Icma.az
close
up
RU
LEYLA BƏDİRBƏYLİ HAQQINDA ƏLAVƏ BİLGİ VƏ HƏQİQƏTLƏR Əhsən Rəhmanlı yazır

LEYLA BƏDİRBƏYLİ HAQQINDA ƏLAVƏ BİLGİ VƏ HƏQİQƏTLƏR Əhsən Rəhmanlı yazır

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Leyla Ağalar qızı Bədirbəyli 1920-ci il yanvarın 8-də Şəmkirin Morul kəndində anadan olub. Bəzi mənbələr isə onun Bakıda dünyaya gəldiyini göstərir. Bu, həqiqətə uyğun deyil. Beləki, anası Bikə xanım Şəmkirdən Musaxan bəyin qızı, atası Ağalar Şəmkirdə kənd bəylərindən biri idi. Leyla xanımgilin əsli-nəcabəti hər iki tərəfdən mal-mülklü, geniş imkanlı olublar. Onların böyük torpaqlardan ibarət ərəziləri vardı. Bu nəsil 1918-ci il hadisələri zamanı Gəncəyə gəmişdi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanda onların da torpaqları, varı-sərvəti və malikanələri əllərindən alınmışdı. Nəsil nümayəndələri bundan sonra müxtəlif yerlərə səpələnmiş və Bakıya köç etmişdilər.
Ağalar Bədirbəylinin Morul kəndindəki geniş həyətli, ikimərtəbəli, pəncərələri küçəyə açılan evi hazırda da mövcuddur. Orada Bədirbəyli nəslinin nüməyəndəsi olan ailə yaşayır. Leyla xanım öz doğma, ata-baba yurduna, bu evə, həyətə həmişə can atar, gələndə çox sevinər və rahatlıq tapardı.  
Yazılı mənbələr Leylanın uşaqlığının İçərişəhərdə keçdiyini göstərir. Atası orada mülk almışdı. Leyla 1927-ci ildə Bakıdakı 132 saylı ümumtəhsil məktəbin birinci sinfinə daxil olub. Anası Bikə xanım Əli Bayramov klubuna üzv idi. Məşqlərə gedəndə Leylanı da aparırdı. İncəsənətə, rəqsə həvəs Leylada elə həmin vaxtdan yaranmışdı. Leyla klubun rəqs dərnəyində oynayarkən, hərəkətləri, rəqsin ilk qaydalarını burada öyrənmişdi. 16 yaşı tamam olmamış Leylanı rəqs ansamblına qəbul etmişdilər. Həmin rəqs ansambl Üzeyir Hacıbəylinin tapşırığı ilə Əşərəf Səfərov və İlya Arbatov tərəfindən yaradılmışdı və  Xalq Maarif Evinin nəzdində fəaliyyət göstərirdi. 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası yaradılarkən rəqs ansamblı ora keçirilmişdir.  Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə yaradılıb. Leyla xanım bu ansamblda 1936-ci ildən 1942-ci ilə qədər bacarıqla xidmət etmiş, solo ifaları və bənzərsiz, nadir gözəlliyi ilə hamını heyran qoymuşdu. Onun Əlibaba Abdullayevlə duet rəqsləri və tək solo ifaları  hələ uzun illər xatırlanırdı. 
Leyla xanımın xatirələrindən: “Məktəbli qız ikən, altıncı sinifdən məni rəqsə cəlb etdilər, çünki mən məktəbdə rəqsləri çox gözəl oynayırdım, uşaqkən rəqs sirlərini öyrənməyə həvəsim nəhayətsiz idi. Bir gün məktəbimizə gələn Əşrəf Səfərov Azərbaycan rəqs qrupuna qızlar axtarırdı və məni seçdi. Mən də Əlibaba ilə bir neçə gözəl milli rəqsləri ifa etdim...” 
Leyla xanım böyük istedadı, plastikası, cəzbedici gözəlliyi, səhnə füsunkarlığı, üz cizgiləri, təbəssümü ilə tam olaraq sənət üçün yaranmışdı. 1938-ci ildə Moskva dekadasında onu rəqqasə kimi görmüş və ifasını çox bəyənmişdilər. Əbəs deyil ki, Ə.Abdullayev məxsusi olaraq onunçün “Birdənəsən” rəqsini qurmuşdu. “Toy” rəqs quruluşunda da Leyla Bədirbəylinin solosu maraq oyadır və dəyər daşıyırdı. Leyla xanım bu rəqslərdə də bütün çizgiləri, incəlikləri və süjet xəttinə uyğun olaraq, Moskva tamaşaçıları qarşısında təqdim edərkən ən sevimli səhnə adamına çevrilmişdi. Onun fikirlərindən: “Özümüzün və xalqın çox sevimlisi olan “Birdənəsən” çox orijinal və gözəl rəqs idi. Keçmiş Sovet İttifaqının bütün respublikalarında mən bu rəqsin də unudulmaz anlarını yaşamışam” 
Moskava dekadasında Kremlin Georgi zalında konsertlərin birində SSRİ-nin dövlət başçısı İ.V.Stalin də iştirak edir. Oynanılan rəqslər, xüsusilə “Bəri bax” xalq mahnısı üzərində qurulan rəqsdən Stalinin çox xoşu gəlir. Çıxış edən bütün heyətlə görüşüb, söhbətləşir və təbrik edir. Leylanın gözəlliyi, incə rəqsi onun nəzərindən qaçmamışdı. Odur ki, Azərbaycan incəsənət xadimlərinin üstündə rəhbər kimi göndərilən, yanında əyləşmiş Üzeyir Hacıbəylidən Leyla xanım barədə soruşur və yanına çağırır. O, Leylanın əlini sıxaraq deyir: “Sən Şərq gözəlisən”. Bu fikir SSRİ məkannda yayılır. Leyla xanımı kimsə “Qafqaz gözəli”, kimsə “Azərbaycan gözəli" adlandırırdı.      
L.Bədirbəyli Ə.Abdullayevlə “Nazeləmə” də oynayıb. Bundan başqa o, Əlibaba Abdullayevlə bir neçə duet-rəqsdə oxuyaraq oynayıb. Sonralar o, danışardı: “Mənim səsim elə də gözəl, səhnə üçün münasib deyildi. Lakin Əlibaba ilə oxuduğumuz üçün nəsə alınırdı, onun məlahətli səsinin fonunda mənim səsimin oxuma sənəti üçün münasib olmaması hiss olunmurdu”.   
Filarmoniyada çalışarkən Leyla xanım özünə mehriban rəfiqələr də qazanmışdı. Ən isti, mehriban münasibət rəqqasə Əminə Dilbazi və Sara Qədimova ilə idi. 
Bəzi mənbələrdə Leyla xanım Cavanşirova soyadı ilə göstərilir. Bu onunla bağlıdır ki, o, 1937-ci ildə iş yoldaşı, Mahnı və Rəqs Ansamblının rəqqası Fərəc Cavanşirovla ailə qurmuşdu. Ailədə bir oğul dünyaya gəlmiş, ona Cavanşir adı verilmişdi. Onu Elxan adı ilə də çağırırdılar. Bu evlilik cəmi dörd il çəkmiş və onlar ayrılmışdılar. Leyla xanım öz anası və oğlu ilə birlikdə yaşayırdı. Ayrılmaya səbəb çox güman ki, qısqanclıq olub. Leyla Bədirbəyliyə Səməd Vurğun, Məmməd Rahim və Əliağa Vahid şeirlər həsr etmişdi. Bu mötəbər, mədəni, səmimi gözəlin haqqında haqsız olaraq şayiələr yayır, adını müxtəlif şəxslərin, hətta bir neçə dövlət başçısının adıyla hallandırırdılar. Çox əfsus ki, cəmiyyətimizdə belə hallar bütün dövrlərdə olub.
Leyla xanım 1942-ci ildə diş həkimi Kamil Aslanovla ailə qurub. Kamil ürəkdən sevərək onunla evlənmişdi. Onların tanışlığı filarmoniyada yaranmışdı. Kamil incəsənətə bağlı biri idi və rəqsi çox sevirdi. Kamil Leylanın bütün nazını, zəhmətini çəkə bilən, onu həyatın bütün təzyiqlərindən və çətinliklərindən qorumağa qadir olan bir ər idi. Bu ailədə 1947-ci ildə Lalə, 1964-cü ildə Bikə dünyaya gəlib.
1941-ci ildən L.Bədirbəylini Azərbaycan Dövlət Akademik Dram Teatrına da cəlb etmişdilər. Həmin il o, filarmoniyada hələ rəqs fəaliyyətində də idi. Bu zaman onun 21 yaşı vardı. O, sonrakı səhnə fəaliyyətini teatrda və kinoda davam etdirmişdir.  
Bu istedadlı xanım teatr səhnəsində ilk dəfə Rəsul Rzanın “Vəfa” pyesində çıxış etmişdir. Sonralar Adil İskəndərov teatr tamaşalarında baş rollarda oynamaq üçün Leylanı təyin edirdi. Zamanla bu vəziyyətdən narazı qalan SSRİ xalq artisti, teatrda daim baş rollarda çıxış edən Hökumə Qurbanova ilə Leyla Bədirbəyli arasında qısqanclıq nəticəsində narazılıq da yaranmışdı. Bu işləri təbii də qarşılamaq olar. Beləki, sənət qısqanclığı tək bizdə deyil ki, dünyanın hər yerində bu var. H.Qurbanova həmin teatrın daim aparıcı qüvvəsi olmuşdur. Öz fikrimizi bildiririk, bu məsələdə gözəllik, istedad qısqanclığı da ola bilərdi. Hökumə Qurbanova da, Leyla Bədirbəyli də böyük istedad sahibi olaraq simaca çox gözəl idilər. Bu barədə bütün əsas rollara, əsərlərin baş qəhrəmanlarının obrazlarını yaratmağa qadir idilər.   
Onu da qeyd etmək lazımdır ki, teatrda bərkiməsi, püxtələşməsi, burada qalıb çalışması, bütün çətin rollarda çıxış etməsi, uğurlara nail olması üçün Adil İskəndərov Leyla xanıma əsl müəllimlik edərək onu hazırlamışdı. Bəli, L.Bədirbəyli burada əsl teatr məktəbi keçmişdi.     
L.Bədirbəyli 1975-ci ilə qədər Akademik Azərbaycan Dövlət Dram Teatrında bir-birindən gözəl və çox uğurlu rollar oynamışdı. Buradan getməsinə səbəb yalnız Hökumə xanımla arasında yarandığı gərginlik deyildi, həm də Leyla xanımla teatrın gənc aktyoru ilə adının hallanması idi.
Gözəlin başı həmişə qeylü-qalda olar-deyiblər. Gözələ vurulanlar, onu  sevənlər təbii ki, çox olur. Bu məsələdə gözlər, baxışlar, ürək və hisslər əsas şərtlərdəndir. Lakin hər görənə, vurulana, sevənə könül verməzlər ki... Gözələ əli çatmayan, ünü yetməyənlər onun haqqında dedi-qodu yaradar və cürbəcür xoşagəlməz şayiələr yayarlar. Odur ki, Azərbaycan teatr və kino sənətinin ən nadir nümayəndəsi, səhnəmizin əfsanəsi, gözəllik ilahəsi Leyla Bədirbəylinin də bədxahları tapılırdı.   
Məqsədə qayldıb onun çıxış etdiyi və daim tamaşaçıların sevgisini, alqışlarını qazandığı bir sıra tamaşaların adlarını qeyd etməklə kifayətlənirik:
Cəfər Cabbarlı “Od gəlini”-Solmaz, Vilyam Şekspir “Otello”-Dezdemona, Lev Tolstoy “Canlı meyit”-Liza, İslam Səfərli “Göz həkimi”-Nərminə, İlyas Əfəndiyev “Mahnı dağlarda qaldı”-Fəxrəndə.
Leyla xanım 1937-ci ildə Qəmər Salamzadənin çəkdiyi “Dəcəl dəstə” filmində Anna Pavlovna rolunda oynayıb. Bu, film onun ilk debütü idi. Filarmoniyada çalışdığı illərdə o, “Ayna” və “Bakının işıqları”” filmlərində də rollara çəkilib. 1941-ci ildə “Səbuhi” filmində Tubu obrazını yaradıb. Filmin rejissoru Rza Təhmasib Leyla Bədirbəylinin işindən çox razı qalmşdı.
L.Bədirbəyli 1945-ci ildə çəkilən “Arşın mal alan” musiqili-bədii filmdə Gülçöhrə roluna dəvət almış və bu obraz ilə çox məşhurlaşmışdır. Bu rolda çəkilmək üçün məhz o, Ü.Hacıbəylinin tövsiyəsi və məsləhətilə dəvət olunmuşdu. Qırx səkkiz nəfər xanım sınaq çəkilişlərinə dəvət olunsalar da onların oyunu, fotogenik sifəti qənaətbəxş sayılmamışdı. Qırx doqquzuncu xanım Leyla sınaq üçün deyil, birbaşa çəkilişlərə çağrılmışdı. Düzdür, əvvəl onun üçün bu çətin olsa da, az sonra o, bu rola alışmış, layiqincə yaratmışdı. Bu işdə Üzeyir Hacıbəylinin fikirləri və məsləhətləri əhəmiyyət daşımışdı. Dahi bəstəkar ona demişdi: “Bu obrazda sən özünü, öz səmimiyyətini tapmalısan. Bununçün də öz üzərində çalışmalı, özünü bu rolda hiss etməli, özünü Gülçöhrə bilməlisən. Sən mənim Gülçöhrəmi sevməlisən”. 
Filmin çəkilişlərinə Böyük Vətən Müharibəsi zamanı, 1943-cü ildə başlanmışdı. Rejissor Rza Təhmasib idi. Çəkilişlər Şüvəlanda aparılırdı.
Leyla xanım Üzeyir Hacıbəylinin ürəyini duyur, qayğısını, dahliyini daim hiss edir və onu incəsənətin Günəşi sayırdı.
Sonrakı dövrlərdə bu məşhur filmin populyarlığı davam etmiş və dünyanın əksər ölkələrinə səyahətə çıxmışdır. Sovet dövlətinin başçısı Stalin həmin filmə yüksək dəyər verirdi. 
1946-cı ildə “Arşın mal alan” filminin yaradıcı heyətinə, bu sırada Leyla Bədirbəyliyə Stalin mükafatı təqdim olunub. 
Həmin filmə indi də bizdə və başqa ölkələrdə maraqla baxılır. Buna səbəb təbii ki, buradakı hadisələr, zəngin musiqi, bir-birindən gözəl ariyalar, rəqslərin quruluşu, personaları yaradanlar və bu sırada L.Bədirbəylinin Gülçöhrəsidir. Filmdə rəqslərə Əlibaba Abdullayev quruluş vermişdir.  
“Arşın mal alan” musiqili filmi dünyaya yayıldıqdan sonra bir sıra ölkələrdən Leyla Bədirbəyliyə məktublar gəlirdi. Bolqarıstandan bir qadın yazırdı: “Mən beş oğulun bir bacısına sizin oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi sizin kimi şöhrət qazansa özümü xoşbəxt sayaram”.      
Aktrisa 50-ə yaxın bədii, qısametrajlı və televiziya filmlərinə çəkilib. O, “Görüş”, “Onun böyük ürəyi”, “Koroğlu”, “Fətəli xan”, “Səbuhi”, “Aygün”, “Kölgələr sürünür”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Mən ki, gözəl deyildim”, “Asif, Vasif, Aqasif”, “Qəzəlxan”, “Çarvadarların izi ilə”, "Qanlı zəmi”, “Mən mahnı qoşuram”, “Kişi sözü”  və s. bədii filmlərdə çox gözəl və nümunəvi obrazlar yaradıb. 
Gözəllik də istedad kimi Allah vergisidir. Gözəllik Allah əmanəti olan insan ruhunun sifətdə, simada, hüsndə bioloji təzahürüdür. Hürufilər deyirdilər ki, insan həqqdən qopmuş nur parçasıdır. O adama gözəl deyilir ki, üzündə-zahirində və daxilində-mənəviyyatında Allahın nuru təcəssüm olunub. Buna süni atributlar əlavə etmək olmaz, gözəllik təbii olmalıdır. Allah nuru ən təmiz, ən şəffaf və ən cazibədar işıqdır. O heç bir yenilik, əlavə bəzək qəbul etməz. Gözəli səhər yuxudan duranda bəyənərlər. Əsl gözəl yatanda da, duranda da Günəşə bənzər. O, Ay kimi batıb, gün kimi çıxmalıdır (155, s.20).
Xalq yazıçısı Anar yazır: “Gözəl qadın milli sərvətdir”. Bu fikir Leyla xanıma necə də uyğun gəlir. Sənətin-həm poeziyanın, həm də incəsənətin cövhərində gözəllik dayanır. Sənətin bilavasitə daxilində olan, icra edən, tənənnümçüsünə çevrilən, zahirən və daxilən gözəl olan insan görün həmin sənəti necə gözəlləşdirərək göyə qaldırır, insanları ram edir, Leyla Bədirbəyli kimi...
Gözəlliyi göz təyin edir, duyğu, hiss ona sahib çıxır. Gözəllik xəyalda, təxəyyüldə sənətə çevrilir. Oskon Uayld yazırdı: “Cahanda da, sənətdə də gözəlliyin gücü səmimiyyətindədir”. Leyla xanım nur parçası, qadınlıq simvolu olaraq həyatda da, sənətdə də səmimi idi. Çox vaxt gözəl qadınlar təkəbbürlü olurlar. Şairlər buna naz deyir və vəsf edirlər. Deyirlər ki, nazsız gözəl duzsuz xörək kimidir. Biz Leyla xanımı yalnız oynadığı filmlərdən, çıxış etdiyi televiziyadakı teatr tamaşalarından və verilişlərdəki aparıcılığından görüb tanımışıq. Onun zamənəsinin adamları, yaxından tanıyan, əlaqədə olanlar danışırdılar ki, Leyla xanım təkəbbürdən, naz-qəmzədən, özündən razı olmaqdan, kiməsə yuxarıdan aşağıya baxmaqdan, kiminsə xətrinə dəyməkdən tam uzaq bir qadın idi. O, əsl xanımlıq üçün yaranmışdı. 
Leyla xanım incəsənət aləminin, səhnəmizin zinəti idi. Ona 1949-cu ildə Azərbaycan SSR əməkdar, 1959-cu ildə xalq artisti fəxri adı, 1946-cı ildə SSRİ Dövlət, 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı adı verilmişdir.  
L.Bədirbəylinin gözəl diksiyası, aydın danışığı və natiqlik qabiliyyəti var idi. O, natiqliyi hələ uşaqlıqda anası Bikə xanımdan öyrənmişdi. Yaşa dolarkən Leyla xanım AzTV-də bir-birindən maraqlı verilişləri idarə edirdi.  
1990-cı illərin əvvəllərində yubileyi keçirilərkən onun səhnədəki rəqsi böyük marağa səbəb olmuşdu. Səhnəyə ilk qədəm qoyduğu rəqsin, bu sənətin sirləri hafizəsində, incəlikləri, təravəti hələ də onun canında, sevgisi ürəyində qorunub qalmışdı axı...
Leyla xanım maraqlı, rəngarəng və məhsuldar ömür yaramışdı. O, öz ömrünü nağıla bənzədirdi. Nağıllar şirin olur və xoş sonluqla bitir. Fəqət onun ömrünün sonları şirinliklə bitdimi? O, Kamil Aslanovla birlikdə 55 il xoşbəxt ömür sürmüşdü. Daim bir-birinə bağlı olaraq yaşamışdılar. Onlar bir-birilərinin möhkəm və sarsılmaz arxa-dayağı idilər.  
Həyat yoldaşı bir gün ona deyir:
-Sənə təzə avtomobil alacağam.
-Avtomobilim yoxdur bəyəm, mənə bu da bəsdir. 
-Köhnəlib, sənə layiq deyil, sənə yaraşmır, yenisini almaq lazımdır.
Beləliklə, Kamil təyyarəyə bilet alaraq Almaniya ölkəsinə gedir, oradakı dostu vasitəsilə arzusunu yerinə yetirir. Aldığı avtomobilə dostu ilə əyləşib geri qayıdır. Ukrayna ərazisindən keçib gələrkən yağışlı havada avtomobil yoldan sürüşüb çıxır və hər ikisi həlak olur. Kamilin cənazəsi Bakıya gətirilir. 1995-ci ildə baş verən bu hadisədən Leyla xanım sarsılır və stress keçirir. Yarası sağalmayan Leyla xanım bir il keçməmiş daha bir faciə ilə qarşılaşır. Qızı Laləni Bakıda Kukla Teatrının qarşısında avtomobil vurur və o, 48 yaşında həlak olur. Hadisə zamanı anası ilə birlikdə olan qızı Cəmilənin ayaqları sınır. Övlad itkisinə, nəvənin zədələnməsinə dözə bilməyən Leyla xanım daha ağır sarsıntı keçirir, psixoloji gərginlik içində olur, özünə qapanır, tərkidünyalıq yaşayır, evdən bayıra çıxmır, heç yerə getmir və heç kəslə görüşüb əlaqə qurmur. Bu hal illərlə davam edir. Yalnız 1998-ci ildə evdən çıxır. Dövlət başçısı Heydər Əliyev L.Bədirbəyliyə “İstiqlal ordeni” təqdim edir. Hamin zaman o, bu ordenlə təltif olunan ilk qadın idi.    
Səhnəmizin gözəli Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də 79 yaşında dünyadan köçüb və fəxri xiyabanda dəfn olunub. 
Leyla xanımın həyatı ilə bağlı bəzi məqamları da qeyd edək. Onun atası Ağalar uzun illər hərbidə çalışmış və polkovnik rütbəsinə qədər yüksəlmişdi. Böyük Vətən müharibəsinin qızğın çağında, 1943-cü ildə Bakıya, ailəsinə onun itkin düşməsi barədə sənəd göndərilmişdi. Bikə xanım ona yas saxlayır, 40 mərasimini də qeyd edir. Beləcə hamı onu amansız müharibənin qurbanlarından biri sayır. Dörd il sonra Ağalar sağ-salamat evə dönür. Həmin gün Leyla müğənni Sara Qədimovagildə imiş. Bildirdiyimiz kimi, onlar hələ gənclik illərindən, filarmoniya dövründən yaxın rəfiqə idilər. Evdən Saragilə zəng edib deyirlər: “Leylanın atası qayıdıb, lakin ona qəfildən bildirməyin”. Sara xanım Leyla xanımla onların evinə gəlir. Mənzilə daxil olanda Leyla atasını görəndə özündən gedir və az sonra özünə gəlib atasının böynuna sarılır.  
İTV-nin şəkdiyi “Vətən uzaqda deyil” silsilə verilişlərin birindən apardığımız qeydlərə nəzər salaq. 
Leyla Bədirbəylinin nəvəsi Mehin Cavanşir Amerikanın Texas ştatının Hyuston şəhərində yaşayır. Həyat yoldaşı Sabir Novruzov mühəndisdir və iri şirkətlərin birində çalışır. Onlar ora Qrenkart vasitəsilə gediblər. 
Haşiyə: Leyla və Fərəc Cavanşirovların oğlu Cavanşir Cavanşirov ömür-gün yoldaşı Elmira xanımla Bakının mərkəzində, Fəvvarələr meydanındakı mənzildə 2017-ci ilə qədər yaşayıblar. C.Cavanşirov həmin ildə dünyasını dəyişib. O, AzTV-də operator işləyirdi.  
Mehin xanımın fikirlərindən: “Biz ona nənə demirdik, Leyla mama deyirdik. Axı ona nənə deyə bilmirdik, cavan görünürdü, çox gözəl idi, necə nənə deyəydik ki... O, bizə bildirdi ki, hə, madam ki, nənə deməyə diliniz gəlmir, onda Leyla mama deyin. Elə də oldu. Uşaqlıqdan bizə təmizkar, səliqəli, gözəl olmağı öyrətmişdi, deyirdi-yemək masasına gələnə qədər yuyunub səliqəli olun, təmiz geyinin, saçlarınınız gözəl darayın. Həmişə söylərdi ki, heç yerdə Leyla Bədirbəylinin nəvəsi olduğunuzu deməyin, bundan istifadə etməyin, qürurlanmayın. 
Mən böyüyüb təhsil alıb Leyla mamanın bir zamanlar təhsil aldığı 134 saylı ümumtəhsil məktəbdə dərs demişəm.
Amerikada, elə əslində hər ölkədə ermənilər bizim zəngin mətbəxi öz adlarına çıxırlar. Hyustonda 2001-ci ildə Azərbaycan mətbəxi qrupu açdım. Nənəm vaxtılə anama da, mənə də hər cür yemək bişirməyi öyrətmişdi. Onun əlindən hər şey gəlirdi - yeməklər, şirniyyatlar bişirmək paltar tikmək, toxuma işləri və s. Yadımdadır bağda olanda bizə ipək parçalardan paltarlar (sarafanlar) tikərdi, əla çox dadlı qarpız mürəbbəsi bişirərdi. Çox xoşlayardıq, yedikcə doymazdıq. Ürəyimiz istəyəndə bizə halva çalardı, üstünə gözəl naxışlar vurardı. Əllərinə baxıb öyrənərdik. O, bağda olanda da dincəlməz bizim nazımızı çəkər, gələn qonaqlara, qohumlara xidmət edərdi. Allah, Leyla mama o qədər qonaqcanlı idi ki... Əvvəldən gözütox, görüb-götürmüş, alicənab və səxavətli xanım kimi yetişmişdi. Əslən ata və ana tərəfdən şəmkirli idilər. Hər iki tərəf bəy nəslindən idi. 1920-ci ildə bolşeviklər onların varını, sərvətini və mülklərini əllərindən almışdı. Onlar həmişəlik Bakıda məskunlaşmışdılar.
Mənim atam Leyla xanımın oğludur, anam Elmira xanımdır. Bizim nəsildə Leyla nənəmin adı həm bibimin qızına, həm də mənim qızıma verilib.
Verilişin aparıcısının sualı:
-Leyla xanımın istedadı nəsildə kimdədir?
Mehin xanımın cavabı:-Nənəmin istedadı məndədir, lakin istifadə etməmişəm. Məktəb illərində 8-10 yaşlarım olanda “Azərbaycanfilm” kinostudiyasından gələrək məktəbin siniflərini gəzər, filmlərdə uşaq rollarında çəkilmək üçün seçim edərdilər. Bu zaman həmişə məni seçər, yoxlama kadrları çəkmək üçün kinostudiya binasına dəvət edərdilər. Lakin, hər dəfə atam razılıq verməzdi. Atam deyərdi:-Qızım, bir nəfər aktrisamız var da, ikinciyə ehtiyac yoxdur. 
Bir dəfə şəhərdə gəzinti zamanı bəstəkar-dirijor Əfsər Cavanşirov küçədə bizimlə rastlaşdı və anama dedi:
-Elmira xanım, qızın Mehinin yaxşı istedadı və səsi var, niyə onu mənim xoruma gətirmirsən?
Anam dedi ki, biz istəmirik ki, o, nə oxusun, nə də kinoaktrisa olsun. Biz istəyirik ki, o, müəllim olsun.
Leyla Bədirbəylinin nəvəsinin müsahibəsi bizə maraqlı gəldiyi üçün məqaləmizə əlavə etməyi lazım bildik. Həm də istədik ki, Leyla xanımın ruhu şad olsun. O, doğmaların dilində Amerikada da hörmət və dərin məhəbbətlə xatırlanır.

ƏHSƏN RƏHMANLI,

TƏDQİQATÇI, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see223

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see218

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:30see155

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see136

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see135

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

26 Aprel 2025 19:54see133

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

26 Aprel 2025 23:35see131

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see129

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see129

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see128

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see127

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see126

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see124

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see123

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

26 Aprel 2025 23:49see122

Hələ də güzgüyə baxmıram Fotolar

27 Aprel 2025 00:21see121

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see118

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see115

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see112

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

27 Aprel 2025 11:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri