İran seçim qarşısında: Vahid dövlət, yoxsa etnik münaqişə poliqonu?
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uzun müddətdir İran iqtisadiyyatında müşahidə edilən gərginlik özünün ən pik həddinə çatıb. Hiperinflyasiya müəssisələrin istehsalı dayandırmasına, mağazaların bağlanmasına və bəzi məlumatlara görə, gündəlik tələbat mallarının belə rəflərdən yoxa çıxmasına səbəb olub. Baş verənlər isə artıq daxildə ictimai-siyasi xaosa yol açır. Dekabrın sonlarından başlanan etirazlar artıq domino effekti ilə öz coğrafiyasını genişləndirməkdədir. İqtisadi tələblər isə artıq küçədə siyasi tələblərə çevrilir.
Son hadisələri daha öncə baş verən eyni xarakterli proseslərdən fərqləndirən əsas səbəb daha geniş təbəqələrin aksiyalara qatılmasıdır. Bazarlarda ticarətçilər, universitetlərdə tələbələr, hətta son məlumatlara görə, təqaüdçülər də etirazlara dəstək verirlər. Bu günlərdə qəbul edilən dövlət büdcəsi onu göstərir ki, ölkə sərt kəmərsıxma dönəminə qədəm qoyur. Artıq hər kəsə aydındır ki, İran iqtisadiyyatı 2026-cı ilin əvvəlindən reanimasiyaya yerləşdirilərək, süni nəfəs aparatına bağlanıb. İndi reanimasiyadan çıxıb-çıxmayacağı, hansı formada çıxacağı həm ixtisasca həkim olan Prezident Məsud Pezeşkian və komandasından, həm də cəmiyyətdən asılıdır. Pezeşkian anlayır ki, bu günə qədər İran iqtisadiyyatı üçün süni nəfəs rolunu oynayan subsidiya siyasəti artıq effektiv deyil və indi cərrahi müdaxiləyə, yəni köklü struktur islahatlarına ehtiyac var.
Məsud Pezeşkianla paralel olaraq, devrilmiş Pəhləvilərin təmsilçisi Rza Pəhləvi də yaranmış situasiyadan istifadə edərək proseslərə müdaxilə etməyə çalışır. İndi İran cəmiyyəti özü qərar verməlidir: potensial islahatlar təklif edən Məsud Pezeşkianı, yoxsa nostalji ümid təklif edən Rza Pəhləvini dəstəkləyəcək? Hər iki siyasi fiqurun müqayisəli təhlilini apardıqda kimin daha effektiv ola bilmə ehtimalı ortaya çıxır.
Məsud Pezeşkian - potensial islahatlarda cərrah dəqiqliyi
Hazırda İran prezidenti kürsüsündə əyləşən Məsud Pezeşkian həm ixtisasca həkim, həm də uzun illərdir siyasi proseslərin içərisində olan şəxsdir. Aydın məsələdir ki, o, cəmiyyəti narahat edən problemlərin hansı orqandan qaynaqlandığına və onun necə müalicə edilə biləcəyinə hakimdir. Yəni İranın anatomiyasına kənardan müşahidə edərək deyil, özü toxunaraq xəstəliyini müəyyən edir. Beləliklə, xaricdə olan müxalifətdən və daxildə olan mühafizəkar teokratlardan fərqli olaraq, etiraf etməyi bacarır. Problemin etirafı isə həlli üçün lazım olan ilk addımdır.
Yeni dönəmdə İran üçün Pezeşkianın əsas siyasi lider olaraq önə çıxmasının səbəblərindən biri də onun legitim olmasıdır. O, hakimiyyətə seçki ilə gəlib və beləliklə, prezident kimi bütün kəsimlərin hüquqi təmsilçisidir. Bu gün Məsud Pezeşkian faktorunun önə çıxması İran daxilində separatçı meyillərin neytrallaşdırılması baxımından vacibdir. Xarici qüvvələrin İranı destabilizasiya etmək üçün etnik kartı oynamağa cəhd edə biləcəyi bir şəraitdə Pezeşkianın prezident kimi önə çıxması ərazi bütövlüyünün ən yaxşı qarantıdır.
Daxildə legitim olduğu qədər, Məsud Pezeşkian beynəlxalq arenada da legitimdir. Prezident seçildikdən sonra onun qonşularla səmərəli əlaqələr qurmağa meyilli olması, Azərbaycan və Türkiyə ilə əlaqələri səmimi qonşuluq səviyyəsinə çıxarması həm rəsmi Bakı, həm rəsmi Ankara tərəfindən konstruktiv qarşılanır. Pezeşkian, bəlkə də, son 15-20 il ərzində Azərbaycan və Türkiyə liderləri ilə ikitərəfli münasibətlərdə şəxsi yaxınlaşma əldə edə bilən yeganə liderdir. İran daxilindəki mühafizəkar teokratların Azərbaycan və Türkiyəyə qarşı münasibətlərinə baxmayaraq, rəsmi Bakı və Ankara Pezeşkian və komandası ilə birbaşa kontaktları onlardan ayıraraq nəqliyyat, iqtisadiyyat və təhlükəsizliklə bağlı dialoqlar aparmağa nail oldu.
Eyni zamanda, Pezeşkian Pekin və Moskva ilə də birbaşa dialoq qurmağı bacardı. Bu isə Pezeşkianın islahatlar siyasətinə Bakı, Ankara, Moskva və Pekindən dəstəyin verilməsinə zəmin yaradır.
Rza Pəhləvi - nostalji ümid və "livanlaşma" təhlükəsi
Pezeşkiandan fərqli olaraq, Rza Pəhləvi mövcud sistemlə düşmən mövqedə dayanan fiqurdur. 40 ildən çoxdur İrandan kənarda olan və aktiv siyasi proseslərdə iştirak etməyən Rza Pəhləvinin fürsətdən istifadə edib revanş almaq hissini anlamaq olar. Rza Pəhləvi və İran diasporu nostalji hisslərlə yaşayırlar, ancaq keçmişin nostalji hissləri ilə sabahın iqtisadi islahatlarını həyata keçirmək mümkün deyil. Pəhləvi dönəminin bayrağı altında rejimin dəyişdirilməsi və Rza Pəhləvinin tərk etdiyi saraya geri dönüşünün baş tutduğu ssenari İranın "livanlaşması" prosesinin əsasını qoyacaq.
Livanlaşma nədir? Bu, mərkəzi hakimiyyətin zəifləməsi, regionların etnik idarəedilməyə verilməsidir. Şərti olaraq mərkəzi hakimiyyət olsa da, hər bir region özünəməxsus iqtisadi nemətlər üzərində özü qərar verir, hər kəsin öz polisi, öz ordusu və öz məhkəməsi olur. Beləliklə, dövlət zəif, daxili çəkişmələrlə zəngin bir dönəmə qədəm qoyur.
Nəticədə İranda kürdlər, farslar, azərbaycanlılar və digər xalqlar arasında etnik zəmində mübarizə başlayacaq. Bu da səbəbsiz deyil, Pəhləvilər, əsasən, fars millətçiliyi əsasında idarəçiliyi həyata keçiriblər. Ona görə Rza Pəhləvinin fars millətçiliyi vahid İran dövlətini regionlara böləcək ki, bunun da nəticəsində mərkəzi hakimiyyət zəifləyəcək, daxili böhran davam edəcək. Etnik qruplar arasında mübahisələr qanunla deyil, silahla həll edilməyə çalışılacaq. Bir sözlə, Pəhləvinin bayrağı altında rejim dəyişikliyi bir vakuum yaradacaq ki, bunu da böyük məmnuniyyətlə silahlı qruplar dolduracaqlar. Bunun nəticəsində İran, Suriya və İraq kimi uzunmüddətli xaos və vətəndaş müharibəsi ilə üz-üzə qala bilər. Daxili sabitlik olmayandan sonra azadlığın heç bir mənası qalmayacaq.
Məsud Pezeşkian və Rza Pəhləvinin liderliklərinin müqayisəsi
Kriteriya
Məsud Pezeşkianın
islahat modeli
Rza Pəhləvinin
"nostalji ümid" modeli
Siyasi model
İdarə olunan transformasiya: Dövlətçiliyin qorunması və sistemdaxili təkamül.
Rejim dəyişikliyi: İdarəetmədə vakuumun yaranması və sistemin tamamilə çökməsi riski.
Ərazi bütövlüyü
Qorunma ehtimalı yüksəkdir: Milli qrupları vahid dövlət ideyası ətrafında birləşdirmə imkanı mövcuddur.
Parçalanma riski yüksəkdir: Mərkəzi hakimiyyətin zəifləməsi regionlarda etnik toqquşmalara ("livanlaşma") zəmin yarada bilər.
İqtisadiyyat
Sürətli bərpa:
Mövcud diplomatik əlaqələr iqtisadi islahatları sürətli aparmağa və xaricdən maliyyə dəstəyi almağa imkan verir.
Dərinləşən böhran:
Parçalanma və qeyri-sabit mərkəzi hakimiyyət iqtisadi islahatları effektsiz edir.
Hüquq və azadlıqlar
Təkamül yolu ilə liberallaşma: Mədəni və siyasi hüquqların mərhələli tanınması.
Kağız üzərində azadlıq: Yaranan xaos fonunda azadlıqlar heçə enər və vahid hüquqi baza dağılar.
Etnik məsələ
İnteqrasiya:
Bütün etnik qruplar vahid dövlət konsepsiyası çərçivəsində idarəetməyə cəlb edilə bilər.
Konflikt:
Fars millətçiliyinin güclənməsi, etnik toqquşmalar və etnik fraqmentasiyanın genişlənməsi.
Regional reaksiya
Dəstək:
Azərbaycan, Türkiyə, Rusiya, Çin və s. ölkələrdən dəstək alması asandır (proqnozlaşdırılabilən tərəfdaş).
Məsafə:
Daxili parçalanma fonunda beynəlxalq dəstək alması çətinləşəcək və dövlətlər münasibətlərdə ehtiyatlı davranacaq.
Geosiyasi sabitlik yeni dönəmin hədəfidir
İranla sıx iqtisadi və siyasi əlaqələri olan ölkələr İranda monarxiyanın bərpasında maraqlı deyillər. İranla qonşu olan ölkələr üçün strateji maraq İranın vahid dövlət kimi qorunub-saxlanması və daxildə sabitliyin təmin edilməsidir. İstənilən geosiyasi gərginlik sərhəd təhlükəsizliyi, miqrasiya kimi dalğaları alovlandıra bilər ki, bu da qonşu ölkələrin iqtisadiyyatlarına əlavə siyasi təzyiq deməkdir. İranda sabitliyin olmasında maraqlı olan ölkələr üçün Məsud Pezeşkian rəhbərliyi ilə proqnozlaşdırılabilən, kommunikasiyaya açıq rəsmi Tehran maraqlıdır. Buraya mühafizəkar teoktratlar daxil deyillər.
Xüsusən də regionda yeni logistika, energetika layihələrinin icrasına başlandığı bir dönəmdə sabitlik dünənkindən daha çox aktual olur. Zəngəzur ideyasına qarşı çıxan, "qırmızı xət"lər çəkib, hədələr yağdıran radikallara qarşı elə Məsud Pezeşkian praqmatik mövqe sərgiləməyi bacardı ki, bu, Bakı və Ankarada yüksək qiymətləndirildi. Bu da onu göstərir ki, Məsud Pezeşkian sayəsində İran regionun nəqliyyat və logistika arxitekturasına inteqrasiya ola və bundan faydalana bilər. Yeni mərhələdə rəsmi Tehranın çürümədən qurtulmaq üçün iki yolu var: biri Pezeşkianın təklif etdiyi dəqiq cərrahiyyə, yəni islahat, digəri isə Pəhləvinin qayıdışı ilə birdəfəlik amputasiya. Amputasiya isə istənilən halda əlillik deməkdir.
Bütün faktorlar Məsud Pezeşkianın təklif etdiyi islahat yolu ilə təkamülün düzgün olduğunu və yalnız bu yolla həm ərazi bütövlüyünü qorumağın, həm problemlərdən qurtulmağın mümkün olduğunu göstərir. Bunun üçün isə ictimaiyyət Məsud Pezeşkianın arxasında dayanmalı, mühafizəkar teokratlar isə onun yolundan çəkilməlidirlər. Ümumiyyətlə, mühafizəkar teokratlar yeni dönəmdə İranın siyasi gündəmində olmamalıdırlar. Hal-hazırda ölkənin üzləşdiyi problemlərin əsas səbəbkarları sırasında mühafizəkar teokratlar ön sırada dayanırlar. Ona görə mühafizəkar teokratlar şəxsi deyil, millətin səsini eşidib yeni mərhələdə islahatların qarşısından çəkilməli və Məsud Pezeşkian və komandasına mane olmamalıdırlar. Yalnız bu halda öncə iqtisadi sabitləşməni, ikinci - dövlətin möhkəmlənməsini, sonra isə liberallaşmanı həyata keçirmək mümkündür. Bu model insanların həyatını və dövləti qoruyan təkamül yoludur. Ona görə də İranın gələcəyi və bütün regionun sabitliyi üçün Məsud Pezeşkian yeganə düzgün strateji seçim kimi ön plana çıxır.
Aqil Familoğlu,
politoloq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Yanvar 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















