Icma.az
close
up
RU
Masallının etnoqrafik xəritəsi

Masallının etnoqrafik xəritəsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkəmizdə mədəniyyət sahəsində dayanıqlı inkişafa və məqsədlərə nail olmaq üçün dövlət siyasəti mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli “Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” müasir mədəniyyət modelinin yaradılmasına, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

“Xalq qəzeti” redaksiyası Azərbaycanı təkcə coğrafiyası ilə deyil, mədəni yaddaşı, milli-mənəvi dəyərləri, müasir mədəni həyatı ilə tanıtmaq, ölkəmizin mədəni xəritəsini yaratmaq məqsədilə yeni layihəyə start verib. Bölgələrə səyahət etməklə şəhər və rayonlarımızın tarixi-mədəni simasını, bölgənin yaratdığı və yaşatdığı dəyərləri, sənət ənənələrini, görkəmli şəxsiyyətlərini müxtəlif janrlarda maraqlı yazılarla təqdim etməyi qarşımıza məqsəd qoymuşuq. İlk səyahətimiz yurdumuzun cənub bölgəsində qədim tarixi, əsrarəngiz mədəniyyəti, zəngin milli-mənəvi dəyərləri və ənənələri ilə tanınan Masallı rayonunadır.

Qədim tarixə, zəngin mədəniyyətə malik Masallıya tarixin ayrı-ayrı dönəmlərində həmişə böyük maraq olub. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin və 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda olması barədə tarixi mənbələrdə məlumatlara rast gəlirik.

Dəfələrlə Masallı rayonuna səfər edən dünyaşöhrətli siyasətçi və dövlət xadimi, xalqımızın əbədiyaşar lideri Heydər Əliyev və Prezident cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rayonun sosial-iqtisadi və mədəni inkişafında misilsiz xidmətləri qədirbilən masallılılar tərəfindən sonsuz sevgi, yüksək ehtiram və məmnunluqla qiymətləndirilir.

Dəyərlər diyarı

Masallıda Azərbaycanın qəhrəmanlıq tarixinin, zəngin mədəniyyətinin bir sıra parlaq səhifəsi yazılıb. Şəninə şeirlər həsr edilib, mahnılar bəstələnib. Folklor nümunələri toplanaraq kitab halında çap olunub.

2012-ci ildə Masallı rayonu “Azərbaycanın folklor paytaxtı” elan edilib. Həmin il Masallı şəhərində I, 2013-cü ildə isə II Beynəlxalq folklor festivalı keçirilib. Tədbirlərdə rayonun və bölgənin folklor kollektivləri ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Latviya, və digər xarici ölkələrin folklor qrupları da iştirak ediblər.

Rayonun hər daşında, qayasında bir tarix yatır. Masallıda 117 tarix, memarlıq, arxeoloji və digər mədəniyyət abidələri var. Əhaliyə 48 kitabxana, 24 klub, 3 muzey, rəsm qalereyası, uşaq incəsənət məktəbi, 6 park mədəni xidmət göstərir.

Yaddaş saxlancı

Heydər Əliyev parkında hamıya doğma bir ünvan yerləşir: Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq Muzeyi. Sovet dönəmində uzun illər partiya və təsərrüfat işində rəhbər vəzifələrdə çalışmış, İkinci Dünya müharibəsi veteranı, Əməkdar müəllim Rəhim Tağıyev muzeyi 1963-cü ildə doğma Hişkədərə kəndində yaradıb. Vətənpərvər və işıqlı ziyalı təmənnasız olaraq 14 il ictimai əsaslarla muzeyə rəhbərlik edib.

1976-cı ildə Hişkədərə kəndində Masallı Tarix-Diyarşünaslıq Muzeyi üçün təzə bina tikilib. 1977-ci ilin sentyabr ayında muzey dövlət müəssisəsi statusu qazanıb. Rəhim Tağıyev 2001-ci ilədək yaratdığı muzeyin direktoru işləyib. Muzey sonralar Masallı şəhərinə köçürülüb və bu fədakar mədəniyyət fədaisinin adını daşıyır. Hazırda muzeyə qızı, respublikanın Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva rəhbərlik edir.

