Icma.az
close
up
RU
İsrail İran müharibəsinin qlobal proseslərə və Azərbaycana təsirləri Deputat

İsrail İran müharibəsinin qlobal proseslərə və Azərbaycana təsirləri Deputat

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Dünya yeni bir fəlakətə sürüklənir. İsrail və İran arasında gedən münaqişə nüvə təhdidini artırır. Amerika Birləşmiş Ştatlarının cənub dövlətinin nüvə obyektlərinə endirdiyi zərbələr, eləcə də getdikcə bəzi ərəb ölkələrinin istəmədən proseslərə qoşulma perspektivləri Azərbaycanla qonşu olan regionu “nüvə müharibəsi”nin episentrinə çevirə bilər”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Onun fikrincə, hadisələrin xarakteri isə onu göstərir ki, beynəlxalq nizam kobud şəkildə pozulur, ənənəvi münasibətlər sistemi böhran yaşayır və yeni düzənin qurulması güc mərkəzlərinin ambisiyaları ucbatından gecikir: “Belə bir gedişin yalnız bir adı var – Üçüncü Dünya Müharibəsi.
Yaxın Şərqdə baş verən hadisələr, maraqlı tərəflərin İsrail-İran qarşıdurmasına dair mövqeləri bütün parametrləri ilə yeni qlobal savaşın start götürdüyünü təsdiqləyir. Prezident İlham Əliyevin 2 il bundan öncə söylədiyi fikirlər bu gün Asiya coğrafiyasında cərəyan edən konfrontasiya müstəvisində tam təsdiqini tapmış olur. 

“İndi faktiki olaraq, Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır, adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq, Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır”, - Prezident İlham Əliyev qeyd edib.

Ehtimallara əsasən, demək olar ki, İranın nüvə silahı əldə etməsini yolverilməz hesab edən İsrail və ABŞ, eləcə də Təl-Əviv və Vaşinqtona bu məsələdə dəstək verən Avropa dövlətlərinin qeyri-obyektiv mövqeyi dünyanı siyasi, iqtisadi, hərbi və humanitar fəlakətlərlə üz-üzə qoya bilər.

1. Hərbi problemlər.

Münaqişənin davamlı xarakter alması hərbi əməliyyatların əhatə etdiyi coğrafiyanı sürətlə genişləndirəcək. Bu, birmənalıdır və beynəlxalq ekspertlər belə bir qənaətdədirlər ki, İsrailin israrlı davranışı Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu təşkilatları prosesə qoşa bilər. Terrorçu təşkilatların nüvə silahına çıxış əldə etməsi isə regional xaosu tətikləyəcək. Hazırda Birləşmiş Ştatların bölgədə ən böyük hərbi bazası Qətər ərazisindəki Əl-Udeyd bazasıdır. Amerikalıların Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində bu kimi hərbi obyektləri var. Bu səbəbdən ərəb dövlətləri arada qalmamaq üçün tərəflər arasında münaqişənin tez bir zamanda başa çatmasını istəyir. ABŞ-nin real olaraq hərbi əməliyyatlara start verməsi isə “Ərəb baharı” dövründəki kimi, ərəb dünyası ilə yeni qarşıdurmalara gətirib çıxara bilər. 

2. Siyasi problemlər.

İsrail-İran qarşıdurmasının uzanması tək region deyil, Avropa və ABŞ üçün də ağır nəticələr doğuracaq. Yaxın Şərqdəki regional müharibə nəzarətsiz miqrasiyanı, Avropa ərazisində terrorçuluq riskini və eləcə də, energetik böhranı şərtləndirə bilər. Hazırda İsrail bəyan edir ki, onlar İrana 20 min raket istehsal etmək imkanı verən gücün yaranması faktı ilə əsla barışmayacaq. BMT Təhlükəsizlik Şurasında keçən dinləmələr, Kanadada “G7”-lərin zirvə görüşü, Cenevrədə İranın xarici işlər nazirinin Böyük Britaniya, Fransa və Almaniyadan olan diplomatlarla görüşünün nəticəsiz bitməsi onu göstərir ki, nüvə təhdidini daşıyan İsrail-İran ziddiyyətlərinin siyasi yolla aradan qaldırılması perspektivləri sürətlə azalır. Əgər bura ABŞ prezidenti Donald Trampın İrana kapitulyasiya etmək üçün 2 həftə vaxt verdiyi halda, Pentaqon tərəfindən qonşu dövlətin 3 şəhərindəki nüvə obyektlərinə artıq zərbə endirildiyini əlavə etsək, siyasi dialoq variantının tədricən ortadan qalxdığını görmək olar.

3. İqtisadi problemlər.

İsrail-İran münaqişəsinin ən ağrılı və qorxulu istiqamətlərindən biri də iqtisadi faktordur. Çünki, ABŞ və İsrailin kompromissiz mövqeyi qarşılığında İranın tək bölgəni deyil, beynəlxalq prosesləri də təhdid edəcək addımlar ata biləcəyi proqnozlaşdırılır. Birincisi, İran Nüvə Silahının Yayılmaması üzrə Müqavilədən çıxa bilər, ikincisi, Fars və Oman körfəzlərini əlaqələndirən strateji əhəmiyyətli dəniz yolunu -  Hörmüz boğazını bağlaya bilər. Hazırda dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən 20 faizi Hörmüz boğazından keçir. Onun qapadılmasının mümkün nəticələrini isə belə proqnozlaşdırmaq olar.

- beynəlxalq bazara sutkada 5 milyon barel neftin çıxarılmasının qarşısı alınacaq; 
- qiymətlər 200 dolları aşacaq ki, bu da Avropada inflyasiya və iqtisadi böhrana səbəb olacaq; 
- hazırda dünya bazarında neftin qiyməti 15 faizdən çox artıb; 
- iyunun 13-nə qədər “Brent” markalı neftin 1 bareli 62 dollara satılırdısa; 
- hazırda bu rəqəm 80 dollar həndəvərindədir. 

Araşdırmalar göstərir ki, hərbi əməliyyatlar start götürəndən sonra neft qiymətlərində baş verən artım iqtisadi reallıqlar deyil, daha çox geosiyasi gərginlik və bazardakı psixoloji təlatümlərlə bağlıdır. Əgər qarşıdurma dərinləşərsə, bu halda psixoloji təsirləri real iqtisadi nəticələr əvəz edəcək və neftin qiyməti 100-150 dollar intervalında dəyişəcək.

Hörmüz boğazı – dünya iqtisadiyyatı üçün nəfəslik

Statistik rəqəmlərə görə, Hörmüz boğazının qapadılması neftin daha 10 faiz bahalaşmasına gətirib çıxaracaq ki, bu da inkişaf etmiş ölkələrdə inflyasiyanı gücləndirəcək. Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal ticarətin 5-də bir hissəsini təşkil edir. İran üzərindən keçən marşrutun bağlanması ona səbəb olacaq ki, Çin və Hindistan alternativ mənbələrə yönəlsinlər. Nəticədə digər bazarlarda qiymətlər yüksələcək. Çünki 1,5 milyarda yaxın əhaliyə sahib Çin öz neft ehtiyacının ciddi bir hissəsini hələ ki, İranın hesabına təmin edir. Onu da əlavə edək ki, Hörmüz boğazı yalnız enerji deyil, həm də konteyner yükləri, o cümlədən məişət texnikası və istehlak mallarının daşınması üçün də əsas dəhliz sayılır. Münaqişə bu sektorlar üzrə də dünya bazarlarında təlatümlü vəziyyətə və istehlakçı maraqlarına cavab verməyən qiymət artımına gətirib çıxara bilər.

İsrail-İran münaqişəsi bir çox digər sektorlar üçün də real təhlükə mənbəyidir. Məsələn, aviasiya sektoru... Münaqişə start götürəndən bəri İran, İsrail, İraq və İordaniya hava məkanlarını bağlayıblar. Bir neçə beynəlxalq aviaşirkət regiona uçuşları dayandırıblar. Təhdid riski altında bəzi istiqamətlər üzrə marşrut dəyişiklikləri yanacaq xərcləri və sığorta risklərinin artımını şərtləndirir. Nəticədə, həm logistik xidmət, həm də turizm üzrə qiymətlər yüksəlir”.
Azərbaycan özünü bütün risklərdən sığortalaya bilər

Deputat bildirib ki, münaqişənin Azərbaycanın iqtisadi göstəricilərinə təsiri ətrafında da bəzi təhlillər aparılır:

“Real mənzərə belədir ki, hərbi əməliyyatların qısamüddətli olması iqtisadi göstəricilərdə kardinal dəyişiklikləri şərtləndirməyəcək, lakin əgər münaqişə uzanarsa, bu, təbii ki, yaxın regionda yerləşdiyi üçün Azərbaycanın iqtisadi perspektivlərinə də bu və ya digər təsirlərə yol aça bilər. Məsələn, hazırda Azərbaycan neftinin qiyməti 70-80 dollar intervalına qədər yüksəlib. Əslində, bu, iqtisadi maraqların təmini baxımından müsbət nəticə hesab olunmalıdır. Çünki, neftin bahalaşması Dövlət Neft Fondunun valyuta gəlirlərinin artması ilə yanaşı, büdcəyə əlavə vəsaitin daxil olması deməkdir. Ancaq problem daha da dərinləşərsə, o zaman nəqliyyat-logistika xətləri, həmçinin, beynəlxalq ticarət yolları ciddi zərər görə bilər ki, belə bir perspektiv ölkəmizə də müsbət heç nə vəd etmir. Doğrudur, hazırda İran-Azərbaycan ticari münasibətlərində münaqişənin təsirləri ciddi hiss olunmur, bununla belə, vəziyyətin uzun müddət sabit qalacağına tam zəmanət də yoxdur. 

Hələlik İsrail-İran münaqişəsinin ölkəmizə ən ciddi neqativ təsiri turizm sektorunda özünü göstərə bilər. Statistikaya görə, 2024-cü ildə Azərbaycana İrandan 210 min, İsraildən isə 29 min vətəndaş səfər etmişdi. Müharibə başlayandan 2 gün sonra – iyunun 15-dən etibarən Tehran və Təbrizdən respublikamıza birbaşa reyslərin həyata keçirilməsi və həftədə 6-7 reysin təşkili nəzərdə tutulsa da, hərbi əməliyyatlar ucbatından bu proses qeyri-müəyyən müddətə qədər təxirə salınacaq.

Azərbaycan – regionun təhlükəsizlik adası

Bununla belə, Azərbaycan regionun və dünyanın əsas aktorlarından biri kimi həm sabitliyini, həm də təhlükəsizliyini qoruyur. Prezidentin həyata keçirdiyi siyasət və vaxtında verdiyi qərarlar bu gün ölkəmizi “təhlükəsizlik adası” kimi səciyyələndirməyə imkan verir. Pandemiyanın ağır dövrlərində quru sərhədlərinin bağlanmasını və COVİD-19-un zəifləməsindən sonra sərhədlərin açılmamasını əllərində bayraq edənlərin hədyanlarına rəğmən, Prezidentin verdiyi qərarın düzgünlüyü bu gün İsrail-İran müharibəsi prizmasından daha aydın görünür.  Sərhədlərin bağlı saxlanmasının digər mühüm səbəbi Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən sonra bəlli mərkəzlərin ölkəmizə qarşı tutduğu ədalətsiz mövqe ilə bağlı idi. Avropanın bir çox ölkələrindən agentura şəbəkələrinə xidmət edən şəxslər Azərbaycana soxulur, gəncləri yoldan çıxarmağa, şəbəkə müxalifəti və qaragüruhçu media vasitəsilə insanlara təsir göstərməyə çalışırdılar. Hətta bəzi ölkələrin Azərbaycandakı səfirlikləri bu qüvvələr üçün sığınacaq mənbəyi rolunda çıxış edirdi. Bu, tək Qərbin deyil, həm də ermənilərin planı idi. Amma həmin dairələr məqsədlərinə çatmadılar. Azərbaycan bu gün nəinki region səviyyəsində, eləcə də dünyada ən etibarlı ölkə kimi qəbul olunur. Münaqişə bölgəsindən insanların təxliyəsi zamanı əksər dövlətlərin məhz Azərbaycan marşrutuna üstünlük verməsi respublikamıza olan etimad və inamın nəticəsidir”.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyun 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see179

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see163

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see149

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see141

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see136

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see130

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see118

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see118

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see116

UFC: ABŞ dan olan idmançı Bakıda qalib olub FOTO

22 İyun 2025 05:04see114

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see113

ABŞ müdafiə naziri hücum təfərrüatlarını AÇIQLADI: 125 təyyarə ilə...

22 İyun 2025 16:46see112

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see112

10 illik xəyanət planlarının üstü açıldı ŞƏRH

22 İyun 2025 06:44see110

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see110

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see110

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri