Latın Amerikasında ilk: Sağalmaz xəstəliyi olanlar üçün evtanaziya qərarı
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Uruqvay parlamenti evtanaziyanı leqallaşdıran qanunu təsdiqləyib və bununla da Latın Amerikasında bu hüququ qanunvericilik səviyyəsində təsbit edən ilk ölkə olub.
Oxu.Az-ın Vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə elan ölkənin Baş Assambleyasının yuxarı palatasının rəsmi saytında dərc olunub.
"Senatorlar Palatası ləyaqətli ölüm hüququnu tənzimləyən normaları müəyyən edən qanun layihəsini təsdiqləyib", - deyə elanda bildirilib.
Qeyd edək ki, müvafiq sənəd daha əvvəl parlamentin aşağı palatasının üzvləri tərəfindən dəstəklənib. Qanun indi imzalanmaq üçün Uruqvay prezidentinə təqdim olunacaq.
Qəbul edilmiş qanun sağalmaz xəstəlikləri olan və bu xəstəliklər səbəbindən həyat keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşən və dözülməz iztirablara məruz qalan yetkinlərə evtanaziyadan istifadə imkanı verir. Baxmayaraq ki, Kolumbiya və Ekvador kimi digər Latın Amerikası ölkələrində evtanaziya məhkəmə qərarları əsasında tətbiq edilir, Uruqvay ilk olaraq regionda bu prosesi qanunvericilik səviyyəsində leqallaşdırıb.