Əntiqə xanım ölkəmizdə mədəniyyətin inkişafına göstərilən dövlət qayğısından fəxarətlə söhbət açaraq deyir:

– Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən inşa edilmiş muzey 2016-cı il sentyabr ayının 3-də istifadəyə verilib. Möhtərəm Prezidentimiz açılış mərasimində şəxsən iştirak edərək muzeydə yaradılmış şəraitlə, eksponatlarla yaxından tanış olub.

Ümumi sahəsi 1400 kvadratmetr olan muzeyin ekspozisiya zalı iki mərtəbəni əhatə edir. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq, tətbiqi-incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir.

Əvvəllər burada 8 min eksponat olub. Yeni eksponatlar hesabına muzey ilbəil zənginləşir. Təkcə keçən il 319 yeni eksponat toplanaraq fonda daxil edilib, hazırda 10 mindən çox eksponat mühafizə olunur. Ziyarətçilər burada eramızdan əvvəl IV minilliyə qədər uzanan tariximizlə yaxından tanış ola bilirlər.

Qeyd edək ki, muzeydə müasir tariximizə də xüsusi yer ayrılıb. Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən guşələr yaradılıb.

Muzeyin direktoru Əntiqə Tağıyeva deyir ki, bu mədəniyyət ocağı təkcə eksponatların nümayiş olunduğu məkan deyil, eyni zamanda, rayonumuzun yaddaşıdır.Muzeydə məktəblilər və gənclər üçün açıq dərslər, maarifləndirici tədbirlər, eləcə də Zəfər tarixinə həsr olunmuş görüşlər keçirilir. Bu gün muzey yerli və xarici turistlər üçün də maraqlı məkana çevrilib. İl ərzində 8-10 min nəfər buranı ziyarət edir. Kollektiv rayonun zəngin tarixi-mədəni irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Həsirçilik yaşadılır

Musaküçə kəndi rayonda həsirçilik sənətinin əsas mərkəzi sayılır. Kənddə əksər ailələr ata-baba sənətini bu gün də yaşadırlar. Sənətkarların toxuduqları həsirlər, zənbillər, səbətlər, çantalar və digər dekorativ əşyalar paytaxt Bakıdan və ətraf rayonlardan gələn müştərilər tərəfindən həvəslə alınır.

Son illərdə bu qədim sənət növünün inkişaf etdirilməsi rayon rəhbərliyinin diqqət mərkəzindədir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov milli-mənəvi dəyərlərin qorunması, qədim sənətkarlıq ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərə dəstək verir. Kənddə istifadəsiz qalmış ikimərtəbəli bina əsaslı təmir edilərək həsirçilərin ixtiyarına verilib. Binanın qarşısında yerli sənətkarların əl işlərinin nümayişi və hazırladıqları məhsulların satışı üçün stendlər quraşdırılıb.

Qədim xalq sənətinin inkişafına qayğı, mədəni irsin qorunması diqqətimizi cəlb edir. Pilləkənlərlə ikinci mərtəbəyə qalxırıq. Qabaqcıl və təcrübəli həsirçi Güləsər Rəhimova sənəti anası Gülüstan Babayevadan öyrəndiyini deyir. Bundan əlavə, aprel ayında Türkiyədən və Böyük Britaniyadan gəlmiş mütəxəssislərin onlara təlim keçdiyini, 8 nəfərə sertifikat verildiyini bildirir.

Könül Rzayeva isə 30 ildir ki, həsirçiliklə məşğul olur. Nənəsi Qızzamandan, anası Tərgül xanımdan eşməni, ilmə atmağı, naxış vurmağı öyrənib. Yay aylarında bataqlıq ərazilərdə, kanalların kənarlarında təbii qamış bitkilərini toplayır, qurudur və nəsildən-nəslə ötürülən ənənəvi üsullarla əl ilə həsir nümunələri toxuyurlar.

Həsirçi Zərnişan Ağayeva deyir ki, ata-babadan bu işlə məşğuluq, çörəyimiz həsir, zənbil toxumadan çıxır. Sifarişə uyğun olaraq müxtəlif ölçüdə həndəsi fiqurlarla bəzədilmiş həsirlər, zənbil, səbət, əl çantası toxuyuruq. Ölçüsündən asılı olaraq həsirlər 15-25 manata, çantalar 25-45 manata satılır. Lakin xammal tədarükündə, hazır məhsulun satışında müəyyən çətinliklər var.

Səidə Məmmədova həsir toxumaqla yanaşı, rəssamlığa da maraq göstərir. Musaküçə kəndindən Birinci Qarabağ müharibəsi şəhidi Fayətdin Xancanov, Viləş kəndindən şəhid qardaşlar: İntiqam və Nurlan Əsgərlilərin xatirəsinə hazırlanmış çələngin üzərində Azərbaycanın üçrəngli bayrağını toxuyub.

Həsirçi Rəqsanə Abiyeva bildirir ki, Masallı RİH başçısı Araz Əhmədov müntəzəm olaraq həsirçilərin işləri ilə maraqlanır, çətinliklərinin həllində köməyini əsirgəmir.

Həsirçi qadınlar bu il may ayının 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Masallı rayonuna səfəri çərçivəsində onlarla iş başında görüşdüyünü razılıq və məmnunluqla xatırlayırlar. Görüş zamanı Leyla Əliyeva ölkəmizdə ənənəvi həsir toxuculuğu sənətini qoruyub yaşadan son icmalardan biri olan “Rooted Hands” layihəsinin iştirakçıları ilə söhbət edib, onların əl işləri və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olub.

Səmimi görüş zamanı qadınlar həsirtoxuma prosesini nümayiş etdiriblər. Leyla Əliyeva da onlarla birlikdə həsir toxuyub, bu qədim sənətin incəlikləri ilə maraqlanıb.

Masallıda yeni mədəni və turistik məkanın formalaşması, eyni zamanda, yerli qadınların maliyyə imkanlarının genişləndirilməsinə və ənənəvi həsirçilik sənətinin yaşadılmasına layiqli töhfələr verir.

70 yaşlı “Halay”

Rayonun mədəni həyatından danışanda öncə “Halay” xalq folklor kollektivi yada düşür. 1956-cı ildə Mahmudavar kəndində əsil mədəniyyət fədaisi Ümbulbanu Cəbiyevanın Bakı şəhərində dövlət tədbirində oxuduğu “Lolo” mahnısı ilə pərvazlanıb. Sonralar kəndin istedadlı qızlarından ibarət böyük bir kollektivə çevrilib.

“Halay” Azərbaycan və talış dillərində mahnıları, folklor nümunələrini, xalq rəqslərini toplayıb. Rayon və respublika tədbirlərində, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, İraq, Meksika və digər xarici ölkələrdə çıxışları rəğbətlə qarşılanıb. “Qızıl balta”, “Qızıl buta” kimi nüfuzlu beynəlxalq mükafatlara, çoxlu medallara, diplomlara layiq görülüb. Haqqında filmlər çəkilib, kitablar yazılıb. Kollektivin yaradıcısı Ümbulbanu Cəbiyeva “SSRİ mədəniyyət əlaçısı” fəxri adına layiq görülüb.

Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev 1970-ci illərin sonlarında dövlət tədbirində “Halay”ın çıxışını bəyənib və kollektivi qorumağı, yaşatmağı tapşırıb. Artıq 70 ildir ki, “Halay” cənub bölgəsinin unikal folklorunu, əlvan etnoqrafik mədəniyyətini, zəngin mədəni irsini layiqincə təbliğ edir. Kollektiv “Ay Lolo”, “Ay Ləli yar”, “Dilşadi”, “Vağzalı” və digər qədim nəğmələr və rəqslərlə, kütləvi vokal-xoreoqrafiya janrında nümunələrlə ürəklərə yol tapır, sevilir.

1976-cı ildə Ümbulbanu xanımın qızları Fərqiyyə və Natəvan kollektivə daxil olub. Bacılar nadir səsi, özünəməxsus ifa tərzi ilə seçilib. 1985-ci ildə Ümbulbanu xanım kollektivə rəhbərlik etməyi qızı Natəvana tapşırıb.

Fədakar mədəniyyət işçisi Natəvan Əliyeva kollektivin son illər qazandığı uğurlar barədə söhbət açaraq deyir:

– “Halay” ölkəmizin mədəniyyət tarixində iz qoyan kollektivlərdən biridir. Nənəm Ağabacı xanımın arzularını anam reallaşdıraraq “Halay”ı ərsəyə gətirib. Mənim üzərimə isə folklorumuzu, milli rəqslərimizi, geyim tərzimizi, toy, nişan adətlərimizi, musiqi mədəniyyətimizi yaşatmaq, gələcək nəsillərə ötürmək missiyası düşür.

Bu gün kollektiv 12 veteran, 10 gənc “halay”çıdan ibarətdir. Masallı Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliyi kollektivə xüsusi qayğı göstərir. 2021-ci ildə Qarabağın tacı Şuşa şəhərində keçirilən “Xarı bülbül” festivalında talış dilində Qarabağa və möhtəşəm qələbəmizə həsr etdiyim mahnı alqışlarla qarşılandı.

“Bölgələrdən bölgələrə” layihəsi çərçivəsində Azərbaycanı qarış-qarış gəzirik. Yerli folklor nümunələrini toplayır, təzə yazdığım bayatılara mahnı bəstələyir, quruluş verdiyimiz yeni rəqslərlə kollektivin repertuarını zənginləşdiririk. “Halay”ın bu ayda keçiriləcək 70 illik yubileyinə ciddi hazırlaşırıq. Azərbaycan mədəniyyətinin bir parçasını təmsil etməyimizlə sevinir, qürur və fəxarət duyuruq.

Ustad dulusçu

Cəsarət Nuriyev Ərkivan qəsəbəsində yaşayır. Masallıda və qonşu rayonlarda bacarıqlı, mahir dulusçu kimi tanınır. Bu qədim sənətə uşaq yaşlarından maraq göstərib. Babası İsgəndər, atası Bədəl kişi də dulusçuluqla məşğul olublar. Sovet dönəmində atası haqqında “Buta” sənədli televiziya filmi də çəkilib.

Bu gün ailənin sənət ənənəsini 59 yaşlı Cəsarət, övladları İsgəndər və Nurlan davam etdirir. İsgəndər tələbədir, Özbəkistanda keramika, rəssamlıq, dulusçuluq, heykəltaraşlıq ixtisası üzrə ali təhsil alır.

Usta Cəsarət gildən məişətdə, təsərrüfatda istifadə olunan müxtəlif növ bardaqlar, çıraqlar, küplər, nehrələr, sərniclər, dolçalar, piti qabları, bağçılıqda işlənən dekorativ əşyalar hazırlayır. O, artıq 50 ildir ki, ömrünü dulusçuluğa həsr edib. Üstündə “Nur” saxsı qablar yazılmış kiçik emalatxanada görüşüb söhbət edirik. Deyir ki, gərək sənətini sevəsən, mükəmməl öyrənib işə yaradıcı yanaşasan. Saxsı qablar kənardan bir-birinə oxşaya bilər. Lakin keyfiyyətli saxsı qablar qızılı rəngə çalmalı, bir-birinə toxunanda şüşə səsi çıxarmalıdır. Keyfiyyətli saxsı qablar 40-50 il istifadə oluna bilər.

Cəsarət Nuriyevin hazırladığı xalq sənəti nümunələri Masallıda və respublikamızın rayonlarında keçirilən peşəfest, Türkiyədə, Qırğızıstanda və digər xarici ölkələrdə dulusçuluq festivallarında nümayiş olunub. Bu ilin sentyabr ayında Türkiyədə “Uluslararası Menemen Gömlek” Festivalında 42 ölkə arasında Azərbaycanı ləyaqətlə təmsil edib, çoxlu sertifikatlar, mükafatlar qazanıb.

Ustad sənətkar 1 il Naxçıvanda, 3 ay Qırğızıstanda işləyib, neçə-neçə gəncə bu qədim sənətin sirrlərini öyrədib. Yetirməsi Elnur Əliyev Naxçıvanda, digər yetirmələri Qırğızıstanda dulusçuluq sənətini yaşadırlar. Ənənəvi el sənəti olan dulusçuluğun yaşadılması və inkişafında səmərəli xidmətlərinə görə fəxri fərmanlara, təşəkkürnamələrə layiq görülüb.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri