İran rejiminin süqutu başlayıbmı?
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Regional gərginliklər, genişmiqyaslı daxili etirazlar və 2026-cı ildə İranla ABŞ və İsrail arasında baş verən birbaşa hərbi qarşıdurmalardan sonra siyasi ekspertlər arasında belə bir fikir formalaşıb ki, İslam Respublikasının çəkindirmə dövrü başa çatıb və onun süqut mərhələsi başlayıb. Lakin bu iddianın dərindən təhlili göstərir ki, “kəskin struktur zəifləməsi” ilə “siyasi sistemin tam süqutu” arasında köklü fərqlər mövcuddur.
Uzun illər boyu İslam Respublikasının təhlükəsizlik doktrinası “sərhədlərdən kənarda müdafiə” və regional proksi qüvvələr şəbəkəsinə arxalanmaq prinsipi üzərində qurulmuşdu. Buna baxmayaraq, bir sıra daxili və xarici sarsıntılar bu tarazlığı pozdu. Müharibədən əvvəl baş verən ümummilli etirazlar və onların sərt şəkildə yatırılması cəmiyyətlə hakimiyyət arasındakı uçurumu ən yüksək həddə çatdırdı və hökumətin sosial dayağını ciddi şəkildə zəiflətdi.
Digər tərəfdən, ABŞ və İsraillə birbaşa hərbi toqquşma nəticəsində keçmiş ali rəhbərin və bir sıra yüksək rütbəli komandirlərin həlak olması hava hücumundan müdafiə sistemlərinə, hərbi dəniz qüvvələrinə və strateji infrastruktura ağır zərbə vurdu. Bütün bunlarla yanaşı, müharibənin vurduğu yüz milyardlarla dollarlıq ziyan, kəskin inflyasiya və iqtisadi daralma əhalinin sosial vəziyyətini və dövlətin maliyyə imkanlarını ciddi təzyiq altında qoyub.
Bununla belə, bir dövlətin süqutu beş əsas amilin eyni vaxtda reallaşmasını tələb edir ki, onların İranın mövcud vəziyyəti ilə müqayisəsi daha aydın mənzərə yaradır.
Birincisi, dövlətin maliyyə böhranı
İran iqtisadiyyatı dərin disbalans içində olsa da, rəsmi Tehran hələ də neft ixracı, daxili borclanma və məhdud resursların idarə olunması hesabına silahlı qüvvələrin və dövlət aparatının maaşlarının tam dayandırılması həddinə çatmayıb.
İkincisi, hakim elita daxilindəki parçalanma
Hakimiyyətin kənar qanadlarında narazılıqlar müşahidə olunsa da, sistemin sərt özəyi və hərbi-siyasi rəhbərlik arasında açıq parçalanma baş verməyib və müharibə şəraitində hakimiyyət ötürülməsi iyerarxiya dağılmadan həyata keçirilib.
Üçüncüsü, təhlükəsizlik strukturlarının sədaqəti
Xarici zərbələrə baxmayaraq, ordu və güc strukturları hələ də zorakılıq monopoliyasını və ölkə daxilindəki şəhərlər üzərində tam nəzarəti əlində saxlayır.
Dördüncüsü, ictimai səfərbərlik və vahid alternativ
Cəmiyyətdəki narazılıq geniş miqyas alsa da, müxalifət düşərgəsindəki dağınıqlıq və vahid, mütəşəkkil siyasi alternativin olmaması hakimiyyət dəyişikliyi prosesinin formalaşmasına mane olur.
Beşinci beynəlxalq təzyiqlər və xarici rəqabətdəki məğlubiyyətlər
Bu məsələdə İranın hazırkı durumuna tam uyğundur.
İslam Respublikası ənənəvi çəkindirmə mexanizmlərinin zəifləməsini kompensasiya etmək və süqutun qarşısını almaq məqsədilə hərbi və təhlükəsizlik doktrinasında köklü dəyişikliklərə gedib. Ballistik raketlərin uçuş məsafəsinə qoyulan 2000 kilometrlik məhdudiyyətin ləğv edilməsi bu addımlardan biridir; bununla regiondan kənar hədəflərin təhlükəsizlik tənliyinə daxil edilməsi və ABŞ və İsraillə əməkdaşlıq edən ölkələrə xəbərdarlıq mesajı verilməsi hədəflənir. Həmçinin hər hansı yeni hücumun bədəlini artırmaq üçün əməliyyat strategiyasının “reaktiv müdafiə”dən “coğrafi sərhəd tanımayan hücum xarakterli və sarsıdıcı cavab” prinsipinə dəyişdirilməsi əsas xətt kimi müəyyənləşdirilib. Bu tədbirlərlə yanaşı, Hörmüz boğazındakı strateji mövqedən istifadə edilməsi və qlobal enerji təhlükəsizliyinin təhdid altına alınması böyük güclərə qarşı iqtisadi təzyiq rıçağı kimi tətbiq olunur.
Nəticə etibarilə, mövcud reallıqların təhlili göstərir ki, İslam Respublikası əvvəlki dövrlərlə müqayisədə iqtisadi güc, klassik hərbi infrastruktur və ictimai etimad baxımından ciddi şəkildə zəifləyərək “xroniki struktur böhranı” mərhələsinə daxil olub. Buna baxmayaraq, mövcud vəziyyəti “süqutun başlanğıcı” adlandırmaq qəti bir faktdan daha çox siyasi proqnozdur; çünki hakimiyyət strukturu daha sərt təhlükəsizlik rejiminə və mərkəzləşdirilmiş idarəetməyə keçərək, eləcə də asimmetrik hərbi vasitələrə arxalanaraq indiyədək çökmənin qarşısını ala bilib və rejimin sağqalmasını özünün əsas prioritetinə çevirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Noyabr 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















