İran nüvə proqramı ətrafında səssizlik, yoxsa fırtınaqabağı sakitlik
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni geosiyasi reallıqlar Tehranı seçim qarşısında qoyub
İsrail ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni hücumu dəstəkləməyə inandırmaq məqsədi ilə əhatəli kəşfiyyat dosyesi hazırlayıb. Bu barədə “İsrail Hayom” məlumat yayıb.
“Sənəddə Tehranın nüvə və ballistik raket proqramlarını yenidən qurmaq üçün davam edən cəhdləri, eləcə də regiondakı proksi qrupları silahlandırmaq səyləri barədə məlumatlar toplanıb”, - məlumatda deyilib.
Qeyd edək ki, “NBC Nyus” İsrail Baş naziri Benyamin Netanyahunun dekabrın 29-da Floridada keçiriləcək görüşdə ABŞ Prezidenti Donald Trampla İrana təkrar zərbələr endirmək planlarını müzakirə edəcəyi haqda məlumat yaymışdı.
Nəşr eyni zamanda yazır ki, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İrana təkrar zərbələr endirmək planlarını müzakirə edəcək.
Qeyd olunub ki, dekabrın 29-da Floridada keçiriləcək görüşdə Netanyahu İranın raket proqramının və nüvə obyektlərinin bərpasının sübutlarını təqdim etmək niyyətindədir.
bunu İran Prezidenti Məsud Pezeşkian isə deyib ki, biz Amerika ilə danışıqlar apardıq və razılığa gəlməyə hazır idik, amma onlar müharibə ilə razılaşmanı pozdular.
“Amerika hazırda danışıqları davam etdirmək üçün İranın qarşısında alçaldıcı şərtlər irəli sürür. Mən bunu qəbul edə bilmərəm. Biz rüsvayçılığa boyun əyməyəcəyik və zəif, parçalanmış İranı qəbul etməyəcəyik”, - Pezeşkian qeyd edib.
O, Xameneinin ölkənin nüvə silahı yaratmaq niyyətində olmadığına dair əvvəlki mövqeyini də təkrarlayıb və İranın istənilən yoxlamaya hazır olduğunu vurğulayıb.
Siyasi şərhçi Mürtəza Bünyadlı qəzetimizə açıqlamasında mövzu ilə bağlı yaranan gərginliyi qısa formada şərh edib. Deyib ki, uzun illər ərzində İranın nüvə proqramı Yaxın Şərqdə və qlobal miqyasda əsas təhlükəsizlik problemlərindən biri kimi qiymətləndirilib. Vaşinqton və Təl-Əvivin sərt mövqeyi, sanksiyalar, diplomatik təcrid və hərbi təhdidlər Tehranın üzərində daimi təzyiq mexanizmi formalaşdırmışdı. Lakin son dövrlər diqqətçəkən məqam ondan ibarətdir ki, bu təzyiqlərin intensivliyi əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Sual yaranır: bu, İran üçün təhlükənin aradan qalxması deməkdirmi, yoxsa sadəcə taktiki pauzadır?
Nüvə proqramı: ziddiyyətli bəyanatlar və reallıq
İran rəsmiləri ardıcıl şəkildə bəyan edirlər ki, ölkənin nüvə proqramı yalnız sülh məqsədlərinə xidmət edir və hərbi komponent daşımır. Tehran bu mövqedən geri çəkilmədiyini rəsmi səviyyədə dəfələrlə təsdiqləyib.
Rsəmi Tehran dəfələrlə bəyan edib ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və çalışmır. Bizim nüvə proqramımız xalqımızın enerji təhlükəsizliyi və elmi inkişafı üçündür.
Tehran eyni zamanda bildirib ki, 12 günlük müharibə zamanı nüvə obyektlərinə müəyyən ziyan dəysə də, proqramın əsas infrastrukturu qorunub saxlanılıb.
Bu mövqe Tehranın mesajını açıq şəkildə ortaya qoyur ki, onlar nüvə proqramı məsələsində geri çəkilmək niyyətində deyil və nüvə proqramını milli suverenliyin tərkib hissəsi hesab edir.
Tehranın bəyanatların baxmayaraq ABŞ və İsrail isə daha irəli gedərək 12 günlük müharibə zamanı İranın nüvə istehsal infrastrukturunun təxminən 80 faizinin məhv edildiyini açıqlayıblar.
Bu ziddiyyətli bəyanatlar fonunda ABŞ Prezidenti Donald Trampın son açıqlamaları diqqət çəkir. O, Tehranın ABŞ-ın şərtləri daxilində danışıqlara razı olmadığı təqdirdə, yeni hərbi zərbələrin qaçılmaz olacağını bildirib və bununla bağlı göstəriş verdiyini də vurğulayıb.
İsrail təhlükəsizlik rəsmisinin verdiyi açıqlamaya görə, İranın nüvə proqramı ciddi şəkildə çökdürülü və onların texniki imkanları əvvəlki səviyyədə deyil. Bütün bunla onu deməyə əsas verir ki, təzyiq mexanizmi tam aradan qalxmayıb, sadəcə aktiv fazadan passiv gözləmə mərhələsinə keçib.
Təzyiqlərin səngiməsinin əsas səbəbləri
ABŞ və İsrail İrana qarşı təzyiq mexanizmlərindən imtina etməyib. ABŞ və İsrailin İranın nüvə proqramına qarşı təzyiqlərinin nisbi zəifləmə müşahidə olunur ki, bunun da bir neçə səbəbi var.
Birincisi, İran artıq əvvəlki regional güc statusunda deyil. Tehran Yaxın Şərqdə təsir imkanlarının əhəmiyyətli hissəsini itirib. Bu səbəbdən də Vaşinqton və Təl-Əviv üçün birinci dərəcəli təhlükə sayılmır.
Suriyada, Livanda, İraqda və Yəməndə fəaliyyət göstərən proksi qüvvələr əvvəlki effektivlik səviyyəsində deyil. Bu strukturlar hazırda daha çox “yatmış hücrə” funksiyası daşıyır və onların yenidən aktiv regional gücə çevrilməsi zaman və ciddi resurs tələb edir. Bu isə həm qlobal, həm də regional geosiyasi proseslərdən birbaşa asılıdır.
İkincisi, İranın daxili durumu ciddi şəkildə zəifləyib. Dərin iqtisadi böhran, sanksiyaların təsiri, sosial narazılıqlar və iqlim dəyişikliklərinin yaratdığı problemlər Tehranın manevr imkanlarını kəskin məhdudlaşdırır. Bu şəraitdə İranın həm ABŞ-a ciddi müqavimət göstərməsi, həm də nüvə proqramını əvvəlki tempdə davam etdirməsi olduqca çətinləşib.
Yeni hakimiyyət və daxili siyasi parçalanma
İranda Pezeşkianın hakimiyyətə gəlməsi ilə xarici siyasət kursunun yenidən nəzərdən keçirilməsi ideyası gündəmə gəlib. Yeni administrasiya ölkənin beynəlxalq təcriddən çıxarılması, iqtisadi nəfəsliyin bərpası və region ölkələri ilə münasibətlərin normallaşdırılması xəttini irəli sürür. Bunun fonunda Prezident Məsud Pezeşkianın irəli sürdüyü yeni xarici siyasət yanaşması diqqət çəkir. O, İranın beynəlxalq sistemə adaptasiya olunmasının vacibliyini vurğulayaraq bildirib: “İran xalqının rifahı üçün biz dünyadan təcrid olunmuş vəziyyətdə qala bilmərik”.
Lakin bu yanaşma Tehranda birmənalı qarşılanmır və bu mövqe mühafizəkar dairələr tərəfindən kəskin tənqid edilir. Onlar hesab edirlər ki, geri addım İranın regional iddialarından imtina deməkdir. Bu isə ölkə daxilində ciddi fikir ayrılığı yaradır və vahid strategiyanın formalaşmasını çətinləşdirir.
Bu səbəbdən də hazırda İran siyasi elitasında iki zidd mövqe mövcuddur. İslahatçılar indiyədək yürüdülən konfrontasiyalı xarici siyasətdən imtina edərək, yeni dünya nizamına uyğun daha praqmatik və balanslı kursun tərəfdarıdırlar. Mühafizəkar qanad isə İranın regional güc statusundan geri çəkilməsinin ölkənin strateji maraqlarına zidd olduğunu düşünür və ənənəvi sərt xəttin davam etdirilməsində israr edir. Bu daxili fikir ayrılığı Tehranın vahid və ardıcıl strategiya formalaşdırmasını çətinləşdirir. Odur ki, Tehran bu gün təkcə Vaşinqtonla deyil, özü-özü ilə də mübarizə aparır. Xarici siyasətdə kurs dəyişikliyi istəyi sistem daxilində ciddi müqavimətlə qarşılanır.
Moskva və Pekin amili: zəifləyən dəstək
Digər mühüm məqam İranın xarici siyasətdə əsas dayaq nöqtələri hesab edilən Rusiya və Çinlə münasibətlərinin əvvəlki səviyyədə olmamasıdır. 12 günlük müharibə zamanı Tehranın gözlədiyi siyasi və hərbi dəstəyi ala bilməməsi Moskva və Pekinə olan etimadı ciddi şəkildə sarsıdıb. Bu isə İranın qlobal güclər balansında tək qalması riskini artırır.
Rusiya və Çinin öz maraqlarını ön plana çəkməsi, İranı isə daha çox ikinci dərəcəli faktor kimi qiymətləndirməsi Tehranın geosiyasi mövqelərini zəiflədir. Bu onu göstərir ki, Rusiya və Çin üçün İran artıq strateji prioritet deyil. Bu isə nəticədə İran üçün “strateji arxa cəbhə” faktiki olaraq daralır.
İran mediasında yayılan şərhlərdə açıq şəkildə qeyd olunub ki, Moskva və Pekin artıq onlar üçün vazkeçilməz tərəfdaş deyil. Moskva-Pekin xəttində gözlənilən dəstəyin verilməməsi isə Tehranın geosiyasi mövqeyini ciddi şəkildə sarsıdıb.
İrana qarşı təzyiqlərin səngiməsi onun təhlükəsizliyinin təmin olunması anlamına gəlmir. Əksinə, bu vəziyyət Tehranın əvvəlki gücündə olmaması ilə birbaşa bağlıdır. ABŞ və İsrail üçün İran hazırda prioritet təhlükə deyil, lakin istənilən anda yenidən ciddi təzyiq obyektinə çevrilə biləcək potensial risk olaraq qalır.
Tehran ciddi strateji dilemma qarşısındadır: ya daxili və xarici reallıqları nəzərə alaraq kurs dəyişikliyinə gedəcək, ya da zəifləyən resurslarla ənənəvi qarşıdurma siyasətini davam etdirməyə çalışacaq. Hər iki halda İranın yaxın perspektivdə əvvəlki regional güc statusunu bərpa etməsi real görünmür. Mövcud vəziyyət göstərir ki, İran artıq proseslərin yönləndiricisi deyil, daha çox qlobal və regional proseslərin təsirinə məruz qalan aktora çevrilib.
Mövcud vəziyyət göstərir ki, İran strateji yol ayrıcındadır və əsas dilemma da bundan ibarətdir ki, ya yeni dünya qaydalarına uyğunlaşmaq, ya da köhnə regional iddialarla resursları tükətmək. Mövcud iqtisadi və sosial vəziyyətdə ikinci yol İran üçün daha risklidir. Hər iki halda, İranın yaxın perspektivdə əvvəlki regional güc statusunu bərpa etməsi real görünmür.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 Dekabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















