Icma.az
close
up
RU
Köhnəlməyən xiffət ə sözardı... Şahanə Müşfiq yazır

Köhnəlməyən xiffət ə sözardı... Şahanə Müşfiq yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Şair, publisist Nəzakət Məmmədovanın "Köhnəlməyən xiffət" adlı yeni poeziya toplusu təkcə şairin qələm məhsulu deyil, həm də bir xalqın yaddaşı, bir ananın fəryadı, bir millətin övlad itkisi və qələbə sevinci ilə yoğrulmuş epik salnamədir. Bu kitabda duyğular misra-misra zamanın sinəsinə köçmüş izlərdir. Hər şeir öz içində bir obrazı, bir həyatı, bir fəlsəfəni daşıyır. Ən əsası isə bu kitab heç vaxt unudulmaması gərəkənlər üçündür.

Öncə kitabın adına diqqət çəksək, "Köhnəlməyən xiffət" ilk baxışda konkret obyekt, ona olan xiffət kimi başa düşülə bilər, ancaq topluda yer alan şeirləri oxuduqca görürsən ki, bu, düşmən əsarətində qalan vətən torpağına, anaya, bütün itirilənlərə, yaşanmamış ömrə, deyilməyən sözlərə, hətta yarım qalmış ağrılara olan xiffətdir. O xiffət ki, üstündən nə qədər zaman keçsə də, yeni, dipdiri, təptəzədir.

Kitabın ilk misralarından etibarən oxucu Vətən torpağının bənzərsiz ruhuna qədəm qoyur. "Qarabağa bahar gəlir, İlahi!" şeiri Qarabağ zəfərinin ruhunu oxucuya bir daha yenidən hiss etdirməklə yanaşı, onu da göstərir ki, bu qələbə sadəcə coğrafi deyil, həm də mənəvi qayıdışdır. Qarabağa gələn bu bahar bir xalqın milli dirçəlişidir. "Sevincə bax bulaqların gözündə..." deyə başlayan şeir Qarabağa qayıdan baharı təkcə təbiətin oyanışı kimi yox, eləcə də millətin içində yenidən doğulan ümidin simvolu kimi təqdim edir:

Dalğalanır arzuların bayrağı,

Hər təbəssüm bir ümidin yarpağı,

Zəfər ətri bürüyübdür torpağı,

Qarabağa bahar gəlir, İlahi!

Kitabdakı ən güclü poetik nüanslardan biri qadın, xüsusilə ana obrazıdır. Müəllif bu mövzuya poetik təhkiyədən əlavə, həm də vətəndaş mövqeyi ilə yanaşır. Övladı ömrünü Vətənin müdafiəsinə, işıqlı sabahına həsr edən bir ananın dilindən çıxan bu sözlər Vətən sevgisinin, ana qürurunun və oğul fədaizminin sintezidir. Çünki Nəzakət xanım həm də üç övladının üçünü də müharibəyə göndərən, 44 günlük Vətən müharibəsi boyunca üç övladı ilə bərabər, bütün əsgərlərimiz üçün ürəkdən yanan, göz yaşları axıdan, Allahın dərgahından dualarını əskik etməyən bir anadır. Kitabı səhifələdikcə bir ananın dilindən oxuduğum həmin şeirlər o günlərin canlı şahidi kimi içimdə həm qürur, həm də nisgil yaratdı. Sanki beş il öncə Nəzakət xanıma çəkinə-çəkinə zəng edərkən onun fəxr və narahatlıq dolu səsini yenidən eşitdim. Ancaq o günlər geridə qaldı, minlərlə Azərbaycan övladı kimi onun da üç balası müharibədən zəfərlə qayıtdı. Bu zəfərə öz adlarını həkk edərək döndülər:

Şükür, sənin yanında alnım açıqdır, Vətən,

Həm cəsur, həm qəhrəman oğul

böyütmüşəm mən,

Bir qarış torpaq üçün canını fəda edən,

Bayrağına, himninə, şərəfinə and içən

Zabit anasıyam mən!

"Səni Vətənə verdim, Sən Vətənin oğlusan! - deyən ana minlərlə şəhid anasının qəlbində yurd salan ümummilli qüruru iki cümləyə böyük məharətlə sığdırır.

lll

"Köhnəlməyən xiffət" vətənpərvərlik şeirləri ilə məhdudlaşmır, əlbəttə. Burada müəllif ağrını da, dərdi də eyni ölçüdə poetik kodlarla, səmimi duyğularla təqdim edir. O, şeirlərində oxucusu ilə deyil, özü ilə söhbətləşir sanki. Onun vətənə, anaya, övlada, hətta Tanıya belə xitabı, əslində, özünə, öz "mən"inə olan müraciətidir. O "mən" ki, orada hər kəs özünü, öz duyğularını, öz yaşanmışlıqlarını tapacaq.

Onun dərdə ithaf etdiyi şeirdə dərdin konkret obyekti göstərilmir, insanın varoluşuna xas olan ümumbəşəri dərd təqdim olunur:

Dərdlər çeşid-çeşid, dərdlər növbənöv,

Göyün yer dərdi var, yerin göy dərdi.

Bu cadar səhralar yağışa həsrət,

Bu cadar dodaqlar çəkir ney dərdi.

Bu misralarda təkcə fərdi deyil, ümummiqyaslı həsrət var. Dərd kainatın özü qədər qədim və əhatəlidir. Məlhəm olduğu deyilən zaman belə bu dərdlərin öhdəsindən gələ bilmir. Çünki şairin poetik dünyasında əzablar yalnız ağrı deyil, həm də hikmətdir.

Dünyanın gəlişi, gedişi şairin duyğularını ən çox məşğul edən məsələlərdəndir. O bu fani dünyanın hər üzünü yaxşı tanıyır və zaman-zaman cəmiyyətin reallıqlarını sərt, lakin səmimi dillə ifadə etməkdən çəkinmir. "Həyatı möcüzə bilək" şeiri cəmiyyətin ədalətsiz nizamına poetik etirazdır:

Mən belə görmüşəm dünyanı, belə,

Gözü düzəldəndə qaş düşür yerə.

Paxıllar, naqislər meydan sulayır,

Dilin dinc durmasa, baş düşür yerə.

lll

Respublika "Xatirə Kitabı" redaksiyasının baş redaktoru olan Nəzakət Məmmədova şəhid ailələrini - şəhid analarını, yarlarını, övladlarını çox yaxşı tanıyır. Onların hər birinin yarımçıq hekayəsi, həsrəti, nisgili onun qadın və şair ürəyində əbədi iz qoyub. O izlər zaman-zaman şair qələmindən süzülüb misralarda əbədiyyət qazanır.

N.Məmmədovanın şəhid qızına ithafən yazdığı "Şəhid qızı" şeiri isə xüsusən diqqət çəkir. Çünki burada ata həsrətli iki qız övladı qarşı-qarşıyadır, bəs hansının atasızlığı daha ağırdır?

Ağlama, şəhid qızı,

Dərdin mənə tanışdı...

Ürəyim paramparça,

Qəmim naxış-naxışdı...

Ağlama, şəhid qızı,

Mən də ata itirdim;

Atamı itirəndə

Elə sən yaşda idim...

Şair öz atasızlığı ilə şəhid qızının ata həsrətini bir növ müqayisə edir və təsəllini şəhadət zirvəsində tapır:

Sən şəhidin qızısan

Ürəyində ağır yük,

Amma təsəllin böyük...

Burada sözlər göz yaşı kimi süzülür. Dərdin ortaqlaşması, zamanlar arasında bir körpünün qurulması və şəhid balalarına yönəlmiş şəfqət bu misraları oxucu yaddaşına həkk edir.

Eyni təsəllini oğlunu itirmiş analara da aid edir şair. Çünki bu təsəlli də ona yad deyil. Şəhid anasını, şəhid övladını ondan yaxşı kim anlayar, kim tanıyar ki?"

Ananın harayı dərdin səsidir,

Tanrı dərgahında uca sayılan

Oğlunun yetdiyi şəhid zirvəsi,

Ananın yeganə təsəllisidir.

Nəzakət xanımın həyat və yaradıcılıq yolunda Respublika "Xatirə Kitabı"nın yeri, önəmi  ayrıcadır, məxsusidir. Azərbaycanın şanlı tarixini gün-gün, nəfər-nəfər, söz-söz toplayıb gələcək nəsillərə xatirə buraxmağı hədəfləyən baş redaktorun poetik yaradıcılığında da bu fəaliyyət öz əksini tapmaya bilməzdi:

Bir xatirə qapısıdı bu kitab,

Sinəsində tarixlərə görk olan

Qırx dörd günlük müharibə əzmi var,

Bu kitabda kimlər yoxdu, İlahi.

Uşaq da var, cavan da var, qoca da,

Adi əsgər, gizir, zabit, general...

Yaxasına al-qırmızı rəng hopub,

Hər vərəqi bir şəhidə abidə,

Hər abidə bir şəhidin medalı.

Nəzakət Məmmədovanın "Köhnəlməyən xiffət" kitabı təkcə poetik duyğular toplusu deyil, həm də milli yaddaşın poetik formasıdır. Bu kitabı oxumaq bir şairin şeir dünyasına qonaq olmaqla bərabər, həm də xalqın yaşadığı tarixi, çəkdiyi ağrını, qazandığı zəfəri, insan ömrünün heç bitməyən, köhnəlməyən xiffətini hiss etməkdir. Zaman keçir, illər dəyişir, amma Vətən sevgisi, şəhid xatirəsi və anaların duası hər zaman yenidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri