrların önə çəkilməsi proses heç vaxt dayandırılmadı.
-Prezident hər zaman deyir ki, biz gənc nəslin yetişməsinə diqqət ayırırıq.
-Bəli, Qarabağın işğaldan azad edilməsində qəhrəmanlıq göstərən gənc hərbçilərin, əsgər-zabit heyətinin böyük qismi İlham Əliyev hakimiyyəti illərində yetişdi. Onların vətənpərvər ruhda böyümələri üçün dövlət böyük işlər gördü. Cənab Prezident hər zaman deyir ki, gənc nəsil kənar təsirlərdən uzaq olmalı, milli ruhda böyüməlidir. Vətənpərvər olmalıdır. Torpaqlarımızın işğaldan zad edilməsində bu məsələnin çox böyük rolunun olduğunu hər birimiz gördük. Ona görə də qələbənin əldə edilməsi üçün illərlə iş görüldü. Heç nə asan, birdən-birə baş vermədi. Vətəni sevmədən, xalqa bağlı olmadan onu qorumaq, inkişaf etdirmək mümkün deyil.
İlham Əliyev bu məsələdə nümunə oldu. Arzu edərdim ki, gənc nəsil Azərbaycanı möhtərəm prezidentimiz qədər sevsin, Vətənə onun kimi xidmət etməyi bacarsın. Vətən, dövlət, xalq sevgisi məntiqə, təhsilə, intellektə bağlı olanda, ortaya daha yaxşı nəticə çıxır. Yalnız sevməklə iş bitmir. Bunun arxasında güclü təhsil, inkişaf, hədəf dayanmalıdır. Necə ki, Prezident bunu hər zaman deyir. Vətəni işğaldan azad etdik, indi onun inkişafı üçün gənc kadrlara, təcrübəli mütəxəssislərə ehtiyacımız var. Bu istiqamətdə də dövlət başçısının fəaliyyətini görürük. Xaricdə təhsil proqramı ilə hər il yüzlərlə gənc dünyanın ən prestijli universitetlərinə qəbul olur. Bir neçə il sonra o kadrlar Azərbaycanın həyatında mühüm rol oynayacaq. İlham Əliyev ölkəni bütöv halda gələcəyə doğru aparır.
-Siz son 4 illik dövrü necə xarakterizə edirsiniz. Biz İlham Əliyevi siyasətçi, dövlət başçısı kimi tanıdıq. Amma 44 günlük müharibə vaxtı onu həm də komandan və sərkərdə kimi də yaxından görə bildik.
-İlham Əliyevin qalib sərkərdə kimi özünü təsdiqləməsi təsadüf deyil. Bu, gendən gələn bir məsələdir. Heydər Əliyev kimi bir dühanın ailəsində doğulmaq, elə bir atanın övladı olmaq təbii ki, özünü göstərməli idi. Çox şanslı xalqıq ki, bizim son 30 ildə Heydər və İlham Əliyevlər kimi liderlərimiz, rəhbərlərimiz olub. 1993-cü ildə Azərbaycan parçalanırdı. Daxildə məlum qüvvələr fəallaşmışdı. Cənub və şimal bölgəsində separatçılar, Gəncədə hərbi qiyamçılar Azərbaycanı bölmək, xalqı üz-üzə qoymaqla bağlı tapşırıq almışdılar. Bir yandan da Ermənistanın intensiv hücumları ara vermirdi. Belə ağır gündə Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəldi, hakimiyyətə qayıtdı, məsuliyyəti üzərinə götürdü. Separatçıları, qiyamçıları neytrallaşdırdı. İmkan vermədi ki, ölkə parçalansın, vətəndaş müharibəsi olsun. 1994-cü ildə Ermənistanla atəşkəs müqaviləsi bağlandı. Elə o vaxtdan Qarabağın, digər işğal altındakı torpaqların azad edilməsi üçün fəaliyyət proqramı hazırlandı.
Ulu Öndərin əsasını qoyduğu bu yolu cənab İlham Əliyev uğurla başa çatdırdı.
İlham Əliyev müharibəni Vətənin qələbəsinə çevirdi. Biz onun Ali Baş Komandan kimi necə böyük bir mərhələnin öhdəsindən gəldiyini gördük. Torpaqlarımız azad edildi. Artıq insanlar doğma yurdlarına dönürlər. Qarabağ yenidən qurulur. Nəinki Qarabağ, Azərbaycan mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub.
-İndi də artıq başqa bir müharibə ilə üzləşmişik. Qərbdən Azərbaycana yönəlmiş təzyiqləri nəzərdə tuturam…
-Cənab Prezident ölkəmizə yönələn bütün haqsız, ədalətsiz hücumlara mətanətlə sinə gərir. Biz indi İlham Əliyevin diplomatiya cəbhəsindəki qalibiyyətini görürük. Azərbaycanın qələbəsini, uğurunu gözləri götürməyən dairələr bizə qarşı amansız şər-böhtan kampaniyasına start veriblər. Əslində bu şər kampaniyası heç vaxt dayanmayıb. 44 günlük müharibədən sonra fərqli istiqamətdə yenidən qızışıb. Bu da qələbəmizi, inkişafımızı gözləri götürməyənlərin əməlləridir. Amma İlham Əliyev necə ki, erməni işğalçılarına qaib gəldi, onları 44 gün ərzində darmadağın etdi, başçılarını qoluqandallı Bakıya gətirdi, bu diplomatiya, siyasət “işğalçılarının” da öhdəsindən gələcəyinə əminəm.
Əvəz Qocayev
-Burda həm də Türk dünyasının son illər inteqrasiyasını da nəzərə almaq olarmı?
-Bu prosesdə də Cənab İlham Əliyevin xidmətləri danılmazdır. Türkiyə ilə daha da yaxınlaşmaq xətti, Şuşa Bəyannaməsinin imzalanması, türk hərbçilərlə davamlı təlimlər, siyasi-iqtisadi sahədə artan əməkdaşlıq göz önündədir. Türk Dövlətləri Təşkilatı çərçivəsində türk respublikaları ilə də yaxınlaşma son illər müşahidə etdiyimiz müsbət tendensiyadır. İlham Əliyev andiçmə mərasimində dedi ki, bizim ən doğma ailəmiz türk dünyasıdır. Bu sözlər Azərbaycanın yeni dövrdə dövlət siyasətinin əsasını təşkil edəcək. İlham Əliyev birləşdirici liderdir. Azərbaycan Şərqlə Qərbin kəsişmə nöqtəsidir. Həm də Türk dünyasının birləşdirici ölkəsidir. Çox böyük geopolitik anlaşmalar İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan üzərindən həyata keçirilir və keçiriləcək. Ümid edirəm, yaxın zamanlarda Ermənistanla sülh sazişi imzalanacaq. Zəngəzur dəhlizi açılacaq. Bundan sonra Azərbaycan və region ölkələri, eləcə də regiondan kənarda yerləşən dövlətlər bunun hər baxımdan bəhrəsini görəcək. Bu gün İlham Əliyev Cənubi Qafqaz da daxil olmaqla, bu bölgədə sülhün, əməkdaşlığın və sabitliyin qarantorudur.
-Əvəz müəllim, bir qədər də işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq-bərpa işlərindən danışmanızı xahiş edirəm. Hazırda bu sahədə hansı işlər görülür?
-İşğaldan azad edilən ərazilərdə ilk görülən iş yol çəkilişləri oldu. Orduya qida, texnika və başqa ləvazimatlar çatdırmaq üçün yol vacibdir. Burda bir çətinlik də o idi ki, ərazi 30 ilə yaxın müddətdə minalarla çirkləndirilmişdi. Bu da həm işi ləngidirdi, həm də təhlükə yaradırdı. Çox şükür ki, bu mərhələni aşdıq. Hazırda Şərqi Zəngəzurda və işğaldan azad edilmiş digər ərazilərdə sürətli işlər aparılır. Bu işlərin də əsasını yollar, tunellər, körpülər təşkil edir. Son 4 ildə görünməyən sürətlə və keyfiyyətlə yol infrastrukturu həyata keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə böyük yol və yol ötürücüləri layihələri davam edir. Zəngilanda, Füzulidə aeroportlar istifadəyə verilib. Laçında isə üzümüzə gələn il hava limanı istifadəyə veriləcək. Hazırda işğaldan azad edilən ərazilərdə sürətli işlər görülür. Bu işlərin əsasını isə yolların, körpülərin və tunellərin çəkilişi təşkil edir. İnanıram ki, bu yollar bizi cənab Prezidentin rəhbərliyi ilə Qərbi Azərbaycana və bütövlükdə xoş gələcəyə aparacaq.
Turan Rzayev
Globalinfo.az