Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Telman Orucov yazır
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Lənətlənmiş Rokfeller ailəsi
Rokfeller ailəsinin bünövrəsini 1839-cu ildə anadan olmuş, ABŞ-ın ilk milyarderi Con Rokfeller qoymuşdu. Onun atası Uilyam Rokfeller əsl dələduz idi, saxta dərmanlar düzəldib, onları satmaqla məşğul olurdu. Hətta yenicə istehsal edilməyə başlanan nefti də şüşələrə doldurub, müalicəvi təsiri olan dərman kimi adamlara satırdı.
Conun 14 yaşı olanda, atası ailəsini qoyub, Kanadaya qaçmışdı. O, 19 yaşı olanda neftdən kerosin istehsal edib, onu satmağa başladı. O, əvvəlcə mühasib işləyirdi. Bundan əlavə, hinduşka yetişdirib satırdı. Bir yerdə qərar tutana qədər 100 firmanı dolaşmışdı. Təhsildən yayınıb, kurslarda oxumuşdu və onu axırda bir firmada idarə rəisi təyin etdilər.
Amerikada neft, başlıca olaraq kerosin istehsal edilməyə başlandı. Lampalar kerosin yandırmağa keçdiyindən, bu məhsula tələbat böyük idi. Con Rokfeller də taleyini "Standart Oyl" şirkəti ilə bağladı. O, daim varlanmağa çalışırdı. Ona görə də neftdən kerosindən başqa, digər maddələr də istehsal etməyə girişdi. Öz partnyorlarının 24 zavodunu satın aldı və beləliklə, kiçik şirkəti 24 dəfə böyüdü. 1880-ci ildə onun şirkəti artıq Birləşmiş Ştatların ümumi neftinin 90 faizini istehsal edirdi. Endryu Karnegi polad istehsalında inhisara malik olduğu kimi, Con Rokfeller də neft istehsalında inhisar yaratmışdı. Bu ona ölkədə ilk milyarder olmağa imkan vermişdi. Sonralar prezident Teodor Ruzvelt onun inhisarına son qoymağa cəhd etsə də, hüquqi proseduraların mürəkkəbliyi onun buna nail olmasına imkan vermədi. Lakin bir jurnalist qadın, atasını müflis etdiyinə görə, prezidentin gücü çatmayan Con Rokfellerdən qisas almaq üçün onu ifşa etdi. Buna qədər, 1890-cı ildən Cona qarşı onsuz da hücumlar başlanmışdı. Neftin qiyməti də bu vaxt 30 sentdən 8 sentə düşdü. Onu yalnız Henri Fondun avtomobil sənayesi xilas etdi, avtomobillərdəki daxili yanacaq mühərriki yalnız benzinlə işləyirdi.
Con 57 yaşında pensiyaya çıxdı. Qadın jurnalist onu ifşa edəndə göstərdi ki, XIX əsrin sonunda o, dövlətin içində dövlət qurmağa müvəffəq olmuşdur.
Prezident Teodor Ruzvelt də Con Rokfelleri əzməyə cəhd etsə də, bunu bacarmadı. Qadın jurnalistin sonralar baş verən ifşası ona daha böyük təsir göstərdi. 1915-ci ildə Rokfellerin şirkəti parçalandı. Lakin o, səhmlərini qoruyub saxlaya bildi. O, filantrop fəaliyyəti ilə məşğul olmağa başladı, qoca yaşlı kasıblara pul paylayırdı və onu buna görə geniş təbliğ edirdilər. O, 97 il yaşadı. Con təkcə varlı deyildi, həm də hökmdar idi. Onun düşüncəsinə görə, kim varlıdırsa, o, dünyanı idarə edir.
Onun oğlu Devid ölkədə ilk dəfə 70 mərtəbəli bina tikdi. Rokfellerlərin bankı Hitleri də maliyyələşdirirdi. Con həm də BMT-nin Nyu-Yorkdakı binasının tikintisini maliyyələşdirdi və oğlu Devid də milyarder oldu.
Conun böyük nəvəsi Nelson Rokfeller (1903-1979-cu illər) bizneslə yanaşı, siyasətlə də məşğul oldu, hələ prezident Franklin Ruzveltin dövründə mühüm vəzifə tutmuşdu. 1959-1972-ci illərdə isə Nyu-York ştatının qubernatoru, 1974-1977-ci illərdə respublikaçılar partiyasından ABŞ-ın vitse-prezidenti olmuşdu. Onun oğlu Maykl etnoqraf və antropoloq kimi 1961-ci ildə Yeni Qvineya adasına səfər etmiş və yoxa çıxmışdı. Onu yerli hannibalların yeməsi barədə şayiələr danışılırdı.
Nelson özü 1979-cu ildə keçmiş işçisi olan cavan qızla intim xarakterli görüşdə, ürək tutmasından ölmüşdü.
Onun kiçik qardaşı Devid 1986-cı ildə öz təyyarəsi ilə Bakıda keçirilən SSRİ-ABŞ əlaqələrinə həsr olunmuş elmi konfransda iştirak etməyə gəlmişdi. O, Qorbaçovla yaxın əlaqə saxlayırdı, SSRİ-nin ilk və son prezidenti pensiyada olanda, Mixail Qorbaçova öz fondunu yaratması üçün 70 milyon dollar pul vermişdi. Devidin üzərində altı dəfə ürək köçürülməsi əməliyyatı keçirilmişdi, CAR-ın Keyptaun şəhərindən olan məşhur cərrah Kristian Barnardın ürək köçürmə sahəsindəki kəşfi Devidə çox kömək etmiş, o, 100 il ömür sürmüşdü.
Rokfellerlər fırıldaq yolu ilə böyük var-dövlətə yiyələndiklərinə görə lənətlənmişdilər. Nelson Rokfeller cavan oğlunu itirmiş, özü də böyük maddi imkanına baxmayaraq, 72 yaşında vəfat etmişdi. Onun babası Cona və kiçik qardaşı Devidə lənət elə də təsir etməmişdi, onlar müvafiq olaraq 97 və 100 il yaşamışdılar.
Rokfellerlərin şöhrəti XX əsrlə yekunlaşdı, XXI əsrdə onların nəslinin taleyinə dair xəbərlərə mətbuatda elə bir diqqət göstərmir.
Kennedilər ailəsi
XX əsrin 20-ci illərində və sonrakı onilliklərdə Birləşmiş Ştatlarda katolik dininə sitayiş edənlərin siyasi nüfuz sahibi olması, hətta parlament üzvlüyünə seçilməsi qeyri-mümkün bir hadisə sayılırdı. Siyasi aləmdə katoliklər az qala afroamerikanlar kimi nəinki iştirak edə bilmirdilər, bunu heç xəyallarına da gətirmirdilər.
Cozef Kennedi irland mənşəli katolik idi və 30 yaşında artıq milyonerə çevrilmişdi. O, kinostudiyaya başçılıq edir, film istehsalı ilə məşğul olurdu. Spirtli içkilərdən istifadənin ABŞ-da qadağan olunduğu dövrdə ölkəyə qaçaqmalçılıqla Kanadadan onları gətiririrdi. Bu fəaliyyətləri hesabına böyük var-dövlət qazanmışdı. Onun arzusu Amerikada ilk katolik prezident olmaq idi.
Prezident Franklin Delano Ruzveltin dövründə dövlət işinə keçdi, Qiymətli Kağızlar komissiyasının sədri təyin edildi. 1940-ci ildə isə pezident onu İngiltərədə ABŞ-ın səfiri təyin etdi. Ruzvelt, səfir maaşının az olduğuna görə, bu vəzifəyə varlı adamları göndərirdi ki, səfirliyin fəaliyyəti ilə əlaqədar olan xərclərin xeyli hissəsini onlar öz üzərlərinə götürsünlər. Cozef Kennedi də, əsasən bu xüsusiyyəti nəzərə alınaraq, səfir təyin edilmişdi.
Lakin İngiltərədə yeni Baş nazir seçilən Uinston Çörçillin Kennedidən, onun antisemitizminə və faşistlərə rəğbət bəslədiyinə görə xoşu gəlmirdi. Ona görə də az müddətdən sonra Cozef Kennedi bu diplomatik vəzifəsini tərk etməli oldu.
Ata Kennedi öz arzusu puç olduğundan, böyük oğlu Kiçik Cozef Kennedinin gələcəkdə prezident olacağına çox ümid edirdi. Lakin 1944-cü ildə hərbi təyyarəçi olan Kiçik Cozef Atlantik okeanı üzərində qəzaya uğrayıb, həlak oldu.
Cozef Kennedi öz xəyali arzusundan əl çəkmədi, bu dəfə ümidini ikinci oğlu Cona bağladı. Con, atası səfir olarkən, İngiltərənin Hitler Almaniyası ilə müharibəyə pis hazırlaşması barədə tənqidi elmi iş yazmışdı. Lakin onun səhhəti də yaxşı deyildi, II Dünya müharibəsi vaxtı 1941-1943-cü illərdə donanma zabiti olmuş, hərbi dənizçi xidməti göstərdikdə, gəmi yaponların hücumu nəticəsində iki hissəyə bölünmüş, Con bir hissədə dənizçi kolleqalarını xilas edə bilmişdi. Conun onurğa sütunu bu vaxt travma almışdı və bu, onu çox incidirdi. Uşaqlıqda da çox vaxt xəstə olurdu. Kiçik qardaşı Robert zarafatla demişdi ki, ağcaqanad da Conu sancmaqdan qorxur, onun xəstə qanı ağcaqanadı da məhv edə bilər.
Lakin Con atasının arzusuna əməl edərək, siyasətə atıldı, əvvəlcə konqresmen, sonra isə 1947-1961-ci illərdə ABŞ Konqressində senator olmuşdu. 1955-ci ildə o, belinin ağrısına görə uzun müddət xəstəxanada yatdı və xəstə vaxtı "Profilies in Coarige" - "Mərdliyin profilləri" adlı dərin məzmunlu kitab yazdı. Onun bu əsəri Pluttser mükafatına layiq görüldü.
1960-cı il seçkilərində o, Demokrat partiyasından prezidentliyə namizəd göstərildi, rəqibi respublikaçı vitse-prezident Riçard Nikson idi. Nikson böyük təcrübəyə malik, güclü siyasətçi idi. Vitse-prezident kimi SSRİ-də qonaq olarkən çıxışları ilə sovet adamlarının gözünü açmaq sahəsində geniş fəaliyyət göstərmişdi. SSRİ rəhbəri N.S.Xruşşov onun bu təhlükəli fəaliyyətinə mane ola bilmirdi. Kennedi onunla mübarizədə ilk dəfə olaraq televiziyadan geniş istifadə etməklə, seçkiqabağı marafonda onu üstələyirdi.
Lakin seçkilərdə çox az səs üstünlüyü ilə Con Fitscerald Kennedi Niksona qalib gəldi və 20 yanvar 1961-ci ildən prezidentliyə başladı. O, özünə qədər olan prezidentlər arasında ən cavanı olmaqla, 43 yaşında bu yüksək kürsünü tutmuşdu. Atanın arzusu həyata keçmişdi. O, həm öz ölkəsində, həm də Avropada böyük populyarlıq qazanmışdı. O, ilk katolik idi ki, prezident seçilmişdi. O, jurnalist, fransız mənşəli Jaklin Buveyə evlənmişdi və onların iki uşağı olmuşdu. Onların Kerolayn adlı qızı və Con adlı oğlu var idi.
1963-cü il noyabrın 23-də Con Kennedi arvadı və vitse-prezident Lindon Consonla birlikdə yeni seçkiqabağı kampaniya ilə əlaqədar olaraq Texas ştatının Dallas şəhərinə gəldi. Kabriolet maşında arvadının yanında əyləşən Kennediyə kitab bazası yaxınlığında atılan güllə atəşi ilə o, ağır yaralandı və az sonora öldü. Təyyarədə Vaşinqtona qayıdan Lindon Conson prezident kimi and içdi.
Kennedi hərbi qəbiristanlıq olan Arlinqtonda dəfn edildi, dünya mətbuatını onun kiçik oğlunun tabuta hərbi qaydada salam verməsi fotoşəkli bəzədi.
1968-ci ildə Conun qardaşı Robert Frensis Kennedi özünü Demokrat partiyasından prezidentliyə namizəd olmaq üçün mübarizə apardı, Prezident Conson seçkilərdə iştirak etməkdən imtina etmişdi. Robert Kennedi təcrübəli siyasətçi idi, 1961-1964-cü illərdə ABŞ-ın ədliyyə naziri işləmiş, 1965-ci ildə Nyu-York ştatından senator seçilmişdi.
Los-Ancelesdə praymeriz seçkisində qalib gələn Robert "Ambassador" otelində güllə atəşi ilə qətlə yetirildi. Beləliklə, ata Kennedinin onunla bağlı ümidi də baş tutmadı.
Sağ qalan Edvard Kennedi artıq bu arzu ilə yaşaya bilməzdi. Çünki maşını aşıb çaya düşdükdə, orada qoyub qaçdığı katibəsi ölmüşdü.
Jaklin də əri Cona sədaqətli arvad olmadığını göstərdi. Robert qətlə yetiriləndən sonra, 1968-ci ildə, yunan maqnatı, gəmi donanmasının sahibi Aristotel Onassisə ərə getdi. Jaklin əri prezident olanda, bacısı yunan milyoneri ilə sevişmiş, yaxtasında onun qonağı olmuşdu.
Lakin nikah uzun sürmədi. Onassisin oğlu təyyarə qəzasında həlak oldu. Jaklin də ərindən boşandı. Aristotel Onassis ağır xəstəliyə düçar oldu və deyirdilər ki, Jaklin onun ailəsinə özlərinə məxsus olan lənət payını gətirmişdir. Onassis uzun müddət məşhur opera müğənnisi Mariya Kallas ilə eşq macərası yaşamışdı. Jaklinə evləndikdən sonra onu tərk etmişdi.
Cozef Kennedi 1970-ci ildə öləndə, üç oğlunun həyatdan getməsinin şahidi olmuşdu. Qızı isə psixiki xəstə olduğundan dəlixanada yatırdı.
Cozef Kennedi oğlu Conun şəxsində prezidentlik barədəki bəslədiyi arzusuna çatdı, lakin ailəsi böyük faciələrlə üzləşdi. Sonra onun nəvələri də həyatdan getdi. Təkcə Robert Kennedinin oğlu Robert siyasi fəaliyyət göstərir və prezident Trampın administrasiyasında səhiyyə naziri işləyir.
Napoleon da güman edirdi ki, Mariya Luizadan olan oğlu sülaləni davam etdirəcəkdir. Özündən bir qədər sonra oğlu da Vyanada, Şenonburq sarayında şübhəli bir şəraitdə həlak oldu. Arzu məqsədə çatmaqda müəyyən rol oynasa da, heç də həmişə uğur gətirmir. Xəyal hansısa bir anda qırılmalı, məhv olmalı olur.
Cozef Kennedi prezident oğluna görə arzusuna çatsa da, az sonra onu itirmişdi. İkinci oğlu da atasının ümidini həyata keçirmək üçün prezident kürsüsünə gedən yolda qətlə yetirilmişdi.
(Ardı var)

